Məhkəmə qərarları › İş №1(027)-144/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-144/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-144/2025 18.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1963-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Binəqədi rayon məhkəməsinin 24 iyun 2025-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, özgə əmlakını ələ keçirmək qərarına gələrək hər hansı səlahiyyəti və imkanı olmadığı halda Zərərçəkmiş şəxs şifahi razılaşmaqla Sumqayıt Apellyasiya Məhkəmsində pul tələbinə dair iddiasını onun xeyrinə həll etdirəcəyi barədə yalan vədlər verərək vahid niyətlə 01 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Quba rayonu Alekseyevka kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 1000 manat, 25-26 oktyabr 2023-cü il tarixlərdə **********953254 nömrəli plastik bank kartına 7000 manat pulu ödətdirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 8000 manat məbləğində pul vəsaitini, yəni xeyli miqdarda özgə əmlakını qəsdən ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək qərarına gələrək hər hansı səlahiyyəti və imkanı olmadığı halda Zərərçəkmiş şəxs dövlət orqanlarında işləyən tanışlarının köməkliyi ilə oğlu Şahid2 üçün sosial yardım düzəltdirəcəyi barədə yalan vəd verərək sonuncudan 15 sentyabr 2023-cü tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən mərkəzi poçt binasının qarşısında aldatma və etibardan sui-istifadə etmə yolu ilə. 2000 manat pul alıb qəsdən ələ keçirməklə təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün istintaqa verdiyi ifadələri ilə yanaşı, şahid ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 1992-ci ildə Azərbaycan Respublikası torpaqları uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş və yaralanmış, 1-ci qrup əlildir. Onun bir ayağının 2/3 hissəsi şəkər xəstəliyi ilə əlaqədar olaraq kəsilmişdir. Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından tanımışdır.. X4 Sumqayıt Apellyasiya Məhkəməsində pul iddiası ilə bağlı işi olduğunu və Rafiqə bü işdə köməklik etmək lazım olduğunu bildirmişdir. Buna görə də o qardaşı Zərbala ilə birlikdə 2023-cü ilin sentyabrın 1-də Quba şəhərinə gəlmiş, “Bizim bağ” adlı restoranda görüşüb Rafiqin məhkəmədə olan işi ilə bağlı söhbət etmişlər. Rafiq Sumqayıt Apellyasiya məhkəməsində pul tələbinə dair işi olduğunu, 40 min manatdan yuxarı pul aldığını, qalan 117000 manatı ala bilmədiyini demişdir. O, Rafiqə məhkəmədə olan işini həll edəcəyini, yəni qalan pulun da qarşı tərəfdən alınacağına köməklik göstərəcəyini bildirmiş və buna görə ona 10000 manat pul verməli olacağını bildirmişdir. Rafiq də onunla razılaşmışdır. O, Rafiqə işə başlamaq üçün pulun 10 faizini, yəni 1000 manat verməli olduğunu bildirdikdə Rafiq həmin günü Quba rayonunun, Alekseyevka kəndinə həmin məbləğdə pulu ona vermişdir. Rafiq söhbət zamanı ona oğlu Elnur üçün sosial yardım da düzəltmək istədiyini demişdir. O da tanışları vasitəsilə Rafiqin oğluna da sosial yardım düzəldə biləcəyini bildirmişdir. Rafiq oğlu Elnurun evli və himayəsində 2 azyaşlı uşağı olduğunu, elə oğlu üçün sosial yardım düzəltməsini ondan xahiş etmişdir. O da Rafiqə kömək edəcəyini və sosial yardım düzəltmək üçün 2 min manat pul verməli olduğunu demişdir. Bundan sonra Elnurun özü ilə də Quba şəhərində görüşüb sosial yardım almaq üçün tələb olunan müəyyən sənədləri, yəni özü və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, nikah və doğum haqqında şəhadətnamələrin surətlərini və bu kimi bir neçə sənədlərin surətini götürmüşdür. 2023-cü ilin sentyabr ayının ortalarında Rafiqlə əlaqə saxlayaraq sosial yardım işinin həll edilməsi üçün təcili olaraq 2 min manat pul lazım olduğunu və pulu götürmək üçün Quba rayonuna gələcəyini demişdir. 15 sentyabr 2023-cü tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən mərkəzi poçt binasının qarşısında Rafiqlə görüşüb 2 min manat pulu Rafiqdən götürmüşdür. 05 oktyabr 2023-cü il tarixdə Apellyasiya Məhkəməsinin hazırlıq iclası olmuş və növbəti proses 02 noyabr 2023-cü il tarixə təyin edilmişdir. O, Rafiqdən qalan 7000 manatı növbəti məhkəmə prosesinin başlamasına 1 həftə qalmış pulun verilməli olduğunu bildirmişdir. Məhkəmə Rafiqin xeyrinə qərar çıxardıqdan sonra isə qalan 2 min manat pulu da verməsi ilə bağlı razılaşmışlar. Bundan sonra 25-26 oktyabr 2023-cü il tarixlərdə Rafiq danışdıqları kimi, 7000 manat pulu ona məxsus **********953254 nömrəli plastik bank kartına göndərmişdir. Sonradan Rafiq məhkəmə prosesinə gəlməkdən imtina etmiş, qalan pulu da verməmişdir. Hətta Məhkəmə ikinci dəfə işə baxan gündən bir gün əvvəl Rafiq Məhkəməyə imtina barədə ərizə yazıb göndərmişdir. O Rafiqlə əlaqə saxlayaraq Məhkəmənin işə baxacağını və imtina etməməsini desə də, Rafiq, nə Məhkəməyə gəlməmiş, nə də qalan 2000 manat pulu ona verməmişdir. O, 8000 manat pulu məhkəmə işlərində sənəd yığılması üçün, 2000 manat pulu isə oğlu Elnura sosial yardım düzəltməkdə köməklik etmək məqsədi ilə almış, həmin puldan heç kimə verməmiş, müalicəsi və şəxsi problemləri üçün istifadə etmiş, hazırda sol ayağının da dörd barmağı kəsilmişdir və xəstəliyi davam etməkdədir. Onun nə Ali Məhkəmədə, nə də sosial xidmətlərdə işləyən tanışı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməklə vurmuş olduğu ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-ci ildə Quba rayon İcra Hakimiyyətinin Birinci Nügədi kənd icra nümayəndəliyinə qarşı pul tələbi ilə bağlı Sumqayıt inzibati iqtisad məhkəməsinə müraciət etmiş, 2017-ci ilin fevral ayında məhkəmə tərəfindən onun xeyrinə qətnamə qəbul edilmiş və ümumilikdə 71262 manat pulun icra nümayəndəliyindən alınıb ona verilməsi haqqında qətnamə qəbul edilmişdir. 2021-ci ilin sonlarına qədər isə iddiası təmin olunmasına baxmayaraq ona pul ödənilməmişdir. 2021-ci ildə Quba rayon icra hakimiyyəti Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmiş və Sumqayıt inzibati iqtisad məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. 2022-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və iddiasında cavabdeh kimi Quba rayon İcra Hakimiyyətini göstərmişdir. Lakin 2023- cü ilin avqust ayında kommersiya məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. O da qərardan razı olmadığından bu barədə aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya Məhkəməsinin icraatında mülki işin gedişatı zamanı tanışı Etibarla danışıb işin gedişatı barədə məlumat vemiş, Bu zaman Etibar tanışının olduğunu, həmin tanışının əlaqələrinin geniş olduğunu və həmin adamla danışıb işinə kömək edib etməməsi barədə dəqiq məlumat aldıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Etibar onunla əlaqə saxlayaraq onun nömrəsini həmin tanışına verdiyini və tanışının onunla əlaqə saxlayacağını bildirmişdir. Daha sonra özünü Gülbala kimi təqdim edən şəxs onunla əlaqə saxlayıb Etibarla danışdığını, ona görə də Quba rayonuna gəlib onunla görüşəcəyini, məhkəmə prosesi ilə bağlı bütün sənədlərini götürməsini bildirmişdir. Gülbala ilə Quba şəhəri, Vaqif küçəsində yerləşən “Bizim bağ” adlı restoranda görüşmüş və Gülbalanın yanında özünü Ceyhun adı ilə təqdim edən bir nəfər də şəxs olmuşdur. Gülbala məhkəmə sənədlərinə baxıb işini həll edəcəyini, yəni Apellyasiya Məhkəməsinin onun xeyrinə qərar qəbul edəcəyi barədə köməklik edəcəyini bildirmiş və bunun da qarşılığında ondan 10 min manat alacağını bildirmişdir. Razılaşdıqdan sonra Gülbala on min manat pulun 10%-ni tələb etmiş, buna görə də o, 1000 manat pulu həmin günü yaşadığı Quba rayonunun Alekseyevka kəndində Gülbalaya vermişdir. Həmçinin Gülbala ilə söhbət zamanı ona sosial yardım da düzəldə bildiyini, tanışlarına bu barədə kömək edə biləcəyini demişdir. O da oğlu Elnurun evli və himayəsində 2 azyaşlı uşağı olduğunu, elə oğlu üçün sosial yardım düzəltməsini xahiş etmişdir. Gülbala bu məsələdə də ona kömək edəcəyini və oğluna sosial yardım düzəltmək üçün 2 min manat pul verməli olacağını demişdir. Bundan sonra oğlu Elnur özü də Gülbala ilə görüşüb sosial yardım almaq üçün tələb olunan bütün sənədləri götürmüşdür. Təxminən 10-15 gün keçdikdən sonra Gülbala onunla əlaqə saxlayaraq sosial yardım işinin həll edilməsi üçün təcili olaraq 2 min manat pul lazım olduğunu bildirmiş və pulu götürmək üçün Quba rayonuna gələcəyini demişdir. 15 sentyabr 2023-cü tarixdə ailəsinə məxsus qızılları lombarda qoymuş, lombard pulu poçtdan götürmək üçün kart vermişdir. Gülbala da öz arvadı ilə birlikdə Quba rayonuna gəlmiş və Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən mərkəzi poçt binasının qarşısında 2 min manat pulu poçtdan götürüb Gülbalaya vermiş, Gülbala sosialda işləyən tanışı vasitəsilə işi həll edəcəyini bildirmişdir. Daha sonra 05 oktyabr 2023-cü il tarixdə Apellyasiya Məhkəməsinin hazırlıq iclası olmuş və növbəti proses 02 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədən çıxdıqdan sonra Sumqayıt şəhərinin girişində yerləşən adını xatırlamadığı çayxanada Gülbala ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı Gülbala, Ali Məhkəmədə işləyən tanışının işi həll edəcəyini, məhkəmə prosesinin başlamasına ən geci bir həftə qalmış qalan 7 min manat pulun da verilməli olduğunu bildirmiş, məhkəmə onun xeyrinə qərar çıxardıqdan sonra isə qalan 2 min manat pulu da verməsi ilə bağlı razılaşmışdır. Bundan sonra 25-26 oktyabr 2023- cü il tarixlərdə qızının Birbank mobil tətbiqindən yaşadığı Quba rayonu Alekseyevka kəndində Gülbalanın verdiyi **********953254 nömrəli plastik bank kartına ümumilikdə 7000 manat pul göndərmişdir. Bundan sonra Gülbala telefonlarına cavab verməmiş və Gülbalanın onu aldatdığını başa düşmüşdür. Gülbala telefonlara cavab vermədiyindən 02 noyabr 2023-cü il tarixdə olan məhkəmə prosesinə getməmiş və məhkəməyə teleqram göndərərək məhkəmənin təxirə salınmasını xahiş etmişdir. 28 noyabr 2023-cü il tarixdə məhkəmə prosesində iştirak etmiş və növbəti prosesdə, yəni 08 dekabr 2023-cü il tarixdə Apellyasiya Məhkəməsinin qərarına əsasən Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Gülbala sonuncu dəfə 2023-cü ilin noyabr ayının sonlarında oğlu Aqil ilə birlikdə yaşadığı evin qarşısına gələrək işi həll edəcəyini demiş, söhbət zamanı Gülbalanın oğlu Aqil, “əgər sənin işin həll olunmasa, Sulutəpədə yerləşən torpaq sahəmiz var, həmin torpaq sahəsindən sənə yer verəcəyik” demişdir. O da Aqilə torpaq sahəsinin lazım olmadığını, pulunu geri qaytarmalarını bildirmişdir. Bu məsələlərin əsnasında oğlu Elnur üçün düzəlməli olan sosial yardım da baş tutmamışdır. Gülbaladan yardımın nə vaxt düzələcəyi barədə soruşduqda müxtəlif bəhanələr gətirmiş, növbəti prosesdə həllini tapacağını demişdir. Lakin sosial yardım məsələsi də həll olunmamışdır. Gülbala ilə tanış olduqdan və pul verdikdən sonra heç bir məhkəmə prosesini qazanmamış, məhkəmə sənədlərini özü toplamış, bütün məhkəmələrdə özü iştirak etmiş, Gülbala Apellyasiya Məhkəməsinin onun xeyrinə qərar qəbul elətdirəcəyi barədə yalan vəd verib ondan 10 min manat pul tələb etmiş, aralarında olan razılaşmaya əsasən o, 8 min manatı Gülbalaya vermiş və qalan 2 min manatı da məhkəmə onun xeyrinə qərar qəbul etdikdən sonra verməli olmuşdur. Bundan başqa Gülbalaya 2 min manat da oğlu Elnura sosial yardım düzəltməsi üçün vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş on min manat ziyanın tam şəkildə ödənildiyini üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır,. 2023-cü ilin avqust ayında idarə etdiyi Renault Megan markalı avtomobillə 3 nəfər müştərini Bakı şəhərindən Qusar rayonuna, X5 istirahət etmələri üçün gətirmiş, həmin müştərilər istirahət mərkəzində 2 gün qalmış və bundan sonra o müştəriləri yenidən Bakı şəhərinə aparmışdır. Həmin iki gün ərzində o özü də, Quba şəhəri, Bazar ərazisində yerləşən oteldə gecələmişdir. Həmin vaxt qaldığı otelin yanında olan kafedə əyləşərək çay içmiş, kafeni Etibar adlı şəxs işlətmiş və Etibarla tanışlığı həmin vaxtdan yaranmışdır. Etibarla söhbət zamanı ona Rafiq adlı tanışının Sumqayıt Apellyasiya məhkəməsində işi olmasını, həmin işin Rafiqin xeyrinə həll olması üçün köməklik lazım olduğunu bildirmişdir. O da Etibara bu məsələdə kömək edə biləcək kimsə olarsa, baxıb xəbər edəcəyini demişdir. Bundan sonra o yenidən Bakı şəhərinə qayıtmış, bir müddət sonra Etibar ona zəng edib həmin məsələyə köməklik edə biləcək adamın olub-olmamasını ondan soruşmuşdur. Həmin vaxt qardaşı Gübala da onun yanında olmuş və məsələdən agah olmuşdur. Gülbala ondan Rafiqin nömrəsini Ehtibardan öyrənib ona verməsini xahiş etmişdir. O da Etibardan Rafiqin mobil nömrəsini alaraq qardaşı Gülbalaya vermişdir. Gülbala ona məhkəmədə tanışı olduğunu, tanışı vasitəsilə Rafiqə köməklik göstərəcəyini demişdir. 01 sentyabr 2023-cü ildə qardaşı Gülbala Rafiqlə görüşməli olduğundan o öz avtomobili ilə Gülbalanı Quba şəhərinə gətirmişdir. Quba şəhərində restoranların birində Rafiqlə görüşmüş, ilkin tanışlıq həmin vaxt olmuşdur. Çay içdikdən sonra o, siqaret çəkmək üçün çölə çıxmış, bir qədər sonra Gülbala Rafiqlə birlikdə restorandan çıxmış, Rafiq onu çağırıb birlikdə Rafiqin yaşadığı evə getməyi bildirmişdir. O da avtomobili ilə Rafiq və qardaşı Gülbala ilə birlikdə Rafiqin yaşadığı evin önünə getmiş, Rafiq avtomobildən düşüb evə daxil olmuş, 5 dəqiqə sonra qayıdıb gələrək qardaşı Gülbalaya pul vermişdir. Lakin Rafiqin qardaşı Gülbalaya hansı məbləğdə pul verməsindən məlumatı olmamışdır.Bundan sonra o Gülbala ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Bir gün sonra Etibar ona zəng edib Rafiqin 1000 manat pul verdiyini ondan soruşmuşdur. O isə Etibara “bilmirəm” deyə cavab vermiş, Etibar da ona “bilmirsənsə bil, Rafiq 1000 manat Gülbalaya verib” demişdir. O da Etibara Gülbalanın nə qədər pul götürməsindən xəbəri olmadığını demişdir. Bundan sonra o Gülbala ilə danışıb Rafiqdən 1000 manat pul aldığını, Etibarla arasında yaxşı münasibət olduğunu, görəcəyi işdə problem olmamasını xahiş etmişdir. Gülbala da ona bu məsələyə qarışmamasını, Rafiqlə özü bundan sonra nə lazımdısa danışacağını və həll edəcəyini bildirmişdir. Sonradan o yenə Etibarla danışanda Gülbalanın Quba şəhərinə gedib Rafiqlə görüşdüyünü və Rafiqin Gülbalaya pul verdiyini, həmçinin bir müddət sonra Rafiqin oğlu Bakı şəhərinə gələrək Mercedes markalı avtomobili maşın bazarında satıb 7000 manat pul da Gülbalaya verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, Gülbala 1992-ci il tarixdə Azərbaycan Respublikası torpaqları uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. 15 sentyabr 2023- cü il tarixdə əri Gülbala ilə birlikdə Quba şəhərinə gəlmişdir. Quba şəhərinə çatdıqdan sonra onlar poçt binasının qarşısına getmişlər. Orada bir nəfər adını sonradan bildiyi Rafiq adlı şəxs onların avtomobilinə yaxınlaşmış, Gülbala həmin şəxslə nəsə danışdıqdan sonra 2000 manat pul götürmüş və Gülbala ilə Bakı şəhərinə yaşadıqları evə qayıtmışlar. Gülbala ona həmin pulla tanışına sosial düzəldəcəyini bildirmişdir. Onun məhkəmə işindən məlumatı olmamış, o ümumiyyətlə Gülbalanın işlərinə qarışmamışdır. Gülbalanın Zərərçəkmiş şəxs sosial yardımı hansı yolla, kimin vasitəsilə düzəldəcəyi barədə dəqiq məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam subuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi rayon İHB-ın Xocasən qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən Şərifov X2 rayonunda qeydiyyatsız yaşayır, ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi qəbzin surətindən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında, yəni 2500 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, habelə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini (əməllərini) törətmiş, şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəmə qərar çıxarır. İş materiallarında olan məhkəmə hazırlıq iclasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur Məhkəmə yuxarıda göstərilən qanunun tələblərinirəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” qətimkan tədbiri xitam olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar