Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-147/2022 22.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, Quba rayonu, Qrız kəndində qeydiyyatda olmaqla faktiki Quba şəhəri, SMU-12 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Quba şəhəri, SMU- 12-də yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs yumruqla üzündən vurub onu yerə yıxaraq sağ göz orbiti ətrafında qançır-hematoma, sağ gözün altında əzilmiş yara, sağ gözdə travmatik katarakta ilə nəticələnən qəsədən sağlamlığa qısa müddət müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Quba şəhəri SMU-12 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur və onunla münasibəti normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, evinə gedən zaman Nigarı qapıda görmüşdür. Əvvəllər Nigarın onun barəsində yaxşı danışmadığını eşitdiyi üçün Nigara yaxınlaşıb “nə demisənsə özün üçün demisən” demişdir. Nigar əvvəl dediklərini etiraf etmədiyi üçün o, əsəbləşmiş və Nigarı təhqir etmişdir. Nigar da bu vaxt onun saçından tutub dartmışdır. O isə cavabında yumruqla Nigarın göz nahiyyəsindən vurub yerə yıxmışdır. Nigarın anası bayıra çıxıb onları ayırmışdır. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı Nigarın anası onu döyməmişdir. Əvvəllər aralarında mübahisə olmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindın peşiman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, o, Quba şəhəri SMU-12-də anası ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zülyiyyə Əzimova onun həyət qapısının yanından küçədən keçərkən, onu görüb nəsə demişdir. O, Zülfiyyədən nə dediyini soruşmuş, cavabında Zülfiyyə onu söymüşdür. O, Zülfiyyəyə irad bildirən zaman sonuncu onun üstünə gəlmiş və onu yumruqla vuraraq yerə yıxmışdır. Anası Qənimət çölə çıxıb onları ayırmışdır. Zülfiyyənin onu ünvanına söyüş söyməsi mübahisənin yaranmasına səbəb olmuşdur. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, Zülfiyyəni söyməmiş və döyməmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, məhkəmənin növbəti baxış iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq, onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Yekun protokolun “məhkəmə iclasına çağırılmalı olan şəxslər” siyahısında şahid qismində göstərilmiş Şahid məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaqda verdiyi izahatını təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Şahid ibtidai istintaqda verdiyi izahatı məhkəmədə elan olunan zaman məlum oldu ki, sonuncu Zərərçəkmiş şəxs bildirdikləri ilə analoji izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-cı ıl tarixli 527 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sağ göz orbiti ətrafında qançır-hematoma, sağ gözün altında əzilmiş yara, sağ gözdə travmatik katarakta küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 09.07. 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa qəsdən yüngül zərər vurmaya aiddir (iş vər.: 34). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında xx.xx.2022-ci il tarixdə saat 20 radələrində mübahisəsin olması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəsdən yüngül dərəcəli xəsarət yetirməsi hər iki tərəfin verdikləri izahatları, təqsirləndirilən şəxsin məhkəmə əməlini etiraf edib özünü təqsirli bilməsi, ekspert rəyi ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 32); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qrız kəndində qeydiyyatda olmaqla, Quba rayonu, SMU-12 ünvanında yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 30, 31); Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 adında uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-147/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-147/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver