Məhkəmə qərarları › İş №1(027)-157/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-157/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-157/2022 18.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1963-cü ildə Quba rayonu, Talabı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məkum olunmamış, Quba rayonu, Xaroşa kəndində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, xx.xx.2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 172 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək onu Quba rayonu, Xaroşa kəndində yaşadığı evinin həyətində olan daş hasarın qarşısına yığılmış mişar daşlarının arasında gizlədib saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçeirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq onun evinin həyatyanı sahəsinə baxış keçirilərkən həmin həyətdəki mişar daşlarının arasında gizlətdiyi 01 ədəd əşffaf sellofan torbada təmiz çəkisi 172 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki o, Quba rayonu, Xaroşa kəndində yaşayır. 2020-ci ilin aprel ayında yaşadığı Quba rayonu, Xaroşa kəndində olarkən tanımadığı “Kamaz” markalı maşınının sürücüsü ilə tanış olarkən sonuncu ona çətənə toxumu pay vermişdir. Tanımadığı “Kamaz” markalı maşınının sürücüsündən aldığı toxumları sonradan Xaroşa kəndində yaşadığı evin arxa hissəsində əkib becərmişdir. Həmin toxumlardan yalnız tam olaraq 04 ədəd çətənə bitkisi yetişdirə bilmişdir. Yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarını toplayıb yığmış və sonralar onları qurudaraq təxminən 300-400 qram çəkidə qurudulmuş marixuana əldə etmişdir. Onların hamısını bir ədəd sellofan torbaya yığaraq həyətində divar daşlarının arasına qoyub orada gizlətmişdir. Yetişdirib topladığı marixuana kütləsini daşlar arasında gizlətmişdir ki, onu həmin yerdə aşkar edən olmasın. Təxminən iki ilə yaxın idi ki, həmin əldə etdiyi marixuanadan vaxt olduqca öz ehtiyacları üçün gizlincə istifadə etmişdir. Ondan heç vaxt heç kimə verməmiş və satmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı kənddə evinin darvaza qapısının qarşısında dayanarkən ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib Quba RPŞ-nin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları narkotik vasitələrin qanusuz əldə edilməsi və saxlanılması ilə məşğul olmasında onun şübhəli olduğunu bildirmişlər. Həmin vaxtı ona hüquqlarının müdafiəsi üçün bir nəfər vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra, polis əməkdaşları evinin yaxınlığında əvvəlcə onun üzərində şəxsi axtarış aparmışlar. Lakin üzərində qanusuz heç bir əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları evində narkotik vasitələrin olub-olmamasını soruşduqda, onlara həyətlərində narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf etmişdir. Evə və həyətinə baxışın keçirilməsinə razılıq verdikdən sonra polis əməkdaşları onun evinə və həyətinə baxış keçirmişlər. Həyətinə baxış keçirilən zaman həyətinə yığdığı mişar daşlarının arasında saxladığı, içində qurudulmuş marixuana olan ağ sellofan torbanı çıxarıb polislərə təqdim etmişdir. Onlara həmin torbanın içindəki kütlənin narkotik vasitə marixuana olduğunu və özünə məxsus olduğunu söylədikdən sonra, polisl əməkdaşları həmin kütlə olan torbanı elektron tərəzidə şəkdikdən sonra, müvafiq qaydada qablaşdırmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşlı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkililəri, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə o, Quba rayonu, Xaroşa kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində qanusuz narkotik vasitələrin saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyya-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişdir. O, əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Xaroşa kəndinə gedərək sonuncunu yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində saxlamışlar. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən də narkotik vasitələr aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs özündə başqa saxladığı narkotik vasitə olub-olmaması soruşulduqda sonuncu yaşadığı evin həyətyanı sahəsində narkotik saxladığını etiraf etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilən zaman o, həyətinə yəgdığı mişar daşlarının arasında saxladığı və içində qurudulmuş marixuanaya oxşar yaşıl kütlə olan ağ rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. O, həmin torbanın içindəki kütlənin narkotik vasitə olan marixuana olduğunu və özünə məxsus olduğunu söylədikdən sonra, torbada olan kütlə elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismidə dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 27 iyul 2022-ci ıl tarixli, 7/7830 saylı rəyində görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd şəffaf sellofanda olan təmiz çəkisi 172 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd-Marixuananın ümumi təmiz çəkisi 172 qramdır təşkil edir, tədqiqata sərf edildi – 0.05 qram, qalıq isə 171.95 qram. İş üzrə təyin edilib keşirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4665 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobioidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın, evinə və həyətyanı sahəsinə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan mişar daşlarının arasından, içində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bir ədəd selofan torba aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 424 saylı arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Xaroşa kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 425 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4 və oğlu X1 ibarət ailə tərkibi vardır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, yaşlı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək onun barəsində xx.xx.2022-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçeilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdıraraq möhürlənmiş ümumi çəkisi 171.95 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 manat (səksən səkkiz manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdıraraq möhürlənmiş ümumi çəkisi 171.95 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 88 manat (səksən səkkiz manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar