Məhkəmə qərarları › İş №1(027)-160/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-160/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-160/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məkkumluğu olmayan,, Xaçmaz rayonu Pirquluoba kəndində qeydiyyatda olan, Quba şəhəri Dəvədabanı yaşayış massivində yaşayan, barəsində 01.08.2021 -ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Quba şəhəri,Dəvədabanı yaşayış massivində yerləşən zibillik əraziyə yaxın çəmənlikdə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü ağac budağı ilə baş nahiyyəsinə bir dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs başın alın nahiyyəsində ortada əzilmiş-cırılmış yara ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onlar hər ikisi Quba şəhəri, Dəvədabanı yaşayış massivinin kənarında yerləşən zibillik ərazidən köhnə metal qırıntıları, kauçuk qablar yığıb satmaqla ailələrinin dolandırırlar. 24 may 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxsla Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən mağazadan 750 qramlıq araq, 1 litrlik "Coco-Cola" içkisi, pomidor, xiyar alaraq zibillik olan ərazinin yaxınlığında olan çəmənlikə gəlib orada yeyib içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ona ara-bir söz atmağa başlamışdır. O, isə Sakitin sərxoş olduğunu hiss edib sözlərini zarafata salmışdır. Yeyib içdikdən sonra o, Sakitə yığdığı kauçuk əşyaları yaxınlıqda olan və metal əşyaları alan maşına aparıb satıb yenidən qısa müddətdə qayıdıb gələcəyini bildirmişdir. Bundan sonra o, yığdığı əşyaları onlardan təxminən 200-300 metr kənarda dayanmış metal yığan yük avtomaşınına təhvil verib yenidən Sakitin yanma qayıtmışdır.. Sakitin onun köynəyini zibil yığdığı çemodanının üstündən götürüb zibilliyə tulladığını gürüb onunla sözlə mübahisə etmişdir. Mübahisə zamanı o, əsəbləşib Sakitin sifətinin sol tərəfinə iki dəfə yumruqla vurmuşdur. Sakitin ondan əl çəkmədiyini görüb yerdən götürdüyü çubuğ ilə onun baş nahiyyəsinə vurmuşdur. Sonra Sakitin başının qanadığını görüb oradan uzaqlaşmışdır. Əlindəki çubuğu isə zibilliyə tullamışdır. Aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmamış, ancaq ünvanına nalayiq sözlər demişdir. Aralarındakı münaqişə təxminən 3-4 dəqiqə davam etmiş və yanlarında heç kəs olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, barəsində 8 X4 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən zibillikdən metal qırıntıları və plastmas əşyalar yığıb satmaqla məşğuldur. Ondan başqa orada Dəvədabanı yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs da oradan metal və kauçuk əşyaların qırıntıları yığmaqla məşğul olur. 24 may 2021-ci il tarixdə saat 18 radələrində o, yenə zibilliyə metal qırıntısı yığmaq üçün getmiş, oradan metal qırıntıları yığıb qurtardıqdan sonra, Şahbaz ilə məsləhətləşərək bazarlıq edib nahar etmək və sonra da yenidən metal qırıntıları yığmağa davam etmək qərarına gəlmişlər. Birlikdə gedib "Nazir" marketdən pomidor, xiyar, çörək və 750 qramlıq araq alıb çəmənlikdə oturub yeyib-içməyə başlamışlar. Yemək zamanı Şahbaz ona “buradan sellofan yığa bilməzsən, buradan sellofanı mən yığa bilərəm” demiş, O da Şahbaza, “bura zibillikdir, hər kəs hər şey yığa bilər” demişdir. Sonra Şahbaz yığdığı zibilləri satmaq üçün yaxınlıqda olan yük maşınına tərəf getmiş, o da Şahbaza gedib gələnə qədər biraz işləyəcəyini bildirmişdir. Şahbaz qayıdan zaman o bilmədən yerdə olan Şahbaza məxsus köynəyi çemodanın üzərindən götürərək zibil qutusuna atmışdır. Şahbaz da bunu görəndən sonra aralarında mübahisə yaranmış və Şahbaz yumruqla onun sifətindən iki dəfə vurmuşdur. Sonra Şahbaz yerdən gütürdüyü çübuqla onun baş nahiyyəsinə vurub qaçmışdır. Xəsarət aldığı üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 25 may 2021-ci il tarixli 418 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - başın alın nahiyəsində ortada əzilmiş cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 24 may 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 avqust 2021-ci il tarixli 1732 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur, lakin aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, onda törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQL1 hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində hirslilik, qıcığa qarşı həssaslıq yaranmış, həmin halın yaranması onda müəyyən edilmiş "emosional davamsız şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumlu yoxdur. İş materiallarında olan Quba RMX-dan daxil olmuş 06.06.2021-ci il tarixli 896 nömrəli məktubdan görünür ki. Xaçmaz rayonu Pirquluoba kəndində qeydiyyatda olan və Quba rayonu Dağlı kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Quba RMX-nın konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Dəvədabanı yaşayış massivində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsiyyət vəsiqələrinin surətindən İş materiallarında olan Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.05.2015-ci il təvəllüdlü X2 və 13.03.2018-ci il təvəllüdlü X3 adında iki azyaşlı övladları vardır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, zərəçəkmiş şəxslə barışdığını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrini, dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işinin materialını və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar