Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-145/2025 08.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi, xx xxxx 2007-ci il tarixdə Quba rayonu İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə gecə saat 01 radələrində talama məqsədi olmadan Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən 8-ci məhəllə adlanan yerdə saxlanılmış Zərərçəkmiş şəxs Asif oğluna məxsus olan VAZ 21013 markalı, AZ 10- DS-036 qeydiyyata nişanlı minik avtomaşınına yaxınlaşıb onun qapısını açaraq həmin maşının sükanı arxasına əyləşib onu sahibi Zərərçəkmiş şəxs icazəsi olmadan sürüb onu qanunsuz olaraq ələ keçirib qaçırarkən Quba rayonu, İkinci Nügədi kəndi ərazisində avtomobilin idarə etməsini itirərək onu yol kənarındakı dirəklərə vurmaqla Zərərçəkmiş şəxs həmin avtomobilinə ümumilikdə 1287 manat, 50 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğlu və onun VAZ 21013 markalı, AZ **-DS-*** qeydiyyat nişanlı maşın vardır. Həmin maşın cox köhnədir və xarab vəziyyətdədir. Buna görə də, Bəşir öz maşınını harda gəldi qoyub gedir və cox vaxt maşınının qapıları da bağlı olmur. 20 iyun 2025-ci il tarixdə Bəşirin icazəsi ilə həmin maşını yaxın məsafədə sürmüşdür. Həmin vaxt idarəetməni itirmiş və maşını yaşadığı evin darvaza qapısına vurmuşdur. Qəza zamanı avtomobilin sol qanadı əzilmiş və ön farasının qapağı çıxıb sallanmışdır. Onda Bəşir özü “eybi yoxdur, canın sağ olsun” demiş, lakin birdə onun maşınını sürməməyi tapşırmışdır. 29 iyun 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı kənddə dolaşarkən Bəşirin həmin VAZ 21013 markalı, AZ **- DS-*** qeydiyyat nişanlı maşınının yol kənarında dayanmış vəziyyətdə görmüş, maşında heç kim olmamışdır. Maşının saxlanıldığı yerdən Bəşirin yaşadığı evə kimi təxminən 100 metr məsafə olmuşdur. Maşına yaxınlaşıb onun sükan arxası tərəfdən qabaq qapısını yoxladıqda onun qapısının açıq olduğunu aşkar etmişdir. Maşının digər qapıları isə bağlı olmuşdur. Maşını bir qədər sürüb sonra Bəşirgilin qapılarına sürüb orada saxlamaq fikrinə düşmüşdür. Maşını işə salıb əvvəlcə onun içində musiqiyə qulaq asmış, sonra onu hərəkətə gətirib irəli sürmüşdür. Biraz ara küçələrdə maşınla hərəkət etdikdən sonra, qardaşı Hikmətlə qonşusu Seyfinin oğlu Tacəddini, sonuncunun darvaza qapısı yanında dayanıb danışdıqlarını görmüşdür. O, həmin şəxslərə “əyləşin gedək, maşını xala oğlunun qapısına qoyum qayıdaq” demişdir. Tacəddin maşının qabaq sağ oturacağına, qardaşı Hikmət isə arxa oturacaqda əyləmişdir. O, maşını avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Bəşirgilin yaşadığı küçəyə maşınla çıxdıqda həmin küçənin sonuna qədər gedib geri qayıtdıqda qəfildən maşının qabağından it qaçıb keçmiş, bu vaxtı iti vurmamaq üçün maşını sola istiqamətləndirmiş, lakin maşın gözlənilmədən sağa tərəf yönəlmişdir. O, maşının idarəetməsini itirmiş, maşın gedib yolun sağ tərəfindəki internet kabelləri keçən iki dirəyə toxunduqdan sonra sürüşərək arxa sol qapısı tərəfdən yerdəki daşlara dəymişdir. Avtomobilin arxa sol qapısı əzilsə də, nə onun özü, nə qardaşı Hikmət, nə də Tacəddin heç bir xəsarətlər almamışdır. Onlar maşından çıxdıqda səsə yaxında yaşayan adamlar toplaşmış, kimsə xalam oğlu Bəşirə zəng etdikdən sonra, bir neçə dəqiqədən sonuncu hadisə yerinə gəlib çıxmışdır. Bəşir ona niyə ondan icazəsiz maşını sürdüyünə irad edərək demişdir ki, “mən sənə deməmişəm maşını sürmə. Niyə maşınımı bu hala salmısan?” O isə Bəşirə “maşını qapısına gətirmək istəmişəm. İt qabağıma çıxmasa idi, maşını qapına çatdıracaq idi” demişdir. O Bəşirdən heç bir yerə şikayət etməməsini xahiş etmiş və səhər onun təmir olunması üçün xərcini çəkməyə söz vermişdir. Bəşirlə razılaşdıqdan sonra, maşını qonşuları Tacəddingilin qapısına itələyib gətirmişlər. Səhər saat 09 radələrində Bəşir ona zəng edərək yol-nəqliyyat hadisəsi olan yerə çağırmış, o qardaşı Hikmətlə birlikdə həmin yerə getmişdir. Orada hadisə yerinə qaydaya salmaqla məşğul olmuş və hadisə nəticəsində yerə dağılmış mişar daşlarını səliqə ilə yerinə yığmışdır. Sonra Bəşir ondan 1000 manat gətirməsini istəmişdir. Lakin onun maşınını düzəltmək üçün pul olmadığından sonradan eşitmişdir ki, Bəşir DİN-nin 102 xidmətinə onun maşını qaçırtmağı barədə şikayət etmişdir. Hadisə anında nə o, nə də qardaşı Hikmətlə qonşusu Tacəddin içkili halda olmamışdır. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Xalası oğlu Bəşir ona maşınını sürmək üçün etibarnamə vermişdir. 29 iyun 2025-ci il tarixdə də Bəşirin maşınını sürməyə sonuncudan icazə almadan onu sürərək qaçırmışdır. O Bəşirin maşınını sadəcə sürüb sonra yerinə aparıb qoymaq istəmişdir. Onun Bəşirin maşınını oğurlamaq niyyəti olmamışdır. O, həmin maşını tək qaçırmışdır. Onu qaçırmağında qardaşı Hikmət və qonşusu Tacəddinlə heç bir cinayət əlaqəsi və əlbirliyi olmamışdır. Sonuncular maşın qaçırmada iştirak etməmişlər. O maşını qaçırıb sürdükdən sonra Hikmətlə Taciri görmüş və onlara maşına əyləşib onunla getmələrini, maşını Bəşirgilin qapısına qoyduqdan sonra geri qayıdacaqlarını demiş, ikisi də maşına oturmuşlar. Hikmətlə Tacəddin onun maşını qaçırdığını bilmirdilər. Bu barədə nə o onlara bir şey deməmişəm, nə də onlar ondan heçnə soruşmamışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişə vurduğu ziyanı ödədiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma xalası oğludur. Onun VAZ 21013 markalı, AZ **-DS-*** qeydiyyat nişanlı minik maşını vardır. Bu maşın 1986-cı ilin buraxılışlıdır. Onu təxminən iki il bundan qabaq satın almışdır. Həmin maşın onun adınadır, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də vardır. 20 iyun 2025-ci il tarixdə Əhmədin ad günü olmuş, sonuncu ondan maşınını sürmək üçün icazə verməsini xahiş etmişdir. O da həmin vaxtı maşını sürməsinə icazə vermişdir. Əhməd maşını sürəndə onu öz evlərinin darvazasına vurmuşdur. O, maşınını Əhməddən geri almış və ona tapşırmışdır ki, bir daha onun maşınını sürməsin. 29 iyun 2025-ci il tarixdə təxminən saat 23:30 radələrində o, maşınını yaşadığı Quba rayonu, İkinci Nügədi kəndi ərazisindəki 8-ci məhəllə adlanan yerdə yol kənarında saxlayıb Qubaya dostlarının yığışdığı “əsgər yığıncağına” getmişdir. Gecə saat 01:30 radələrində qonşusu Rahid ona zəng edib “maşınının əzilməsini və təcili kənddə gəlməsini” istəmişdir. Həmin vaxtı yol üstü tanımadığı bir taksiyə minib Qubadan kəndə gəldikdə 8-ci məhəllə adlanan yerdə maşının qabaq sağ tərəfi və arxa sol qapısı əzilmiş və Əhmədin onun yanında olmasını görmüşdür. Əhməd maşını sürəndə qabağına it çıxmasını və idarəetməni itirdiyindən maşını dirəklərə və onun yanında yığılmış mişar daşlarına vurmasını bildirmişdir. O, Əhmədə irad bildirib “sənə mənim maşınımı sürməyə icazə verməmişəm. Niyə onu icazəsiz sürmüsən?” Əhməd isə ona maşını elə belə sürmək istədiyini, sonra onu gətirib yerinə qoyacağını, lakin qəza olduğunu bildirmişdir. Sonradan bilmişdir ki, Əhməd maşını sürən vaxtı onun yanında maşında Hikmətlə Tacəddin də olmuşdur. O polisə məlumat vermək istədikdə Əhməd polisə məlumat verməməsini xahiş etmiş və səhər maşını düzəltdirəcəyinə söz vermişdir. Bu səbəbdən həmin gecə hadisə barədə polisə məlumat verməmiş, həmin vaxt Əhmədin, sonuncunun yanında olan qardaşı Hikmətlə Tacəddinin köməkliyi ilə maşını itələyib sonuncunun qapısına gətirmişlər. Səhər olan kimi Əhmədlə görüşəndə o maşını düzəltmək üçün pulu olmadığını söyləmişdir. Bundan sonra, o əvvəlcə DİN-nin 102 xidmətinə, sonra isə Quba rayon polis şöbəsinə gəlib maşının Əhməd tərəfindən qaçırılması barədə şikayət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığını, ona vurulmuş ziyan tam ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayətinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında Şahid1 Təqsirləndirilən şəxs doğma qardaşı olmasını bildirərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 29 iyun 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı kənddə həmkəndlisi Hikmətlə birlikdə küçədə olan zaman Əhməd xalası oğlu Bəşirin VAZ 21013 markalı maşınının sükanı arxasında gələrək yanlarında maşını saxlayıb dedi ki, “əyləşin gedək, maşını xala oğlunun qapısına qoyum qayıdaq” demişdir. O, maşının qabaq sağ oturacağında, Hikmət isə arxa oturacaqda əyləşmişdir. Əhməd maşını hərəkət etdirərək Bəşirgilin yaşadığı küçəyə çıxdıqda həmin küçənin sonuna qədər gedib geri qayıtdıqda qəfildən maşının qabağından it qaçıb keçmiş, bu anda Əhməd maşının idarəetməsini itirmiş, o gedib yolun sağ tərəfindəki internet kabelləri keçən iki dirəyə dəydikdən sonra sürüşərək arxa sol qapısı tərəfdən mişar daşları yığılmış yerdəki daşlara dəymişdir. Avtomobilin arxa sol qapısı əzilmişdir. Heç biri xəsarətlər almamışdır. Səsə yaxında yaşayan adamlar toplaşmış, bir neçə dəqiqədən Bəşir hadisə yerinə gəlmişdir. Bəşir, Əhmədə ondan icazəsiz maşını sürdüyünə irad bildirmişdir. Əhməd xalası oğlu Bəşirdən şikayət etməməsini xahiş etmiş və səhər maşının təmir olunması üçün xərcini çəkəcəyini bildirmişdir. Onda Bəşir “həyətinizin darvazasını açın və polislər gələnə kimi avtomobili həyətinizə salın” demişdir. Bəşirlə razılaşdıqdan sonra, maşını itələyib onun qapısına gətirmişlər. Sonradan eşitmişdir ki, maşını düzəltmək üçün Əhmədin pulu olmadığından Bəşir DİN--nin 102 xidmətinə onun maşını qaçırtmağı barədə Əhməddən şikayət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasında iştirak etməmiş, telefon vasitəsilə əlaqə saxlanılan zaman, Şahid3 işi ilə əlaqədar Bakı şəhərində olduğunu və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini demişdir. Şahid3 ibtidai istintaqdakı ifadəsi elan olunan zaman məlum olmuşdur ki, ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir. Bəşirə məxsus VAZ 21013 markalı, AZ **-DS-*** qeydiyyat nişanlı maşın vardır. 29 iyun 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olduğu zaman küçədə bərk səs eşitmiş, çölə çıxanda Bəşirə məxsus həmin maşının internet dirəyi olan yerə dəydiyini görmüşdür. Həmin vaxt Bəşir maşında olmamışdır. Maşının sükanı arxasından Bəşirin xalası oğlu Əhmədin çıxdığını görmüşdür. Əhməd də tək olmamış, yanında qardaşı və bir başqa şəxs olmuşdur. Ona məlum olmuşdur ki, Əhməd Bəşirin maşını icazəsiz sürmüşdür. O, hadisə ilə əlaqədar Bəşirə zəng edərək kəndə gəlməsini istəmişdir. Bəşir oraya gəldikdən sonra o, çıxıb getmişdir. Sonradan Bəşirgilin nə etdiyini və haraya getdiyini bilmir. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 01 iyul 2025-ci il tarixli 403 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv gözlə görükən hər hansı xəsarət və onun izi aşkar edilməmişdir; Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 01 iyul 2025-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində obyektiv gözlə görükən hər hansı xəsarət və onun izi aşkar edilməmişdir; Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 03 iyul 2025-ci il tarixli 413 nömrəli rəyindən görünür ki, Şahid2 bədəni üzərində obyektiv gözlə görükən hər hansı xəsarət və onun izi aşkar edilməmişdir; “Qığılcım MMC”-dən alınmış 18 iyul 2025-ci il tarixli 2154 №-li ziyan aktından görünür ki, VAZ 21013 markalı AZ **-DS-*** qeydiyyat nişanlı minik avtomobilə 1287 manat 50 qəpik məbləğində maddi ziyan vurulmuşdur; Quba RİHB-nın İkinci Nügədi kəndi üzrə İƏD nümayəndəliyindən alınmış 28 iyul 2025-ci il tarixli 548 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və subaydır. Onun barəsində heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs X1 əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-145/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-145/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver