Məhkəmə qərarları › İş №1(027)-155/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-155/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-155/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi və iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Quba rayonu, fərdi əməklə məşğul olan, evli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarına əsasən cinayət işinə xitam verilmiş. Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatda olan və Abşeron rayonu. Masazır qəsəbəsi, X7 küçəsi, ev 12də yaşayan, 03 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə, saat 14 radələrində AF 330791 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nissan Patrol” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri, A.Hüseynzadə küçəsində M.Rəsulzadə küçəsi istiqamətində 40 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə riayət etmədən yəni yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərən üstünlük nişanlarının tələblərini pozub, idarə etdiyi avtomobili yol ayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli və bundan sonra hərəkətini davam etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq edərək qanununun qeyd olunan tələblərini pozaraq, həmin küçələrin kəsişdiyi yol ayrıcına yaxınlaşdığı halda idarə etdiyi avtomobillə 2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının qarşısında dayanmadan yol ayrıcına daxil olub, idarə etdiyi avtomobilin qabaq-sol fara hissəsi ilə M.Rəsulzadə küçəsində hərəkətdə olmaqla həmin yol ayrıcına daxil olan Şahid1 idarə etdiyi “VAZ 21065” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapı hissəsindən vurmuş, toqquşmanın təsirindən “VAZ 21065” markalı avtomobil sol tərəfə istiqamətlənərək qabaq-sol tərəfi ilə A.Hüseynzadə küçəsində yolun sağ tərəfində dayanmış Şahid2 məxsus “VAZ 2107” markalı, 27-BB781 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21065” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs “baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sağ bazu sümüyünün orta 1/3-dən qapalı yerdəyişən sınığı, sol mil sümüyünün tipik yerdən qapalı yerdəyişən sınığı, sol bud və baldır nahiyəsində qançırlar”dan ibarət xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindidrilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 ailə sürücüsü işləmişdir. 01 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Fikrət Əsgərova məxsus, etibarnamə əsasına idarə etdiyi “Nissan Patrol” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Quba rayonuna yola düşmüşdür. Fikrət Əgərovun tapşırığı ilə Quba şəhərində yerləşən Şahdağ oteldə olan anasını götürüb Bakı şəhərinə qayıtmalı idi. Hərəkətdə olduğu Quba şəhəri, A.Hüseynzadə küçəsi ilə sonradan adını bildiyi M.Rəsulzadə küçəsinin kəsişdiyi yol ayrıcının qarşısında olan “Dayanmadan keçmək qadağandır” yol nişanını fikirli olduğu üçün görməyərək həmin yol ayrıcına daxil olmuşdur. Yol ayrıcına daxil olarkən məlum hadisə baş vermişdir. Toqquşmadan sonra VAZ 2106 markalı avtomobilə yaxınlaşıb sürücü və sərnişinlərə kömək etmiş, hadisəni görüb dayanan tanımadığı bir nəfər şəxs təcili tibbi yardım çağırmış və onları təcili tibbi yardımla xəstəxanaya aparmışlar. Onun iştirakı da olmaqla hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola və hadisə yerinin tərtib edilmiş sxeminə imza edərək doğruluğunu təsdiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Zərərçəkmiş şəxs müalicə olunması ilə əlaqədar maddi yardım göstərərək onunla barışıq əldə etmisini bildirərək məhkəmədən onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba şəhəri, Ə.Nərimanov küçəsi. Dalan 1, ev 10-da ailəsi ilə birlikdə yaşayır. 01 aprel 2022-ci il tarixdə, saat 14 radələrində qardaşı Rövşənin idarə etdiyi “VAZ 21065” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan adını bildiyi Quba şəhəri, M.Rəsulzadə küçəsi ilə şəhərin aşağısına doğru hərəkətdə olmuşlar. Həmin vaxt məlum hadisə baç vermişdir. Hadisə nəticəsində o, xəsarət almışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödəilməsini, onunla barışdığını və məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi özünə məxsus “VAZ 21065” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan adını bildiyi Quba şəhəri, M.Rəsulzadə küçəsi ilə şəhərin aşağısına doğru hərəkətdə olmuşdur. Hərəkətdə olduğu küçənin sonradan adını bildiyi Arif Hüseynzadə küçəsi ilə kəsişməsinə çatanda həmin küçə ilə sağ tərəfdən gələn “Nissan Patrol” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil STOP nişanın tələblərini pozaraq gəldiyi sürətlə yol ayrıcına daxil olmuş və nəticədə həmin avtomobil qabaq-sol fara hissəsi onun avtomobilinin qabaq sağ qapı hissəsindən vurmuşdur. Həmin avtomobilin vuraraq itələməsinin təsirindən onun avtomobili istiqamətini dəyişib qabaq-sol tərəfi ilə şəhərin aşağısına nəzərən yolun sol tərəfində-tində dayanmış VAZ 2107 markalı avtomobilin arxa tərəfindən dəymişdir. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, həmin vaxt avtomobili 50 km/saat sürətlə idarə etmiş, avtomobildə hər hansı bir yük, texniki nasazlıq, səhhətində hər hansı narahatçılıq olmamış, spirtli içki qəbul etməmişdir. Toqquşma təhlükəsi yaranan zaman aralarında məsafə çox az olduğundan hadisənin qarşısını almaq üçün heç nə edə bilməmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin Quba Rayon Şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 12 aprel 2022-ci il tarixli, 223 nömrəli nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sağ bazu sümüyünün orta 1/3-dən qapalı yerdəyişən sınığı, sol mil sümüyünün tipik yerdən qapalı yerdəyişən sınığı, sol bud və baldır nahiyəsində qançırlar” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 aprel 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər... dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasına dair 14 iyun 2022-ci il tarixli, 8/1144 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Nissan Patrol” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BB seriyalı 113593 nömrəsli sürücülük vəsiqəsinin surətindən görünür ki, DİN-nin BDYPİ-nin Qİİ 2 saylı ASAN Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs B1,B kateqoriyalı sürücülük vəsiəqsi verilmiş, həmin sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək etibarlıdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsinş şahdib ifadəsi, habelə məhkəmə tibb və yol-nəqliyyat hadisələri haqqında ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər subutlaral tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsini, onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin yazılı vəsatətlərindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əzimov X4 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarına əsasən cinayət işinə xitam verilmişdir. İş materiallarında olan Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Masazır kənd lƏD üzrə nümayəndəliyi tərəfindən arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, fərdi əməklə məşğul olur, evlidir. Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatda olub, 2001-ci il tarixdən ailəsi ilə birlikdə Abşeron rayonu. Masazır qəsəbəsi, X7 küçəsi, ev 12-də yaşayır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə tutulmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 7 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar