Məhkəmə qərarları › İş №1(027)-156/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-156/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-156/2024 03.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 3 yanvar 1985-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və Quba rayonu, Dəhnə kəndində yaşayan, 21 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində AF 303243 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “QAZ 330202 14 yük” markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba rayonu, Qonaqkənd kəndi istiqamətində 50 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Amsar kəndi ərazisindən keçən hissəsində, bu yolun Bakı-Quba Palace yolu ilə kəsişdiyi “dördyol” adlanan yol ayrıcında sağ tərəfdən, yəni “Quba Palace” oteli istiqamətindən gələn X3 idarə etdiyi “BMW 528i” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcına daxil olmaqla qarşısına çıxmasını görərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdırlar) və 42-ci maddəsinin 1-ci hissəsinin (hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini cinayətkarcasına etinasızlıq etməklə pozaraq, diqqətini daim dəyişməkdə olan yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, eləcə də qarşısındakı yol ayrıcına sağ tərəfdən “BMW 528i” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin daxil olmasını nəzərə alaraq idarə etdiyi avtomobili dayandırması üçün tədbir görməli və sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı olduğu halda, “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının qarşısından yol ayrıcına daxil olub dayanan “BMW 528i” markalı avtomobillə toqquşmamaq üçün sola istiqamətlənərək qarşı hərəkət zolağına çıxmış və idarə etdiyi avtomobilin qabaq-sağ tərəfi ilə əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq-orta-sağ tərəfinin toqquşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs “komatoz vəziyyətlə müşayiət olunan ağır dərəcəli qapalı kəllə beyin travması, baş beyninin ağır dərəcəli əzilməsi, travmatik subarxnoidal qansızma, beyindaxili qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, epidural qansızma, sağ əlin arxa səthində əzilmiş-cırılmış yara”dan ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Quba rayonu, Püstəqasım kəndində ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük taksini kimi işləyərək fərdi əməklə məşğul olmuşdur. 15 oktyabr 2023-cü il tarixdə, saat 16:15 radələrində idarə etdiyi “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən çıxaraq yaşadığı kəndə yolda düşmüşdür. Avtomobildə sərnişin qismində Quba rayonu, Rustov kənd sakini Elvin adlı tanışı əyləşmişdir. Avtomobilin yük yerində Elvin üçün tikinti malları aparmışdır. Saat 16:30 radələrində “Quba-Qonaqkənd” avtomobil yolunun Amsar kəndi ərazisindən keçən hissəsində, Quba Palace otelinə gedən yolu birləşdirən “dördyol” adlanan yol ayrıcına çatmağa az qalmış görmüşdür ki, ona nisbətdə yolun sağ tərəfindən, yəni həmin otel istiqamətindən gələn qara rəngli, markasını və modelini xatırlamadığı, sedan tipli avtomobil nəqliyyat axınını gözləmədən yol ayrıcının yarısına kimi daxil olub dayanmışdır. O, həmin qara rəngli avtomobilin onun hərəkət zolağında dayandığını görüb bu avtomobillə toqquşmamaq üçün tormoz pedalını sıxaraq sükanı sola döndərib əks hərəkət zolağına çıxmışdır. Bu vaxt əks hərəkət zolağından gələn qara rəngli “VAZ-21074” markalı avtomobili görüb sükanı daha da sola döndərmişdir ki, bu avtomobillə də toqquşmasın. “VAZ-21074” markalı avtomobil onun avtomobilini görüb ona nisbətdə sola, özünə nisbətdə sağa istiqamətlənmişdir. Nəticədə idarə etdiyi avtomobil qabaq-sağ tərəfi ilə əks istiqamətdən gələn “VAZ-21074” markalı avtomobilin qabaq-orta-sağ tərəfi ilə toqquşmuşdur. Toqquşma “VAZ-21074” markalı avtomobilin hərəkət zolağının sağ tərəfində baş vermişdir. Elvin 2-ci Qarabağ müharibəsinin qazisi olduğundan yaralanaraq aldığı xəsarətlərə görə əsəbləri pozulduğu üçün dərhal avtomobildən düşüb kənara çəkilmişdir ki, sürücülər arasında söz- söhbət yaranarsa, reaksiya verməsin. O, avtomobildən düşüb “VAZ-21074” markalı avtomobilə yaxınlaşsın. Avtomobildə bir nəfər şəxs, yəni yalnız sürücü olmuş, sərnişin olmamışdır. O, sürücü tərəfdən qapını açaraq hadisə yerinə toplaşan tanımadığı şəxslərin köməyi ilə sürücünü avtomobildən çıxarmışdır. Hadisə yerini görüb dayanan tanımadığı Toyota Prius avtomobili ilə sürücünü xəstəxanaya aparmışdır. Xəstəxanaya gələn polis əməkdaşlarına özünü təqdim edərək hadisə ilə bağlı məlumat vermişdir. Alkotestr vasitəsilə onun sərxoşluğu yoxlanılmışdır. Həmin vaxt o, avtomobili 50 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobildə Elvindən başqa sərnişin qismində heç kim olmamışdır. Hadisə vaxtı idarə etdiyi avtomobilin yük yerində sement və suvaq üzlüyü kisələri, dəmir borulardan ibarət olan təxminən 500 kq yük olmuşdur. Avtomobildə texniki nasazlıq olmamışdır. Hadisə günü spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı səhhətində hər hansı narahatçılıq olmamışdır. İdarə etdiyi avtomobillə qarşıdan gələn “VAZ-21074” markalı avtomobilin toqquşma təhlükəsi, yəni onun hərəkəti üçün təhlükə yaranan zaman aralarında 20 (iyirmi) metr məsafə olmuşdur. Toqquşma təhlükəsi yaranan anda o, olduğu yerdən toqquşma yerinə kimi təxminən 10 (on) metr az məsafə qət etmişdir. “VAZ-21074” markalı avtomobil ilə toqquşma təhlükəsi yaranan zaman tormoz pedalını sıxaraq sükanı sola döndərmişdir. Quba Palace oteli istiqamətindən gələn qara rəngli, markasını və modelini xatırlamadığı, sedan tipli avtomobilin nəqliyyat axınını gözləmədən yol ayrıcının yarısına kimi daxil olub dayanmasını hadisənin baş vermə səbəbi kimi izah edə bilər. “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə bağlı "BC" kateqoriyalı sürücülük vəsiqəsi var. Avtomobil texniki baxışdan keçmiş və sığorta olunmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Quba rayonu, 1ci Nügədi kəndində ailəsi ilə birlikdə yaşayır. 15 oktyabr 2023-cü il tarixdə, saat 16:20 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Quba rayonu, 1-ci Nügədi kəndindən çıxaraq Quba şəhərinə yolda düşmüşdür. Avtomobildə sərnişin qismində heç kim olmamışdır. Saat 16:30 radələrində “Quba-Qonaqkənd” avtomobil yolunun Amsar kəndi ərazisindən keçən hissəsində, Quba Palace otelinə gedən yolu birləşdirən “dördyol” adlanan yol ayrıcına çatmağa az qalmış görmüşdür ki, əks istiqamətdən gələn "Qazel" markalı avtomobil qəflətən onun qarşısına çıxmışdır. O, sükanı sağa çəksə də, həmin avtomobil qabaq-sağ tərəfi ilə onun avtomobilini qabaq-orta-sağ tərəfindən vurmuşdur. Toqquşma onun hərəkət zolağının sağ tərəfində baş vermişdir. Toqquşmadan sonra onun huşu getdiyindən 2 aydan artıq müddətdə o, komatoz vəziyyətində qalmışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq ifadəsində həmçinin göstərmişdir ki, həmin vaxt mən avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə hər hansı bir yük və texniki nasazlıq olmamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı səhhətimdə hər hansı narahatçılıq olmamışdır. İdarə etdiyim “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində yol yoxuş olmuş, yəni idarə etdiyim avtomobil yoxuşu qalxmışdır. İdarə etdiyim “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına, yəni mənim hərəkət zolağıma çıxdığı andan yaranmış və həmin anda “QAZ 330202 14 yük” markalı avtomobillə aramızda 4 (dörd) metr məsafə olmuşdur. Toqquşma təhlükəsi yaranan anda mən olduğum yerdən toqquşma yerinə kimi təxminən 2 (iki) metr məsafə qət etmişdim. Toqquşma təhlükəsi yaranan zaman tormoz pedalını sıxaraq sükanı sağa döndərdim. Qarşıdan gələn Qazel markalı avtomobilin mənim hərəkət zolağıma çıxmasını hadisənin baş vermə səbəbi kimi izah edirəm. “VAZ 21074 minik” markalı, 90-KG- 947 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə bağlı "BC" kateqoriyalı sürücülük vəsiqəm var. Avtomobil texniki baxışdan keçmiş və sığorta olunmuşdur. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç şikayəti yoxdur, sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxsla barışmasını, baş vermiş hadisə ilə bağlı heç bir şikayətinin olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını nəzərə alaraq, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Quba RPŞ-nin Dövlət yol polis bölməsinin yol patrul xidməti üzrə inspektoru vəzifəsində işləməklə polis baş serjantı rütbəsindədir. 15 oktyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində “Quba-Qonaqkənd” avtomobil yolunda işlədiyi bölmənin inspektoru, polis baş serjantı Şahid3 idarə etdiyi “Kia Sportage” markalı, **-YP- *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə ikisi birlikdə Quba şəhəri tərəfdən gələrək Quba rayonu, Qonaqkənd kəndi istiqamətində hərəkətdə olmaqla xidmət aparan zaman həmin yolun Amsar kəndi ərazisindən keçən hissəsində, “Quba Palace” otelinə gedən yolu birləşdirən “dördyol” adlanan yol ayrıcında “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsini aşkar etmişlər. Onlara məlum olmuşdur ki, bir neçə dəqiqə əvvəl Quba rayonu, Püstəqasım kənd sakini Təqsirləndirilən şəxs Qonaqkənd kəndi istiqamətində idarə etdiyi “QAZ 330202 14 yük” markalı avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan, yəni Qonaqkənd kəndi istiqamətindən gələn Quba rayonu, Birinci Nügədi kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş və Təqsirləndirilən şəxs xəsarət almış Zərərçəkmiş şəxs hadisə yerindən təsadüfən keçən Toyota Prius markalı avtomobillə xəstəxanaya aparmışdır. O, dərhal Quba RPŞ-nin növbətçi hissəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əməliyyat-istintaq qrupunun üzvləri gələnə kimi onlar hadisə yerində gözləmişlər. Hadisə yerinə baxış keçirildikdən sonra qrup üzvləri ilə birlikdə Quba Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Sürücü Təqsirləndirilən şəxs onlara, yəni polis əməkdaşlarına özünü təqdim edərək hadisə ilə bağlı məlumat vermişdir. O, alkotestr vasitəsilə sürcü Təqsirləndirilən şəxs sərxoşluğunu yoxlanarkən ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Digər sürücü Zərərçəkmiş şəxs koma vəziyyətində olduğu üçün sərxoşluğunu yoxlaya bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Şahid1 ibtidai istintaq zamanı bildirmişdir ki, Quba rayonu, Rustov kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, Xocavəndin azad olunması zamanı yaralandığı üçün 3-cü qrup əlildir. 15 oktyabr 2023-cü il tarixdə, saat 16:15 radələrində tanışı Quba rayonu, Püstəqasım kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Qazel” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili ilə Quba şəhərindən çıxaraq yaşadığı kəndə yolda düşmüşdür. O, avtomobildə sərnişin qismində qabaq oturacaqda, sağ tərəfdə əyləşmişdir. Avtomobildə ondan başqa heç kim olmamışdır. Farizin avtomobilində o, özü üçün tikinti malları aparmışdır. Saat 16:30 radələrində “Quba-Qonaqkənd” avtomobil yolunun Amsar kəndi ərazisindən keçən hissəsində, “Quba Palace” otelinə gedən yolu birləşdirən “dördyol” adlanan yol ayrıcında onların avtomobilinin digər bir avtomobillə toqquşması səsini eşitmiş və elə həmin anda huşum getmişdir. Özünə gələndə xəstəxanada olmuş və görmüşdür ki, müxtəlif xəsarətlər almışdır. Sonradan sürücü Fariz ona bildirmişdir ki, həmin vaxt qarşıdan gələn Vaz-2107 markalı avtomobillə toqquşmuşlar. Farizin dediyinə görə həmin vaxt hətta o, toqquşmadan dərhal sonra avtomobildən düşüb kənara çəkilmişdir ki, sürücülər arasında söz-söhbət yaranarsa, o, reaksiya verməsin. Yəni Farizə o, bu sözləri deyərək avtomobildən düşmüşdür. Belə ki, o, 2 -ci Qarabağ müharibəsində aldığı xəsarətlərə görə əsəbləri pozulduğundan hər xırda məsələyə reaksiya verir. Hal-hazırda o, hadisə vaxtı Farizə həmin sözləri deyərək avtomobildən düşdüyünü və kənara çəkildiyini, hadisə yerindən xəstəxanaya kim tərəfindən və necə aparıldığını xatırlamır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, həmin vaxt əlimdəki mobil telefonla məşğul olmuş, telefona baxaraq yola diqqət yetirmədiyi üçün hadisənin necə və hansı şəraitdə baş verməsini hal-hazırda xatırlaya bilmir. Yalnız hadisə verən yerdə onların avtomobilinin digər bir avtomobillə toqquşması səsini eşitmiş və elə həmin anda huşu getmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin Quba Rayon Şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 8 aprel 2024-cü il tarixli, 256 nömrəli nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “komatoz vəziyyətlə müşayiət olunan ağır dərəcəli qapalı kəllə beyin travması, baş beyninin ağır dərəcəli əzilməsi, travmatik subarxnoidal qansızma, beyindaxili qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, epidural qansızma, sağ əlin arxa səthində əzilmiş-cırılmış yara” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 15 oktyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasına dair 26 aprel 2024-cü il tarixli, 8/697 nömrəli ekspert rəyindən görünür ki, “QAZ 330202 14 yük” markalı, **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur; yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto-cədvəldən görünür ki, hadisə yeri “Quba-Qonaqkənd” avtomobil yolunun Amsar kəndi ərazisindən keçən hissəsi, həmin yolun Bakı-Quba Palace avtomobil yolu ilə kəsişdiyi “dördyol” adlanan yol ayrıcıdır. Baxış aydın və günəşli havada, 12 dərəcə temperaturda, Quba şəhəri istiqamətindən Quba rayonu, Qonaqkənd kəndi istiqamətində keçirilmişdir. Hadisənin növü toqquşmadır. Yolun hərəkət hissəsi eniş və döngəlidir. Yolun maillik dərəcəsi 5 (beş) faizədək təşkil edir. Yol örtüyünün növü asfalt olmaqla, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün ümumi eni 6 metr, hərəkət zolaqlarının sayı 2 olmaqla hərəkət hissəsinin eni də 6 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün ağ rəngli uzununa bütöv nişanlama xətti var. Hərəkət hissəyə sağdan və soldan 1 metr enində yol çiyni (ehtiyat hissə), sağdan sonra əkin sahələri, soldan sonra dağlıq və təpəlik ərazi birləşir. Ehtiyat hissələr daş-torpaq səthə malik olmaqla avtomobil yolunun hərəkət hissəsindən 3 sm aşağı səviyyədədir. Hərəkətin nizamlama üsuluna görə hadisə yeri nizamlanmayan yoldur ki, bu yol da yaşayış məntəqəsindən kənar ərazidir və maksimum hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılmışdır. Toqquşma yeri “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağıda yerləşir ki, bu yerlə hərəkət hissəsinin mərkəzini ayıran nişanlama xətti arasındakı məsafə 2 (iki), Quba rayonu, Qonaqkənd kəndi istiqamətinə nəzərən hərəkət hissəsinin sol kənarı arasındakı məsafə 1 (bir), sağ kənarı arasındakı məsafə isə 5 (beş) metrdir. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir ki, “\Jf\7. 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən əvvəl Quba şəhəri, “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Quba rayonu, Qonaqkənd kəndi istiqamətinə doğru hərəkətdə olmuşdur. Hadisə yerində “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı, “VAZ 21074 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil Qonaqkənd istiqamətində dayanmışıdır. Həmin avtomobillər arasındakı məsafə 2 metr, toqquşma yerindən “QAZ 330202 14 yük” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə kimi olan məsafə 2,5 metr, “VAZ 21074 minik” markalı, **-KG- *** dövlət qeydiyyat nişanlı avtomobilə kimi isə 1 metrdir. Hadisə yerində tormozlama izləri aşkar edilməmiş, buna baxmayaraq hər iki avtomobilin təkər şinlərinin sürtünmə izləri aşkar edilmişdir ki, bu izlər onların toqquşmadan sonrakı hərəkət trayektoriyasını göstərir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası DİN Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs AF 303243 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və sürücülük hüququndan məhrum olunmamışdır; müstəntiqin xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 00827 nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir; Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 469 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla, İƏD-in Dəhnə kəndində yaşayır. Təqsirləndirilən şəxs müsbət xaraktrizə olunur; Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu, eləcə də iş materiallarında olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tələb edir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. İş üzrə məhkəmə xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (iki) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod:210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Quba Rayon Polis Şöbəsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (iki) iş saatına görə 36 (otuz altı) manat manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar