Məhkəmə qərarları › İş №1(027)-161/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-161/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-161/2024 20.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonu, Gürdəh kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Quba rayonu, Gürdəh kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Quba rayonu Gürdəh kəndində qardaşı Rüstəm Həbibovun toy məclisinə qonaq qismində dəvət etdiyi Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsindən sonra sonuncunu toy məclisindən çıxarıb həmin kənddə bağ sahəsinin yanına apararaq kənarda digər şəxslərin olmamasından əmin olduqdan sonra Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs burnunun üstündə əzilmiş-cırılmış yara, burun tənəffüsünün pozulması və burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin çoxqəlpəli açıq sınıqları ilə müşayiət edilən xəsarətlər yetirərək sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında hər hansı düşmənçilik olmamışdır. Hətta özü Xosrovu qardaşının toy məclisinə dəvət etmişdir. 24 sentyabr 2023-cü il tarixdə Quba rayonu, Gürdəh kəndində qardaşı Rüstəm Həbibovun toy məclisində Zərərçəkmiş şəxs məclisdə spirtli içki içib toya gələn qonaqları narahat edərək, mübahisə yaratmağa çalışmışdır. Həmin vaxt o, toyda iştirak edən Xosrovun qardaşına “bu burda mübahisə yaradır, bunu apar” demiş, qardaşı da Xosrovu oradan uzaqlaşdırmışdır. Lakin Xosrov yenidən toy məclisinə tərəf gəlməyə başlamış və yolun kənarında olan şəhid plakatına tərəf əlini uzadıb ucadan söyüşlər söymüşdür. Xosrov şəhid olan əmisi oğlunu söydüyünə görə əsəbləşib bir dəfə sifətindən vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, yaşadığı kənddə cəmi 25 ev var və Xosrov davamlı olaraq kənddə mübahisə yaratdığına görə, kənd sakinlərinin demək olarki yarısı Xosrovla danışmır. O Xosrovu söyüş söydüyünə görə cəmi bir dəfə vurmuşdur. Toyda iştirak edən qonaqlar Xosrovun hərəkətlərinin şahidi olmuşlar. Toy şənliyi videoçəkilişlə qeydə alınsa da, çəkiliş zamanı yanlız rəqs meydanı çəkilmiş, mübahisə olan yerin görüntüsü yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, qardaşı Şahid1 Zərərçəkmiş şəxslə barışmağa cəhd göstərsə də, sonuncu 50000 manat verəcəyi təqdirdə barışacağını bildirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, rəsmi olaraq işləməsə də yaşadığı kəndin ərazisində müxtəlif şəxslərin iri və xırda buynuzlu heyvanlarını saxlayır. Heyvandarlıqla məşğul olduğu üçün həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid6 və Şahid4 mütəmadi olaraq onunla mübahisə edir və kənd ərazisində heyvan saxlamağına görə ona irad bildirmişlər. 24 sentyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Quba rayonu, Gürdəh kəndində, Vasif Həbibovun oğlu üçün təşkil etdiyi toy məclisinə getmişdir. Toyda kənd camaatı ilə birlikdə spirtli içki olan çaxır içmişdir. Toyun sonlarına yaxın çadırda oynamış, sonra çadırın qarşısına çıxmışdır. Çadırın qarşısına Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “bu kənddə heyvan saxlamamağın barədə sənə xəbərdarlıq edilməyibmi? Toya sənin dərsini vermək üçün çağırmışıq” demişdir. O da cavabında “sənin və ailə üzvlərin kimi qanunsuz yollarla pul qazanmıram ki” deyə cavab vermişdir. Elvin ona “sən mənimlə söz güləşdirirsən? məni şantaj edirsən?” deyib anidən burun nahiyəsindən ardıcıl iki dəfə yumruqla zərbə vurmuş, nəticədə o, yerə yıxılmış və Elvin, İlqar və Nəriman üzərinə hücum edərək o, yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmuşlar. O, yerdən qalxıb onların əlindən qaçmış və onlara Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verəcəyini demişdir. Sonra isə piyada yolun kənarı ilə yaşadığı evə doğru getməyə başlamışdır. Yolda gələn zaman digər həmkəndlisi Şahid4 idarə etdiyi Lada Niva markalı avtomobillə onun sağ nahiyəsindən vurmuş və o, zərbənin təsirindən sağ dizi üstə yerə yıxılmış və ağzı da yerə dəymişdir. Toyda döyüldüyündən və avtomobilin də onu vurmasından sonra halsız olduğundan yol kənarında yerdə yıxılıb qalmışdır. Bu zaman arvadı Mehbarə Mirzəyeva və uşaqları gəlib onu evə aparmışlar. Bundan sonra arvadı Mehbarə də DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, Təqsirləndirilən şəxs ona iki dəfə yumruqla sifətindən vurmuş, Habil isə maşınla vurmuş və heyvanları örüşdən çıxarılması üçün hədələmişlər. Aqil ilə Asəf orda olsalar da, onu döyməmişlər. Əvvəl Təqsirləndirilən şəxs ona heyvanları çıxarılmasını tələb etmiş, o da “mən sizin kimi meşəni qırıb satmıram” demiş, bu sözünə görə Elvin onu vurmuşdur. Elvinin qardaşı Şahid1 barışmağa cəhd göstərsə də, o barışmamışdır. Belə ki, ona 50000 manat zərər dəymişdir. Ona hazırda 40000 manat ödənilsə, barışmağa razıdır. Zərərçəkmiş şəxs şikayətçi olduğunu və təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 24 sentyabr 2023-cü il tarixdə yaşadığı Quba rayonu Gürdəh kəndində kiçik qardaşı Rüstəm Həbibovun toy məclisini təşkil etmişdir. Həmin məclisdə demək olar ki, bütün həmkəndliləri iştirak etmişdir. Zərərçəkmiş şəxs də toy məclisinə gəlmişdir. O, özü toy çadırında olmamış, bağ sahəsində əyləşən digər qonaqlara qulluq etmişdir. Toyun sonlarına yaxın çadıra tərəf gəldikdə Xosrovun çadırdan aralıda yerləşən şəhid plakatının yanında dayandığını və söyüş söydüyünü görmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs söyüş söydüyünə görə qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələmişdir. O, bilavasitə mübahisənin şahidi olmamışdır. Sonradan eşitdiyinə görə Xosrov çadırda mübahisə yaratdığına çağırdan çıxarılmışdır. Məhkəmədə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 24 sentyabr 2023-cü il tarixdə yaşadığı Quba rayonu Gürdəh kəndində dayısıoğlu Rüstəm Həbibovun toy məclisini təşkil etmişdir. Həmin məclisdə demək olar ki, bütün həmkəndliləri iştirak etmişdir. Zərərçəkmiş şəxs toy məclisinə gəlmişdir. O, toy çadırında iştirak etməmişdir. Toy məclisi başladıqdan sonra o, dayısıoğlu Rüstəmlə birlikdə yarım saat toyda iştirak etmiş, sonradan isə Rüstəmlə birlikdə çadırdan çıxıb yaşadığı evə getmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, mübahisənin birbaşa şahidi olmamışdır. Özü mübahisədə iştirak etməmişdir. Həmin vaxt orada olmamışdır. Sonradan eşitdiyinə görə Xosrov toyda mübahisə yaratmış və şəhid plakatının yanında söyüş söydüyünə görə Elvin Xosrovun sinəsindən bir dəfə vurmuşdur. Silahla bağlı bildirdi ki, onun əlində silah olmamış, onun atasının adına rəsmi sənədli silahı vardır və kənd sakinləri bu barədə məlumatlıdır. Məhkəmədə Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə heç bir problemi yoxdur, lakin Xosrov onunla mütəmadi olaraq mübahisə edir. 24 sentyabr 2023-cü il tarixdə yaşadığı Quba rayonu Gürdəh kəndində həmkəndliləri Rüstəm Həbibovun toy məclisinə getmişdir. Toya etibarnamə əsasında idarə etdiyi “Lada Niva” markalı avtomobillə getmiş, avtomobildə isə ondan başqa arvadı Nailə, gəlini və azyaşlı nəvəsi də olmuşdur. Kənd yolu ilə hərəkətdə olan zaman yol kənarında bir nəfər şəxsin əlində ağac parçası ilə onunla eyni istiqamətdə sol tərəfdə hərəkət etdiyini görmüş, həmin şəxsə yaxınlaşdıqda onun həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmiş və sonuncunun üzünün qan olduğunu görmüşdür. O Xosrovun yanından keçən zaman Xosrov sol tərəf arxa güzgüyə yumruqla vurmuşdur. Bir qədər aralaşdıqdan sonra yenidən avtomobilin arxa tərəfindən zərbə səsinin gəldiyini eşitmiş, lakin avtomobilini saxlamamışdır. Toy məclisinə çatan kimi avtomobilini saxlamış və enib baxdıqda avtomobilinin arxa yük yerinin əzildiyini, sağ arxa işığın isə sındığını görmüşdür. Sonradan toyda olan zaman eşitmişdir ki, Xosrov şəhidi söydüyünə görə Elvin onu vurmuşdur. O, özü Xosrovla 20 ildir ki, danışmır. Xosrov dəfələrlə ondan səbəbsiz yerə polisə şikayət edir. Məhkəmədə Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 24 sentyabr 2023-cü il tarixdə Quba rayonu Gürdəh kəndində qardaşı oğlu Rüstəm Həbibovun toy məclisi olmuş, Zərərçəkmiş şəxs toyda iştirak etmişdir. Toy məclisində Xosrov içki içmiş və saat 18 radələrində rəqs etməyə başlamışdır. Mügənni qadının yanına gedib qadını rəqs etməyə dəvət etmişdir. Qadın isə Xosrovla rəqs etmək istəməmişdir. Daha sonra o, Xosrovu toy çadırının qarşısında dayanıb Elvinlə sözlə mübahisə etdiyini görmüşdür. O, əvvəl müdaxilə etməsə də, Xosrov şəhid olan oğlu Murad Həbibovun ünvanına nalayiq ifadələr işlətdiyinə görə Xosrovun üzərinə hücum etməyə çalışmışdır. Lakin, həmkəndliləri onu saxladığından Xosrova yaxınlaşa bilməmiş, qardaşı oğlu Elvin isə sağ əlinin arxa tərəfi ilə Xosrovun sinə nahiyəsinə bir dəfə vurmuşdur. Xosrov sərxoş olduğundan yerə yıxılmışmıdır. Ayağa qalxdıqdan sonra kimsə Xosrovu oradan uzaqlaşdırmışdır. Xosrov da nalayiq ifadələr işlədərək yaşadığı evə tərəf getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, hadisə toy çadırının yaxnlığında olan şəhid plakatanın yanında olmuşdur. Şəhid oğlunun ünvanına nalayiq ifadələr işlətdiyinəm görə özü Xosrova yaxınlaşıb vurmaq istəmiş, lakin kənd sakinləri onu yaxınlaşmağa qoymamışlar. Məhkəmədə Şahid6 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə aralarında 2023-cü ilin sentyabr ayının əvvəllərində kənddə heyvan saxlamaq üstündə söz mübahisəsi yaranmışdır. 24 sentyabr 2023-cü il tarixdə yaşadığı kənddə həmkəndlisi Rüstəm Həbibovun toy məclisi olmuş, Xosrov da öz ailəsi ilə birlikdə toyda iştirak etmişdir. O, özü isə həmin məclisdə ofisiant işləmişdir. Toyun sonlarında çadıra tərəf gəldikdə Xosrovun toyda mübahisə yaratdığını görmüşdür. Xosrov toydan çıxarkən məclisdə iştirak edənlərə sataşmış və əl qol hərəkətləri etmişdir. Toy çadırının qarşısında Elvinlə Xosrov mübahisə edən zaman o, çadırın qarşısında Elvin və Xosrovdan təxminən 5-6 metr aralıda dayanmışdır. Xosrov toy məclisindən çıxmaq istəməmişdir. Elvin də Xosrova içkili olduğunu, çıxıb getməyini və məclisdə qan-qaraçılıq salmamağını demişdir. Xosrov isə mübahisə etməyə davam edərək söyüş söymüş, Elvin də əli ilə Xosrovu itələyərək getməsini istəmişdir. O Xosrovu vurub xəsarət yetirməmişdir. Xosrov özü içkili olduğundan camaata sataşıb əl-qol hərəkətləri etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O və qardaşı Xosrov 24 sentyabr 2023-cü il tarixdə Quba rayonu Gürdəh kəndində həmkəndlisi Rüstəm Həbibovun toy məclisində iştirak etmişlər. Onlar ayrı-ayrı masalarda əyləşmişlər. Məclisdə iştirak etdikdən sonra saat təxminən 16 radələrində toy məclisindən çıxıb yaşadığı evə getmişdir. Xosrov isə toy məclisində qalmışdır. Axşam saatlarında qardaşı Xosrovun toy məclisində döyüldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs qeyd etdikləri yalandır. Elvin toy məclisində ona yaxınlaşıb Xosrov barədə heç bir irad bildirməmişdir. Nə də ki o, Xosrovu toy çadırının qarşısına çıxarmamışdır. O, toydan günorta saatlarında çıxıb evə getmiş, Xosrov isə toyda qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və gəlmiş şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 30 sentyabr 2023-cü il tarixli 736 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun bədəni üzərində aşkar olunmuş baş beyin silkələnməsi ilə müşayiət olunan alnında ortada, sağ almacıqda sıyrıqlar, burnunun üstündə əzilmişcırılmış yara, burun tənəffüsünün pozulması və burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin çoxqəlpəli yerini dəyişən sınıqları, hər iki əlin arxa səthində sıyrıqlar, sağ dizdə qançır küt əşyanın (əşyanın) təsirindən törənməklə 24 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu lokalizasiyahısına görə baş beyin silkələnməsi ilə müşayiət olunan alnında və sağ almacıqdakı sıyrıqlar, hər iki əlin arxa səthindəki sıyrıqlar, sağ dizdəki qançır qərarın təsviri hissəsində göstərildiyi kimi avtomaşınla vurulma nəticəsində əmələ gələ bilər, hər birinin ayrı-ayrılıqda dərəcəsi təyin edilmiş olsa bu zaman baş beyin silkələnməsi ilə müşayiət olunan alnında və sağ almacıqdakı sıyrıqlar sağlamlıqda qısa müddətə pozğunluqlar törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, hər iki əlin arxa səthindəki sıyrıqlar və sağ dizdəki qançır istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlərə aiddir, burnunun üstündə əzilmişcırılmış yara, burun tənəffüsünün pozulması və burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin çoxqəlpəli açıq sınıqları qərarda göstərildiyi kimi kənar şəxs (və ya şəxslər) tərəfindən yumruq və ya təpiklə vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiklərindən sağlamlığa az ağır zərər vurmaya aiddir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kənd ərazisində olan bağ sahəsinin yanında sifət nahiyyəsindən zərbələr endirməsi sonuncunun az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olduğundan, cinayətin baş vermə yeri kənd ərazisində yerləşən bağ sahəsinin hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsilə cinayət təqibinin başlanılması rədd edilməsi, Zərərçəkmiş şəxs bədəni üzərində olan dərəcəsi təyin olunmayan xəsarətlər isə özünün yıxılması zamanı alınmış xəsarətlər kimi qiymətləndirilməsi və həmin xəsarətlərin ittihama daxil edilməməsi, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid6 əməllərində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surəti Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Quba RİHB-nın Rük kənd İƏD üzrə nümayəndəliyinin arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Gürdəh kəndində yaşayır və onun atası 1965-ci il təvəllüdlü X7, anası 1971-ci il təvəllüdlü X1, bacısı 1998-ci il təvəllüdlü X3, qardaşları 1992-ci il təvəllüdlü Şahid1 və 1999-cu il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. Nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. Quba RİHB-nın Rük kənd İƏD üzrə nümayəndəliyinin arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Quba rayonu, Gürdəh kəndində yaşayır və onun arvadı 1991-ci il təvəllüdlü X5, oğulları 2007-ci il təvəllüdlü X8 və 2009-cu il təvəllüdlü X6 ibarət ailə tərkibi vardır. Nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə hər hansı yazılı şikayət daxil olmamış, Zərərçəkmiş şəxs isə özü şikayətə meyilli adamdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 24 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu Gürdəh kəndində mübahisə baş verməsi hər iki tərəfin, şahidlərin məhkəmədə verdikləri ifadələri ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, zərərçəkmiş çəxslə barışmağa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə itiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar