Məhkəmə qərarları › İş №1(027)-143/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-143/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-143/2025 21.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1980-cı il tarixdə Quba rayonunda anadan olmuş, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2107 markalı, **-MF-*** d.q.n-lı avtomobili ilə Şabran rayonundan Quba rayonuna gələrkən Bakı-Quba yolunun Çağacuq kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs avtomobili saxlamasını istəyərkən onu eşitmədiyindən hiddətlənərək üz nahiyəsindən yumruqla qəsdən vuraraq sağlamlığın qısa müddətə qəsdən pozulmasına səbəb olmuş sağ göz orbiti ətrafında qançır-hematoma, alt dodağın selikli qışasında əzilmiş-cırılmış yaradan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs CM 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayət əməlini torətməsı özünün etirafı ilə yanaşı zərər çəkmiş şəxsin izahat və məhkəmə ekspertizasının rəyi və digər sənədlərlə kifayət qədər subuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, 08 sentyabr 2025-ci il tarixdə, saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə qabaqda sağda oturub Şabran rayonundan Quba rayonuna gələrkən Lətif avtomobili təhlükəli sürdüyü üçün ona bir neçə dəfə iradını bildirmişdir. Yolun Cağacuq kəndi ərazisindən keçən hissəsində Lətif bir daha təhlükəli manevr etmiş, o, Lətifə avtomobili saxlamasını demiş, Lətif isə onu eşitmədiyi üçün sol əli ilə onun üz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Lətif avtomobili saxlamış və hər ikisi avtomobildən düşmüşdürlər. O, Lətifi yaxınlıqda olan çayxanaya çay içməyə dəvət etmişdir. O, sanitar qovşaqdan çıxanda Lətifin maşına oturub getdiyini görmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 08 sentyabr 2025-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi avtomobillə tanışı Orcəlıyev Qismət islam oğlunu Şabran rayonundan Quba rayonuna gətirərkən Bakı- Quba yolunun Cağacuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən Qismət anidən yumruqla onun üz nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Sonra avtomobili saxlamış və hər ikisi avtomobildən düşmüşlər. Qismət yaxınlıqda olan çayxanaya girmiş, o isə avtomobilinə oturub oradan uzaqlaşmışdır. Hadisə zamanı avtomobildə ikisi olmuşdur. Qismət avtomobildə qabaqda sağda oturmuşdur. O, Qisməti vurmamış, təhqir etməmişdir. Yolda hərəkətdə olarkən Qismətin ona nəsə deyib-demədiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 08 sentyabr 2025-ci il tarixdə axşam saatlarında evə gəldiyi zaman atası Lətifin gözünün altının göyərdiyini və dişlərinin töküldüyünü görmüş və ondan nə baş verdiyini soruşduqda atası ona idarə etdiyi avtomobillə tanışı Qismət ilə birlikdə Şabran rayonundan Quba rayonuna gəldikləri zaman Bakı-Quba yolunun Cağacuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olduqları zaman Qismət tərəfindən döyüldüyünü bildirmişdir. O, bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində aşkar olunan xəsarətlər sağ göz orbiti ətrafında qançırhematoma, alt dodağın selikli qışasında əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, xx.xx.2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş məhkəm-tibb ekspertizasının rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 678 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla yaşayır və onun barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 16 sentyabr 2025-ci il tarixli, 18-1-56/2-1275/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu, Rustov kəndində yaşayan, Təqsirləndirilən şəxs RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 05 iş saatına görə 55 (əlli beş) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar