Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-157/2021 04.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qusar rayonu, Əniğoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 07 iyul 2021 -ci il tarixdə saat 20:30 radələrində, sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21013 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizli ilə digər hərəkət iştirkaçılarına, onların nəqliyyat vasityələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib 70 km/saat sürətlə hərəkət edərək qarşıda maneə olduğunu görüb vaxtında tormoz əyləcini sıxmamaqla avtomobili eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarında işıqforun qırmızı işığında dayanmış sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Nissan X-Trail” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpmış, nəticədə ehtiyatsızlıqdan avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 “Sağ bazu sümüyünün orta aşağı 1/3-dən qapalı yerini dəyişən sınığı” kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də Zərərçəkmiş şəxs2 məxsus “Nissan X- Trail” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilini zədələməklə sonuncuya 1770 manat məbləğində maddi zərər vurmuşdur. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. 07.07.2021-ci il tarixdə axşam saat 20:30 radələrində o, şəxsi işləri ilə əlaqədar Quba rayonuna gəlmişdir. O, Quba rayonunda benzin doldurma məntəqəsində avtomobilimə benzin vurdurmuşdur. Sonra həmin benzin doldurma məntəqəsində işləyən əsgər yoldaşı Zərərçəkmiş şəxs1 onun avtomobilinə minmişdir ki, onu Köhnə avtovağzal tərəfə aparıb düşürsün. Həmin vaxtı saat 20:30 radələrində qardaşı Elçin onun mobil telefonuna zəng vurub Qəçreş yolunda olduğunu, avtomobili ilə gəlib onu götürüb Qusar rayonuna aparmasını bildirmişdir. O, “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəçreş yoluna gedib qardaşı Elçini götürmüşdür. Sonra geri qayıtmağa başlamışdır. Həmin vaxtı Qələmşah qabaq oturacaqda, qardaşı Elçin isə arxa oturacaqda əyləşmişdir. O, avtomobilini Ə.Nərimanov küçəsi ilə üzü Bakı şəhəri istiqamətində təxminən 70 km/saat sürətlə idarə edərkən qarşıda işıqforun qırmızı işığında dayanmış qara rəngli “Nissan Xtrail” markalı avtomobilin dayandığını görmüşdür. Həmin vaxtı o, avtomobilini bir qədər sürətlə idarə etdiyi üçün dayandıra bilməyib “Nissan Xtrail” markalı avtomoibilin arxa tərəfindən vurmuşdur. Həmin vaxtı onlara məlum olmuşdur ki, əsgər yoldaşı Qələmşah xəsarət almışdır. O, təxminən 10 metr məsafədən qarşıda “Nissan Xtrail” markalı avtomobil işıqforun qırmızı işığında dayandığını görmüşdür. Lakin avtomobili bir qədər sürətlə idarə etdiyi üçün dayandıra bilməyib həmin avtomobili arxadan vurmuşdur. Hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Lakin sürücülük vəsiqəsi olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxslər ilə barışdığını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, “Nissan X- Trail” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 07 iyul 2021 -ci il tarixdə səhər saatlarında o, arvadı Şahid2 ilə birlikdə yaşadığı Bakı şəhərindən çıxıb istirahət etmək məqsədi ilə Quba rayonunun Qəçrəş kəndindəki istirahət mərkəzlərindən birinə gəlmişlər. İstirahət etdikdən sonra, həmin gün saat 20:50 radələrində “Nissan X-Trail” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə, Qəçrəş kəndindən çıxıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. O, avtomobili Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə idarə edərkən qarşıda olan işıqforun qırmızı işığı yandığı üçün əyləci basıb avtomobili söndürmədən dayandırmışdır. Təxminən 10-15 saniyə keçdikdən sonra “Vaz 21011” markalı avtomobil arxadan onun avtomobilinə çırpılmışdır.Toqquşma nəticəsində onun avtomobilinin arxa tərəfi əzilmiş, həmin avtomobilin isə qabaq tərəfi əzilmişdir. Hadisə zamanı o, və Şahid2 xəsarət almamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. “Nissan X-Trail” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən bütün sənədlərim olmuşdur. “Nissan X-Trail” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili təmir edilməsinə 1770 manat pul xərcləmişdir. İfad’əsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əsgər yoldaşıdır. 07 iyul 2021 -ci il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərindəki işlədiyi yaşanacaq doldurma məntəqəsinə gəlmişdir. Tural avtomobilinə benzin vurdurduqdan sonra, iş vaxtı qurtardığı üçün Turaldan xahiş etmişdir ki, onu Köhnə avtovağzal tərəfə aparıb düşürsün. Onlar avtomobildə olarkən saat təxminən 20:30 radələrində Turalın qardaşı Elçin onun mobil telefonuna zəng vurub Qəçrəş yolunda olduğunu, avtomobili ilə gəlib onu götürüb Qusar rayonuna aparmasını bildirmişdir. Bundan sonra onlar birlikdə Turalın idarə etdiyi “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəçrəş yoluna gedib onun qardaşı Elçini götürərək geri qayıtmağa başlamışlar. Həmin vaxtı o, qabaq oturacaqda, Elçin isə arxa oturacaqda əyləşmişdir. Tural avtomobilini Ə.Nərimanov küçəsi ilə üzü Bakı şəhəri istiqamətində təxminən 70 km/saat sürətlə idarə edərkən qarşıda işıqforun qırmızı işığında dayanmış qara rəngli Nissan Xtrail markalı avtomobilin dayandığını görmüşlər. Həmin vaxtı Tural avtomobili bir qədər sürətlə idarə etdiyi üçün dayandıra bilməyib idarə etdiyi avtomaşınla Nissan Xtrail markalı avtomoibilin arxa tərəfindən vurmuşdur. Həmin vaxtı onun sağ qolu avtomobilin şit hissəsinə dəydiyindən sağ qolunda sınıq xəsarəti almışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 12 iyul 2021-ci il tarixli, 603 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarət sağ bazu sümüyünün orta aşağı 1/3-dən qapalı yerdəyişən sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 07 iyul 2021-ci il tarixə uyğun gəlir, bu xasərət qərarda göstərilən vəziyyətdə yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərərvurmaya aidir. İş materialında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 avqust 2021- ci il tarixli, 1/1247 saylı rəyindən görünür ki: istintaq tərəfindən göstərilən məlumatlara əsasən “VAZ 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış mənqtəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən atrtıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan sərxoşluq halının təyini məqsədilə alkotester vasitəsilə keçirilmiş müayinənin nəticəsinə dair 07.07.2021-ci il tarixli 641970 nömrəli qəbzlə Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08.07.2021-ci il tarixli ziyan aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisə zamanı “Nissan X-Trail” minik markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs2, cəmi 1770 manat məbləğində maddi ziyan dəymişdir Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə yolnəqliyyat hadisələri və məhkəmə tibb ekspertizasının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Qusar Rayon İcra hakimiyyəti Başçısının Çüxuroba kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 21 sentyabr 2021-ci il tarixli 633 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, Əniğoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materialında olan Qusar Rayon İcra hakimiyyəti Başçısının Çüxuroba kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan AZ-İV N 541616 nömrəli, 28.12.2020-ci il tarixli “döğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 19.12.2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Bəhmən oğlunun Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı övladlarının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 2631-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səggiz min manatadək miqdarında cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azаdlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkumlar cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20.09.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 04 saat üçün 24 (iyirmi dörd) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 7000 (yeddi min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qusar rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-157/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-157/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver