Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-159/2024 19.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, 08 mart 1970-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, hazırda Quba şəhəri, M.F.Axundov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Quba-Zərdabi marşrut reysi ilə idarə etdiyi “Mercedes Benz 307D” markalı **-BM-*** qeydiyyat nişanlı mikroavtobusla Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində, Zərdabi qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, mikroavtobusla hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən təhlükəsiz manevr etməli olduğu və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməmiş və mikroavtobusu sola döndərərkən həmin istiqamətdən gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 2106” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxartması ilə onunla toqquşaraq ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1, həmçinin sonuncunun idarə etdiyi maşında sərnişin olmuş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vuran, sərnişin X1 sağlamlığına yüngül zərər vuran xəsarətlər almalarına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Quba- Zərdabi marşrut reysi ilə saatda 40 km/sürətlə idarə etdiyi “Mercedes-Bens 307D” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Quba rayonu, Zərdabi qəsəbəsində hərəkətdə olarkən yol kənarındakı axırıncı dayancaqda sərnişləri düşürüb oradan avtobusu sola döndərib əks hərəkət zolağına çıxardıqda, həmin vaxtı hərəkət zolağı ilə sürətlə gələn “Vaz 2106” markalı **-BC-*** qeydiyyat nişanlı minik avtomobilinin sağ tərəfindən toqquşmuşdur. Bu zaman özü xəsarət almamışdır. Lakin “Vaz 2106” markalı avtomobilin sürücüsü və üç nəfər sərnişinlərin vəziyyəti ağır olmuşdur. Hadisə yerinə gəlmiş təcili yardım maşını “Vaz 2106” markalı avtomobildə xəsarət almış bir nəfər sürücü və üç sərnişini Quba RDM-nə aparmışdır. O, “Vaz 2106” markalı avtomobilin sürücüsünün Raman olduğunu hadisədən sonra bilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığını bildirib barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 23 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində o, idarə etdiyi “VAZ 2106” markalı **-BC-*** qeydiyyat nişanlı minik avtomobili ilə Quba rayonu Zərdabi qəsəbəsi ərazisindən keçməklə Xaçmaz rayonunda yaşadığı evə doğru hərəkətdə olmuşdur. Avtomobildə həmkəndliləri Fəqan, Elxan və Tərlan Zalovlar da olmuşdur. Həmin vaxtı o, maşını Quba rayonu, Zərdabi qəsəbəsi yolu ilə Xaçmaz istiqamətində saatda 60 km/sürətlə idarə edərkən yolun sağ kənarında olan “Mercedes-Bens 307D” markalı **-BM-*** mikroavtobusun sola doğru dönməsini görmüş, onun maşını ilə avtobusun arasında 15-20 metr məsafə qaldığından toqquşmadan qaçmaq üçün tormoz vermişdir. Buna baxmayaraq idarə etdiyi maşın həmin mikroavtobusla toqquşaraq yolun sağ kənarına sürüşüb çıxmışdır. Həmin anda o, bədənin bərk ağrılar hiss etmiş, maşında olan digər şəxslərində xəsarətlər aldığını görmüşdür. Kənardan gəlmiş adamlar onları maşından təcili yardım maşınında xəstəxanaya yola salmışlar. O sonradan mikroavtobusun sürücüsünün adının Rüstəm olduğunu bilmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadələr vermişlər. Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 879 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər sağ qaşın bayır bucağında əzilmişcırılmış yara, sağ və sol dizlərdə yerdəyişən sınıqlar, sol mil sümüyünün tipik yerdən qapalı yerini dəyişən sınığı olub, həmin xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun sərnişini olduğu avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 23 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 01 noyabr 2023-cü il tarixli 888 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər sağ tərəfdən qabırğaların çoxsaylı yerini dəyişən sınıqları, sağ qalça sümüyünü qapalı sınığı, sağ əlin arxa səthində əzilmiş yara, sağ dizdə sıyrıq olub, həmin xəsarətlər baş vermiş yol- nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 23 oktyabr 2024-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 02 noyabr 2023-cü il tarixli 891 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər alt dodağının selikli qişasında sağda əzilmiş yara, sol saidin hər iki sümüyünün aşağı 1/3-dən qapalı yerini dəyişən sınığı olub, həmin xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun sərnişini olduğu avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 23 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 31 oktyabr noyabr 2023-cü il tarixli 880 №-li rəyində göstərilmişdir ki, X1 müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun sərnişini olduğu avtomobilin başqa avtomobillə toqquşma nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 23 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 07 may 2024-cü il tarixli 1072 №-li rəyində göstərilmişdir ki, “Mercedes-Bens 307D” markalı AZ ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuşdur.. İş materiallarında olan AF 321229 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, DİNnin BDYPİ-si tərəfindən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs B,C,D kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına B,C,D kateqoriyalı AF 321229 nömrəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən nonun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təqdim edilmiş ərizələrini və iş materiallarını araşdırıb, hesab edir ki, cinayət qanununun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 21 iyun 2024-cü il tarixli 1088 №-li arayışdan və 1089 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin nümayəndəliyin Quba şəhəri M.F.Axundov küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayır, evlidir. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. AR CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilə şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 saat üçün 18 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-159/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-159/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver