Məhkəmə qərarları › İş №1(027)-146/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-146/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-146/2025 02.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, SMP-518, otaq 22-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə saat 16 radələrində X15 Quba rayonu, Əski İqriq kəndində inşa etdirdiyi yaşayış evinin tikintisi zamanı Şahid6 məxsus 19 may 2016-ci il tarixli ƏN-İİİ 773065 nömrəli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə əsasında istifadəsində olmuş **-BS-*** dövlət qeydiyyat nişanlı X20 markalı beton nasos tipli tikinti maşınının pompasını idarə edərkən evin tikintisində iştirak edən usta Şahid4 və sürücü Şahid5 ona elektrik hava xəttində olan yüksək gərginlikli elektrik cərəyanının təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində İİİ-4-80 «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 3.9-cu bəndinin, yəni tikinti maşınlarından istifadə olunmaqla hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında işlərə başlamazdan əvvəl elektrik xətlərindən gərginliyin çıxarılması təmin edilməsi və DÜST 12.1.013-78 - “Əməyin təhlükəsizliyi standartlarının sistemi. Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər”in 2.25-ci bəndinin, yəni tikinti maşının istənilən vəziyyətində onun qaldıran və ya irəli çıxan hissəsindən gərginlik altında olan 10 kV-luq hava elektrik xəttinə qədər ən azı 2 metr məsafə saxlanılması barədə tələblərini pozaraq, həmin tikinti maşınını, gərginlik altında olduğunu bildiyi halda, tikinti işləri aparılan ərazidən keçən X12 balansında olan 10 kV-luq “Tüləkəran” elektrik hava xəttindən 2 metrdən az məsafədə saxlayaraq, tikinti maşınının pompasını idarəedici dəstəklə həmin elektrik hava xəttinin üzərindən keçirməklə tikinti işlərinin aparıldığı əraziyə gətirərək hərəkət etdirmiş, tikinti maşının pompası gərginlik altında olan 10 kV-luq “Tüləkəran” elektrik hava xəttinə dəyərək beton tökülən hasarın üzərində dayanıb tikinti maşının pompasından iki əllə tutaraq pompanı istiqamətləndirən X3 elektrik cərəyanı vurması səbəbindən sonuncuya sol əlin ovuc səthində qeyri müəyyən formada, qırmızımtıl-boz rəngdə, dəri və dərialtı toxumanın zədələnməsi ilə müşayiət olunan 1,2x0,7 sm ölçüdə yara - “elektrik nişanəsi" (giriş sahəsi), sağ bazunun orta 1/3-nin bayır səthində qeyri müəyyən formada dərinin epidermis qatının soyulması ilə müşayiət olunan, qırmızımtıl-çəhrayi rəngdə, 1x1 sm ölçüdə dəri zədələnməsi - “elektrik nişanəsi” (çıxış nöqtəsi) və sol saidin 1/3-nin ön bayır səthində 1,2x1 sm ölçüdə elektrik nişanəsi (çıxış sahəsi) ilə əhatə olunan elektrik cərəyanı ilə zədələnməsindən ibarət xəsarətlər yetirərək X3 ehtiyatsızlıqdan öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki o, Qubadlı rayonu, Dondarlı kəndində anadan olmaqla 1993-cü ildə məcburi köçkün kimi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən yataqxanada məskunlaşmış, orta təhsilli olmaqla, 18 yaşından sürücü işləmiş, iri qabaritli yük avtomobillərini idarə etmiş, əvvəllər avtopompa sürmüş, müxtəlif şirkətlərdə işləmişdir. Avtopompa beton daşıyan maşından (mikser) betonu pompa (nasos) vasitəsi ilə çəkərək müvafiq yerə tökmək üçün istifadə olunmuşdur. 2016-ci ildə Şahid6 adlı şəxslə tanış olmuş, Mahirin özünə məxsus şəxsi avtopompası olmuşdur. Mahir ona avtopompanı istifadə etməyi, bunun müqabilində qazancından 20% məbləği ona ödəməyi təklif etmiş, o da razılaşmışdır. 2016-cı ildə Mahir ona avtopompanı idarə etmək üçün etibarnamə vermişdir. O, beton istehsal edən zavodlarla danışmış və müştəri olanda onu xəbərdar etmələrini xahiş etmiş, ona görə də kimsə tikinti işləri aparanda onun nömrəsini taparaq işə cəlb etmişlər.13 may 2025-ci il tarixdə saat 16 radələrində Quba rayonunun Qaraçay kəndində yerləşən beton zavodda işləyən Araz adlı şəxs ona zəng edərək Əski İqriq kəndində beton vurulmalı tikinti obyektinin olması barədə məlumat vermiş və Natiq adlı şəxsin nömrəsini vermiş, o da Natiqlə əlaqə saxlayaraq danışmış, hara gələcəyini soruşmuş və Natiqin dediyi yerə getmişdir. Natiqin dediyi yerdə, yəni Əski İqriq kəndində yolun kənarında tikinti işləri aparılmış, tikinti işlərinin aparıldığı yerdə yolun kənarından elektrik hava xətti keçmişdir. Ərazidə olan şəxslərdən xətdə cərəyanın olubolmamasını soruşmuş, onlardan biri “xəttə cərəyan yoxdur, lakin pompanı xəttə yaxınlaşdırma” demiş, bundan sonra o işə başlamış, beton daşıyan maşın avtopompanın arxasına keçmiş, nasosu beton daşıyan maşına qoşmuş, pompanı (dəmir boru) qaldırıb elektrik hava xəttinin üzərindən beton tökülən yerə salmış, orada iki nəfər fəhlə hasarın üzərinə çıxaraq dayanmışlar. Nasosu qoşub betonu hasarın üzərinə tökməyə başlayan zaman fəhlələr də pompanın lüləyindən tutaraq beton tökülən yerə istiqamət vermişlər. O isə onda olan pompanın idarəedici dəstəyi ilə pompanı hərəkət etdirmişdir. İş görən zaman narın yağış yağmağa başlamışdır. İş gedən zaman o, fəhlələrin lazım olan hər yerə rahat beton tökmələri üçün pompanın istiqamətini dəyişmiş, elə bu zaman pompanın lüləyində qığılcımlar görmüş, bundan sonra fəhlələr hasarın üzərindən yerə yıxılmış, onları elektrik cərəyanı vurmuşdur. O, dərhal pompanı qaldırmış, daha sonra ona köməyə gələn Rəvanla fəhlələrə köməklik etmiş, lakin fəhlələrdən X8 hadisə yerində ölmüş, digər fəhlə isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O, ilk öncə pompanı hava xəttinin aşağı hissəsindən aparmaq istəmiş, lakin orada olan qoz ağacı mane olmuş, ona görə də orada olan fəhlələrdən biri ona pompanı xəttin üzəri ilə aparmasını demiş, bu səbəbdən də o, pompanı həmin xəttin üzəri ilə aparmışdır. Hadisə yerindən keçən elektrik hava xəttində elektrik cərəyanının olmasını bilməmiş, ona cərəyanın olmamasını bildirmişlər. O, hadisənin necə baş verməsini anlamamış, çox güman yağışlı hava olduğuna görə pompanı elektrik hava xəttinə yaxınlaşdıranda xətdən pompaya cərəyan keçmiş və fəhlələri elektrik cərəyanı vurumuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və açıq ürək əməliyyatı olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki o, ailəsi ilə birlikdə Qobustan rayonunun Cəmcəmli kəndində yaşayır. 1997-ci ildə ailə həyatı qurmuş, nikahdan 3 qız və 1 oğlan övladı olmuşdur. Əsəd onun böyük övladı olmuşdur. Oğlu Əsəd orta məktəbi bitirəndən sonra müxtəlif yerlərdə günəmuzd fəhlə kimi işləmişdir. Oğlu Əsəd uzun illər tanışları Natiq, Tacir, Şəmistan və Telman ilə birlikdə işləmişdir. 2025-ci ilin may ayında Əsəd fəhləlik etmək məqsədi ilə tanışları Natiq, Tacir, Şəmistan və Telman ilə birlikdə Quba rayonunun Əski İqriq kəndində inşa edilən evə getmişdir. Əsəd 07 may 2025-ci il tarixdə tanışları ilə birlikdə Quba rayonuna yola düşmüş, hadisə baş verən günə kimi o, iki və ya üç dəfə evə qayıtmışdır. Əsəd ona Qubada fərdi bağ evinin inşa edildiyini demişdir. 13 may 2025-ci il tarixdə 16 radələrində Əsəd ona zəng edərək 1-2 saatlıq işlərinin olmasını, işi bitirən kimi kəndə qayıdacağını demişdir. Həmin gün onun ad günü olmuşdur. Bir müddət sonra oğlunun tanışı Tacir ona zəng edərək Əsədin elektrik cərəyanı vurmasını bildirmiş, lakin ölməsini deməmişdir. O, dərhal Quba rayonuna gəlmiş və oğlunun ölməsini öyrənmişdir. Hadisənin necə baş verməsini soruşanda, beton tökən maşınla işləyən zaman, maşının lüləyinin elektrik hava xəttinə dəyməsini, buna görə də Əsədi elektrik cərəyanı vurmasını öyrənmişdir. İfadəsinin sonunda X1 Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki o, rəsmi olaraq heç yerdə işləməmiş, ancaq tikintilərdə beton tökmə işləri ilə bağlı usta olaraq iş görmüşdür. O, 20 ildir ki Fuadı tanımış, həmin vaxtdan onların arasında dostluq münasibətləri yaranmışdır. 1 il əvvəl Fuadın Bakı şəhərində yerləşən evi plana düşmüş və sökülməli olmuş, Fuad sökülən evin materiallarını ona vermiş, ona görə də o, Tacir və Əsəd ilə birlikdə Fuadın evini sökmüş və materialları öz kəndlərinə aparıb istifadə etmişlər. Tacir onun həmkəndlisi, Əsəd isə onun bacısının qaynının oğlu olmuşdur. Həmin ərəfələrdə Fuad ona Quba rayonunda özünə ev tikmək istədiyini, tikinti işlərinə başlayan zaman ona məlumat verəcəyini bildirmişdir. 2025-ci ilin aprel ayının ortalarında Fuad ona zəng edərək Quba rayonunda ev tikmək istədiyini demiş və həmin əraziyə baxmaq üçün Quba rayonuna çağırmışdır. O, Əsəd və Tacir ilə Quba rayonuna gəlmiş, orada Fuad ilə evin ərazisinə baxmış, ərazini ölçmüşlər. Bir müddət sonra Fuad ona zəng edərək Quba rayonuna çağırmış, o da, Əsəd və Tacir ilə birlikdə Quba rayonuna gəlmiş, Fuadın iştirakı ilə əraziyə baxmış, daha sonra Quba şəhərində Fuadın qohumunun evinə getmişlər. Növbəti gün isə Əski İqriq kəndində işə başlamışlar. İlk öncə fundament qazmış, daha sonra isə mişar daşından dayaqlar inşa etmişlər. İş ağır olduğuna görə o, yeznəsi Telmana zəng etmiş işə çağırmışdır. Lakin yenə də iş ağır olmuş, ona görə də Əsəd öz qonşusu Şəmistanı da işə cəlb etməyi təklif etmişdir. Növbəti gün Şəmistan da onlara qoşulmuşdur. Tikinti işləri davam etmiş, dayaqlar inşa ediləndən sonra üzərinə beton tökülməli olmuş, o, bunu Fuada bildirmiş, Fuad ona mobil nömrə atmış, o, həmin nömrə ilə əlaqə saxlamış, lakin konkret olaraq kim ilə danışmasını bilməmiş, zəng etdiyi şəxsə betonun və beton tökən maşının lazım olmasını bildirmiş, qiyməti Fuad özü onlarla danışmışdır. 13 may 2025-ci il tarixdə saat 16 radələrində avtopompa və beton daşıyan maşın (mikser) əraziyə gəlmiş, avtopompanı Xanlar idarə etmiş, Xanlar avtopompanı yolun kənarında saxlamış, beton daşıyan maşın isə onun arxasına keçmişdir. Xanlar beton vuran maşının pompasını qaldırıb, həmin ərazidən keçən elektrik hava xəttinin üzərindən keçirmiş, o, və Şahin ona ehtiyyatlı olmasını bildirmiş, Xanlar isə 20 ildir həmin işlə məşğul olduğunu və işini yaxşı bildiyini demişdir. Daha sonra işə onlar işə başlamış, avtopompa beton daşıyan maşından betonu dartaraq pompa vasitəsi ilə hasarın üstünə tökmüş, pompanın ucundan isə Əsəd və Şəmistan tutaraq istiqamət vermişlər. Xanlar isə avtopompanın yanında dayanıb əlində olan idarəedici dəstək ilə pompanı lazımi istiqamətdə çevirmişdir. Hasarın bir hissəsinə betonu töküb qurtarandan sonra digər hissəsinə tökməyə başlamışlar. Elə bu zaman pompanın lüləyində qığılcımlar əmələ gəlmiş və Əsəd ilə Şəmistan yerə yıxılmışlar. Onları elektrik cərəyanı vurmuşdur. Onlar dərhal onlara köməklik etmiş, Şəmistanın huşu özündə olmuş, lakin Əsəd artıq ölmüşdür. Onlar dərhal təcili tibbi yardım briqadasına zəng etmiş və həkimləri çağırmış, həkimlər gəlib Əsədi və Şəmistanı xəstəxanaya aparmışlar. Hadisə 13 may 2025-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Əski İqriq kəndində baş vermiş, hadisə baş verən gün çiskin yağış yağmışdır. Hadisə baş verən vaxt ərazidə o, Əsəd, Şəmistan, Telman, Tacir, Xanlar və onun yanında olan bir nəfər köməkçi, həmçinin beton daşıyan maşının sürücüsü olmuş, başqa heç kim olmamışdır. Hadisə pompanın ərazidən keçən elektrik hava xəttinə dəyməsi nəticəsində baş vermişdir. Quba rayonu, Əski İqriq kəndində aparılan tikinti işlərinə konkret olaraq nəzarət edən şəxs olmamış, onlar əvvəllər də daima bir yerdə işləmiş, hərə öz işini bilmiş və icra etmişdir. Onların işinə nəzarət edən şəxs olmamışdır. Tikinti işləri apanlan müddət ərzində Fuad iki dəfə gəlib görülən işlərlə tanış olmuşdur. Tikinti işləri elektrik hava xəttindən 12 metr məsafədə aparılmış, elektrik hava xəttinin mühafizə zonasında işləməmiş, sadəcə avtopompa tikinti işləri gedən əraziyə düşə bilmədiyindən yolun kənarında, elektrik hava xəttinin yanında dayanmışdır. Hadisə baş verməmişdən əvvəl ərazidə olan şəxslərdən heç kim Təqsirləndirilən şəxs elektrik hava xəttində cərayanın olmamasını bildirməmiş, Xanlar məsuliyyəti öz üzərindən atmaq üçün ifadəsinin həmin formada vermiş, əksinə onlar Xanlara elektrik hava xəttindən ehtiyyatlı olmasını xəbərdarlıq etmiş, Xanlar isə onlara 20 ildir ki, bu işlə məşğul olmasını və işini bildiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid4 ifadəsi ilə analoji ifadələr verərək onun göstərdiyi xususatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Qobustan rayonu, Cəngi kəndində yerləşən “Azpetrol” YDM-də kassir-operator vəzifəsində işləyir. Boş vaxtları olanda fəhləlik edib əlavə pul qazanmış, 07 may 2025-ci il tarixdən məzuniyyətə çıxmış, Əsəd Hüseyinquliyev onun qapı qonşusu və dostu olmuş, o, əvvəllər dəfələrlə Əsəd ilə birlikdə tikinti obyektlərində işləmişdir. O, ayın 7-si məzuniyyətə çıxmasını Əsədə bildirmiş və iş olsa xəbər etməsini xahiş etmişdir. 07 may 2025-ci il tarixdə Əsəd ona zəng edərək işin olduğunu, Quba rayonunda həmkəndliləri Tacir və Natiqlə işlədiyini bildirmiş, o da, Əsədin təklifini qəbul edərək, 08 may 2025-ci il tarixdə Tacirin avtomobili ilə Quba rayonuna gəlib, işə qoşulmuşdur. Onun işi daş və palçıq daşımaqdan ibarət olmuş, bir sözlə fəhlə işləmişdir. 13 may 2025-ci il tarixdə mayili ərazini düzləşdirmək üçün mişar daşından dayaqlar və hasar inşa etmiş, dayaqların və hasarın karkasına beton tökülməli idi, ona görə də Natiq həmin əraziyə beton maşını və avtopompa çağırmışdır. Saat 16 radələrində avtopompa, bir az sonra isə beton daşıyan maşın gəlmişdir. Avtopompanın sürücüsü Xanlar maşının pompasını oradan keçən elektrik hava xəttinin üzərindən apararaq onların işlədiyi yerə yaxınlaşdırmış, hasarın müəyyən hissələrinə beton tökülmüş, sonda o və Əsəd hasarın üzərinə çıxaraq pompanın lüləyindən tutub hasarın üzərinə beton tökmüş, anidən onu elektrik cərəyanı vurmuş və o huşunu itirmiş, nə baş verdiyini anlamamış, ayılanda xəstəxanada olduğunu görmüşdür. Sonradan onu və Əsədi elektrik cərəyanı vurmasını və Əsədin ölməsini öyrənmişdir. Pompanın lüləyin turarkən onun əlində əlcək olmamış, həmçinin ayağında rezin şəpiklər olmuşdur. Onlar ayaqlarını beton tökülən karkasın kənarında olan taxtanın üzərinə qoyub işləmiş, beton sulu olduğuna görə betonun rezindən olan lüləyi də yaş olmuşdur. O xəstəxanaya yerləşdirilmiş, orada ona ilkin tibbi yardım göstərilmiş və o evə buraxılmışdır. Hazırda özünü yaxşı hiss edir, səhhətində hər hansı bir problem yoxdur. Quba rayonu, Əski İqriq kəndində aparılan tikinti işlərinə nəzarət edən şəxs olmamışdır. Heç kim Təqsirləndirilən şəxs hava xəttində cərəyanın olmamasını deməmişdir. Hasarın üzərinə çıxaraq pompandan tutaraq beton tökməyi onlara tapşıran olmamış, orada olan fəhlələr növbə ilə bu işi görmüş, 2-3 metr betonlanmamış hissə qalmış, onu da o, Əsəd ilə yekunlaşdırmaq qərarına gəlmişlər. Baş vermiş hadisə ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur. Baş vermiş hadisə nəticəsində onun sağlamlığına heç bir zərər dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, Fuad Əliyev onun xalası oğlunun əmisi oğlu olmuş, Fuad ilə münasibətləri yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Səhv etmirsə 01 may 2025-ci il tarixdə Fuad ona zəng edərək Quba rayonu, Əski İqriq kəndində ev inşa etdirdiyini və ona köməklik etməsini xahiş etmiş, o Fuadın qohumu olduğuna görə və münasibətləri yaxşı olduğuna görə imtina etməmiş, onun köməkliyi tikinti obyektində çatışmayan əşyaları Quba şəhərindən alıb fəhlələrə verməkdən ibarət olmuş, o, bunu təmənnasız etmiş, fəhlələr Quba şəhərini yaxşı tanımadıqlarına görə onlara köməklik etmişdir. 01 may 2025-ci il tarixdən tikinti işləri başlamış, ilk öncə torpaq sahəsində fundament atılmış, ərazi mayılı olduğuna görə ilk öncə orada mişar daşından dayaqlar inşa edilib, üzərinə beton tökülməli idi və bundan sonra ev inşa edilməli idi. Ərazidə 5 nəfər fəhlə işləmiş, o fəhlələri əvvəllər tanımamış, onlar işə başlayandan sonra tanımış, orada Natiq, Tacir, Şəmistan, Əsəd və Telman işləmişlər. 13 may 2025-ci il tarixdə səhər saatlarında əraziyə getmiş, ustalara mismar lazım olmuş, o mismar alıb aparmış, ustalar hasar inşa etmişlər. Hasarın karkasına beton tökmək lazım olmuş, ona görə də Natiq ora beton daşıyan maşın, həmçinin betonu tökmək üçün avtopompa çağırmış, saat 16 radələrində texnika gəlmiş, avtopompanı Xanlar adlı şəxs idarə etmiş, avtopompanı yolun kənarında saxlamış, beton vuran maşın isə onun arxasında dayanmış, Xanlar maşının pompasını qaldırıb yolun kənarından keçən elektik hava xəttinin üzərindən apararaq hasarın üzərinə gətirmiş, Əsəd ilə Şəmistan hasarın üzərinə çıxaraq pompanın lüləyindən yapışaraq lazımı yerə beton tökmüş, hasarın bir hissəsinə beton tökəndən sonra digər hissəsinə keçmiş, bu zaman pompanın lüləyindən qığılcımlar çıxmış və Şəmistan ilə Əsəd yerə yıxılmışlar. O, bəzən görülən işlər barədə Fuada məlumat vermək üçün mobil telefonu ilə video çəkmiş və Fuada atmış, həmin gün də video çəkmiş və Əsəd ilə Şəmistanı elektrik cərəyanı vurmasını qeydə almışdır. Şəmistan və Əsəd yerə yıxılan kimi onlara dərhal ilkin tibbi yardım göstərmiş, lakin Əsəd artıq özündə olmamış, Şəmistan isə sağ olmuşdur. Bir müddət sonra təcili tibbi yardım briqadası gələrək onları xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs elektrik hava xəttində cərəyanın olmamasını heç kim deməmişdir. Əskinə onlar Xanlara elektrik hava xəttinin olmasını bildirərək, pompanın həmin xəttin üzərindən aparılmasının düzgün olub- olmamasını soruşmuş, Xanlar isə onlara “mənim 20 il stajım var, mən bilirəm nəyi necə eləmək lazımdır” cavabını vermişdir. İş görülən zaman da fəhlələr dəfələrlə Xanlara ehtiyatlı olmasını demiş, Xanlara heç kim xəttdə cərəyanın olmamasını deməmişdir. Həmçinin hadisə baş verəndən sonra da Xanlar maşına oturaraq, heç bir köməlik göstərmədən hadisə yerindən qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, o, 1990- cı ildən X14 müxtəlif vəzifələrdə, 2015-ci ilin mart ayından isə həmin şəbəkədə baş mühəndis vəzifəsində işləyir. 13 may 2025-ci il tarixdə saat 18 radələrində şəbəkədən ona Quba rayonu, Əski İqriq kəndində bir nəfər şəxsin elektrik cərəyanı vuraraq ölməsi barədə məlumat daxil olmuş, o, dərhal hadisə yerinə yollanmış, hadisə yerində polis əməkdaşları olmuş, 35-10 kV-luq “Ulduz” yarımstansiyasından çıxan 10 kV-luq “Tüləkəran” hava xəttinin Əski İqriq kənd ərazisindən keçən hissəsində, elektrik hava xəttinin kənar naqilindən 11 metr məsafədə fərdi evin tikintisi aparılması müəyyən edilmişdir. Tikinti işləri aparılan zaman beton nasos maşını elektrik hava xəttinin yanında saxlayaraq pompanı elektrik hava xəttinin üzərində keçirib tikinti obyektinə istiqamətləndirmiş və işlər aparılan zaman beton maşının sürücüsü 70 sm məsafəni pozaraq pompanı elektrik hava xəttinin üst naqilinin cərəyan daşıyan hissəsinə toxundurmuş, nəticədə işçiləri elektrik cərəyanı vurmuşdur. 10 kV-luq “Tüləkəran” elektrik hava xəttinin yaxınlığında tikinti işlərinin aparılması barədə Quba EŞ-ə məlumat verilməmiş, müraciət edilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hava şəraitinin yağışlı olması da hadisənin baş verməsinə şərait yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, 2025-ci ilin səhv etmirsə aprel ayında atası ona gündəlik iş olduğunu, Xanlar adlı şəxsin avtopompa idarə etdiyini və həmin avtopompaya qulluq edilməsində köməkliyə ehtiyacının olmasını bildirmiş, o da razılaşmış, onun işi beton nasos maşından istifadə zamanı maşının təmizlənməsi və maşının dayaqlarının quraşdırılmasından ibarət olmuşdur. 13 may 2025-ci il tarixdə səhər saatlarında Xanlar ona zəng edərək Quba rayonu, Əski İqriq kəndində beton tökəcəyini demiş və onu köməyə çağırmışdır. Saat təxminən 15 radələrində o, Xanlar ilə birlikdə Əski İqriq kəndinə gəlmiş, Xanlar avtomaşını tikinti işləri aparılan ərazidən keçən elektrik hava xəttinin aşağısında saxlamış, avtomaşının pompasını idarəedici dəstək ilə açaraq həmin elektrik hava xəttinin üzərindən aparıb tikinti obyektinə tərəf yaxınlaşdırmış, daha sonra onlar beton qarışdıran maşının gəlməsini gözləmiş, bir müddət sonra beton qarışdıran maşın gəlmiş, fəhlələr işə başlamış, Xanlar da əlində tutduğu idarəedici dəstək ilə maşının pompasına istiqamət vermişdir. O, iş aparılan zaman biraz kənara çəkilmiş, beton qarışdıran maşının yanında olan zaman səs eşitmiş, geri qayıdanda fəhlələrin ikisinin yerdə uzandığını digər fəhlələrin isə onlara köməklik etdiyini görmüşdür. Xanlar isə həmin vaxt avtopompanı yığmış və onlar hadisə yerindən uzaqlaşmışlar. Hadisə baş verən zaman hadisə yerində olan şəxslərdən kiminsə elektrik hava xəttində cərəyanın olmaması barədə nəsə deməsini eşitməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında 19 may 2016-ci il tarixli ƏN-İİİ 773065 nömrəli etibarnaməyə əsasən Şahid6 2002-ci buraxılış ili, “X21” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə Təqsirləndirilən şəxs istifadəsinə vermişdir. AC 382787 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən Şahid6 mülkiyyətində ** BS *** dövlət qeydiyyat nişanlı, X20 markalı, beton nasos tipli, 2002-ci il buraxlışlı avtomobil vardır. "xxxx" ASC-nin 17 iyun 2025-ci il tarixli 13-13/2-1/16-9101/2025 nömrəli məktubuna əsasən, 13 may 2025-ci il tarixdə “Tüləkəran” hava xəttində elektrik enerjisinin verilməsində heç bir fasilə olmamış və həmin elektrik hava xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması ilə əlaqədar X16 müraciət daxil olmamışdır. Məhkəmə-tibb ekspertizasının 15 may 2025-ci il tarixli 311 nömrəli rəyindən görünür ki, Şahid3 bədəni üzərində aşkar olunan xəsarətlər: sağ biləyin iç səthində, sağ budun aşağı 1/3-nin bayır səthində və sağ baldırın yuxarı 1/3-nin arxa səthində hərəsində bir yerdə sıyrıq- “elektrik nişanələri” elektrik cərəyanı təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə-tibb ekspertizasının 13 may 2025-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, X2 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişasında və birləşdirici toxumasında nöqtəvari qansızmalar, sol əlin ovuc səthində "elektrik nişanəsi”nin giriş nöqtəsi, sağ bazu və said nahiyəsində "elektrik nişanəsi"nin çıxış nöqtələri, daxili müayinə zamanı daxili üzvlərdə venoz doluqanlılıq, məhkəmə-histoloji müayinə zamanı dəridə elektrik nişanəsinin əlamətləri, baş beyin maddəsinin ödemi, ağciyərdə ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları aşkar olunmuşdur ki, bunlar da elektrik cərəyanı ilə zədələnməyə uyğun əlamətlərdəndir. Mərhum Ə.E.Hüseyinquliyevin meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum Ə.E.Hüseyinquliyevin meyitinin müayinəsi zamanı onun daxili üzv və hissələrində makroskopik olaraq ölümündən əvvəl hər hansı xəstəlik keçirməsinə dəlalət edən dəyişikliklər aşkar olunmamışdır. Mərhum Ə.E.Hüseyinquliyevin ölümünə səbəb elektrik cərəyanı ilə zədələnmə olmuş, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 10 iyul 2025-ci il tarixli 10/3592 nömrəli rəyindən görünür ki, 10 kV-luq “Tüləkəran” elektrik hava xəttinin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə 10 metr təşkil edən mühafizə zonasında pompalı tikinti maşınından istifadə edilməklə tikintiyə beton verilməsi işlərinin aparılması üçün "xxxx" ASC-nin sistem operatoruna müraciət edilmədiyinə, müvafiq təhlükəsizlik tədbirləri görülmədiyinə və gərginlik altında olan xəttə qədər təhlükəsiz məsafə saxlanılmadığına görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər’ln 3.1, 3.2 bəndlərinin, İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 3.9 bəndinin, DÜST 12.1.013-78 - “Əməyin təhlükəsizliyi standartlarının sistemi. Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər’ln 2.25 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin bilavasitə səbəbi olmuşdur. 10 kV-luq “Tüləkəran” elektrik hava xəttinin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə 10 metr təşkil edən mühafizə zonasında pompalı tikinti maşınından istifadə edilməklə tikintiyə beton verilməsi işləri "xxxx" ASC-nin sistem operatoruna müraciət edilmədən və müvafiq təhlükəsizlik tədbirləri görülmədən aparıldığına görə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin 3.1, 3.2 bəndlərinin tələbləri tikinti işlərinin aparılmasına rəhbərlik edən (təhlükəsizlik texnikasıqaydalarına cavabdeh olan) şəxs tərəfindən pozulmuşdur. Gərginlik altında olan hava elektrik ötürücü xəttinin mühafizə zonasında yerləşdirdiyi (saxladığı) tikinti maşınından (pompalı avtomaşından) beton verilməsi işini apardığına və maşının istənilən vəziyyətində onun qaldırılan (və ya irəli çıxan) hissəsindən gərginlik altında olan 10 kV-luq hava elektrik xəttinə qədər ən azı 2 metr məsafə saxlamadığına görə İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 3.9 bəndinin və DÜST 12.1.013-78 - “Əməyin təhlükəsizliyi standartlarının sistemi. Tikinti. Elektrik təhlükəsizliyi. Ümumi tələblər’ln 2.25 bəndinin tələbləri avtopompanı idarə edən şəxs (Təqsirləndirilən şəxs) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitinə əsasən, zərəçəkmiş şəxslər tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilməmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-100F KOD 30301018 nömrəli şəhadətnaməyə əsasən Quba rayonu, Əski İqriq kənd sakini Qarayeva Qənimət Məmməd qızının mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998ci il tarixli 13 saylı qərarı ilə Quba rayonu, Əski İqriq kəndində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Paşayev X7 rayon Xalq Məhkəməsinin 04 iyul 1994-cü il tarixli hökmünə əsasən AR CM-nin 220 ci maddəsi ilə təqsirli bilinməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Nərimanov rayonu Xalq Məhkəməsinin qərarı ilə əməyə mütləq cəlb edilməklə 01 il 07 ay 27 gün müddətə şərti olaraq azad edilmişdir. Daha sonra Yasamal rayon Xalq Məhkəməsinin 28 mart 1997-ci il tarixli hökmünə əsasən AR CM 143-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən 1 il 3 ay 15 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkumluğu yoxdur. Qubadlı RİHB-nın Dondarlı kənd İƏD üzrə nümayəndəliyinin 18 iyun 2025-ci il tarixli 5-62-04/2-110/2025 nömrəli eyni tarixli 5-62-04/2-111/2025 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən məcburi köçgündür və hal hazırda Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, SMP-518, otaq 22 ünvanında arvadı X9, qızı X10 və oğlu X5 ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sumqayıt Hospital tərəfindən məhkəməyə təqdim edilmiş 08 dekabr 2025-ci il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində “125 Ürəyin işemik xəstəliyi” diaqnozu ilə "xxxx" MMC klinikasının ürək-damar cərrahiyəsi şöbəsinə qəbul olunmuşdur. Xəstəyə xx.xx.2025-ci il tarixində “Aorta koronar şuntlama” əməliyyat icra edilmişdir. Xəstənin hal-hazırda stasionar müalicəsi davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 8.1 Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1, 41.2 Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR Cinayət Prosessual Məcəlləsinin 25 -ci maddəsinə əsasən İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 124-cü maddəsinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 125-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. 125.8-ci maddəsinə əsasən cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 143-cü maddəsinə əsasən sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldır 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs Məhəmməd oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Məhəmməd oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Məhəmməd oğlunun törətdiyi cinayət özünün ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Məhəmməd oğlunun əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və səhhətində mövcud olan problemləri (açıq ürək əməliyyatı olmasını) cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Məhəmməd oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Məhəmməd oğluna cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Məhəmməd oğlu cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, odur ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Məhəmməd oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Məhəmməd oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs Məhəmməd oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olaraq 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Məhəmməd oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 102 (bir yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar