Məhkəmə qərarları › İş №1(027)-161/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-161/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-161/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Alpan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının ortalarında yaşadığı Quba rayonu. Alpan kəndi ərazisində yerləşən meşə massivində tərkibində narkotik maddələr olan 06 (altı) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib xeyli miqdarda kultivasiya etmiş, 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində Quba RPŞnin əməkdaşları tərəfindən həmin meşə massivinə baxış keçirilən zaman 06 (altı) ədəd ümumi xalis çəkisi 20 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, 7-8 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin may ayının ortalarında öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədilə yaşadığı Quba rayonu Alpan kəndi ərazisində yerləşən meşə massivində 10 ədəd çətənə toxumunu əkmişdir. Əkdiyi toxumlardan altı ədədi cücərmişdir. Bundan sonra o, həmin kolların tez və yaxşı yetişməsi üçün bir neçə dəfə çaydanla su aparıb diblərinə tökmüş, diblərini boşaldaraq qulluq etmişdir. 19 iyul 2022-ci il axşam vaxtlarında əkdiyi kollara qulluq etmək məqsədilə həmin yerə gedərkən, polis əməkdaşları oraya gəlib, özlərini təqdim edərək onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğundan kolları əkdiyi əraziyə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra, hüquqlarını müdafiə etmək üçün ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla kolları əkdiyi yerə baxış keçirilmişdir. Ondan narkotik vasitə olan çətənə bitkisi əkib-əkmədiyi soruşulduqda, o, səmimi etiraf edərək çətənə bitkisi əkdiyini bildirmiş və kolları əkdiyi yeri göstərmişdir. Aqronom tərəfindən kollara baxış keçirilmiş və həmin kollara aqrotexniki qaydada qulluq edildiyi bildirilmişdir. Bundan sonra, həmin altı ədəd kol polis əməkdaşları tərəfindən kökündən çıxarılıb qablaşdırılmışdır. Daha sonra, polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilmiş, baxış zamanı qanunla gəzdirilməsi, saxlanılması və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra, protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılara ucadan oxunmuş, heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əkdiyi 06 ədəd çətənə bitkisini öz istifadəsi üçün əkmişdir. O, heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əkdiyi toxumları təxminən 5-6 il öncə yaşadığı kəndin ərazisində olan meşəlik ərazidə yabanı şəkildə bitən nəşə kolunun üzərindən istifadə etmək üçün götürdüyü nəşənin toxumları olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı övladının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Quba rayonu. Alpan kənd sakini Təqsirləndirilən şəxs Alpan kəndinin yaxınlığında yerləşən meşə massivində narkotik tərkibli çətənə kolları əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan ondan, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2, PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 və KTQ-nun baş inspektoru, polis mayoru Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında 19 iyul 2022-ci il tarixdə saat 19:40 radələrində Alpan kəndinin yaxınlığındakı meşə massivinə getmişlər. Meşə massivində Təqsirləndirilən şəxs görüb özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında, eləcə də narkotik vasitələrin becərilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt ona müdafiəçi təqdim edilməklə təklif olunmuşdur ki, əkdiyi çətənə kollarının yerini göstərsin. Bundan sonra, Təqsirləndirilən şəxs meşə massivində əkdiyi çətənə kollarının yerini onlara göstərmişdir. Baxış zamanı meşə massivində əkilmiş 06 ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Firuz Hüseynov da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onları təxminən 02 ay əvvəl özü əkmişdir. Aşkar olunmuş kollar torpaqdan çıxarılaraq qablaşdırılmışdır. Daha sonra Namədin Novruzovun yaşadığı evin həyətyanı sahəsinə, yaşadığı evə baxış keçirilmişdir. Lakin evdən və həyətayı sahədə narkotik vasitə və digər qanunsuz əşyalar aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materialında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/792 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs Quba rayonu. Alpan kəndi ərzisində əkdiyi çətənə kollarına oxşar kollar” yazılar və imzalar olan 01 ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 6 ədəd, ümumi çəkisi 20 qram bitki nümnələri, əkilib becərilməsi qadağan olunmuçş narkotik təbiətli - çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əssən həmin bitkiləə aqrotexniki qaydada qulluq dumuşdur. İş materialında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4521 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 03 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı həmin idarənin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Quba RİHB-nın Quba rayonu, Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli 308 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Alpan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 iyul 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Aöamirzə oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 19,88 qram narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Aöamirzə oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 19,88 qram narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar