Məhkəmə qərarları › İş №1(027)-145/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-145/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-145/2021 13.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə xx.xx.1990-ci ildə Quba rayonu, Qaraçay kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Qaraçay kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 23.30 radələrində Quba- Bakı yolunun sağ kənarında yerləşən “Albalı” kafesinin qarşısında sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən vuraraq ona sol göz orbiti ətrafında qançır-hematoma ilə nəticələnən sağlamlıqda qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır və aralarında heç bir ədavət olmamışdır. 01.09.2021-ci il tarixdə saat 23 radələrində pivə içmək üçün tanışları Tural və Həmzə ilə içkili vəziyyətdə Quba-Bakı yolunun sağ kənarında yerləşən Albalı kafesinə getmişlər. Həmin vaxt kafedə 2-3 masada müştərilər olsada, kafeni işlədən Elnarə adlı qadın onlara bildirmişdir ki, artıq iş saatı qurtarıb və o, kafeni bağlayır. Kafedən çıxarkən kafenin qarşısında Zərərçəkmiş şəxs ilə çiyin-çiyinə dəymiş və bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Həmin vaxt Vüqarın yanında tanımadığı bir nəfər şəxs də olmuş və onlarda içkili olmuşlar. Aralarında yaranmış mübahisə zamanı o, yumruqla Vüqarın sifət nahiyyəsinə vurub ona xəsarət yetirmişdir. Həmin vaxt onun yanında olan tanışları Tural, Həmzə və tanımadığı bir neçə nəfər şəxslər onları ayırmışlar. Münaqişə kafenin qarşısında baş vermiş, həmin vaxt artıq kafe gecə saatları olduğuna görə bağlanma ərəfəsində olmuşdur. Orada ətrafda digər masalarda başqa müştərilər olmuşdur. Münaqişə təqribən 7-10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba rayon sakini kimi tanıyır və aralarında heç bir ədavət olmamışdır. 01.09.2021-ci il tarixdə tanışı Orxan ilə birlikdə Quba-Bakı yolunun sağ kənarında yerləşən Albalı kafesinə gedərək, orada oturub yemək yeyib birlikdə spirtli içki içmişlər. Təqribən saat 23:30 radələrində kafedən çıxarkən kafenin girişində Elvin Ərzumanov ilə çiyin-çiyinə dəymişlər. Həmin vaxt Elvinin yanında iki nəfər tanamadığı şəxsdə olmuşdur. Bunun üstündə aralarında söz mübahisəsi yaranmış və mübahisələri davaya çevrilmişdir. Həmin vaxt Elvin gözləmədiyi anda qəfildən yumruqla onun sol göz nahiyəsinə vurmuşdur. Orada olan şəxslər, tanışı Orxan və sonradan adlarını öyrəndiyi Həmzə, Tural və kafedə olan digər müştərilər onları ayırmışdır. O, Elvini vurmamış, ona xəsarət yetirməmişdir. Elvin cüssəli, fiziki baxımdan güclü olduğu üçün, həmçinin özü içkili olduğu üçün onu vurmamış, xəsarət yetirməmişdir. Münaqişə kafenin qarşısında baş vermiş, həmin vaxt artıq kafe gecə saatları olduğuna görə bağlanma ərəfəsi olmuşdur. Həmin vaxt ətrafda digər masalarda 2-3 müştəri olmuşdur. Münaqişə təqribən 5-10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmamasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 11,09.2021-ci il tarixli 949 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət- sol göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01.09.2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli 787 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qaraçay kəndində yaşamaqla müsbət xarakterizə olunur. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının 21 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Küpçalqışlaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs, Quba Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinka şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsi ilə istintaq olunmuş cinayət işi üzrə 09.06.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu, Qaraçay kəndində yerləşən evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya hər hansı digər səbəblə yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, məhkəmə xərcləri, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar