Məhkəmə qərarları › İş №1(027)-153/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-153/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-153/2021 07.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatçılıqla məşğul olan, məhkum olunmamış, Şabran rayonu, Məliklər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 07 avqust 2021-ci il tarixdə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ayrılmaq məqsədilə həmin günü saat 12 radələrində idarə etdiyi “Ford Tranzit” markalı AZ **-ZU-*** qeydiyyat nişanlı yük avtomaşınında onu Bakı-Quba magistral yolu ilə Qusar rayonundakı evlərinə apararkən Quba rayonu Paşaoba kəndi ərazisində, maşında Zərərçəkmiş şəxs ondan şikayət edəcəyini deməsini bəhanə gətirərək onunla şəxsi münasibətlər zəminində mübahisə edərkən maşını saxlayıb Zərərçəkmiş şəxs maşından düşməsini tələb etdikdə sonuncu maşından düşməkdən imtina etdiyinə görə əlləri ilə üzünə və ayaqları ilə onun bədəninin digər nahiyələrinə təpik zərbələr vurmaqla Zərərçəkmiş şəxs maşının kabinəsindən itələyərək asfalta yıxaraq onun sifətində solda, sol və sağ saiddə, qarnında öndə, qasıq sahəsində, sol budun iç səthində, sol baldırda bayır səthində, hər iki əlin arxa səthində sıyrılmış yaralarla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şabran rayonu Məliklər kəndində yaşayır. Evlidir və iki azyaşlı uşağı vardır. Atası Heybətə məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən ferma sahəsində xırda buyunuzlu heyvanlara baxıb ailəsini dolandırır. Bir il əvvəl Quba şəhərində Qusar rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Natəvan əvvəl bir dəfə evli olub boşanmışdır. Onun bir uşağı var, aliment alır. Özünün evli olmasına baxmayaraq Natəvanın istəyi ilə onu qeyri-rəsmi ikinci arvad kimi saxlamağa başlamışdır. Öz ailəsindən gizli olaraq əvvəlcə Quba şəhərinin mərkəzində, sonra isə Şabran şəhərində ona kirayə ev tutmuşdur. Hətta ara-sıra onu Şabran rayonu Aygünlü kəndində yerləşən “Göyçə” adlı ərazidəki fermaya da qalmağa aparmışdır. Lakin Natəvan onunla qalmırdı. Hara istəyirdi, gedib-gəlirdi. Ona gedəcəkləri yerləri bildirmirdi. Natəvanın başqaları ilə görüşməsindən şübləndiyi üçün aralarında narazılıq olurdu. Ona dəfələrlə xəbərdar etmişdir ki, onunla əlaqəni kəsəcəkdir. Natəvan isə ondan əl çəkmirdi. 29 iyul 2021-ci il tarixdə ad gününü qeyd etmək münasibəti ilə Natəvanı fermaya aparmışdır. 30 iyul 2021 -ci il tarixdə Natəvanı Quba şəhərindən taksi maşını ilə Qusar rayonuna yola salmışdır. 04 avqust 2021-ci il tarixdə fermada tək qaldığını üçün Natəvanı fermaya aparmışdır. 06 avqust 2021-ci il tarixdə aralarında söz söhbət yaranmış, bu zaman onu söydüyünə görə Natəvanın kürəyindən iki dəfə yumruq zərbəsi vurmuşdur. Səhəri günü, 07 avqust 2021-ci il tarixdə anası Təranə və qardaşı Sərkər fermaya gəlmişlər. Onlar natəvanı fermada görüb ondan Natəvanı aparmağı tələb etmişlər. Bu zaman qardaşı Sərkər Natəvanla sözlə mübahisə etmişdir. Anasıgil çıxıb gedəndən sonra o Natəvanı götürüb qardaşı Sərkərin adına olan “Ford-Tranzit” markalı Az **-ZU-*** qeydiyyat nişanlı yük maşında evlərinə aparmaq üçün Qusar rayonu istiqamətində yola düşmüşdür. 07 avqust 2021-ci il tarixdə saat 12 radələrində yol üstü Quba rayonu Paşaoba kəndi ərazisindən magistral yol ilə keçib gedərkən yolda Natəvan demişdir ki, “ya sən mənə 1000 manat pul verirsən,ya da mən polisə gedib sənin məni döyməyin barədə şikayət edəcəyəm”. Həmin baxt Natəvana bərk əsəbləşib maşını saxlayaraq ondan maşından düşməsini tələb etmişdir. Lakin Natəvan maşından düşmək istəməmişdir. Ona görə də aralarında mübahisə yaranmışdır. Həmin vaxtı Natəvanın üzünə şillə vurmuş, sonra təpik zərbələri ilə onun qarın nahiyyəsinə vuraraq onu maşının kabinəsindən itələyərək yerə yıxmışdır. Bundan sonra o, maşını sürüb ordan uzaqlaşmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və barəsində 8 X6 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, əvvəllər bir dəfə evli olub boşanmışdır. Həmin niganıhdan 01 azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir. Təxminən 02 il bundan əvvəl Şabran rayonu Məliklər kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Qısa müddət ərzində onların arasında yaxın münasibət yaranmışdır. O, Heyyətdən öyrənmişdir ki, onun arvadı və iki uşağı vardır. Heyyət ona təklif etmişdir ki, ikinci arvad kimi onu saxlasın. Hətta kəbin etdirməyə və hər ay onun ehtiyacları üçün 500 manat verməyə söz vermişdir. O, Heyyətə inanıb onunla razılaşmışdır. Daha sonra kəbin edib birlikdə yaşamağa başlamışlar. Bir müddət sonra Heyyət onu qısqanmağa başlamışdır. Heyyətin valideynləri və qardaşı Sərkər onların münasibətlərindən xəbər tutub onunla əlaqəni kəsməyi tələb etmişlər. 04 avqust 2021-ci il tarixdə Heyyətin işlədiyi fermada olarkən qoyunlar nəzarətsiz qalıb uzağa getdiklərinə görə Heyyət onunla mübahisə etmişdir. Həmin vaxt Heyyət onun başına yumruq zərbələri vurmuşdur. Səhəri gün fermaya Heyyətin anası və qardaşı Sərkər gəlmişlər. Həmin vaxtı Sərkər ilə onun arasında mübahisə yaranmışdır. Onlar getdikdən sonra Heyyətdən özü istəmişdir ki, onu Qusar rayonundakı evlərinə aparsın. Heyyət ondan xahiş etmişdir ki, evə getsə ondan şikayət etməsin. Belə olub Heyyətlə razılaşmışdır. 07 avqust 2021-ci il tarixdə saat 12 radələrində Heyyət onu idarə etdiyi “Ford Tranzit” markalı Az **-ZU-*** qeydiyyat nişanlı yük avtomobilinə mindirib Qusar rayonuna aparanda Quba rayonu Paşaoba kəndi ərazisindən keçib getdikləri zaman yolda Heyyəti xəbərdar etmişdir ki, Qusara çatan kimi onu polisə verəcək. Heyyət yenə xahiş etmişdir ki, ondan şikayət etməsin. Lakin o and içərək onu polisə verib şikayət edəcəyini söyləmişdir. Bunu deyəndə Heyyət ona əsəbləşmiş, nəticədə ikisinin arasında mübahisə yaranmışdır. Həmin vaxtı Heyyət əvvəlcə əlli ilə onun sifətinin sol nahiyəsinə yumruq atmış, sonra isə maşında onun qarın nahiyəsinə və sol ayağına bir neçə dəfə təpik zərbələri vuraraq onu maşından çölə itələmişdir. Onu təpiklə vurub itələyərkən avtomobilin kabinəsinin sağ qapısına sıxılmış, bu məqamda qapı açılmış və Heyyətin təpik zərbələrindən yerə doğru asfalta yıxılmışdır. O maşından yıxılarkən hər iki qollarından, əllərindən müxtəlif sayda sıyrıq xəsarətləri almışdır O, maşından yerə yıxılan kimi Heyyət avtomobildən düşüb onun yanına gələrək onu təzədən maşına mindirmək istəyəndə o, maşına minməmişdir. Bundan sonra Heyyət maşınl sürüb getmişdir. Oraya toplaşan adamlar təcili yardım çağırmışlar. Təcili yardım maşını onu Xaçmaz MRX-na aparmışdır. Həmin xəstəxanada ona ilkin tibbi yardım göstərmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda şikayətçi olduğunu bildirib, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 10 avqust 2021-ci il tarixli 799 №li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər - sifətində solda, sol və sağ saiddə, qarnında öndə, qasıq sahəsində, sol budun iç səthində, sol baldırda bayır səthində, hər iki əlin arxa səthində sıyrılmış yaralar olub, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir və hadisənin baş verdiyi vaxta, yəni 07 avqust 2021-ci il tarixdə yetirilməyə uyğun gəlir, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİHB-nın Uzunboyad kənd İƏD üzrə nümayəndəliyindən alınmış 16 avqust 2021-ci il tarixli 297 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Məliklər kəndində qeydyyatda olub həmin kənddə yaşayır v’ o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ İV № 120486 saylı və AZ İV № 339775 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.04.2018-ci il təvəllüdlü X1 və 19.11.2019-cu il təvəllüdlü X2 adında iki azyaşlı övladları vardır. «8 Noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs ərizəsini və dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işini və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam edilməlidir Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar