Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-150/2022 25.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1966-cı ildə Quba rayonu, İspik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla Quba rayonu, İspik kəndində yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) toxumlarını yaşadığı Quba rayonu, İspik kəndində yerləşən fərdi evin həyaətyanı sahəsində torpaqda və dibçəkdə əkərək, həmin toxumlardan cücərmiş xeyli miqdarda. Yəni 07 ədəd çətənə (kannabis) bitkisinə xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirib kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən torpaqda və həyətdə saxladığı dibçəklərdə əkilmiş nəm vəziyyətdə ümumi çəkisi 0,480 qram olmaqla ümumilikdə 07 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildən Quba rayonu, İspik kəndində anası Mədinə ilə birlikdə yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2022-ci ilin mart ayının ortalarında Bakı şəhərində tanımadığı şəxsdən özü üçün çəkməyə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Marixuananı istifadə etdikdən sonra, toxumlarını özündə saxlamışdır. Bundan bir ay sonra, həmin toxumların bir hissəsini yaşadığı evin həyətində torpaqda, bir hissəsini isə dibçəklərdə basdıraraq əkmişdir. Əkdiyi toxumlara tez-tez baş çəkmiş və böyüməsinə baxaraq nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı evin qarşısında olarkən narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Quba RPŞ-nin təhqiqatçısı Cəlal Sultanov birlikdə gəldiyi Quba RPŞ-nin polis əməkdaşlarını və dəvət edilmiş vəkil təqdim etdikdən sonra, narkotiklərin istifadəsi, saxlanılması və əkilməsi ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini izah etmişdir. Təhqiqatçı ona şübhəli şəxs qismində tutulmaqla hüquqlarının dövlət hesabına müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əynindəki gödəkçənin sol cibindən bir ədəd kağız bükümü çıxarıb avtomobilin mühərrik örtüyünün üzərinə qoymuşdur. Ondan həmin bükülüdə nə olduğunu soruşduqda, o, həmin bükülüdə nəşə toxumu olduğunu bildirmişdir. Təhqiqtçı ondan həmin toxumları haradan əldə etdiyini soruşduqda, əvvəllər özü üçün aldığı nəşənin içindən əldə etdiyini bildirmişdir. Təqdim etdiyi bükülü açılıb içinə baxıldıqda içərisində 32 ədəd nəşə toxumu aşkar edilmiş və həmin bükülü elektron tərəzi ilə çəkilmiş, çəkisi 0.4 qram gəlmişdir. Həmin bükülü zərfə qoyularaq möhürlənib qablaşdırılmış, o və vəkili həmin zərfi imzalamışlar. Daha sonra, polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər və o da buna etiraz etməmişdir. Baxış zamanı həyətdəki iki mərtəbəli evinin arxa divarının dibində torpaqda əkilmiş və dibləri su olan iki ədəd narkotik tərkibli çətənə bitkisi, iki ədəd gül dibçəyində və bir ədəd vedrədə əkilmiş çətənə bitkisi aşkar edilmişdir. Bundan sonra həmin yerdən 3-4 metr aralıda iki gül dibçəyində əkilmiş narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Əvvəlcə dibçəklərdəki bitkilər köklərindən çıxardılaraq uzunluqları ölçülmüşdür. Sonra evin arxa tərəfindəki vedrədə olan 05 ədəd birki köklərindən çıxardılaraq ölçülmüşdür. Daha sonra evin arxa tərəfindəki dibçəklərdəki bitkilər köklərindən çıxardılaraq ölçülmüşdür. Sonda isə torpaqda əkilmiş iki ədəd bitki köklərində çıxardılaraq ölçülmüşdür. Baxışda iştirak edən aqronom bildirmişdir ki, bu bitkilər narkotik tərkibli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmuşdur. O, həmin bitkiləri özü üçün nəşə əldə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Həmin bitkilərin hamısı bir yerdə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. O, yaşlı və xəstə anası ilə birlikdə yaşayır. Anasının ayaqları tutulduğu üçün gəzə bilmir, evdən həyətə çıxmır, ona görə də həmin bitkiləri əkməyi barədə anasının xəbəri olmamışdır. Həmçinin bu barədə digər şəxslərin də məlumatı olmamışdır. Heç kimə narkotik satmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində yaşlı və xəstə anasının olmasını və yaşlı və xəstə anasının onun qulluğuna ehtiyacının olmasının bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. Quba rayonu, İspik kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə daxil olmuş məlumatı raportla rəhbərliyə məruzə etmişdir. Məlumatın yoxlanılması məqsədi ilə Quba RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2, YYÇPİTQ-nin inspektoru Samir Aydəmorov, Təhqiqat bölməsinin təhqiqatçısı Cəlal Sultanov, keçiriləcək baxışda iştirak etmək üçün dəvət edilmiş vəkil və aqronom-mütəxəssis ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. xx.xx.2022-ci il tarixdə, 01 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yaxınlaşaraq narkotik vasitələrin istifadəsi, saxlanılması və əkib-becərilməsi ilə bağlı barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini bildirmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin məlumatla bağlı polis əməkdaşlarının, dəvət edilmiş vəkilin və aqronom-mütəxəssisin, iştirakı ilə əvvəlcə üzərində axtarış aparılacağını, daha sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs şəxsi şəxsi axtarışın və baxışın keçirilməsinə etiraz etməyərək yaşadığı evin həyətində özü üçün narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirib onları həyətinə dəvət etmişdir. Quba RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Fuad İsmayılov tərəfindən video çəkilişlə şəxsi axtarış və baxış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol cibindən bir ədəd kağız bükümü çıxarıb avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükülünün nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Sədrəddin Xıdırov bükülüdə nəşə toxumlarının olduğunu, Bakı şəhərində olarkən tanımadığı şəxsdən aldığı qurudulmuş marixuananın içərisindən çıxardığını bildirmişdir. Təqdim olunan bükülü açılaraq toxumlar sayılarkən 32 ədəd toxum olması müəyyən edilmiş və toxumların olduğu həmin bükülü elektron tərəzi ilə çəkilərkən 0.4 qram təşkil etmişdir. Həmin toxumlar kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdəki iki mərtəbəli evin arxa divarının dibində torpaqda əkilmiş 02 ədəd, divarın dibində yerləşdirilmiş 02 ədəd gül dibçəyinin hər birində əkilmiş 01 ədəd, bunlarnan 3-4 metr aralıda həmin divarın dibində yerləşdirilmiş 01 ədəd vedrədə əkilmiş 04 ədəd. 5-6 metr aralıda həyətdə yerləşdirilmiş 01 ədəd boya qutusunda əkilmiş 02 ədəd və 01 ədəd qırmızı boya qutusunda əkilmiş 01 ədəd bitki şitili aşkar edilmişdir. Aqronom-mütəxəssis aşkar edilmiş bitki şitillərinin narkotik tərkibli çətənə bitkiləri olmasını və onlara aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü üçün nəşə əldə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Aqronim-mütəxəssis tərəfindən həmin bitki şitilləri bir-bir kökündən çıxarılaraq uzunluqları ölçülmüşdür. Həmin bitkilər bir-bir sayılarkən onların ümumilikdə 12 ədəd olması müəyyən olunmuş, hamısı bir yerdə elektron tərəzidə çəkilərkən isə onların ümumi çəkisi 2,3 qram təşkil etmiş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 19 may 2022-ci ıl tarixli, 7/517 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan kağız paketdəki ümumi sayı 07 ədəd nəm vəziyyətdə ümumi çəkisi 0,480 qram bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Qalan 05 ədəd bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növə aid olmasını müəyyən etmək mümkün olmadı, Aqronomun rəyinə əsasən təqdim olunmuş həmin çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükümdə sayı 26 ədəd ümumi çəkisi 0.459 qram bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2022-ci il tarixli, 3392 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu naticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materialında olan aqronom Tarverdi İsmayılovun rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 12 ədəd yaş kök üstə olan bitkilər həqiqətən narkotik xassəli çətənə bitkisidir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilərək əkilib becərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsini xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixli AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilib. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 603 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zərdabi qəsəbəsində qeydiyyatda olsada ərazidə yaşamır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının İspik kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 104 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zərdabi qəsəbəsində qeydiyyatda olsada 2014-cü il tarixdə hal-hazıra kimi İspik kəndində yaşayan anası X2 məxsus evdə birlikdə yaşayır. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının İspik kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yaşlı və xəstə anasının olmasını, yaşlı və xəstə anasının onun qulluğuna ehtiyacının olmasının və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübut olan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,480 qram olan 7 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 05 ədəd mənşəyi məlum olmayan inkişafının cücərmə fazasında olan bitkilər, həmçinin 26 ədəd ümumi çəkisi 0,459 qram çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 manat (yetmiş səkkiz manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,480 qram olan 7 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 05 ədəd mənşəyi məlum olmayan inkişafının cücərmə fazasında olan bitkilər, həmçinin 26 ədəd ümumi çəkisi 0,459 qram çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 78 manat (yetmiş səkkiz manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağahüseyn oğluna sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-150/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-150/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver