Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-140/2024 30.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Qusar şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 02 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Quba rayonu, Alekseyevka kəndində Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə evdə olmadığına əmin olduqdan sonra həmin evin mişar daşlarından hörülmüş həyət çəpərindən həyətə keçdikdən sonra birinci mərtəbədə olan plastik pəncərəni əli ilə itələyərək fərdi yaşayış evinə qanunsuz daxil olmuş, evin ikinci mərtəbəsində iki ədəd ayrı-ayrı otaqlarda olan dolabların içərisində saxlanılan 01 ədəd 351 manat dəyərində sarı rəngli, kilidi və qulaqcığı üzərində “750” damğası, həmçinin üzərində “İTALY” yazısı olan, metalı 750 əyarlı, 3,19 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 300 manat dəyərində üzərində 05 ədəd rəngsiz şəffaf qaşları, həmçinin “583” damğası olan metalı 583/585 əyarlı 2,99 qram çəkidə qızıl üzüyü, 01 ədəd 184 manat dəyərində qırmızımtıl rəngli, metalı 583/585 əyarlı 2,16 qram çəkidə qızıl üzüyü, 01 cüt 493 manat dəyərində, sarı rəngli, üzərində “585” damğası olan metalı 583/585 əyarlı 5,80 qram çəkidə qızıl sırğanı, 01 cüt 178 manat dəyərində qırmızımtıl rəngli, metalı 583/585 əyarlı 2,09 qram çəkidə qızıl sırğanı, 01 cüt 137 manat dəyərində sarı rəngli, üzərində “585” damğası olan metalı 583/585 əyarlı 1,61 qram çəkidə qızıl sırğanı, 01 ədəd 177 manat dəyərində sarı rəngli, üzərində “585” damğası olan metalı 583/585 əyarlı 2,08 qram çəkidə qızıl kulon və 01 ədəd 585 əyarlı 500 manat dəyərində qızıl kulonu oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 2320 manat dəyərində əmlakını gizli olaraq talamqla oğurluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə oğurluğa görə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə azadlıqdan məhrum edilmiş və 2021-ci ildə isə cəza müddəti başa çatdığından həbsdən azad edilmişdir. Arasıra fərdi qaydada işləsə də, borcu yığılmışdır və borclarını qaytara bilmədiyindən, oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin mart ayının sonlarında Quba rayonuna gələrək Xaçmaz rayonu istiqamətində olan sərnişin avtobusuna minib Quba rayonunun Alekseyevka kəndinə gəlmişdir. Həmin kənddə bir qədər gəzdikdən sonra, yol kənarında olan tanımadığı evdən oğurluq etməyi qərarlaşdırmışdır. Bir neçə gün evin ətrafında gəzişdikdən sonra 02 aprel 2024-cü il tarixdə səhər saatlarında evdən çıxan bir qadının açarları evin qarşısında daşın altına qoyduğunu görmüşdür. Daha sonra evin yaxınlığına gəlib daş hasardan həyətə tullanmışdır. Evin qarşısına keçib pəncərəni əli ilə yoxlamış və plastik pəncərə açılmışdır. Həmin pəncərədən evin birinci mərtəbəsinə daxil olmuş, pilləkənlə ikinci mərtəbəyə qalxmış və ilk öncə solda olan otağa daxil olmuşdur. Dolabı açıb içərisində qızıl zinyət əşyaları və bijuteriya olduğunu görmüşdür. Həmin vaxt o, dolabda olan qızıl zinyət əşyalarını götürüb digər otağa keçmişdir. Həmin otaqda da dolabı açıb içərisində olan qızıl zinyət əşyalarını götürüb cibinə qoyaraq evdən çıxmışdır. Daha sonra isə tanımadığı taksi avtomaşını ilə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərində tanımadığı qızıl dükanına yaxınlaşıb özünə məxsus qızıl olduğunu bildirərək şəxsiyyət vəsiqəsini də təqdim edib həmin qızılları 1400 manata satmışdır. Qızılları satdıqdan sonra Qusar şəhərinə gəlmiş və borclu olduğu adamlara borclarını qaytarmışdır. Həmin günü axşam saatlarında polis əməkdaşları yaşadığı ünvana yaxınlaşmış və oğurluq etdiyini bildirdikdə, səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peçiman olduğunu bildirib məhkəmədən ona yüngül cəza yəyin edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs oğlu məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə müraciət edərək, məhkəmə iclasına gələ bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, habelə dəymiş zərərin aradan qaldırıldığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərər çəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, fərdi qaydada mebel ustası kimi çalışır. 02 aprel 2024-cü il tarixdə, saat 10 radələrində Quba bazarına getmiş, saat 13:00 radələrində evə qayıtmışdır. Həyat yoldaşı Səhər də həmin günü saat 11 radələrində qonşuluqda yaşayan qohumlarının evinə getmişdir. Bazardan qayıtdıqdan sonra, evə daxil olduqda evin birinci mərtəbəsində pəncərənin açıq olduğunu aşkar etmişdir. Daha sonra həyat yoldaşı yuxarı mərtəbəyə qalxdıqda yataq otaqlarında dolabların açıq olduğunu və içərisində olan qızıl zinyət əşyalarının oğurlandığını ona bildirmişdir. Dolabları yoxlayan zaman orada olan 3 cüt qızıl sırğa, 1 ədəd qızıl sep, 2 ədəd qızıl klon, bir ədəd üzərində brilliant qaşları olan üzük və bir ədəd qızıl üzüyün oğurlandığını aşkar etmişdir. Sonra hadisə barədə polis şöbəsinə məlumat vermişdir. İş üzrə Şahid2 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, teleqramla müraciət edərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının şahidin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, 2016-cı ildən Xaçmaz şəhəri Nərimanov küçəsində yerləşən “Qızıltac” mağazasında qızıl alışı və satışı ilə məşğul olur. 02 aprel 2024-cü il tarixdə, saat 12 radələrində tanımadığı bir şəxs mağazaya yaxılaşaraq qızıl satmaq istədiyini bildirmişdir. Onun tələbi ilə həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş və qızılı satan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ona 02 cüt sırğa və 02 ədəd qızıl üzük təqdim etmişdir. Həmin qızılların ümumi çəkisi 8,87 qram gəlmiş və həmin qızılları Təqsirləndirilən şəxs 605 manat qarşılığında almışdır. Daha sonra həmin günü, saat 14 radələrində Təqsirləndirilən şəxs yenidən mağazaya yaxınlaşaraq bir cüt qızıl sırğa bir ədəd qızıl sep satmağı təklif etmişdir. Sep və sırğanın qarşılığında isə Təqsirləndirilən şəxs 795 manat pul vermişdir. Sonradan isə Təqsirləndirilən şəxs ona satdığı qızıl zinət əşyalarının oğurluq olduğunu öyrənmişdir. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə fiziki kimyəvi və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2024-cü il tarixli 3-16- 16/2-6/2245-9/3155 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti – sarı rəngli, kilidli və qulqcığı üzərində “750” damğası, həmçinin üzərində “İtaly” yazısı olan 1 ədəd boyunbağı- 351 manat, üzərində 5 ədəd rəngsiz şəffaf qaşları, həmçinin “583” damğası olan 1 ədəd üzük -300 manat, Qırmızımtıl rəngli 1 ədəd üzük – 184 manat, sarı rəngli, üzərində “585” damğası olan 1 cüt sırğa- 493 manat, Qırmızımtıl rəngli 1 cüt sırğa – 178 manat, sarı rəngli, üzərində “585” damğası olan 1 cüt sırğa – 137 manat, sarı rəngli, üzərində “585” damğası olan 1 ədəd kulon -177 manat, ümumi dəyəri təxminən 1820,00 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş 07 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan göründüyü kimi, oğurlanmış və aşkar edilmiş qızıl-zinət əşyalarının ümumi dəyərinin 1820,00 manat olması və 1 ədəd əldə olunmayan qızıl kulonun qiymətinin zərər çəkmiş şəxsin ifadəsinə uyğun 500 manat olmaqla, ümumi ziyanın məbləğinn 2320 manat olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli talayaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş üzrə keçirilmiş kompleks məhkəmə fiziki kimyəvi və əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmaqla sonuncu dəfə Quba Rayon Məhkəməsin 17 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27 sentyabr 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törətdiyi 02 aprel 2024cü il tarixdə Quba Rayon Məhkəməsin 17 may 2017-ci il tarixli hökmü ilə müəyyən olunmuş cəzaya münasibətdə məhkumluğu ödənilmişdir. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kanaleddin oğlu, ünvan 2 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X1 himayəsində 26 oktyabr 2006-cı il təvəllüdlü X3 və 02 avqust 2008-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşiman olmasını və vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəlinin 03 aprel 2024-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 iş saatına görə 30 manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan 03 ədəd qızıl sırğa, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 02 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - 03 ədəd qızıl sırğa, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 02 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat olmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-140/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-140/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver