Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-152/2024 04.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Quba rayonu, Üçgün kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə Quba şəhəri, M.Qorki küçəsində yerləşən ictimai yer hesab edilən “Şah house" çay evində əsassız mübahisə yararatmış, həmin vaxt onu intizama dəvət edib oradan kənarlaşdıran çay evində nəzarətçi işləyən Zərərçəkmiş şəxs ilə çay evinin qarşısında mübahisəni davam edərək təxminən 15 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək orada olan vətəndaşların qorxu və narahatlığına səbəb olmaqla, heç kimə məhəl qoymadan nalayiq ifadələr və söyüşlər işlətməklə Zərərçəkmiş şəxs itələyib yerə yıxmış və təpiklə vurmuş, onları ayırsalar da, qərəzli hərəkətlərini davam etdirib yenidən Zərərçəkmiş şəxs yaxınlaşaraq onu bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə vuraraq təkrar yerə yıxmış, ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol kürəyində və sol dirsəyində sıyrıq, sol diz oynağında yumşaq toxumaların əziyi və qançırından ibarət bədən xəsarətləri yetirərək sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmədə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Quba şəhəri ərzisində yerləşən “Şah house” çay evinə pivə içməkdən ötrü getmişdir. Kafeyə girəndə dostu Samiri görüb onunla birlikdə əyləşərək pivə sifariş etmişlər. Saat 20 radələrində o hesabı soruşmuş, ofisiant onların hesabının 31 manat olduğunu bildirmişdir. Sonradan 2 bakal da pivə içib hesabı istədikdə ofisant hesabın 70 manat olduğunu bildirmişdir. Pivəni içib qutardıqdan sonra o, Samirdən 20 manat pul alıb kassaya yaxınlaşmış və nəyə görə hesabın çox etdiyini soruşmuşdur. Onlar əvvəlcə razılaşmasalar da, sonradan hesabın 34 manat olduğunu bildirmişlər. O da “belə olanda gərək sizə hesab ödənməsin, çünki neçənci dəfədir belə artıq hesab yazırsız” demişdir. O, 34 manat hesabı ödəmiş, bundan sonra belə bir hal baş versə hesabı ödəməyəyəcəyini bildirmişdir. Bu zaman orada nəzarətçi işləyən Şeyda adlı şəxs içkili vəziyyətdə ona yaxınlaşaraq qolundan tutub “heç kimin başı üçün deyil hesabı ödəməyib burdan getsin” demişdir. Bu zaman aralarında söz mübahisəsi baş vermiş və Şeyda onu həyətdə söhbət etməyə çağırmışdır. “Şah house” çay evinin qarşısında Şeyda ilə aralarında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı Şeyda onu nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə o da Şeydanı itələyib yerə yıxmışdır. Kənarda olan şəxslər onları ayırmışdır. Şeyda ayağa qalxıb yenidən onu söydüyünə görə o da əsəbləşərək Şeydanı təpiklə və yumruqla bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Yenidən orada olan şəxslər onları ayırmış və o dostu Samirlə oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Aralarında dava-dalaş “Şah house” çay evinin qarşısında baş vermiş və təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı orada o dostu Samir və 10-15 nəfər tanımadığı şəxslər olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək, hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Şah house” çay evində nəzarətçi işləyir. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində o, çay evinin birinci mərtəbəsində olan zaman işçilər ona 2-ci mərtəbədə mübahisə edənin olmasını xəbər vermişlər. O da ikinci mərtəbəyə qalxmış və orada mübahisə edən şəxsin hər dəfə mübahisə yaradan, Elnar adlı müştəri olduğunu görmüşdür. Elnar sərxoş vəziyyətdə kassir Şahid2la hesabla bağlı mübahisə etmişdir. Kassir Kənan ona səhv olduğunu, üzrxahlıq etməsinə baxmayaraq Elnar dediyindən əl çəkməmiş, bundan sonra heç hesab ödəməyəcəyini demişdir. Elnara yaxınlaşıb onu intizama dəvət etmiş, sakit olmasını xahiş etmiş və qoluna girərək onu aşağı düşürtmüş və çölə çıxartmış, onu sakitləşdirməyə çalışmışdır. Lakin Elnar çöldə də onunla mübahisəni davam etdirib heç kimə - orada olan çay evinin işçilərinə və tanımadığı təxminən 10-15 nəfərə yaxın şəxslərə məhəl qoymadan nalayiq ifadə və söyüşlər işlətmiş, daha sonra isə onu itələyərək yerə yıxmış və onu təpiklə vurmağa başlamışdır. Bu zaman ətrafdakı adamlar Elnarı ondan ayırmışdır. Buna baxmayaraq o, ayağa durandan sonra Elnar yenidən ona yaxınlaşaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu təkrar yerə yıxmışdır. Ətrafdakı şəxlərin köməkliyi ilə o yenidən ayağa qalxmış və ətrafdakı şəxslər Elnarı oradan uzaqlaşdırmış və dava-dalaş sona çatmışdır. Mübahisə və dava-dalaş “Şah house” çay evinin qarşısında baş vermiş və təxminən 15 dəqiqə davam eləmişdir. Dava-dalaş zamanı orada obyektin işçiləri Ələmdar, Hüseyn, Kənan, Pərviz və 10-15 nəfər tanımadığı şəxslər olmuşdur. Mübahisə vaxtı Elnarı söyməmiş, ona çay evinin işçilərinin hesabı səhv deyib, buna görə üzrxahlıq etdiklərini dediyi üçün Elnarın bundan xoşu gəlməmiş, ona görə da onu itələyib yerə yıxmış və təpiklə vurmuşdur. Elnarı ondan ayırandan sonra o ayağa qalxaraq ona ancaq iradını bildirmiş, onu söyməmişdir. Elnar sərxoş və ondan acıqlı olduğu və heç kimi saymadığı üçün yenidən onun üstünə gələrək onu yumruq və təpiklə vurmuş və ona xəsarət yetirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, Quba şəhərində yerləşən “Şah house” çay evində işləyir. 12 iyun 2024-cü il tarixdə 20 radələrində obyektdə ofisant işləyən Samirə ona yaxınlaşaraq 4 nömrəli masanın hesabını soruşmuş, o da hesabı çıxarıb vermişdir. Bir qədər sonra adının sonradan Elnar olduğunu bildiyi şəxs kassaya yaxınlaşaraq hesabın düzgün olmadığını bildirmişdir. Hesabı araşdırdıqda məlum olmuşdur ki, onlar masanı dəyişdiklərinə görə onların hesabı artıq hesablanıb. Bu səbəbdən həmin vaxt Elnar onunla uca səslə mübahisə etməyə başlamışdır. O, Elnardan üzr istəyərək bildirmişdir ki, yeyib-içdikləri çekdə yazılmışdır, masanı dəyişdiklərinə görə səhv olmuşdur. Elnar onun sözlərinə məhəl qoymayaraq mübahisə yaratmağa davam etmişdir. Bu zaman obyektin nəzarətçisi Şeyda onlara yaxınlaşaraq onun qoluna girərək onu aşağı aparmışdır. Elnar isə mübahisəni davam etdirib heç kimə məhəl qoymadan Şeydanı itələyib bir neçə dəfə yerə yıxmış, yumruq və təpiklə ona xəsarətlər yetirmişdir. Mübahisə və dava-dalaş zamanı Şeyda Elnarı söyməmiş, ona qarşı nəzakətli davranmışdır. X3 sakitləşdirmək istəmiş, Elnar isə onu söyərək təhqir etmişdir. Mübahisə 15-20 dəqiqə davam etmiş, həmin vaxt orada obyektin işçiləri və 10-15 nəfər müştərilə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba şəhərində yerləşən “Şah house” çay evində ofisiant işləyir. 12 iyun 2024-cü il tarixdə adının sonradan Elnar olduğunu bildiyi şəxs bir nəfər şəxslə əvvəlcə 4, sonra isə 5 nömrəli masa arxasında oturub pivə içmişlər. Bu səbəbdən kassada onların hesabı səhv hesablanmışdır. Buna görədə Elnar kassaya yaxınlaşıb kassir işləyən Kənanla mübahisə etməyə başlamışdır. Kənan da ondan anlaşılmazlıq olduğunu bildirib üzr istəmələrinə baxmayaraq, Elnarın mübahisəni davam etdirmiş, sakitləşmək istəməmişdir. Həmin vaxt nəzarətçi Şeyda onlara yaxınlaşaraq Elnarı sakitləşdirib onun qoluna girərək onu oradan aşağı aparmışdır. O, yuxarıda olduğundan aşağıda nə baş verdiyini görməmişdir. Sonradan ona məlum olmuşdur ki, kafenin çölündə Elnar ilə kafedə nəzarətçi işləyən Şeydanın arasında mübahisə yaranmış və həmin mübahisə zamanı Elnar Şeydanı vurub yerə yıxmışdır. Orada olan müştərilər və kafenin işçiləri onları ayırdıqdan sonra, Elnar çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Quba şəhəri ərzisində yerləşən “Şah house” çay evinə getmiş, biraz spirtli içki qəbul etmiş, daha sonra dostu Elnar da gəlmiş və onunla birlikdə bir qədər də spirtli içki qəbul etmişdir. Saat 20 radələrində hesabı istəmişlər ki, evə getsinlər. Dostu Elnar ondan 20 manat istəmiş, qalan pulu özü ödəyəcəyini bildirmişdir. O, Elnara 20 manat verib aşağı düşmüş, daha sonra mübahisə olduğunu eşidib yenidən yuxarı qalxıb sakitlik yaratmağa çalışmışdır. Sonra küçəyə çıxmışlar. Çay evində olan başqa tanışlar da gəlmiş, o, Elnar, sonradan adının Şeyda olduğunu bildiyi restoranın işçisi və bir neçə nəfər şəxs kənara çəkilmişdir. Şeyda Elnara nəsə demiş, Elnar ona yumruq atmışdır. Şeyda Elnara nalayiq ifadələr işlətdiyi üçün Elnar onu üzərinə hücum edərək, Şeydanı yerə yıxmış, ayaqlarından tutub dartmışdır. Daha sonra orada olan şəxslərlə onları ayırmışlar. Elnar oradan uzaqlaşaraq çıxıb getmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 448 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol kürəyində və sol dirsəkdə sıyrıq, sol diz oynağında yumşaq toxumaların əziyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 13 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən və Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-140/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Quba RİHB-nın Küpçal İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 239 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Quba RİHB-nın Küpçal İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Quba rayon Mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Onun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, ona tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 6 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut , məhkəmə xərcləri, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərclərinin, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-152/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-152/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver