Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-15/2025 17.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs nümayəndəsi X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 avqust 1999-cu ildə Quba rayonu, İkinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, subay, əvvəllər məhkum olunmamış, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 aprel 2024cü il tarixdə, saat 17:00 radələrində yaşadığı Quba rayonu, İkinci Nügədi kəndində, “8-ci məhəllə” kimi tanınan ərazidə yerləşən qəbiristanlıqdan Zərərçəkmiş şəxs mərhum valideynlərinə məxsus məzarların ətrafına çəkilmiş, ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) manat təşkil edən, 1989-cu ildə 5 saylı Yol İstismar İdarəsindən satın alınmış, hündürlüyü 52 sm, qalınlığı 1 sm olmaqla ümumi uzunluğu 13,2 metr təşkil edən düraliminium materiallı barmaqlıqları dəmir materiallı çərçivəsinin içərisindən çıxarıb apararaq zərərçəkmiş şəxsə məxsus 792 (yeddi yüz doxsan iki) manat məbləğində əmlakı gizli talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, lombard kreditinə görə ödəməli olduğu aylıq 80 manat kredit ödənişini ödəməkdə çətinliyi yaranmış və oğurluq edərək kredit pulunu ödəmək qərarına gəlmişdir. Bu məqsədlədə Quba rayonu, İkinci Nügədi kəndində yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqdan məzar daşlarının ətrafına çəkilmiş düraliminium materiallı barmaqlıqları oğurlayaraq metal məmulatı kimi satıb pul əldə etməyi planlaşdırmışdır. 09 aprel 2024-cü il tarixdə, saat 17 radələrində, həmin qəbiristanlığa ümumi istifadədə olan qapılarının birindən qəbiristanlığa keçib oğurlamaq üçün münasib barmaqlıqlar aparmaq məqsədilə qəbirlərin ətrafına nəzər salmış, bir kişi və bir qadının məzarları ətrafına əhatəyə alınmış dəmir barmaqlıqları oğurlamaq qərarına gəlmişdir. Ətrafa diqqət yetirmiş, kimsənin olmadığını dəqiqləşdirib məzarların ətrafına torpağa basdırılmaqla çəkilmiş - hündürlüyü 52 sm, qalınlığı 1 sm olmaqla ümumi uzunluğu 13,2 metr təşkil edən düraliminium materiallı barmaqlıqları dəmir materiallı çərçivədən çıxararaq əvvəlcə məzarların yanında toplamışdır. Oradan isə dür aliminium materiallı barmaqlıqları hissə-hissə olmaqla 3-4 dəfəyə yaşadığı evin həyətinə aparmışdır. Növbəti gün, yəni 10 aprel 2024-cü il tarixdə, saat 11 radələrində yaşadığı küçəyə dövlət qeydiyyat nişanına fikir vermədiyi “QAZEL” markalı avtomobil ilə Xaçmaz rayonu, Xudat şəhər sakinləri olmaqla qaraçılar olduğunu zənn etdiyi, əvvəllər tanımadığı iki nəfər şəxsin metal yığmağa gəldiyini görüb ümumi çəkisi 49 kiloqram təşkil edən oğurluq barmaqlıqları öz malı kimi təqdim edərək bir kiloqramı iki manat olmaqla 98 manata həmin şəxslərə satmışdır. Həmin gün 98 manatın 80 manatını adına kredit götürdüyü yeznəsi Təvəkkülə vermişdir ki, krediti ödəsin. Qalan 18 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Cinayətin üstü polis tərəfindən açılarkən ona məlum olmuşdur ki, oğurladığı barmaqlıqlar həmkəndlisi Əzimin valideynlərinin məzarları ətrafına çəkilmiş barmaqlıqlardır. Sonra Xudat şəhərinə gedərək tanımadığı bir neçə şəxsdən barmaqlıqları satdığı şəxslərin əlamətləri barədə soraqlaşmış və barmaqlıqları “X3” qəsəbəsində metal qəbulu məntəqəsində aşkar etmişdir. Oğurladığı barmaqlıqların xeyli hissəsini pul verərək geri götürmüş və gətirib yerinə bərpa etmişdir. Barmaqlıqların yerdə qalan cuzi hissəsi isə əridildiyi üçün bütün barmaqlıqları geri götürüb bərpa etmək mümkün olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və zərərin çox hissəsinin aradan qaldırılmaqla zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində iştirak etmiş X4 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Onlar ailəlikcə Quba rayonunun İkinci Nügədi kəndində yaşayırlar. 2024-cü ilin aprel ayının sonlarında atası Əzim yaşadıqları kənd ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmiş babasının və nənəsinin qəbirlərini ziyarət edən zaman müəyyən etmişdir ki, naməlum şəxslər məzarların ətrafına çəkilmiş düraliminium materiallı barmaqlıqları dəmir materiallı çərçivəsinin içərisindən çıxarıb oğurlamışlar. Oğurluq hadisəsi ilə əlaqədar atasının Quba rayon polis şöbəsinə etdiyi şikayət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qəbirstanlıqdan oğurluq edən şəxs həmkəndliləri Təqsirləndirilən şəxsdur. Oğurluq hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs oğurladığı düraliminium materiallı barmaqlıqların çox hissəsini qaytarıb yerinə bərpa etmişdir. Oğurluq nəticəsində onlara ümumilikdə 792 (yeddi yüz doxsan iki) manat məbləğində ziyan dəymişdir.İfadəsinin sonunda X4 dəymiş zərərin aradan qaldırıldığını və Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki,hər iki valideyni rəhmətə getmiş və Quba rayonu, İkinci Nügədi kəndi, 8-ci məhəllədə yerləşən kənd qəbiristanlığında dəfn etmişlər. Atasının qəbir daşının ətrafını 5 saylı Yol İstismar İdarəsindən satın aldığı düraliminiumdan ibarət, eni 2 metr 60 santimetr, uzunluğu isə 4 metr olmaqla, düzbucaqlı şəklində ümumilikdə 13 metrlik barmaqlıqla əhatəyə saldırmışdır. Həmin barmaqlığın ümumi ölçüsü 13,2 metr təşkil edir. Barmaqlıqların hündürlüyü 52 santimetr, qalınlığı isə 1 sm-dir. Məzarı 07 aprel 2024-cü il tarixdə ziyarət edən zaman barmaqlıqlar yerində olmuşdur. Lakin 2024-cü ilin aprel ayının sonlarında valideynlərinin məzarını ziyarət edən zaman qəbir ətrafında olan barmaqlıqların yerində olmadığını aşkar etmişdir. Oğurluq barədə bir müddət şikayət etməsədə sonradan baş vermiş hadisə barədə Quba rayon polis şöbəsinə müraciət etmişdir. Şikayəti əsasında polis şöbəsində başlanmış cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, oğurluq edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Həmin ərəfədə oğurlanmış barmaqlıqların çox hissəsi Təqsirləndirilən şəxs tərəfindən qaytarılıb yerinə bərpa edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayonu, İkinci Nügədi kəndində yaşayan Zərərçəkmiş şəxs Quba rayonu, İkinci Nügədi kənd qəbiristanlığında mərhum valideynlərinin məzarları ətrafına çəkdirdiyi, hündürlüyü 52 sm, qalınlığı 1 sm olmaqla ümumi uzunluğu 13,2 metr təşkil edən düraliminium materiallı barmaqlıqların oğurlanması barədə Quba Rayon Polis Şöbəsinə etdiyi müraciətlə bağlı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş oğurluq hadisəsinin həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxsla aparılmış profilaktik söhbət zamanı sonuncu etdiyi Təqsirləndirilən şəxs oğurluqu səmimi şəkildə etiraf edərək bildirmişdir ki, 2024-cü ilin əvvəllərində banka olan kredit borcunu ödəmək məqsədi ilə Quba rayonu, İkinci Nügədi kəndində yerləşən qəbiristanlıqdan məzar daşlarının ətrafına çəkilmiş barmaqlıqları oğurlayaraq səyyar şəkildə metal qəbul edən tanımadığı şəxslərə 98 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, 1989-cu ildə alınmış hündürlüyü 52 sm, qalınlığı 1 sm olmaqla ümumi uzunluğu 13,2 metr təşkil edən düraliminium materiallı barmaqlıqların istifadədə olması nəzərə alınmaqla, orta istismar istensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə hesablama yolu ilə təxminən 792,00 (13,2 x 60,0) manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə düzgün tövsif olunmuşdur, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayonu, İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində arayış və xasiyyətnaməsindən görünür ki o, Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olmaqla, həmin ünvandada yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir və bununla əlaqədar təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etmklə səmimi peşimançılığı, vurulmuş maddi ziyanı ödəyərəək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut olan barmaqlıqların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba, Qusar və Xaçmaz rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan duralminium materialından olan barmaqlıqların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-15/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-15/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver