Məhkəmə qərarları › İş №1(027)-15/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-15/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-15/2022 25.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sərdliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Quba Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdə, saat 16 radələrində Quba rayonu, Alekseyevka kəndində yerləşən ictimai yer hesab olunan “Qoca Çinar” kafesində olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin kafedə müştəri qismində əyləşib yemək yeyeən Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlərlə söymüş, sonra kafedə stolun üstündə olan araq butulkasını götürüb onun baş nahiyyəsinə bir dəfə vuraraq sonuncuya “başın təpə nahiyəsində ortada və başın sol təpə nahiyəsində hərəsində bir yerdə əzilmiş-çırılmış yara” kimi dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulması ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsərəti yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla aralarında normal münasibətlər olmuşdur. Təxminən 6-7 ay əvvəl o, Bakı şəhərində yaşayan Amaliya adlı qadına 800 manata nisyə masaj cıhazı satmışdır. Amalya ondan bank kartı istəmişdir ki, cihazın pulunu hissə-hissə həmin karta köçürsün. O, Zərərçəkmiş şəxs bank kartı istədikdə, sonuncu ona qardaşı Elvarın adına olan “Uni” banka aid boş albalı plus bank kartını vermişdir. Bundan sonra, Amaliya bir neçə dəfə həmin karta pul köçürmüş o, da həmin pulu kartdan çıxarmışdır. 14.07.2021-ci il tarixdə, saat 23:13-də Amaliya vatsap proqramı ilə ona karta köçürdüyü 250 manat məbləğində pulun qəbzinin şəklini göndərmişdir. O, mesajı aldıqdan 20 dəqiqə sonra, Quba şəhərində kartı bankomata daxil edəndə görmüşdür ki, kartda pul yoxdur. Bundan sonra o, Amaliyanın mobil telefonuna zəng vurub kartda pul olmadığını ona bildirmişdir. Həmin vaxt Amaliya onda olan qəbzə baxıb bildirmişdir ki, 250 manat pul karta köçürmüşdür. Bundan sonra o, Elminin mobil telefonuna zəng vurub tanışının karta 250 manat pul köçürdüyünü, lakin kartda həmin pulun olmadığını demişdir. Elmin ona bildirmişdir ki, pulun köçürülməsindən və kartdan çıxarılmasından onun xəbəri yoxdur. 19.07.2021-ci il tarixdə, saat 15 radələrində o, Elminin yaşadığı evə getmişdir. Həmin vaxtı Elmin evdə olmadığı üçün o, Elminin qardaşı Elvar ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı o, Elvardan xahiş etmişdir ki, qardaşı Elminə zəng vursun. Elvar Elminin mobil telefonuna zəng vurub danışarkən, Elmin telefonda Elvara bildirmişdir ki, ona borcum olduğu üçün o, 250 manat pulu kartdan çıxarmışdır. Bundan sonra o, Elvardan telefonu alaraq Elminlə danışmışdır. O, Elminə ona borcunun olmadığını demişdir. Elmin isə ona 170 manat borcunun olduğunu demişdir. Bu mövzuda onların aralarında mübahisə yaranmışdır. Həmin vaxt Elmin telefonda onun ünvanına nalayiq söyüşlər söyərək telefonu söndürmüşdür. O, Elminin bu hərəkətlərindən bərk əsəbləşərək həmin gün saat 16 radələrində Elminin adətən olduğu yaşadıqları kəndin girəcəyində yerləşən “Qoca Çinar” kafesinə getmişdir. Kafenin həyətinə girdikdə görmüşdür ki, Elmin Alekseyevka kənd sakinləri Ruslan və Elməddinlə bir masa arxasında oturub yemək yeyir. Həmin vaxt onlardan bir az kənarda iki nəfərində əyləşib çay içdiyini görmüşdür. O, Elminə yaxınlaşıb nə üçün ona telefonda söyüş söydüyünü soruşduqda, aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı o, Elminin əyləşdiyi masanın üzərində olan araq şüşəsini götürüb qəfildən Elminin başına vurmuşdur. Zərbənin təsirindən Elminin başı qanamışdır. O, araq butulkası ilə Elminin başına ikinci zərbəni vurmaq istəyərkən Elməddinlə Ruslan onların arasına girib ayırmışlar. Onların mübahisələri təxminən 6-7 dəqiqə davam etmişdir. Dava zamanı onlar qarşılıqlı olaraq bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bundan sonra, Elminin yanında olan Elməddin, Ruslan və kafenin sahibi onu kafenin həyətindən küçəyə çıxartmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşiman olmasını, gənc olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla aralarında normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs ondan 170 manat pul borc almışdır. Lakin o, borcunu qaytarmamışdır. 2021-ci ilin ilk aylarında Nemrud ondan bank kartı istəmişdir. Həmin vaxt o, qardaşı Elvarın adına olan UNİ Banka aid albalı plus kartını müvəqqəti istifadə etmək üçün Nemruda vermişdir. 2021-ci ilin iyul ayınnın 17-də telefonunda olan proqram vasitəsi ilə baxıb görmüşdür ki, Nemruda verdiyi kartın hesabında 250 manat pul var. Həmin vaxt o, proqram vasitəsi ilə Nemruda verdiyi kartın hesabında olan 250 manat puldan 150 manat hissəsini özündə olan başqa karta köçürmüşdür. Bundan sonra, Nemrud telefonla onunla danışaraq bildirmişdir ki, karta köçürüldüyü pul onun anasına məxsusdur. 19.07.2021-ci il tarixdə, saat 15 radələrində Nemrud onun yaşadığı evə gəlib qardaşı Elvarın telefonu ilə ona zəng vurub təkrar pulunu istəmişdir. Söhbət zamanı onların aralarında mübahisə yaranmışdır və onlar qarşılıqlı olaraq bir-birilərini təhqir etmişlər. Nemrudla telefonda danışdıqdan bir saat sonra o, Quba rayonu, Alekseyevka kəndində yaşayan tanışları Elməddin və Ruslanla yaşadıqları kəndin girəcəyində yerləçən kafedə oturub yeyib içən zaman Nemrud onların olduğu kafeyə gəlmişdir. Həmin vaxt Nemrud onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Aralarında yaranmış mübahisə zamanı Nemrud masanın üzərində olan araq şüşəsini götürüb onun başına vurmuşdur. Zərbənin təsirindən onun başı yarılmışdır. Nemrud ikinci dəfə araq şüşəsi ilə onun başına vurmaq istədikdə o, sol qolunu qabağa verərək özünü müdafiə etmişdir. Bundan sonra, onunla bir masada oturan Elməddin, Ruslan və kafenin sahibi Nemrudu ondan aralayıb kafenin həyətindən küçəyə çıxartmışlar. Münaqişə zamanı orada Elməddin, Ruslan, kafenin sahibi və səs-küyə oraya gələn tanımadığı 5-6 nəfər şəxs olmuşdur. Münaqişə təxminən 5-6 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayon. Zizik kənd sakinləri Elmin və Nemrudu tanıyır. Onlarla aralarında normal münasibətlər olmuşdur. 19.07.2021-ci il tarixdə, saat 15:30 radələrində Alekseyevka kənd sakini Ruslanla birlikdə, Zizik kəndində yerləşən “Qoca Çinar” kafesinin həyətindəki masaların birində oturub yeyibiçmişlər. Həmin vaxt Elmin Ruslanın mobil telefonuna zəng vurub harada olduğunu soruşmuşdur. Ruslan ona “Qoca Çinar” kafesində olduğunu bildirib, Elminində da həmin kafeyə gəlib onlarla yeyib içməsini təklif etmişdir. Az sonra Elmin həmin kafeyə gəlib onların yanında əyləşmişdir. Elməddin Ruslanla yanaşı, Elmin isə qarşı tərəfdə tək oturmuşdur. Elminin arxası kafenin giriş tərfinə olmuşdur. Təxminən yarım saat keçdikdən sonra, onlar arağı yarıya qədər işmişlər. Saat 16 radələrində Nemrud kafenin həyətinə daxil olub Elmini səsləməyə başlamışdır. X4 ünvanına ucadan nalayiq söyüşlər söyərək Elminin sol tərəfindən onların əyləşdiyi masaya yaxınlaşmışdır. Həmin vaxt Nemrud masanın üstündə olan araq şüşəsini sağ əlinə götürüb Elminin başına vurmuşdur. Zərbənin təsirindən Elminin başı yarılmışdır. Bundan sonra onlar cəld ayağa qalxaraq kafenin sahibi ilə birlikdə onları ayırmışlar. Həmin vaxt Ruslan Elmini kənara çəkmiş o, isə Nemrudu tutub kafedən çölə çıxarıb evinə yola salmışdır. Mübahisə təxminən 6-7 dəqiqə davam etmişdir. Nemrud gedərkən də ucadan Elminin ünvanına nalayiq söyüşlər söymüşdür. Sonradan ona məlum olmuşdur ki, Elminlə Nemrudun arasında əvvəllər pul kartı ilə əlaqədar mübahisə olduğuna görə Nemrud Elmini vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir ildir ki Quba rayonu, Zizik kəndi ərazisində yerləşən “Qoca Çinar” kafesini icarəyə götürüb işlədir. 19.07.2021-ci il tarixdə, saat 16 radələrində işlətdiyi kafenin həyətində olan iki skamiyalı masa ətrafında Alekseyevka kənd sakininləri Ruslan və Elməddinin, Zizik kənd sakini Elmin ilə oturub yemək yemişlər. Saat 16 radələrində kafenin mətbəxində olduğu zaman söyüş səslərinə çölə çıxıb görmüşdür ki, Zizik kənd sakini Nemrud Elminin əyləşdiyi masanın yanındadır. O, həmin vaxtı Elminin ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Elminin isə başından qan axmış, salfetka ilə başının qanını silmişdir. Elməddin və Ruslan isə onları bir-birindən ayırmağa çalışırlar. Hadisəni görüb o, dərhal onlara yaxınlaşmışdır. Bundan sonra o, Elməddinlə birlikdə Nemrudu kafedən çölə çıxartmışdır. Ruslan isə Elmini sakitləşdirmişdir. Mübahisə təxminən 6-7 dəqiqə davam etmişdir. Həmin vaxtı kafedə iki nəfər tanımadığı cavan oğlan da olmuşdur. Münaqişə zamanı Nemrud ucadan nalayiq söyüşlərlə söydüyünə görə qısa müddətə kafenin iş fəaliyyəti pozulmuşdur. Lakin onlar getdikdən sonra işinə davam etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 22.07.2021-ci il tarixli, 679 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-başın təpə nahiyəsində ortada və başın sol təpə nahiyəsində hərəsində bir yerdə əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 19.07.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəifndən verilmiş 09 avqust 2021-ci il tarixli, 777 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zizik kəndində yaşayır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd İƏD-üzrə nümayəndəliyi tərəifndən verilmiş 09 avqust 2021-ci il tarixli, 778 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Məhkəmə İnformasiya Sistemindən məlumatların əldə edilməsinə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.12.2018-ci il təvəllüdlü X1 adında bir azyaşlı övladı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki o, Təqsirləndirilən şəxs oğli ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsddən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmaqdansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədə uyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədə uyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza-sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 noyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Quba RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd araq şüşəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Sınaq Müddətinin başlanması hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirilməsi onun yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Quba RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd araq şüşəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qevvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar