Məhkəmə qərarları › İş №1(027)-140/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-140/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-140/2025 14.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Quba rayonu, Susay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum edilməmiş, Quba rayonu, Susay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə, saat 17 radələrində BC471811 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “LADA VAZ 21010” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili “Quba-Susay-Xınalıq” avtomobil yolunun 40-cı kilometrliyində, yolun Quba rayonu, Susay kəndi ərazisində keçən hissəsində həmin kənd istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlakına zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 '“Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini cinayətkarcasına etinasızlıq etməklə pozaraq, həmin yol sahəsindəki sərt enişi düşərkən idarəetməni əvvəlcədən nəzarətdə saxlamadığı üçün avtomobilin hərəkət hissəsindən çıxaraq yolun Susay kəndi istiqamətində sağ tərəfinə aşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin qismində əyləşmiş X7 “hər iki gözün ağlı qişasında qansızmalar, burun dəliklərində və qulaq keçəcəklərində qanlı ifrazat, başın və bədənin çoxlu yara və sıyrığı, sağ əlin baş barmağının travmatik amputasiyası, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası, üz skeleti sümüklərinin sınığı, döş qəfəsinin sol yarısında 300 ml-ə yaxın sərbəst qan, sol ağciyərin aşağı ayının toxumasının cırılıb dağılması, sol tərəfdən qabırğaların çoxsaylı sınığı” ından ibarət olmaqla dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, Susay kəndində ailəsilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. 22 aprel 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı Quba rayonu, Susay kəndindən özünə məxsus olan “VAZ 21010” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxaraq Quba-Susay- Xınalıq yolu ilə Xınalıq kəndi istiqamətində hərəkətə başlamışdır. Avtomobildə sərnişin qismində oğlanları Şahid2 və mərhum Nahid Ədilov, bacısı oğlu Şahid1 və oğlu Nahidin əsgər yoldaşı Şahid3 Bəybala oğlu əyləşmişdir. Həmin gün Şahid3 onlara qonaq gəldiyi üçün onu dağlıq əraziyə gəzməyə aparmışdır. Yaşadığı Susay kəndindən təxminən 3 km uzaqlaşdıqdan sonra maşından enib biq qədər gəzib istirahət etdikdən sonra evə qayıtmaq qərarına gəlmişdir.. Avtomobildə qabağda-sürücü oturacağının yanında bacısı oğlu Qədir, arxada sol tərəfdə kiçik oğlu Rahid, ortada Rəvan və arxa sağ tərəfdə isə mərhum oğlu Nahid əyləşmişdir. Yol çox enişli olduğu üçün avtomobili təxminən 50 km/saat sürətlə və sürətlər qutusunun 3-cü pilləsində hərəkət etdirmişdir. Yaşadıqları kəndə təxminən 2 km qalmış avtomobil qəfil olaraq sönmüş və bu səbəbdən də sürətlənməyə başlamışdır. O, əyləci bir neçə dəfə bassada da heç bir mənası olmamış və əyləc kilidlənmişdir. Avtomaşın döngəli yerə çatdıqda asfaltın üzərində olan xırda daşların üzərinə çıxaraq sürüşmüşdür. Həmin vaxt avtomaşının surəti təxminən 70 km/saat olmuşdur. O, döngəni tam dönməmiş avtomobil sürətləndiyi üçün və təkərlər şebelin üzərinə düşdükdən sonra idarə etməni tam itirmiş və avtomobili sağ yan üstə aşaraq yuvaralanmağa başlamışdır. Onun iki dəfə yuvarlandığı yadına gəlir. Avtomobil yuvarlanmağa başlayan kimi qapının zərbədən açılması nəticəsində salondan çıxaraq yolun sağ kənarına düşmüşdür. Bir qədər şok vəziyətində yerdə uzanıb qalsa da daha sonra avtomobildə olan digərlərinin səsinə özünə gələrək onlara kömək etmək üçün yaxınlaşmışdır. Avtomoboldə ilişib qalmış bacısı oğlu Qədiri, kiçik oğlu Rahidi və Şahid3 avtomobildən çıxardıqdan sonra, baxıb görmüşdür ki, böyük oğlu Nahid avtomobildən təxminən 3 metr aralıda yolun sağ kənarında arxası üstə asfaltın üzərində uzanıb. O, dərhal oğluna yaxınlaşmış və onda heç bir həyat əlamətləri olmadığını görmüşdür. Nahidi qucaqlamış və yuxarı qaldırmaq istədikdə onun ağzından qan gəlməyə başlamışdır. Bundan sonra o, təcili yardıma məlumat verilmişdir. Lakin təcili yardım gəlib çatana kimi o, oğlunu həyata qaytarmaq ümidi ilə avtomobillərin biri ilə evlərinə aparmışdır. Evə çatdıqdan sonra təcili yardımın həkimləri gəlib oğlunun müayinə etdikdən sonra bildirmişlər ki oğlu Nahid ölüb. Bundan sonra evlərinə polis əməkdaşları gəlmiş və onun sərxoşluğu alkotestr vasitəsilə yoxlanılmışdır. Mərhum oğlunun meyidi üzərində müvafiq tibbi hərkətlər yerinə yetirildikdən sonra onu 23 aprel 2025-ci il tarixdə Quba rayonu, Susay kənd qəbiristanlığında dəfn etmişlər. O, avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt idarə etdiyi avtomobildə sərnişin qismində yuxarıda göstərdiyi 4 nəfər sərnişin olmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobildə hər hansı bir yük olmamışdır. Həmin vaxt idarə etdiyi avtomobildə avtomobilin sönməsindən başqa heç bir texniki nasasızlıq baş verməmişdir.Hadisə zamanı spirtli içki qəbul etməmiş, səhhətində hər hansı narahatçılıq olmamışdır. Avtomobil sönərək hərəkət üçün təhlükə yaranan andan avtomobilin aşdığı yerə qədər qət etdiyi məsafə 200 (iki yüz) metr olmuşdur. Təhlükə yaranan andan avtomobilin aşdığı ana qədər keçən vaxt təxminən 30 (otuz) saniyə olmuşdur. Hərəkət üçün təhlükə yaranan zaman bunun qarşısını almaq üçün sükanı sola döndərərək əyləci sıxmış, lakin avtomobil söndüyü üçün əyləc bərkləşmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba rayonu, Susay kəndində yaşayır. Evdar qadındır. Təqsirləndirilən şəxs onun əridir. Onunla 2004-cü ildən faktiki olaraq evlidir. X2 isə onun böyük oğlu olmuşdur. Əri Bəyaz xx.xx.2025-ci il tarixdə saat, 17 radələrində Quba rayonu, Susay kəndi ərazisində idarə etdiyi VAZ-21010 markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qəfil idarə etməni itirmiş və avtomobil aşmışdır. Avtomobildə sərnişin qismində olan oğlu-Quba rayonu, Susay kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.2005-ci il təvəllüdlü X8 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Belə ki, bu hadisə baş verən vaxtı evlərində ev işləri ilə məşğul olmuşdur. Əri Bəyaz oğlanları Nahid, Rahid və baldızının oğlu Qədir və Nahidin əsgər yoldaşı Rəvan ilə birlikdə idarə etdiyi 10-SZ- 537 dövlət qeydiyyat nişanlı avtomobillə Xınalıq yolu adlanan yola gəzmək üçün getmişlər. Onlar getdikdən təxminən 1 saat keçdikdən sonra isə əri Bayaz ona zəng edərək avtomobilin qəzaya uğradığını bildirmiş və yəqin ki, onu təsəlli etmək üçün heç kimə heç nə olmadığını demişdir. Bundan bir qədər sonra isə Bayaz başqa bir avtomobil ilə evə gəlmişdir. Onlar evə gəldiklərində o, avtomobildə oğlu Nahidin cansız bədənini görmüşdür. Burada ona aydın olmuşdur ki, həmin qəza zamanı oğlu Nahid hadisə yerində dünyasını dəyişmişdir. Onlar oğlu Nahidi 23 aprel 2024-cü il tarixdə Quba rayonu, Susay kənd qəbiristanlığında dəfn etmişlər. İfadəsinin sonunda X6 təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba rayonu, Cimi kəndində ailəsilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun dayısıdır. 22 aprel 2025-ci il tarixdə dayısının yaşadığı Quba rayonunun, Susay kəndində qonaq getmişdir. Həmin günü dayısı oğlu Nahidin əsgər yoldaşı Rəvan dayısı Bəyazın evinə qonaq gəlmişdir. Həmin gün saat saat 17 radələrində dayısı Bayaz idarə etdiyi “VAZ 21010” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə daysı oğlanları Rahidi, Nahidi, onu və Nahidin əsgər yoldaşı Rəvanı gəzdirmək məsdədi ilə Quba-Susay- Xınalıq yolu ilə Xınalıq kəndi istiqamətinə aparmışdır. Onlar Susay kəndindən təxminən 3 km Xınalıq kəndi istiqamətinə hərəkət edib dağlıq ərazidə istirahə etmişlər. Orada istirahət etdikdən sonra dayısının yaşadığı Susay kəndinə qayıtmağa qərar vermişlər. Avtomobilə əyləşdikdən sonra dayısı Bayaz Susay kəndi istiqamətində hərəkətə başlamışdır. Avtomobildə qabağda-sürücü oturacağının yanında o, arxada sol tərəfdə Rahid, ortada Rəvan, və arxa sağ tərəfdə isə mərhum Nahid əyləşmişdir. Yol çox enişli olduğu üçün dayısı Bayaz avtomobili yavaş-yavaş təxminən 50 km/saat sürətlə idarə etdirmişdir. Susay kəndinə təxminən 2 km qalmış daysısı Bayaz qəfil olaraq idarəetməni itirmişdir. Avtomobil sürətlənməyə başlamışdır. İrəlidə çox da sərt olmayan bir döngə və həmin yerdə asfaltın üstündə selin yuyaraq gətiridiyi xırda daşlar olmuşdur.. Avtomobil həmin yerə çatdıqda sürət təxminən 70 km/saat olmuşdur. Dayısı Bayaz döngəni tam dönməmiş avtomobil sürətləndiyi üçün və təkərlər daşın üzərinə düşdükdən sonra idarə etməni tam itirmiş və avtomobil sağ yan üstə aşaraq yuvarlanmağa başlamışdır. Avtomobil yuvarlanmağa başlayan kimi qapıların zərbədən açılması nəticəsində Bayaz və Nahid salondan çıxaraq yolun kənarlarına düşmüşdürlər. Dayısı Bayaz onu, Rahidi və Rəvanı maşından çıxarmışdır. Dayısı oğlu Nahid isə avtomaşından təxminən 3 metr aralıda yolun kənarında uzanıqlı vəziyyətdə omuşdur. Daysıs bayaz Nahid yaxınlaşaraq onu qucağına aldıqda onun ağzından qan gəlməyə başlamışdır. Orada olan avtomaşınların biri ilə dayısı Bayaz Nahidi yaşadıqları kəndə aparmışdır. Lakin göstərilən bütün yardımlara baxmayaraq Nahid ölmüşüdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22 aprel 2025-ci il tarixli, 16 nömrəli nömrəli rəyindən görünür ki, X5 meyitinin xarici müayinəsi zamanı “hər iki gözün ağlı qişasında qansızmalar, burun dəliklərində və qulaq keçəcəklərində qanlı ifrazat, başın və bədənin çoxlu yara və sıyrığı, sağ əlin baş barmağının travmatik amputasiyası, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası, üz skeleti sümüklərinin sınığı, döş qəfəsinin sol yarısında 300 ml-ə yaxın sərbəst qan, sol ağciyərin aşağı payının toxumasının cırılıb dağılması, sol tərəfdən qabırğaların çoxsaylı sınığı” aşkar edilmişdir ki, bunlar da həyati ölümdən az əvvəl yetirilməyə uyğundur, 22 aprel 2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Meyitdən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Ölümə səbəb baş vermiş yol- nəqliyyat hadisəsi zamanı başın küt travmasından kəllə qapağı və əsası sümüklərin sınması nəticəsində baş-beyin toxumasına qansızma olmuş, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 28 iyul 2025-ci il tarixli, 8/1283 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21010” markalı, **-SZ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli alkotestr məlumatından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (göstərici 0.00 faiz). İş materiallarında olan BC471811 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Susay kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Ədilov X1 qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan icbari sığorta bürosunun verdiyi arayışa əsasən Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsi Atəşgah sığorta şirkəti ASC tərəfindən sığortalanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi var. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün, ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-ci maddə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğu halı ehtiva edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun “Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları” adlı 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı - yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində qeyd edilir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü- özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib- ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol - nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin еdilməsi təcrübəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 2003-cü il 25 iyun tаriхli 4 sаylı qərаrın 4-cü bəndinə görə Cinаyət Məcəlləsinin 59-cu mаddəsində cəzаnı yüngülləşdirən hаllаrın sаyı məhdudlаşdırılmаdığındаn cəzа təyini zаmаnı həmin mаddədə nəzərdə tutulmаmış hаllаr dа cəzаnı yüngülləşdirici hаllаr qismində nəzərə аlınа bilər. Bеlə hаllаrın yüngülləşdirici hаllаr kimi qəbul еdilməsi hökmdə əsаslаndırılmаlıdır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmaqla, ailəsi üçün ağır itki olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi yəni öz arvadı ilə barışıq əldə etmiş, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs, hazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, həmçinin işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin əməlini hadisənin nəticələri ilə birlikdə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs eyni zamanda mənəvi zərər çəkmiş mövqeyində olmuşdur. Hadisə zamanı öz övladının ölməsi onu ağır sarsıntıya məruz qoymuşdur. Təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini həm ədalət, həm də humanizm prinsiplərinə uyğun hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına ödənilməlidir. İş üzrə mülki iddianın və maddi sübutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə ekspertiza xərcini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar