Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-154/2024 17.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi qaydada işləyən, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, yəni 8.90 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşımaqla üzərində saxlamışdır. Quba RPŞ-nin əməkdaşları tərəfindən 12 aprel 2024-cü il tarixdə, saat 15:00 radələrində Quba rayonu, Birinci Nügədi kəndində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibində olan kibrit qutusunda ümumi təmiz çəkisi 8,90 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Sumqayıt şəhəri ərazisində tikintidə fəhlə işlədiyi zaman tikinti tullantıları olan ərazidən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə tapmış və öz istifadəsi üçün saxlamışdır. Tutulmamışdan təxminən 15 gün əvvəl yaşadığı Quba rayonu, Birinci Nügədi kəndinə qayıtmış və narkotik vasitəni evin həyət hissəsində gizlətmişdir. 3-4 dəfə həmin narkotik vasitədən istifadə etmişdir. 12 aprel 2024-cü il tarixdə, təxminən saat 14:00 radələrindən yaşadığı kənd ərazisində yerləşən bağ sahəsinə işləməyə gedərkən Birinci Nügədi kəndində iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarışdan əvvəl polis əməkdaşının təklifi ilə, əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibində saxladığı içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu elektron tərəzidə ölçülərək kağız zərfələ qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülüb. O və vəkili narkotik vasitə marixuananın olduğu qablaşdırılmış zərfin üzərini imzalamışlar. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokol bütün iştirakçılar, həmçinin də o və vəkili tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsində azyaşlı övladlarının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayon, Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Quba rayonu, Birinci Nügədi kəndi ərazisində olmasını müəyyən edərək 12 aprel 2024-cü il tarixdə, saat 15 radələrində onlar Təqsirləndirilən şəxs həmin ərazisində görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində məlumat olduğunu bildirmiş və şöbədən təhqıqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Şəxsi axtarışdan əvvəl təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli şalvarının arxa sol cibində olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, bir ədəd ağ kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. O da daxil olmaqla bütün iştirakçılar maddi sübut kimi götürülmüş narkotik vasitənin olduğu zərfin üzərinə imzalayaraq qablaşdırmanın tamlığını təsdiq etmişdir. Video çəkiliş başa çatandan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar imza edərək protokolun məzmununun düzgünlüyünü təsdiq etmişlər İş təyin edilib üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 13 aprel 2024-cü il tarixli 3-16-16/2-7/569 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..." sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 8,90 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış arkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 8.90 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 8,85 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 21 may 2024-cü il tarixli 3551 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın arxa sol cibində 01 ədəd kibrit qutusunun içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 8.90 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla və daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi üz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğ tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzası tam olaraq çəkmişdir və o, xx.xx.2021-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, o, Quba rayon, Birinci Nügədi kənd, 5-ci məhəllədə qeydiyyatdadır və həyat yoldaşı - 1999-cu il təvəllüdlü X1, oğlu - 2018-ci il təvəllüdlü X3, oğlu - 2023-cü il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 89 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 8,85 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmənin videoçəkilişinin qeydə alındığı 1 ədəd CD cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,85 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut 1 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-154/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-154/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver