Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-153/2022 19.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də timbaşçı işləyən, Bakı şəhəri, Binəqədi rayonu, 12-ci Aşırım küçəsi ev 87, mənzil 3-də qeydiyyatda olmaqla, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 5-ci məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində AB ******* nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında və ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21214” (NİVA) markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri, H.Əliyev prospektində şəhərin yuxarısı istiqamətində 50 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq edərək qanununun qeyd olunan tələblərini pozub, hərəkətdə olduğu prospektdə yolun sağ tərəfində yerləşən “X5” mağazasının qarşısında yolun sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa-sağ təkərinin üst hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, ona “baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq nahiyəsinin əzilmiş yarası, travmatik pleksopatiya ilə müşayiət olunan sağ bazu oynağının travmatik çıxığı, sağ iç topuqda vətərin zədələnməsi ilə əzilmiş-cırılmış yara”dan ibarət xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 aprel 2022 il tarixdə, saat 22 radələrində idarə etdiyi “VAZ 21214” (NİVA) markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospekti ilə şəhərin yuxarısına doğru hərəkətdə olmaqla işdən evə getmişdir. Həmin prospektdə yolun sağ tərəfində yerləşən “X5” mağazasının qarşısına təxminən 50 metr məsafə qalmış bir nəfər piyadanın yolun sağ tərəfindən sol tərəfinə doğru getməsini görmüşdür. Piyadanın dayanmayaraq yolun ortasına doğru hərəkət etdiyini görən kimi piyadanı vurmamaq üçün əyləci sıxmaqla sükanı sola döndərmişdir. Piyada onun idarə etdiyi avtomobili görsə də, öz hərəkətini davam etdirmişdir. Əyləci sıxsa da, avtomobil dayanmadığı üçün piyada avtomobilin arxa sağ təkərin qanadına dəyərək çırpılmışdır. Dəyəndən sonra avtomobil 2-3 metr gedərək dayanmışdır. O, avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Piyadanın 60 yaşlarında bir kişi olmasını və qolunun əzilməsinə görə qışqırdığını görmüşdür. Hadisəni görüb yaxınlaşan şəxslər onunla birlikdə piyadaya kömək etmiş və təcili tibbi yardım çağırmışlar. 5 dəqiqə sonra təcili tibb yardım gəlmiş və piayadanı yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobillə vurduğu piyada Quba şəhər sakini Zərərçəkmiş şəxsdur. O, hadisə baş verən gündən başlayaraq Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəməyə başlamışdır. Hadisə vaxtı avtomobili 50 km/saat sürətlə idarə etmiş, avtomobildə sərnişin, hər hansı bir yük və texniki nasazlıq olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, səhhətində hər hansı narahatçılıq olmamışdır. Hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyadanın hərəkət istiqaməti yolun əks istiqamətinə düzünə (yola perpendikulyar) olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda da piyada düzünə, yəni yola perpendikulyar hərəkətdə olmuşdur. Piyadanın hərəkət tempi iti yerişlə olmuş, sanki harasa tələsmişdir. Piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişməmişdir. Həmin vaxt piyada yolun hərəkət hissəsinə daxil olarkən aralarında 50 (əlli) metr məsafə olmuşdur. Bu vaxt o, gözləməmişdir ki, piyada öz hərəkətini sona qədər davam etdirərək yolun ortasına qədər gələr. Həmin vaxt o, heç bir təhlükə gözləməmişdir. Həmin vaxt piyadanın yolun hərəkət hissəsinə daxil olaraq yolun ortasına doğru təxminən 6 metr məsafə qət edərkən hərəkət üçün təhlükə yaranmış və bu zaman aralarında 30 (otuz) metr məsafə olmuşdur. Həmin andan piyadanın vurulma yerinə kimi də elə 30 (otuz) metr məsafə qət etmişdir. Çünki hərəkət üçün təhlükə yarananda piyada onun sağ tərəfində 72 dərəcə bucaq altında olmuşdur, O, təhlükəni görüb, yəni piyadanın 90 dərəcə bucaq altında olmaqla qarşısına çıxacağını başa düşərək, sükanı sola döndərmiş, lakin piyada öz hərəkətini eyni templə davam etdirdiyi üçün piyadanın vurulma yeri sol tərəfində 72 dərəcə bucaq altına düşmüşdür. Təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə 4 (dörd) metr olmuşdur. Təhlükə yaranan andan piyadanın idarə etdiyi avtomobillə vurulduğu ana qədər keçən vaxt 3 (üç) saniyə olmuşdur. Hərəkət üçün təhlükə yaranan zaman bunun qarşısını almaq üçün tormoz pedalını sıxaraq sükanı sola döndərmişdir. Piyadanın gözləniləmədən idarə etdiyi avtomobilin qarşısına çıxmasını hadisənin baş vermə səbəbi kimi izah edir. Həmin piyadanı əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. “VAZ 21214” (NİVA) markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə bağlı “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Avtomobil sığorta olunmuş və texniki baxışdan keçmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin müayinə və mualicə xərclərini qarşıladığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində piyada yaşadığı evə gələn zaman Quba şəhəri, H.Əliyev prospektində şəhərin yuxarısına nəzərən yolun sağ tərəfində yerləşən “X5” mağazasının qarşısından yolun əks tərəfinə düzünə olaraq keçməyə başlamış, yolu keçməmişdən əvvəl uzaqdan bir avtomobilin gəlməsini görmüşdür. Yol enli olsa da, yolun əks tərəfinə keçməyi başa çatdıra biləcəyini düşünmüşdür. Yolun ortasına çatanda həmin avtomobilin ona yaxınlaşdığını görmüş, buna görə yolu tez və cəld şəkildə keçməyə cəhd etmişdir, lakin avtomobil arxa sağ təkərinin üst yan tərəfi ilə onu vurmuş və o, zərbədən sonra huşunu itirərək yerə yıxılmışdır. Özünə gələndə görmüşdür ki, yerdə uzanmış vəziyyətdədir, onu vuran avtomobilin sürücüsü və tanımadığı insanlar başına toplaşaraq ona kömək edirlər. Az sonra hadisə yerinə gələn təcili tibbi yardımla onu xəstəxanaya yola salmışlar. Vasim bütün xəstəxana xərclərini tam şəkildə ödəmişdir. Hazırda onlar barışmışlar. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 aprel 2022-ci il tarixdə, saat 22 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən "Yeni Market" adlı marketdən tanışı Elgünlə birlikdə çıxaraq piyada şəhərin aşağısına doğru getmişlər. Təxminən 50 metr məsafə getmişlər ki, yəni “X5” mağazasının qarşısına çatanda görmüşlər ki, bir nəfər 60 yaşlarında olan piyada kişi həmin mağazanın qarşısından yolun əks tərəfinə keçir. Aşağıdan gələn ağ rəngli Niva markalı avtomobil piyadanı görüb nə qədər sola çəksə də, piyada hərəkətini davam etdirdiyinə görə avtomobilin arxa sağ təkərinin üst hissəsinə dəyərək yerə çırpılmışdır. O, Elgünlə birlikdə dərhal piyadaya yaxınlaşaraq vəziyyətinə baxmışlar. O, zəng edərək təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gələnə kimi o, Elgün, Niva markalı avtomobilin sürcüsü və hadisə yerindəki şəxslər vurulan piyadanın vəziyyətini nəzarətdə saxlamışlar. Təcili tibbi yardım gələndən sonra piyadanı xəstəxanaya göndərmişlər. Az sonra polis gəlmiş və sürücü özünü polisə təqdim etmişdir. Onun, həmin sürcünün və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola və hadisə yerinin sxeminə imza edərək doğuruluğunu təsdiq etmişlər. Əvvəllər həmin sürücünü tanımamış, heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsinin (məhkəmə-tibbi ekspertizası) 18 aprel 2022-ci il tarixli 223 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq nahiyəsinin əzilmiş yarası, travmatik pleksopatiya ilə müşayiət olunan sağ bazu oynağının travmatik çıxığı, sağ iç topuqda vətərin zədələnməsi ilə əzilmiş-cırılmış yara” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda qeyd olunan vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vər.: 54); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası) xx.xx.2022-ci il tarixli, 8/1142 nömrəli ekspert rəyində görünür ki, istintaq tərəfindən təqdim olunmuş materiallara əsasən “VAZ 21214” (NİVA) markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vər.: 29- 32). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 61); - “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 79-81); - “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 000865 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs həmin gün müayinədən keçirilərkən ayıq olmuşdur (iş vər.: 13); - AE seriyalı 515050 nömrəli xx.xx.2013-cü il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcudur (iş vər.: 14); - Quba RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir (iş vər.: 21); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. (iş vər.: 39); - Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 1749 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 12-ci Aşırım küçəsi ev 87, mənzil 3-də qeydiyyatdadır, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, 5-ci məhəllədə yaşayan yaşayır (iş vər.: 49); - Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 1750 nömrəli xasiyyətnamədən götünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 50); - Notarial qaydada tərtib edilmiş **********982 saylı ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (iş vər.: 26); - Şəxsiyyət vəsiqələrin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü Sevinc adlı qızı, xx.xx.2015-ci il təvəllüdlü Rüfət adlı oğlu və xx.xx.2020-ci il təvəllüdlü Nicat adlı oğlu vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu ilə xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına köçürülməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba rayon Polis şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-153/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-153/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver