Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-153/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakları ilə, xx xxx 1974-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməyən, Quba şəhəri Cəfər Cabbarlı küçəsi ev 7də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qızılı rəngli kağız bükülüdə 0,355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamışdır. Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 11 iyun 2023-cü il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, Sabir küçəsində yol kənarında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ cibində olan mobil telefonunun arxa hissəsində saxladığı bir ədəd qızılı rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,355 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuş və azad olunduqdan sonra da narkotik vasitə istifadə etməyə davam etmişdir. 10 iyun 2023-cü il tarixdə Quba şəhəri, “Damba” adlanan ərazidə gəzən zaman su bəndinin yanında kağız bükülü tapmış və açdıqda içərisində narkotik vasitə heroin aşkar edərək həmin bükülünü telefonunun arxa hissəsinə qoymuşdur. 11 iyun 2023-cü il tarixdə ssat 19 radələrində Sabir küçəsi ilə piyada hərəkətdə olan zaman Quba rayon polis şöbəsinin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman mobil telefonunun arxa hissəsində saxladığı qızılı rəngli kağız bükülüdə narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilmişdir. O, həmin bükülüdə narkotik vasitə heroin olduğunu və həmin bükülünü bir gün əvvəl “Damba” adlanan ərazidən tapdığını polis əməkdaşlarına etiraf etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 11 iyun 2023-cü il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və məlumatın yoxlanılması məqsədilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı Qrxan Qasımzadə, CAB-nın əməliyyat müvəkkili Şahid2 və KTQ-nun baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, Sabir küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən mobil telefonunu çıxarıb təqdim etmişdir. Mobil telefonun arxa hissəsindən bir ədəd bükülüdə narkotik vasitə heroin aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs, həmin narkotik vasitənin heroin olduğunu bildirərək, narkotik vasitəni bir gün əvvəl “Damba” adlanan ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 12 iyun 2023-cü il tarixli 6/3310 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N267” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,355 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,355 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq - 0,305 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 12 avqust 2023-cü il tarixli 5166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Aşkar edilmiş 0,355 qram narkotik vasitə heroin Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadələri ilə yanaşı, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsvTəqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törətdiyi 11 iyun 2023-cü il tarixdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum еdilmiş şəхs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hеsab olunur. Cəza təyin еdərkən məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs, ünvan 1 ünvanda yaşayır və o, yaşayış yeri üzrə üzrə müsbət xarakterizə olunur Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halın olduğunu nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəlinin 11 iyun 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 65 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddii sübut olan 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,305 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təyin edilmiş tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutulmuş qaydada həyata keçirilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,305 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-153/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-153/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver