Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-162/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Quba rayonu, Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Barlı kəndində qeydiyyatında olmaqla hazırda faktiki olaraq Quba rayonu Qonaqkənd qəsəbəsində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşadıqları evin həyətindəki çəpərin yaxınlığında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan kauçuk qabla qonşusu və qohumu Zərərçəkmiş şəxs üz nahiyəsinə vurmaqla ona baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz orbiti ətrafında qançır-hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək qəsdən sonuncunun sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Quba rayonu Qonaqkənd qəsəbəsində giriş-çıxışı və həyətləri ayrı olan evdə yaşayırlar, qohumluq əlaqələri vardır, şəxsi münasibətləri normal olmuşdur və ədavətləri yoxdur. 22.09.2021-ci il tarixdə saat 18 radələrində, yaşadığı evin həyətində qabları yuduğu zaman çəpər qonşusu və qohumu olan Tərlanın onun ünvanına təhqiredici sözlər dediyini eşitmiş, onun söyüşlərinə fikir vermədiyindən sonuncu əsəbiləşərək qaz sobasının üstündə olan dəmir parçasını onun üstünə atmış, əlində olan kauçuk qabı üzünə tutmuşdur ki, dəmir parçası üzünə dəyməsin. Həmin vaxt dəmir parçası əlindəki kauçuk qaba dəyib sınmış və o, da bundan əsəbləşərək çəpərə tərəf yaxınlaşıb əlindəki kauçuk qabla Zərərçəkmiş şəxs üzündən vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək, barəsində 8 X15 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, yaşadıqları ev 6 otaqlı evdir. Həmin evin 3 otağında o öz ailəsi ilə, digər 3 otağında isə əri Elbrusun əmisi oğlu Qürbət Əlişanov öz ailəsi ilə birlikdə yaşayır. Hər ikisinin evinin girişçıxış ayrıdır, həyətləri də ayrıdır, həyətlər arasında məftildən çəpər vardır. Münasibətləri yaxşı olmuşdur. Hadisədən təqribən 15-20 gün əvvəl Maralgilin toyuqlarının onların həyətlərinə girməsinə görə aralarında sözlə mübahisə olmuş, dava-dalaş olmamışdır. 22 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Maral həyətdəki ağaclardan alma yığmağa fəhlə gətirmişdir. Alma ağaclarına yaxın məsafədə onun həyətinin tin hissəsində onlara məxsus heyva ağacı olmuşdur. Fəhlələr almaları yığıb aparanda onun heyvalarını da yığıb aparmışlar. Buna görə, Maralla aralarında mübahisə olmuşdur. Marala nəyə görə onun heyvalarını yığdırmasını irad tutmuşdur. Maral isə uşaqlarının evdə olmasını, nəzarət etmələrini bildirmişdir. Maral həmin vaxt həyətdə qabları yumuşdur. Mübahisə zamanı Maral əlindəki kauçuk materialdan olan qabla onun sifət nahiyəsinə zərbə endirmişdir, qab onun sifətinə dəyərək sınmışdır. O, Maralı vurmamışdır. Həmin vaxt ətrafda ailə üzvlərindən başqa heç kim olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Səadət Bayramovadan şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 25.09.2021-ci il tarixli, 991 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - baş beyin sirkələnməsi ilə müşayiət olunan sağ göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə yəni, 22.07.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və eləcədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam subuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli 429 nömrəli arayışından və 430 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 29 sentyabr 2021-ci il tarixli, 2197 №-li sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.01.2010-cu il təvəllüdlü X8, 24.06.2011-ci il təvəllüdlü X10 və 27.11.2012-ci il təvəllüdlü X7 adında üç azyaşlı övladları vardır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X4 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinaylər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs izahatını və prokurorun ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işinin materiallarını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12, 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12, 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-162/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-162/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver