Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-147/2021 28.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 07 avqust 1977-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-nin X23 Təchizatı və Satışı İdarəsinin X14 aparıcı mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla Quba şəhəri, SMU-30 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsrailov X12” ASC-nin X23 Təchizatı və Satışı İdarəsinin X14 aparıcı mühəndisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq "xxxx" ASC-nin RETSİ-nin elektrik şəbəkələrində çalışan aparıcı mühəndisin vəzifə təlimatının tələblərinə əsasən elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, avadanlıqların dəyişdirilməsinə və onların yeniləşdirilməsinə dair təklif hazırlamaq, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək kimi vəzifələrin ona həvalə edilməsinə baxmayaraq, istismar qaydalarına tam riayət olunmasına əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 1.3.13 bəndinin, yəni elektrik qurğuları otaqlarının, kameralarını, lövhələrin və yığmaların qapıları, iş görülən məkanlar istisna olmaqla qıfıl ilə bağlanması və 10 sentyabr 1985-ci il tarixdə təsdiq olunmuş “Elektrik qurğuların istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.11 bəndinin, yəni iş aparılan kameralardan başqa, elektrik qurğularının bina, kamera, lövhə və yığımlarının qapılarının qıfılla bağlanması barədə tələblərini pozaraq Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 10 kV-luq «KRN 10» tipli vakum açarlı xətt ayırıcısının qapılarının açarlı qıfılla bağlanmasını təmin etməyərək və həmin açarın uçotunu aparmayaraq işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən 13 iyun 2021-ci il tarixdə Quba rayonu, Zərdabi qəsəbə sakini X8 “KRN 10” tipli vakum açarlı xətt ayırıcısının qapısının açıq olduğunu görərək əlini qurğunun içərisində olan şinə toxundurduğundan elektrik cərəyanı vurması nəticəsində elektrik nişanəsi giriş nöqtəsi sağ əlin İİ,İİİ,İV barmaqlarında, elektrik nişanəsi çıxış nöqtələri sağ ayağın İİ,İİİ,İV barmaqlarında və sol ayağın çeçələ barmağının tış səthində olmaqla xəsarətlər almaqla ölmüş, Quba rayonu, Zərdabi qəsəbə sakini Zərərçəkmiş şəxs isə X5 elektrik ayırıcısından ayırmaq istədikdə elektrik cərəyanı vurması nəticəsində elektrik nişanəsinin giriş nöqtəsi sağ əlin baş barmağının ovuc səthində, elektrik nişanəsi çıxış nöqtəsi sağ və sol ayağın İ,İİ,İİİ,İV barmaqlarının alt səthində, döş qəfəsinin ön səthində solda və sağ saiddə 4x3 sm ölçüdə ümumi sahəsi 4-5 % olan İİ-İİİ-İV dərəcəli yanıq yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almış, bununla da, o, səhlənkarlıq edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən X13 müxtəlif vəzifələrdə, 2016-cı ildən hazıradək isə aparıcı mühəndis vəzifəsində işləyir. Xidməti ərazisinə bütün Quba rayonu ərazisi və Xaçmaz rayonunun üç yaşayış məntəqəsi daxildir. Aparıcı mühəndis kimi əmək funksiyasına qəza zamanı baş verə biləcək hadisənin qarşısını alınması, sistemdən alınan elektrik enerjisinin 6-10 kv-luq elektrik verilişi xətləri vasitəsilə fasiləsiz və keyfiyyətli olaraq təlabatçılara (əhali və qeyri-əhali) çatdırılması, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, avadanlıqların dəyişdirilməsinə və onların yeniləşdirilməsinə dair təklif hazırlamaq, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək, X14 balansında olan elektrik verilişi xətləri və yarımstansiyalarının etibarlı və dəqiq işləməsini təmin etmək, əsaslı və cari təmir qrafiklərini vaxtında yerinə yetirmək, istismar müddəti bitmiş avadanlıqların yenisi ilə əvəz edilməsinə nəzarət, operativ əməliyyat işlərini düzgün və qaydasında aparılmasına nəzarət etmək, bütün təmir işlərinin naryad və sərancam üzrə görülməsini təmin etmək, işçilərin təhlükəsiz iş rejiminə nəzarət etmək, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə nəzarət etmək, elektrik enerjisi itkilərinin (yüklənmiş transformatorların daha güclü transformatorlarla əvəz edilməsi, əhalinin fərdi ev tikintisi şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar yeni yaşayış məhəllərində yeni güc mərkəzlərinin yaradılması və s.) norma daxilində saxlanılmasına nəzarət etmək və sair daxildir. 13 iyun 2021-ci ildə saat 10 radələrində ona Bəhruz adlı işçisi zəng edərək Quba rayonu, Zərdabi qəsəbəsində 2 nəfər azyaşlı uşağın elektrik cərəyanı vurması, uşaqlardan birinin vəfat etməsi, digərinin isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumat vermişdir. O, Rustov kəndində olduğundan hadisə baş verən gün hadisə yerinə gedə bilməmişdir. Növbəti gün isə "xxxx" ASC-nin əmək texniki-təhlükəsizlik idarəsinin işçiləri, Quba EŞ-nin rəisi Şahid5 və baş mühəndis Şahid4lə hadisə yerinə baxış keçirilmiş və bu barədə akt tərtib etmişlər. Zərdabi qəsəbəsində yerləşən qurğu vakum açarlı qurğudur, “KRN 10” adlanır, həmin qurğu qəsəbədə qəza olan zaman xətti iki yerə bölmək üçün nəzərdə tutulub, həmin qurğu təxminən 2020-ci ildə quraşdırılmışdır. Həmin qurğu Barlı qəsəbəsində yerləşən 30-10 kVluq “Kanal” yarımstansiyadan çıxan 10 kV-luq “İnstitut” hava xəttini ayırmaq üçün və qəzaların tez aradan qaldırılması üçün xətti iki yerə ayırmaq məqsədi ilə quraşdırılmışdır. Hadisənin baş verməsi ilə bağlı hadisə yerində baxış keçirilmiş və növbəti gün "xxxx" ASC-nin işçilərinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin akta o da imza atmışdır. Hadisənin baş verdiyi yerdə yerləşən elektrik qurğunun sazlığına nəzarəti o, və səyyarəməliyyat briqadasının elektrik-montyoru Şahid3 həyata keçirirlər. Hər ay şəbəkədə texniki-təhlükəsizlik günü olmuş, baş mühəndis tərəfindən təlimat keçirilmiş və onlar əməyin mühafizəsi və texniki-təhlükəsizlik jurnalına imza atmışlar. Elektrik qurğu elektrik hava xəttini 2 hissəyə böldüyündən hava xəttinin altında quraşdırılmış, elektrik xəttinin yoldan neçə metr məsafədən keçməsi barədə təlimat və ya qayda olmamışdır. Ona görə də onlar qurğunu elektrik hava xəttinin altında quraşdırmışlar. Elektrik qurğu qapalı qurğudur, metal materialdan olan qutunun içində quraşdırılmışdır. Buna görə də, həmin qurğunu hər hansı bir hasarla hasarlamamışlar. 6 aydan bir növbətçı personal olmayan yerlərdə elektrik qurğulara baxış keçirilməlidir və “KRN 10” markalı elektrik qurğuda əməliyyat vaxtları hər ay baxış keçirmişdir. Elektrik qurğu istehsal olunan müəsissədən qıfılsız buraxılmış, ona görə onlar onu həmin qaydada quraşdırmışlar. Qüvvədə olan qaydalara əsasən elektrik ayırıcının qapısı açarlı qıfılla bağlanmalıdır. Onun bu barədə məlumatı olmuşdur. Lakin, həmin qurğu müəssisədən açarlı qıfıl olmadan buraxıldığından olduğu kimi də quraşdırmışlar. Sonradan Quba EŞ-in rəhbərliyi tərəfindən ona həmin qurğunun qapılarının açarlı qıfılla bağlanaraq uçotunun aparılması tapşırılmışdır. Belə ki, Quba EŞ-də qurğuların açarlarının uçotu jurnalı vardır. Həmçinin, qüvvədə olan qanunvericiliyə əsasən elektrik qurğularının qapılarının açarlı olması mütləqdir və qapıları açarlı olan qurğuların açarlarının uçotu həyata keçirilməlidir. Hər bir elektrik avadanlığının normal istismar olunmasını təmin etmək də onun vəzifə borcu olmuşdur. O, həmin qurğunun qapılarının açarlı olmamasını və onun açarlı qıfılla təmin olunmalı olmasını bilmişdir. Həmin qurğu açarlı qıfılla təmin olunmadığına görə onun uçotunu təşkil etməmiş və bu barədə də rəhbərliyə məruzə etməmişdir. Əslində isə, həmin qurğunun qapılarını açarlı qıfılla təmin edərək digər qurğular kimi onun açarının uçotunu aparmalı idi. Bu onun səhlənkarlığı olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə vurmuş olduğu maddi ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini, himayəsində azyaşlı uşaqlarınının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Polad Fərhadov onun oğludur. 2003-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları olmuşdur. Qızı Ruqəyyə və oğlu X20 adına Zərdabi qəsəbə tam orta məktəbdə təhsil almışlar. Onların evi Zərdabi qəsəbəsində yerləşir. Evlərindən 700-800 metr aralıqda ona məxsus mal-qara tövləsi yerləşir, həmin tövlədən 50-60 metr məsafədə təqribən bir il əvvəl quraşdırılmış elektrik ayırıcısı vardır.13 iyun 2021-ci ildə, saat 19 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində evlərinin yaxınlığında sahədən gətirilmiş otu arvadı və digər oğlu Nihatla həyətə yığmışlar. Həmin vaxt oğlu Polad ona kömək etmişdir. Ona kömək etdikdən sonra Polad yorulduğunu və gedib oynamaq istədiyini demiş, o isə Polada icazə verdimişdir. İşi bitirdikdən sonra o qəsəbənin girəcəyinə getmiş, bu zaman qonşusu Namiq ona zəng edərək oğlu Poladı qonşusu Xəyyam xəstəxanaya apardığını bildirmişdir. Oğlu Polad dalağından əməliyyat olunduğundan ilk öncə onu işlə yüklədiyindən dalağında yenidən problem yarandığını düşünmüşdür. Bundan sonra o, narahat olaraq X17 Mərkəzinə getmiş, orada həkimlərdən soruşduqda oğlu Poladın elektrik cərəyanı vurması nəticəsində ölməsini, Xəyyamın oğlunu da elektrik cərəyanı vurmasını, lakin Xəyyamın oğlunun sağ qalmasını və vəziyyətinin ağır olmasını öyrənmişdir. Sonradan qızı Ruqəyyə ilə danışan zaman oğlu Poladın yaşadığı evdən 60-70 metr aralıda yol kənarında qızı Ruqəyyə, Xəyyamın oğlu Uğur, digər kənd uşaqları Yağmur və Yusif ilə birlikdə oynayan zaman topun yaxınlıqdan olan elektrik ayırıcısının yanına düşməsini, Poladın həmin topu götürən zaman qapısı açıq olan elektrik ayırıcısına əl uzatmasını və Poladı elektrik cəryanı vurmasını öyrənmişdir. ayırıcıya yapışaraq həmin yerdə qalmasını bilmişdir. Qızı Ruqəyyə ona əlavə olaraq bildirmişdir ki, Yaşadıqları evin yaxınlığında yerləşən elektrik ayırıcının ətrafında ayırıcıya yaxın gedilməməsi, kənar müdaxilə edilməməsi, yüksək təhlükə mənbəyi olması ilə əlaqədar hər hansı xəbəredici nişan, lövhə, yazı və ya hasarlama olmamışdır. İfadəsinin sonunda X9 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini, hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsini, təqsirləndirilən şəxsi bağışladığını və ona qarışı heç bir şikayət və tələbinin olmadığını bildirərək qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba rayonu, Zərdabi qəsəbəsində atası Xəyyam, anası Elnarə, bacıları Şəhanə və Mafizə ilə birlikdə yaşayır. Quba rayonu, Zərdabi qəsəbəsində Bayram Şixəmirov adına tam orta məktəbin 7-ci sinfində təhsil alır. Polad Fərhadov onunla bir yerdə oxumuşdur. Poladla onun çox yaxşı münasibətləri olmuşdur. Poladgilin mal-qara tövləsi onun evinin yaxınlığında yerləşmiş, tez-tez onunla futbol oynamışlar. Hadisə baş verən gün o dostları ilə evlərinin yaxınlığında futbol oynamışdır. Bir müddət sonra atası onu çağırmış və o, evə getmişdir. Geri qayıdan zaman qışqırıq səsi eşitmiş və səs gələn istiqamətdə qaçmışdır. Hadisə yerinə gəldikdə elektrik ayırıcının yanında Ruqəyyə, Yusif, və digər uşaqlar olmuşdur. Bu zaman Poladın elektrik ayırıcıya yapışaraq qaldığını, ayaqlarından və əllərindən tüstü çıxdığını görmüş və onu xilas etmək üçün sol əlindən tutub oradan ayırmaq istəyərkən onu da elektrik cərəyanı vurmuş, huşunu itirmiş, nə baş verdiyini anlamamışdır. Ayıldıqda artıq xəstəxanada olduğunu görmüşdür. Yaşadıqları evin yaxınlığında yerləşən elektrik ayırıcının ətrafında heç bir hasarlama olmamış və qapısı da açıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2006-cı ildən X13 səyyar əməliyyat briqadasında növbətçi elektrik-montyor vəzifəsində işləyir. Xidməti vəzifəsinə elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün aparmaq, şəbəkədə baş verən qəza hallarını vaxtında və itkisiz aradan qaldırmaq, hava xətlərinə baxış keçirmək, gündəlik, aylıq və günlük təlimatları vaxtında keçmək, KTM, TM və yarımstansiyalarda qəzaları aradan qaldırmaq və texniki təhlükəsizlk qaydalarının yerinə yetirilməsi və sair daxildir. 13 iyun 2021-ci il tarixdə X14 baş mühəndisi saat 23 radələrində ona zəng edərək Quba rayonu, Zərdabi qəsəbəsində bir nəfər azyaşlı şəxsin elektrik cərəyanı vuraraq ölməsi barədə məlumat vermişdir. Həmin vaxt o evdən çıxaraq hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda Quba EŞ-nin rəisi Şahid5 və baş mühəndis Şahid4 orada olduğunu görmüşdür. Hadisə baş verən qurğu “KRN 10” xətt ayrıcısıdır, “Kanal 35” yarımstansiyasından çıxan 10 kV-luq Hacıqayıb kəndinə gedən “İnstitut” hava xəttini ayırmaq üçün nəzərdə tutulmuşdur. Həmin elektrik ayırıcı təxminən 2020-ci ildə quraşdırılmışdır. Qurğu qapalı qurğu sayıldığından və dəmir üzlüklə örtüldüyündən həmin qurğunu hər hansı bir hasarla hasarlamamışlar. Qurğu istehsal olunan müəssədən qıfılsız buraxıldığı üçün onu həmin qaydada quraşdırmışlar. Həmin qurğuya nəzarəti o və aparıcı mühəndis Təqsirləndirilən şəxs həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 1990-cı ildən X13 müxtəlif vəzifələrdə, 2015-ci ilin mart ayından hazıradək isə həmin şəbəkədə baş mühəndis vəzifəsində işləyir. Xidməti ərazisinə bütün Quba rayonu ərazisi və Xaçmaz rayonunun üç yaşayış məntəqəsi daxildir. Baş mühəndis kimi əmək funksiyasına sistemdən alınan elektrik enerjisinin 6-10 kv-luq elektrik verilişi xətləri vasitəsilə fasiləsiz və keyfiyyətli olaraq təlabatçılara (əhali və qeyri-əhali) çatdırılması, X14 balansında olan elektrik verilişi xətləri və yarımstansiyalarının etibarlı və dəqiq işləməsini təmin etmək, əsaslı və cari təmir qrafiklərini vaxtında yerinə yetirmək, istismar müddəti bitmiş avadanlıqların yenisi ilə əvəz edilməsi, operativ əməliyyat işlərini düzgün və qaydasında aparılmasına nəzarət etmək, bütün təmir işlərinin naryad və sərəncam üzrə görülməsini təmin etmək, işçilərin təhlükəsiz iş rejiminə nəzarət etmək, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə nəzarət etmək, elektrik enerjisi itkilərinin (yüklənmiş transformatorların daha güclü transformatorlarla əvəz edilməsi, əhalinin fərdi ev tikintisi şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar yeni yaşayış məhəllərində yeni güc mərkəzlərinin yaradılması və s.) norma daxilində saxlanılmasına nəzarət etmək və sair daxildir. 13 iyun 2021-ci il tarixdə, saat 21 radələrində tanımadığı bir nəfər şəxs ona telefonla zəng edərək hadisə baş verməsini, bir nəfər uşağın ölməsi və digərinin yaralanması barədə məlumat vermişdir. O, dərhal X15 rəisi Şahid5 və Şimal RETSİ-nin müavini Elçin Alıyevə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Şahid5 xidməti maşını ilə Zərdabi qəsəbəsi icra nümayəndəsi Vüqar və əraziyə baxan elektrik-mantyoru Cavid ilə hadisənin baş verdiyi 10 kV-luq “İnstitut” hava xəttində istismarda olan “KRN 10” markalı 2020-ci ildə quraşdırılmış vakum açarlı yuvanın quraşdırıldığı yerə getmişlər. Gəldikləri zaman orada heç kim olmamışdır. Hava qaranlıq olduğundan heç bir araşdırma aparılmamışdır. Qurğunun qapıları bağlı vəziyyətdə olmuş və normal gərginlik altında olmuşdur. Növbəti gün, səhər saat 11 radələrində "xxxx" ASCnin əmək təhlükəszilik xidmətindən gəlmiş müfəttişlərlə birlikdə hadisə yerinə getmiş və həmin yuvanı müayinə etmişlər. Yuvanın arxa qapısını açan zaman sağ fazada qan izlərinin olduğunu müəyyən etmiş və hadisə yerində bu barədə akt tərtib etmişlər. Hadisənin baş verdiyi yerdə yerləşən elektrik qurğunun sazlığına nəzarəti aparıcı mühəndis Təqsirləndirilən şəxs və səyyar-əməliyyat briqadasının elektrik-montyoru Əlican Rəhimov etmişlər. Elektrik ayırıcının texniki pasportu var, elektrik qurğu standartlara uyğundur və 2020-ci ilin avqust ayında quraşdırılmışdır. O, hər gün texniki-təhlükəsizlik qaydaları ilə tanış olmuş və bununla bağlı tərtib edilmiş jurnala imza atmışdır. Həmçinin, hər gün aparıcı-mühəndis vəzifəsində çalışan Təqsirləndirilən şəxs bütün işçiləri texnikitəhlükəsizlik qaydaları ilə tanış etmişdir. Elektrik qurğu hava xəttini 2 hissəyə böldüyündən hava xəttinin altında quraşdırılmış və heç bir normativ aktda yoldan hansı məsafədə olması barədə göstəriş olmamışdır. Elektrik qurğunun istehsal olunduğu müəssisədən metal materialdan olan üzlüklə buraxıldığından onun hasarlanmasına ehtiyac olmamışdır. 6 ayda bir dəfə növbətçi personal olmayan yerlərdə elektrik qurğulara baxış keçirilməli və “KRN 10” markalı elektrik qurğuya da əməliyyat vaxtları hər ay baxış keçirilmişdir. Elektrik qurğu istehsal olunan müəssisədən qıfılsız buraxıldığına görə onu həmin qaydada quraşdırmışlar. Quba EŞ-in inzibati ərazisinə bütün Quba rayonu, yəni Quba şəhəri və Quba rayonunun bütün kənd və qəsəbələri daxildir. Quba rayonu ərazisində 2000 mindən çox elektrik qurğusu və avadanlığı vardır. Onun Quba EŞ-nin baş mühəndisi kimi bütün qurğulara və avadanlıqlara bir-bir nəzarət etmək imkanı olmamışdır. O, fikizi olaraq həmin qurğulara nəzarət edə bilməmişdir. Həmin qurğu və avadanlıqlara nəzarət etmək aparıcı mühəndisin səlahiyətində olmuşdur. Hadisə baş verdiyi elektrik ayırıcı istehsal olunduğu müəsissədən qıfılsız buraxılsada, aparıcı mühəndis Təqsirləndirilən şəxs həmin elektrik ayırıcıya qıfıl vuraraq elektrik ayrıcının qapısının açarlı qıfılla bağlanması və həmin qıfıl və açarın uçotunun apararılması tapşırılmışdır. Quba EŞ-in elektrik qurğularının açarlarının uçotu jurnalı vardır və həmin jurnala nəzarət aparıcı mühəndisin səlahiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da analoji ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan əlavə edilmiş "xxxx" ASC-nin yarımstansiyalarında qıfılların açarlarının uçotu jurnalına baxış keçirilməsi haqqında 01 sentyabr 2021-ci il protokoldan və protokola əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, X14 balansında olan müxtəlif elektrik qurğularının qıfıllarının və açarlarının uçotu aparılmış, bununla əlaqədar, Azərişıq” ASC-nin yarımstansiyalarında qıfılların açarlarının uçotu jurnalı tərtib edilmiş, lakin, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 10 kV-luq «KRN 10» tipli vakum açarlı xətt ayırıcısının qapılarının açarlı qıfılla bağlanması barədə qeydiyyat aparılmamış və onun uçotu təşkil edilməmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 13 iyun 2021-ci il tarixli 19 saylı rəyindən görünür ki, mərhum X3 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişasında və birləşdirici toxumasında nöqtəvari qansızmalar, sağ əlin İİ,İİİ,İV barmaqlarında “elektrik nişanəsi giriş nöqtəsi”, sağ ayağın İİ,İİİ,İV barmaqlarında və sol ayağın çeçələ barmağının tış səthində “elektrik nişanəsi çixiş nöqtələri”, sağ və sol yuxarı ətrafda yanıq yaraları, daxili üzvlərdə venoz doluqanlılıq, məhkəmə-histoloji müayinə zamanı dəridə elektrik cərəyanı təsiri nəticəsində əmələ gələn dəyişikliklər xüsusi dəridə xırda ocaqlı qansızmalar, baş beyin maddəsinin ödemi, yumşaq qışada tək-tək xırda ocaqlı qansızma, ağ ciyərdə atelektaz və emfizema ocaqları, ocaqlı qansızmalar, miokardda tək-tək xırda ocaqlı qansızmalar aşkar olunmuşdur ki, bunlar da elektrik cərəyanı ilə zədələnməyə uyğun əlamətlərdəndir, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən vəziyyətdə, yəni elektrik cərəyanı vurması nəticəsində əmələ gələ bilər. Mərhumun meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində etil spirti, narkotik vasitələr və zəhərləyici maddələr aşkar edilməmişdir. X19 ölümünə səbəb elektrik cərəyanı ilə zədələnmə olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 14 iyun 2021-ci il tarixli 487 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət - sağ əlin baş barmağının ovuc səthində “elektrik nişanəsi” giriş sahəsi, sağ və sol İ,İİ,İİİ,İV barmaqlarının alt səthində “elektrik nişanəsi” çıxış sahələri, döş qəfəsinin ön səthində solda və sağ saiddə 4x3 sm ölçüdə İİ,İİİ, İV dərəcəli yanıq yaraları (ümumi sahəsi 4-5%) elektrik cərəyanının təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vəziyyətdə, yəni elektrik cərəyanının vurması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa üzün müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-texniki-təhlükəsizlik ekspertizasının 02 avqust 2021-ci il tarixli 10/2840 nömrəli rəyindən görünür ki, hadisə baş verdiyi Quba rayonu, Zərdabi qəsəbəsində quraşdırılmış 10 KV-luq “KRN 10” tipli vakum açarlı xətt ayrıcısının qapılarının açarlı qıfılla bağlanması təşkil edilmədiyinə və həmin xətt ayırıcısının içərisinə daxil olmaqla gərginlik altında olan elektrik cərəyan daşıyıcısı hissələrinə (şinə) toxunduğuna görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 1.3.13 bəndinin, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının”nın 3.1.11 bəndinin və “ Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 14-cü bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Hadisənin baş verdiyi Quba rayonu, Zərdabi qəsəbəsində quraşdırılmış 10 kV-luq “KRN 10” tili vakum açarlı xətt ayrıcısının qapılarının açarlı qıfılla bağlanması barədə rəhbərliyinə müraciət edilməklə, həmin qurğunun açarlı qıfılla bağlanmasını təmin etmədiyinə görə, “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 1.3.13 bəndinin və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.11 bəndinin tələbləri X14 aparıcı mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş əlavə məhkəmə-texniki-təhlükəsizlik ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 10/4565 nömrəli rəyindən görünür ki, qurğu və avadanlıqlara bilavasitə nəzarət edən aparıcı mühəndisi Sahib İsrafilova hadisə baş verdiyi elekrtrik ayrıcısına qıfıl vuraraq ayrıcının qapısının açarlı qıfılla bağlanması və həmin açarın uçotunun aparılmasının tapşırılmasına baxmayaraq sonuncunun buna əməl etmədiyini, Quba EŞ-nin elektrik qurğularının açarlarının uçotu jurnalının olduğunu və həmin jurnala nəzarətin də aparıcı mühəndisin səlahiyyətində olmasını nəzərə aldıqda, hadisə baş verdiyi Quba rayonu Zərdabi qəsəbəsində quraşdırılmış 10kV-luq “KRN 10” tipli vakum açarlı xətt ayrıcısının qapılarının açarlı qıfılla bağlanmasını təmin etmədiyinə görə, “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 1.3.13 bəndinin və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.11 bəndinin tələbləri X14 aparıcı mühəndisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmə-tibb və məhkəmə-texniki-təhlükəsizlik ekspertizasının müvafiq rəylərini, məhkəmə istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin cinayət tərkibi var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statiska İnformasiya İdarəsini tərəfindən verilmiş 14 avqust 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 2705 №-li arayışından və 2706 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, SMU-30 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan X7 verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2003-cü ildən bu günə qədər Quba EŞ-də müxtəlif vəzifələrdə işləmiş, 2016cı ildən bü günə qədər isə şəbəkənin aparıcı mühəndis vəzifəsində işləyir. İşlədiyi müddətdə özünü bacarıqlı və ixtisaslı, peşakar mühəndis kimi göstərmiş, kollektivin dərin hörmətini qazanmış, rəhbərlik tərəfindən verilən tapşırıqları yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirmişdir. İş materiallarında olan AA ******* №-li, AZE 12658098 №-li və AZE 11775870 №-li şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.05.2004-cü il təvəllüdlü X10, 02.08.2008-ci il təvəllüdlü X11 və 25.03.2011-ci il təvəllüdlü X16 adlı övladları vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını bildirərək ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını bildirərək ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, onun əməlindən səmimi peşman olmasını, törətmiş olduğu cinayət əməli nəticəsində vurmuş olduğu maddi ziyanı zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə ödəyərək onlarla barışıq əldə etməsini, himayəsində azyaşlı övladının olmasını, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14.11.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, İş üzrə maddi subut olan bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd göy rənkli cins şalvar, bir cüt qara rəngli corab, bir ədəd üzərində LV yazısı olan baş geyimi və bir cüt tünd göy rəngli başmaq zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası İsrafilov Sahib Yusif oğlunun yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba şəhəri, SMU-30 ünvanında - yaşadığı evi axşam saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 250 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi subut olan bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd göy rənkli cins şalvar, bir cüt qara rəngli corab, bir ədəd üzərində LV yazısı olan baş geyimi və bir cüt tünd göy rəngli başmaq zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın. Hökmün icrası İsrafilov Sahib Yusif oğlunun yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-147/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-147/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver