Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-142/2024 08.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, 20 aprel 2002-ci il tarixdə, Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən şəhər qəbristanlığında tanışı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı yumruqla və təpiklə qəsdən sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyəsindən bir neçə dəfə vuraraq onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayon sakini Zərərçəkmiş şəxs xeyli vaxtdır ki tanıyır, Onlar fərdi qaydada müxtəlif tikinti işlərində fəhlə işləyirlər. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərdabi qəsəbəsində olan işlərini bitirdikdən sonra, nahar etmək məqsədi ilə İslamla birlikdə Quba şəhəri Bazar ərazsində fəaliyyət göstərən Aynur kafesinə getmişlər. Kafedə ümumi tanışları Baxış adlı şəxs də onlarla birlikdə nahar etmişdir. Nahar zamanı onlar hər üçü spirtli içki qəbul etmişdir. Saat 19 radələrində onlar hər üçü kafedən çıxıb Quba şəhərindəki qəbrəstanlığa gəlmişlər. Qəbristanlığa çatdıqdan sonra, İslam Baxışla mübahisə etməyə başlamışdır. Həmin vaxt o, onları sakitləşdirmək istəyərkən İslam onun ünvanına nalayiq ifadələr işlətmişdir. Söyüş söydüyü üçün o, həmin vaxt yumruqla İslamın sifətindən və qarın nahiyəsindən bir neçə dəfə vurub onu yerə yıxmışdır. Yerdə olarkən o, təpiklə İslamın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xeyli vaxtdır ki, tanıyır. Onlar fərdi qaydada müxtəlif tikinti işlərində fəhlə işləyirlər. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərdabi qəsəbəsində olan işlərini bitirdikdən sonra, nahar etmək məqsədi ilə Qurbanla birlikdə Quba şəhəri, Bazar ərazsində fəaliyyət göstərən “Aynur” kafesinə getmişlər. Kafedə ümumi tanışları Baxış adlı şəxs də onlarla birlikdə nahar etmişdir. Nahar zamanı onlar hər üçü spirtli içki qəbul etmişdir. Saat 19 radələrində onlar hər üçü kafedən çıxıb Quba şəhərindəki qəbrəstanlığa gəlmişlər. Qəbristanlığa çatdıqdan sonra, onunla Qurban arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Qurban yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə endirmişdir. Zərbələrin təsirində həmin vaxt o, yerə yıxılmışdır. Yerdə olarkən, Qurban təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə vurub ona xəsarət yetirmişdir. Aralarında baş vermiş mübahisə şəhər qəbirstanlığında olmuşdur. Həmin vaxt orada tanışlar Baxış adlı şəxsdən başqa kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 04 iyun 2024-cü il tarixli 388 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - başın təpə nahiyəsində səthi əzilmiş yara, sol göz orbiti ətrafında qançır-hematoma, döş qəfəsində öndə və arxa səthində, hər iki dirsəkdə çoxsaylı yara və sıyrıqlar, solda 9-cu, 10- cu qabırğaların arxa qoltuq xətt üzrə yerini dəyişməyən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 01 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən, sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsini tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX-nın 14 iyun 2024-cü il tarixli 18-1-56/2-714/2024 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.2002- ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham öz etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi,iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 12 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-142/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-142/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver