Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-151/2025 27.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, natamam orta təhsilli, işsiz, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (027)-89/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Quba şəhəri, H.Əliyev prospekti, 28 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, yəni bir ədəd siqaret qutusunda təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən əldə edərək üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 may 2025-ci il tarixdə, saat 14 radələrində Quba rayonu, Alekseyevka kəndi ərazisində, Quba-Xaçmaz avtomobil yolunun kənarında saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynindəki xaki rəngli gödəkcənin sol iç cibindən bir ədəd “Want” markalı siqaret qutusunun şəffaf sellofan üzlüyünün arxasında saxladığı 1 ədəd qırmızı rəngli kağız bükülünün içərisində olan təmiz çəkisi 0,401 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən etibarən mütəmadi olaraq narkotik vasitə istifadə etmiş, bununla bağlı bir neçə dəfə cinayət məsuliyyətinə də cəlb edilmişdir. 11 may 2025-ci il tarixdə Xaçmaz şəhərinə getmiş və orada dəmiryolu adlanan yerin yaxınlığında yolun kənarında bir ədəd “Want” markalı siqaret qutusu olduğunu görmüşdür. Siqaret qutusunu götürmüş, siqaret qutusunun şəffaf selofan üzlüyünün içərisində bir ədəd kağız bükülünün olduğunu görmüş, açıb içərsinə baxdıqda əvvəllər narkotik vasitə istifadə etdiyindən narkotik vasitə heroin olduğunu bilmiş və özü istifadə etmək üçün həmin siqaret qutusunu əynində olan gödəkçənin iç cibinə qoyaraq yol maşını ilə Quba rayonuna qayıtmışdır. Maşından Quba rayonu, Alekseyevka kəndi ərazisində avtomobil yolunun kənarında düşmüşdür. Həmin vaxt 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vaşitələrin istifadəsində şübhəli olduğunu və tutulduğunu bildirmişlər. Daha sonra saxlanıldığı yerə digər polis əməkdaşları da gəlmiş, ona Quba rayon Vəkil Bürosundan hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi təqdim edilmiş və küçədə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını elan etmişlər. Küçədə üzərində şəxsi axtarış aparılmış və polis əməkdaşı ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o da üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Ona həmin narkotik vasitəni təqdim etməsi təklif olunmuş, o da əynindəki xaki rəngli gödəkcənin sol iç cibində saxladığı içərisində narkotik vasitə olan bir ədəd “Want” markalı siqaret qutusunu polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı həmin siqaret qutusunun şəffaf sellofan üzlüyünə keçirilmiş bir ədəd qırmızı rəngli kağız bükümü açaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğunu aşkar etmiş, sorğu zamanı o həmin narkotik vasitənin “kokos”, yəni narkotik vasitə heroin olduğunu, Xaçmaz şəhərində yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan bükülü elektron tərəziyə qoyularaq ölçülmüş və müvafiq qaydada polis əməkdaşı tərəfindən ilə zərfə qoyularaq qablaşdırılmış, o və müdafiəçisi həmin zərfi imzalamışlar. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, bütün bu hərəktlər videokamera ilə qeydə alınmış, şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar, həmçinin o və müdafiəçisi tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Məhkəmə iclasında Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 şahid qismində ifadəsində göstərmişdir ki, o, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı almış, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə saat 14 radələrində Quba rayonu, Alekseyevka kəndi ərazisində, Quba-Xaçmaz avtomobil yolunun kənarında saxlanılmışdır. Hadisə yerində olan təhqiqatçı özünü və iştirakçıları təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olmasını bildirərək Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmaması soruşulduqda, Rza üzərində narkotik vasitə olmasını bildirmiş və əynindəki xaki rəngli gödəkcənin sol iç cibindən bir ədəd “Want” markalı siqaret qutusunu təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin siqaret qutusunun şəffaf sellofan üzlüyünə keçirilmiş bir ədəd qırmızı rəngli kağız bükümü açaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğunu aşkar etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyinin nə olduğu soruşulduqda, Rza həmin narkotik vasitənin “kokos”, yəni narkotik vasitə heroin olduğunu, Xaçmaz şəhərində yerdən tapdığını, heç kimə vermədiyini və satmadığını, üzərindən istifadə etmədiyini bildirmişdir. İçərisində narkotik vasitə olan kağız bükülü elektron tərəziyə qoyularaq ölçülmüş və kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum olmuşdur ki, o da ibtidai istintaqa eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağın olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) xx.xx.2025-ci il tarixli, 20/308 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ".... Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə..." sözlər və imzalar olan kağız paketdəki 01 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata cəmi 0,05 qram istifadə olunmuş, 0,351 qram qalıq qalmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 18 noyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 15% islah işləri cəzasına, Quba rayon məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə 05 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (027)-89/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Heydər Əliyev prospekti, ev 28-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Quba şəhəri ərazisində yaşdığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir narazılıq və şikayət daxil olmamışdır. Məhkəmənin elektron sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(027)-151/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə məhkəmənin xx.xx.2025-ci tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 08 avqust 2025-ci il tarixli, 4832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata olması nəzərə alınmalıdır. İş materiallarında olan: “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,351 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik etməklə, ona həmin maddə ilə yenidən ittiham elan olunsun və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə əlavə edilməsi, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktini hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilməsi, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada qalıq çəkisi 0,351 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub, saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınması, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə olan narkotik vasitə heroinin çəkisinin 0,56 qram olması, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/308 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisinin 0,401 qram olması tərəzi fərqi kimi qiymətləndirilməsi qərar alınmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,351 qramnarkotik vasitə heroin hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə məhkəmənin xx.xx.2025-ci tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,351 qram narkotik vasitə heroin hazırki qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-151/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-151/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver