Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-148/2023 13.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X4 iştirakı ilə, xx xxxx 1960-cı ildə Quba rayonu iqriq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu İqriq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 8,078 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evin bağ sahəsində saxlamış, Quba RPŞnin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində Quba rayonu, İqriq kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman fərdi yaşayış evinin bağ sahəsində kötüklərin yanında saxladığı bir ədəd sellofan büküldə təmiz çəkisi 8,078 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının ortalarında Quba rayonu İqriq kəndində yaşadığı evin həyətində yabanı halda 02 ədəd nəşə bitkisinin cücərdiyini görmüşdür. Özü narkotik vasitələrdən istifadə etdiyindən həmin bitkiləri yetişdirib qurudub istifadə etmək qərarına gəlmişdir. Həmin bitkiləri götürüb plastik qaba əkmiş və vaxtaşırı həmin bitkilərə su verməyə başlamışdır. İyun ayının sonları iyul ayının əvvəllərində həmin bitkilərin yarpaqlarını yığıb sellofan torbaya qoymuşdur ki, tam quruduqdan sonra istifadə etsin. 11 iyul 2023-cü il tarixdə yaşadığı evdə olan zaman həyət qapısının döyüldüyünü eşitmişdir. Qapını açdıqda polis əməkdaşları özlərini təqdim etmiş və onun, qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları və dəvət edilmiş vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilsə də narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı o, bağ sahəsində narkotik tərkibli bitki olduğunu bildirib bağ sahəsinddə moruq kollarının arasında saxladığı narkotik tərkibli bitkiləri polis əməkdaşlarına təqdim eləmişdir. Daha sonra o, bağ sahəsində kötüklərin yanında saxladığı sellofan bükülüdə olan marixuananı da polis əməkdaşlarına təqdim eləmişdir. Həmin marixuana elektron tərəzidə ölçülmüş və həyətindən aşkar olunan 2 ədəd çətənə bitkisi və marixuana maddi subut kimi götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşlı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişlər ki, 11 iyul 2023-cü il tarixdə Quba rayonu İqriq kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər kultivasiya etməsi barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Famil Mirzəbəyovdan, CAB-nın əməliyyat müvəkkili Şahid2 və KTQ-nun baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 iyul 2023-cü il tarixdə saat 16 radələrində Quba rayonu, İqriq kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib onunla evinin qarşısında görüşərək özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələr olduğunu bildirmiş və onlarla birlikdə yaşadığı evin arxa hissəsində yerləşən bağ sahəsinə keçib moruq kollarının arasında saxladığı və plastik dibçəkdə əkdiyi iki ədəd narkotik tərkibli çətənə bitkilərini və bağ sahəsində kötüklərin yanında gizlətdiyi bir ədəd sellofan bükülüdə olan narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş sellofan bükülüdə olan narkotik vasitə elektron tərəzidə ölçülmüş və çəkisi 9,27 qram gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Daha sonra digər prosesual hərəkətlərin davam etdirilməsindən ötrü Təqsirləndirilən şəxs Quba RPŞ-nə dəvət edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xuxusatları təsqiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə bioloji ekspertizasının 12 iyul 2023-cü il tarixli 3- 16-16/2-7/1005 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “Quba rayonu İqriq kənd sakini Təqsirləndirilən şəxs.... marixuanaya oxşar kütlə...” yazılan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 8,078 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “....Quba rayonu İqriq kənd sakini Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş 2 ədəd çətənə bitkisinə oxşar kol....” yazılan sintetik torbada içərisində 2 (iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 155,0 qram olan bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: marixuananın təmiz çəkisi 8,078 qr, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 8,028 qram; çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 155,0 qr, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 154,90 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 20 iyul 2023-cü il tarixli 4613 nömrəli rəyindən görünür ki,.Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji disqanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs evinin bağ sahəsində kötüklərin yanında saxladığı bir ədəd sellofan büküldə təmiz çəkisi 8,078 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə yanaşı, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, Quba rayonu İqriq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşlı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 70 manatı Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və ekspertiza təhqiqatından sonra qalıq çəkisi 8,028 qram narkotik vasitə qurudulmuş marixuana və 154,90 qram çəkidə ümumilikdə 2 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, İqrıq kəndində yerləşən yaşadığı evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 manat oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 8,028 qram narkotik vasitə qurudulmuş marixuana və 154,90 qram çəkidə ümumilikdə 2 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-148/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-148/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver