Məhkəmə qərarları › İş №1(027)-159/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-159/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-159/2021 27.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə, X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X1 Dəyanət Ədalət oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində və “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları (həmçinin özlərini jurnalist adlandıran şəxslər) onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. O, 08 may 2020-ci il tarixdən Quba bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Hələ bundan əvvəl uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq işi ilə, əməli ilə vətənə, xalqa, dövlətə sadiqliyini sübut etmişdir. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman bir çox ailələr işlə təmin edilmiş, ölkədə məşğulluğa töhfələr vermişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-cı ildə fəxri diploma və daha sonra tərəqqi medalına layiq görülmüşdür. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə Quba və ətraf rayonlarda kifayət qədər tanınmışdır. Bələdiyyə sədri seçildiyi müddətdən Quba şəhərinin problemlərini həll etmək, bələdiyyənin səlahiyyətlərindən irəli gələn məsələləri bələdiyyənin daxili imkanları hesabına həll etməyə çalışmışdır. Uzun müddətdir ki, əhali arasında kifayət qədər populyar olan “Facebook” sosial şəbəkəsində “Deyanet Azersoy” Quba rayonu, Vəlvələ kənd sakini X6 öz hesabında onun barəsində həqiqətə uyğun olmayan, onu əhali arasında nüfuzdan salan, onun şərəf və layəqətinə təhqir edən, işgüzar nüfuzuna xələl gətirən, böhtan məlumatlar yaymaqdadır. Belə ki, “Deyanet Azersoy” X6 “Facebook” sosial şəbəkəsində öz hesabında 1 iyul tarixində “Quba körpə uşaqların oynadığı parklarda sahibi itlər? Bu görüntülərdə Qubada 28 may parkında X8 30 min manatı silərək yalandan sahibsiz itlərin yığışdırılmasının nəticəsi. Bu itlərdən biri quduz olsa və parklarda oynayan uşaqlara hücum çəksə nə olacaq? Bu sualın cavabını bələdiyyə büdcəsindən 30 min manatı silərək və rayon bələdiyyələrində hər ay Mahi xanımın hesabına pul hesabına pul ödənişi etməsini tapşırıq verənlər siz verin. 4 iyul tarixində “Qubada sahibsiz itlər bitmir, tükənmir. Artıq insanlara hücum edirlər. Bəs nə oldu Quba şəhər bələdiyyəsinin sədri X14 bələdiyyə büdcəsindən 30 min manat pulu sahibsiz itlər üçün sığınacağa xərcləmişdi? Bəs nə oldu rayonda bütün bələdiyyələr hər ay buna görə verdiyi pulla? Budur nəticəsi? 10 avqust tarixində “Quba şəhər bələdiyyəsinin sədri X14 hazırda xəritə satır 800 manata. Deyilənə görə bundan əvvəl bələdiyyə torpaq satıb. Belə ki, 2006-2007-ci illərdə Quba şəhər bələdiyyəsinin alğı-satqı müqaviləsi ilə satılmış torpaqlara indi Humay xanım həmin sənədləşmə və on minlik iki minlik xəritələri və çıxarış verilməsinə dair arayışı 300 manatdan 800 manata kimi satır. Deyirlər ki, belə niyə edirsən. Oda deyir ki, get icra hakimiyyətinin memarlığından rəy ala bilsən oğul deyərəm sənə. Belə ki yığılan pullar sahibsiz itlər üçün sığınacaqda tutulacaq. Allah heç xeyri verməsin. 19 avqust tarixində “Deyirəm X14 yaman pis vəziyyətə düşüb. İndi qalır onu bələdiyyə sədrliyindən çıxarmaq. Necə sədr ediblər elə də çıxarsınlar. Biz sahibsiz itlər məsələsi yaman gündəm oldu. Bəs X14 bilmirdi ki sahibsiz it adı ilə pul yığanda belə olur. Deməli otən gün Real TV min şimal bölgəsi üzrə nümayəndəsi Rauf Azəri bu məsələni diqqətə aldı. Digər Televiziyalardan fərqli olaraq Real TV bunu çəkdi və yaydı. Ölkədə fəaliyyətdə olan televiziyaların şimal nümayəndələri nədənsə çəkinir. Var ol Rauf! 23 avqust tarixində “Qubada 30 min manat başa gələn sahibsiz itlər sığınacağı da yenidən qurma işləri olsaydı Humay Məmmədova bir az büdcədən pul silərdi. Hamı sevinərdi. “ 27 avqust tarixində “Qubada sahibsiz itlər üçün sığınacağın qarşısı X14 Bələdiyyə büdcəsindən 30 min manat silir. Hələ üstəlik rayondakı bələdiyyələrdən hər ay yığılan pullar hara xərclənib bunun hesabını verin. “ 30 avqust tarixində “Yenə də Qubada. İcra başçısı Ziyəddin Əliyev xəbəriniz varmı açılışını etdiyiniz sahibsiz itlər sığınacağı adı altında X13 büdcədən 30 min manat pul silib. Xəbəriniz varmı rayonda fəaliyyət göstərən bütün bələdiyyələr insanların verdiyi vergi pulundan (hal bu ki bələdiyyələr yığdıqları vergidən həmin insanların problemlərini həll etməyə sərf etməlidirlər) məcburi formada sahibsiz itlər sığınacağı da itlər sığınacağı da itlərin saxlanması adı altında X9 məxsus “Qədim Quba” xalçaçılıq müəssisəsində mühasibin hesabına hər ay pul köçürülür.” Qeyd olunan şəxsin sosial şəbəkələrdə mənim barəmdə yuxarıda qeyd olunan səpkidə bir çox paylaşımları və yazıları mövcuddur (paylaşımlardan çıxarışlar şikayətə əlavə edilir). Göstərilən və sübut kimi şikayətinə əlavə etdiyi faktlar Cəmil Məmmədli barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 iş üzrə izahatında bildirmişdir ki, hal-hazırda əməlindən peşmandır və xüsusi ittihamçı X5 ilə barışmışdır . Xüsusi ittihamçı X5 məhkəməyə ərizə ilə müraciət edərək, X2 onun yanına gələrək etdiyi əməldən peşman olduğunu bildirmiş və ondan üzr istəmişdir. X2 ondan üzr istəməsini, əməlindən peşman olduğunu bildiyinə görə onun barəsində olan xüsusi ittiham qaydasında şikayətdən imtina etmişdir. İş materiallarını araşdırıb, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizə ilə məhkəməyə müraciət edərək, olan xüsusi ittiham qaydasında şikayətdən imtina etmişdir . “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 №-li qərarının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CMnin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə hesab edir ki, göstərilənlər xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə araşdırılmasını aparmadan Azərbaycan Respublikası CPM-in 302.1.8-ci maddəsinə uyğun olaraq məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.3, 302-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ : X2 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərar, ondan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar