Məhkəmə qərarları › İş №1(027)-143/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-143/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-143/2023 14.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, 09 avqust 1992-ci il tarixdə Quba rayonu, Güney-Məhlə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla Quba rayonu. Güney-Məhlə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 12,625 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evdə 01 ədəd “Kent” siqaret qutusunda saxlamış, 13 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, Rustov kəndində yaşadığı evinin qarşısında saxlanılararaq onun həmin evində baxış keçirilərkən evin giriş hissəsində olan yarımtikilidə şiferin arasında gizlətdiyi 01 ədəd “Kent” siqaret qutusunda təmiz çəkisi 12,625 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib 2023-cü ilin iyul ayının əvvəllərində onlardan Quba rayonu, Rustov kəndində yaşadığı evinin həyətyanı sahəsində ümumi çəkisi 0,131 qram təşkil edən birində 01 ədəd, digərində 02 ədəd olmaqla cəmisi 03 ədəd çətənə bitkilərini, 02 ədəd dibçəkdə əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək xeyli miqdarda kultivasiya etmiş, 13 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətinə baxış keçirilərkən 02 ədəd dibçəkdə cəmisi 03 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin qarşısında olan zaman Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə istifadə etməkdə, saxlamaqda və onlardan əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. Həmin vaxt hüquqlarının müdafiəsi üçün təqdim edilmiş vəkilin iştirakı ilə əvvəlcə üzərində sonradan isə öz razılığı əsasında yaşadığı evə və həyıətyanı sahəyə baxış keçirilmişdir. Şəxsi axtarış aparılan zaman üzərindən gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşlarına özündə narkotik vasitə marixuana olduğunu və evinin həyətində saxladığını etiraf etmişdir. Evinə və həyətyanı sahəsinə baxış keçirilən zamanı evin girişində olan yarımtikilidə şiferin arasında gizlətdiyi və “Kent” siqaret qutusunun içərisinə qoyub qurudaraq yığdığı marixuana kütləsini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu sual zamanı siqaret qutusunun içərisindəki kütlənin narkotik vasitə olduğunu, özünə məxsus olmasını, kütləni özü üçün istifadə etmək məqsədi ilə qurudaraq yığdığını, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o, həyətində 2 ədəd dibçəkdə əkdiyi narkotik maddə olan çətənə kollarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin 02 ədəd dibçəkdəki cəmi 03 ədəd narkotik tərkibli olan çətənə bitkisi (birini tək, digər ikisini isə bir dibçəkdə) əkmişdir. Baxışa dəvət edilmiş aqronom mütəxəssis tərəfindən bitkilərə baxılmış, yerindən çıxarılaraq ölçülmüş, birinin uzunluğu 8 sm, digər ikisinin uzunluğu isə 5 sm olması müəyyən edilmişdir. O, aşkar edilmiş çətənə bitkilərini təxminən 10 gün əvvəl əkərək aqrotexniki qaydada qulluq etmişdir. Aşkar edilmiş həmin narkotik bitkiləri ayrıca zərfdə qablaşdırılıb möhürlənmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, onlardan birinin xəstə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Quba rayonu, Güney-Məhlə kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə marixuana istifadə etməsi, saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə, yetişdirmə) etməsi barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişdir. O, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin qarşısında saxlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zaman onun üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə marixuana saxladığını etiraf etmiş və onları həyətinə baxış keçirməyə dəvət etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs öz razılığı ilə onun yaşadığı evin həyətinə daxil olunmuş, yaşayış evi və həyətyani sahəsində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin girişində olan yarımtikilidə şiferin arasında gizlətdiyi “Kent” siqaret qutusunu təqdim etmiş, onun içərisi yoxlanıldıqda isə həmin qutuda qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki kütlənin narkotik vasitə olduğunu, onun özünə məxsusluğunu, bu kütləni özü üçün istifadə etmək məqsədi ilə qurudaraq yığdığını, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Aşkar edilmiş həmin narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində baxış davam etdirilmiş və bu zaman 02 ədəd dibçək qablarda torpağa basdırılmış, bu dibçəklərin birində 01 ədəd, digərində 02 ədəd olmaqla cəmi 03 ədəd əkilmiş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs dibçəklərdəki 03 ədəd çətənə bitkisini də özünün sulayaraq qulluq etdiyini etiraf etmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxıb onların birinin uzunluğunun 8 sm, ikisinin uzunluğunun 5 sm olması, onlara aqrotexniki qayda da qulluq edilməsi barədə rəyini bildirmişdir. Daha sonra həmin çətənə bitkiləri ayrıca zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 və Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişlər. İş üzrə təyin edilib keşirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməbioloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1019 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar edilərək götürülmüş 01 ədəd “Kent” siqaret qutusunda təmiz çəkisi 12,625 qram bitki mənşəli tərkibində narkotik maddə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar edilərək götürülmüş 02 ədəd dibçəkdə əkdiyi, 03 ədəd yaş vəziyyətdə olan şitillər ümumi çəkisi 0,131 qram bitki mənşəli narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqnorom rəyinə əsasən həmin çətənə (kannabis) şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli 4554 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda onun müayinəsi zämanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Quba DAİM-in Bitkiçilik Sektorunun müdiri Şahid3 xx.xx.2023cü il tarixli rəyindən görünür ki, Quba RPŞ-nin əməkdaşlarının iştirakı ilə Quba rayonu, Rustov kəndinin Güney məhəllə yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs yaşadığı yaşayış evinin həyətyanı sahəsindən özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətuanı sahəsində yaşayış binasının yanında dibçəkdə 3 (üç) ədəd çətənə bitkisi aşkar olunmuşdur. Biz tərəfindən həmin çətənə bitkiləri dibçəkdən çıxarılaraq bitkilərin boyu ölçüldü və aşağıdakı kimi müəyyən olundu. Bir ədəd çətənə bitkisinin boyu 08 santimetrdir. Digər 02 ədəd çətənə bitkisinin boyu isə 05 santimetr olduğu müəyyən olundu. Qeyd olunmuş dibçəkdə əkilmiş 03 ədəd çətənə bitkisinə aqrotexniki xidmət (kultivasiya) işləri həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxışın keçirilməsini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 13 iyul 2023-cü il tarixdə, saat 15 radələrində Quba rayonunun polis şöbəsinin əməkdaşları tərəfindən Quba rayonu, Rustov kəndində yaşayan Təqsirləndirilən şəxs evinin giriş hissəsində olan yarımtikilidə şiferin arasından 01 ədəd siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuana kütləsi və yaşadığı evin həyətindən 02 ədəd dibçəkdə əkilimiş 03 ədəd çətənə bitkilərini aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, 3-ci siyahının 1.2-ci bəndinə görə 3-15 ədəd (6-30 hissə) təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 12,625 qram, çətənə bitkilərin ümumi qədəri 03 ədəd təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 19-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Törədilmiş cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini əkib qulluq etməsi və yetişdirməsi müəyyən edildikdə mümkündür.” Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1 və 237.1-ci maddəlləri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Quba Rayon prokuroru Namiq Muradovun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir; İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD-si tərəfindən verilmiş 15 iyul 2023-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Güney-Məhlə kəndində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014, xx.xx.2015 və xx.xx.2022-cu il təvəllüdlü üş azyaşlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, CM-nin aşağıdakı maddələrini rəhbər tutur. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxnin haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,575 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd çətənə bitkiləri məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxsa 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və X4 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,575 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd çətənə bitkiləri məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar