Məhkəmə qərarları › İş №1(027)-148/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-148/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-148/2025 21.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1963-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda fərdi qaydada müğənillik edən və ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01 ədəd zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən süngübıçağını qanunsuz əldə edərək özündə gəzdirmiş, həmçinin süngü-bıçağı 06 iyun 2024-cü il tarixdə saat 15.30 radələrində idarə etdiyi “Dodge Durang” markalı AZ **-FM-*** qeydiyyat nişanlı minik avtomaşını ilə daşıyaraq Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən “Sərhəd-sipər” tədbirləri zamanı sonuncuların Quba rayonu Qəşrəş yaşayış massivi sahəsində quraşdırdığı postdan keçərkən saxlanılıb Quba RPŞ-yə dəvət edilməklə orada avtomobilinə baxış keçirilərkən onun baqaj yerindən həmin 01 ədəd soyuq silah olan süngü-bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki,o, ünvan 1 ünvanında yaşayır. Ailəlidir, üç övladı vardır. Müğənnilik etməklə məşğul olur. Onun həyat yoldaşının Quba rayonu, Qəşrəş yolu yaşayış massivində fərdi yaşayış evi vardır. 05 iyun 2024-cü il tarixdə özünə məxsus olan “Dodge Durang” markalı, AZ **-FM-*** qeydiyyat nişanlı minik maşını ilə Quba rayonuna gəlmişdir. 06 iyun 2024-cü il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi həmin avtomobil ilə Quba rayonu, Qəçrəş yolunda Quba RPŞ-nin əməkdaşları tərəfindən quraşdırılmış “sərhəd-sipər” postunun yaxınından keçib “Aynur” restoranına getmişdir. Bir müddətdən sonra, həmin günü saat 15.30 radələrində maşını ilə oradan çıxıb gedərkən “Tosu” ləqəbi ilə tanıdığı Ceyhun adlı şəxsin oğlunu yol üstü maşınına götürüb həmin postun yanından keçdikdə bu dəfə onu postdakı polis əməkdaşları saxlamışlar və özlərini ona təqdim etdikdən sonra maşınının yük yerini yoxlamalı olduqlarını bildirmişlər. O, buna etiraz etməkdikdən sonra, maşından düşüb əvvəlcə özünü və sənədlərini təqdim etmiş, daha sonra isə polislərə maşınının yük yerini göstərmişdir. Bu zaman onun maşınının yük yerində özünə məxsus rəsmi sənədi olan 54714 №-li tək lüləli, 12 kalibrli ov tüfəngi, onun yanında döyüş təyinatlı süngü-bıçaq və Həsən adlı dostuna məxsus olan elektron qızıl axtaran cihazı polislər görmüş, onu Quba RPŞ- yə dəvət etmişlər. Orada onun iştirakı ilə maşının yük yerinə, həmçinin aşkar edilmiş 01 ədəd tüfəng, 01 ədəd süngü-bıçaq və 01 ədəd qızıl axtaran cihaza baxış keçirilmişdir. Polislər həmin əşyaların ondan hardan olmasını soruşduqda əvvəlcə aşkar edilmiş ov tüfənginin özünə məxsus olmasını, onu yalnız ova gedəndə istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş süngü-bıçaq isə Birinci Qarabağ müharibəsində şəhid olmuş qaynı Firdovsi Məmmədovdan yadigar qalmışdır. 1991-ci ildən həmin süngü-bıçaq ondadır. Onu həmişə həvəskar olaraq ov işlərində istifadə etmişdir. Həmin süngü-bıçağın ona məxsus olduğunu təsdiq edən heç bir sənədi yoxdur. Qızıl axtaran cihaz isə Bakıda yaşamış dostu Həsən tərəfindən onun maşına qoyulmuş, lakin sonuncu həmin qızıl axtaran cihazı maşından götürməyi yaddında çıxartdığından onun maşınında qalmışdır. Bundan sonra, polis əməkdaşları maşınında aşkar edilmiş həmin predmetləri ondan götürmüş və bu barədə müvafiq protokol yazılmış, o protokolda yazılanlarla tanış olduqdan sonra ona özünün imzasını atmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 06 iyun 2024-cü il tarixdə saat 15.30 radələrində RPŞ tərəfindən Quba rayonu Qəçrəş yaşayış massivində yolda quraşdırılmış “Sərhəd-Sipər” postunda RPŞ-nin KTQ- nın baş inspektoru, polis mayoru Şahid2la birlikdə xidmət apararkən həmin vaxtı postdan keçən müğənni kimi tanıdıqları Təqsirləndirilən şəxs idarə etdiyi “Dodge Durang” markalı, AZ **- FM-*** qeydiyyat nişanlı minik maşınını yoxlamaq üçün saxlamışlar. O maşına yaxınlaşıb özünü təqdim edərək keçirilən “Sərhəd-Sipər” tədbirləri çərçivəsində sürücüyə sənədlərinə və maşının yük yerinə baxmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra sonuncu maşından düşüb əvvəlcə özünün sənədlərini, sonra isə maşının yük yerini onlara göstərmişdir. Həmin vaxtı onun maşınının yük yerində tüfəng, süngü bıçaq və qızıl-axtaran cihazı gördükdə Təqsirləndirilən şəxs maşınının ətraflı yoxlanılmasına zərurət yarandığından onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs özünün və oraya dəvət edilmiş iki nəfər hal şahidlərinin iştirakı ilə onun maşınına baxış keçirilmişdir. Baxış zamanı maşının yük yerindən Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi rəsmi sənədi olan 54714 №-li tək lüləli, 12 kalibrli ov tüfəng, onun yanında döyüş təyinatlı süngü-bıçaq və Həsən adlı dostuna məxsus olduğunu bildirdiyi elektron qızl axtaran cihazı aşkar edilməklə götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından hər hansı əşya və yaxud predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həmin əşyalarla bağlı protokol tərtib edilmiş və o həmin protokolda yazılanlarla tanış olub ona öz imzasını atmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1un ifadəsindən gürünür ki o, Şahid2 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-ballistik ekspertizasının 16 may 2025-ci il tarixli 3/477, 3/478 №-li rəyində görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz etirafedici ifadəsilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 15 sentyabr 2025-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərüfatı Departamentinin Nərimanov rayonu Mənzil-Kommunal Təsərüfatı Birliyinin 20 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən alınmış 23 avqust 2025-ci il tarixli 20/291- 127a №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla –üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plennum qərarlarında vurğulandığı kimi (o cümlədən xx.xx.1999, xx.xx.2012 tarixli qərarlar), cəza cinayətin xarakterinə və təqsirkarın şəxsiyyətinə adekvat olmalı, məhkumun islahına, sosial ədalətin bərpasına və yeni cinayətlərin qarşısının alınmasına yönəlməlidir. xx.xx.2017-ci il tarixli Prezident Sərəncamının da ruhuna uyğun olaraq cəmiyyətdən təcridetməyə alternativ tədbirlərin üstün tutulması zəruridir. Bu şərtlərdə CM-nin 49.1- 49.2-ci maddələrinə əsasən islah işləri cəzası — məhkumun iş yeri üzrə cəzanın çəkilməsi və qazancından qanunla müəyyən edilmiş həcmdə (5–20%) tutulma tətbiqi — cəzanın məqsədlərinə daha münasib, təqsirləndirilən şəxsin islahına real imkan yaradan, onun ailə-məişət şəraitinə həddən artıq mənfi təsir göstərməyən və törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə proporsional reaksiyadır. Buna görə də məhkəmə ədalətli nəticə kimi azadlıqdan təcrid etməyə nisbətən yüngül, lakin tərbiyəedici təsiri kifayət edən islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 33 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - maddi sübut olan 01 ədəd süngü-bıçaq Azərbaycan Respublikası DlN-in müvfiq qurumuna təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 96 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 3 (üç) iş saatına görə 33 (otuz üç) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd süngü-bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar