Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-159/2025 02.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Quba rayonu, Muçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Quba rayonu, Xaltan kəndində qeydiyyat olmaqla Quba rayonu, Xaltan kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 1997-ci il tarixdə anadan olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmədiyi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığı və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmədiyi halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin çağırışına əsasən çağırışçı kimi Quba rayon çağırış komissiyasında tibbi komissiyadan keçərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun rəyi əsasında “hərbi xidmətə yararlıdır” hesab edilməsinə və ona 16 aprel 2025-ci il tarixdə təqdim edilmiş çağırış vərəqəsinin qəbzində “imza” qrafasındakı imzanı icra edərək çağırış vərəqəsini almasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilməsinə baxmayaraq, 21 aprel 2025-ci il tarixdə çağırış vərəqəsində göstərilmiş təyinat məntəqəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə gəlsə də, üzrlü səbəb və qanuni əsas olmadan, hərbi xidmətə yararsız olmasını bəhanə edərək hərbi xidmətdən yayınmaq üçün müddətli həqiqi hərbi xidmətə yollanmaqdan qəsdən imtina edib qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Məhkəmənin əvvəlki iclaslarında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 321.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmış, 2025-ci ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən çağırılmışdır. Hərbi həkim komissiyasından keçmiş, anadangəlmə hər iki ayağın yastıpəncəliyi olduğu üçün Bakı şəhərinə göndərilmişdir. 25 fevral 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə tam yararlı hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən 2025-ci il üçün aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə yola düşəcəyi barədə məlumat verilmiş, müddətli həqiqi hərbi xidmətə yollanmağı üçün 21 aprel 2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olmağı barədə məlumat verilmişdir. Hərbi xidmətə yollanmaq üçün çağırışa gəlməyəcəyi halda Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. 21 aprel 2025-ci il tarixdə SHXÇÜDX-nin Quba rayon şöbəsinə gəlsə də, hərbi xidmətə yollanmaqdan imtina etmiş, barəsində verilən hərbi xidmətə yararlı olmağı haqqında yekun qərardan Sumqayıt İnzibati Məhkəməsinə şikayət ərizəsi ünvanlamışdır. 2015, 2018, 2021 və 2024-cü illərdə hərbi komissarlıqda hərbi həkim komissiyasından keçmiş, əvvəllər hərbi xidmətə yararsız olmağı bildirilmiş, lakin sonuncu dəfə 2025-ci ildə təkrar tibbi yoxlanışlardan keçdikdən sonra yararlı olmağı barədə yekun rəy verilmişdir. İllərlə yararsız hesab olunmağına rəğmən hazırda hərbi xidmətə yararlı hesab olunmağına etiraz olaraq göstərilən tarixdə hərbi xidmətə yollanmayaraq barəsində qəbul olunmuş yekun qərardan məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün müddətli həqiqi hərbi xidmətə yollanmağın vəzifə borcu olmasını bilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən bu barədə xəbərdarlıq edilmiş, rəsmi çağırış vərəqəsi verilərək 21 aprel 2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olmağı bildirilsə də, barəsində düzgün rəy verilmədiyinə görə etiraz edərək hərbi xidmətə yollanmamış, çağırış üzrə SHXÇÜDX-nin Quba rayon şöbəsinə gəlməmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikasının SHXÇÜDX-nin Quba rayon şöbəsinin çağırış bölməsinin rəisi Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, çağırışçı Fətullayev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində qeydiyyatda olmuşdur. Əvvəllər sağlamlıq vəziyyətinə görə ona bir neçə dəfə möhlət hüququ verilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2025-ci ilin fevral ayında hərbi həkim komissiyasında tibbi müayinələrdən keçmiş, həmin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) yekun rəyinə əsasən Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmiş və onun barəsində hərbi xidmətə yararlılıq barədə yekun qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixində müddətli həqiqi hərbi xidmətə getməsi üçün çağırış qəbzi verilmiş, lakin Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmasına baxmayaraq müddətli həqiqi hərbi xidmətə yollanmaqdan imtina etdiyini və heç vaxt da yollanmayacağını bildirmişdir. 21 aprel 2025-ci il tarixdə dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlanaraq həqiqi hərbi xidmətə yollanması üçün şöbəyə dəvət etsə də, sonuncu bir daha hərbi xidmətə yollanmaqdan imtina edərək həqiqi hərbi xidmətə göndərilməkdən qəsdən və şüurlu surətdə boyun qaçırmışdır. Təqsirləndirilən şəxs çağırış vərəqəsi aldıqdan sonra ailə vəziyyətinə görə və ya təhsilini davam etdirmək üçün möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə müraciət etməmişdir. 14 aprel 2025ci il tarixdə Təqsirləndirilən şəxs hərbi xidmətə yollanması ilə əlaqədar çağırış vərəqəsi təqdim olunarkən Azərbaycan Respublikasının CM-nin 321-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti izah olunmuş, dəfələrlə onunla profilaktiki söhbətlər aparılmış, sonuncu müxtəlif bəhanələr gətirərək hərbi xidmətə yollanmaqdan imtina etdiyini bildirərək müddətli həqiqi hərbi xidmət keçməkdən qəsdən və şüurlu olaraq boyun qaçırmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid2 qızının ibtidai istintaqdakı ifadəsi məhkəməyə elan olunan zaman məlum oldu ki, o, analoji ifadə verərək, digər Şahid1 və X3 göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: çağırışçının uçot kartasından görünür ki, Təqsirləndirilən şəxs ilkin hərbi qeydiyyata alma komissiyasının sədri tərəfindən qeydiyyata alınmışdır; Təqsirləndirilən şəxs çağırış vərəqəsini almasını təsdiq edən qəbzdən görünür ki, o, 21 aprel 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində olması barədə çağırış vərəqəsini 16 aprel 2025-ci il tarixdə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə tanış edilmiş və bu barədə müvafiq qrafada imza çəkmişdir; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin 12 sentyabr 2025-ci il tarixli 3-43-40/2-12102/2025 №- li məktubundan görünür ki, xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) yekun rəyi ilə 25 fevral 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə yararlı olması barədə yekun qərar qəbul olunmuşdur; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin 23 oktyabr 2025-ci il tarixli 3-43-40/2-25518/2025 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 №-li sərəncamının icrası ilə əlaqədar 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci ilin aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə Quba rayonu ərazisində aidiyyəti üzrə qanunamüvafiq tədbirlərin görülməsinin təmin olunması ilə bağlı Quba Rayon İcra Hakimiyyəti Başçısı 11 mart 2025-ci il tarixdə 58 №-li sərəncam vermiş, bundan əlavə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi 2025-ci il aprel çağırışının başlanılması haqqında 18 mart 2025-ci il tarixdə Ə-2/2025 №-li göstəriş vermişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 14 oktyabr 2025-ci il tarixli K/240-2025 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda “Aşıq- qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı” diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklərlə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin “Xəstəliklər cədvəli”-nin İ qrafasına əsasən hərbi xidmətə yararlıdır. Təqsirləndirilən şəxs hərbi xidmətə çağırış zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən düzgün şəhadətləndirilmiş, həmin vaxt o, hərbi xidmətə yararlı olmuş və qüvvədə olan normativ-hüquqi aktların pozulmasına yol verilməmiş, mövcud təlimatın tələbləri pozulmamışdır; Quba RİHB-nın Xaltan kənd İƏD üzrə nümayəndəliyindən verilən 11 sentyabr 2025ci il tarixli 141 №-li arayış və xasiyyətnamədən görünür ki, Fətullayev X2 qeydiyyatda olmuş, atası X4, anası X1 və qardaşı X7 olmaqla ailə tərkibi var, Quba rayonu, Muçu kəndində yaşadığı müddətdə Təqsirləndirilən şəxs yoldaşları arasında xüsusi hörmət və fəallığı, tərbiyəli olması ilə kənd əhalisinin hörmətini qazanmış, onun haqqında nümayəndəliyə yazılı və ya şifahi şikayət və məlumat daxil olmamışdır; «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-159/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-159/2025
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver