Məhkəmə qərarları › İş №1(027)-162/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-162/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-162/2023 20.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, məhkum olunmamış, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən anası Zərərçəkmiş şəxs saçlarından və sol qulağından əlləri ilə tutub dartaraq və sol qoluna təpik vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 21 avqust 2023-cü il tarixdə, saat 21-22 radələrində sərxoş halda evə gəldikdə, arvadı Lamiyə və anası Qənimət ona evin əşyalarını sataraq pulunu spirtli içkiyə verməsini irad tutmuşlar. Mübahisə etdikdən sonra 22 avqust 2023-cü il tarixdə keçən gecə, saat 01 radələrində anası Qənimət üstünə gəlib qışqıraraq onu təhqir etmişdir. O, da əsəbindən anası Qənimətin saçlarından və qulaqlarından tutub dartmış, ayaqla onu özündən kənara itələmişdir. Həmin vaxt görmüşdür ki, anasının qulağından qan gəlir. Sonra anası təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 avqust 2023-cü il tarixdə, saat 20:30 radələrində gəlini Lamiyə ona oğlu Muradın evdən bəzi əşyaları sataraq spirtli içkiyə verdiyini demiş və saat təxminən 22 radələrində Murad sərxoş evə gələrkən onu danlamışdır. Bir qədər sonra 22 avqust 2023-cü il tarixə keçən gecə, saat 01 radələrində evin aşağı mərtəbəsindəki otaqdan Lamiyə ilə Muradın mübahisə səslərini eşitdiyi üçün yaxınlaşaraq Muradı danlamağa başlamışdır. Murad isə onun saçlarından tutaraq dartmış və sonra da sağ əli ilə sol qulağından tutub dartdığından qulağının dərisi cırılmışdır, daha sonra sol qoluna təpiklə vurmuşdur. Qulağından qan axdığından təcili tibbi yardım çağırıb xəstəxanaya getmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 22 avqust 2023-cü il tarixli 605 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - sol qulağın arxasında əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 22 avqust 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba RMX-nin 04 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RlHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, himayəsində üç azyaşlı uşağı vardır və müsbət xarakterizə olunur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə şəxsi məlumatdan çıxarışından gürünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəlüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 və 21.05. 2019-cu il təvəlüdlü X2 adlı uşaqları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 2 saat üçün 12 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar