Məhkəmə qərarları › İş №1(027)-162/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-162/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-162/2024 01.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 2002-ci ildə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu, Çiçi kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus içərisində 500 ədəd ot bağlaması olan tövləni yandırmaq qərarına gələrək, 20 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində həmin tövlənin olduğu yerə gedib özü ilə apardığı alışqanla ot bağlamalarını yandırmış, Zərərçəkmiş şəxs1 tikinti üzrə 7740 manat, tikilinin içərisində olan 500 ədəd ot bağlamasının yanması nəticəsində 2000 manat, ümumilikdə 9740 manat dəyərində əmlakı yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq qəsdən məhv etmişdir. Bundan başqa o, Quba rayonu, Çiçi kəndində həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus içərisində 600 ədəd ot bağlaması olan tövləni yandırmaq qərarına gələrək, 02 noyabr 2023-cü il tarixdə, saat 00 radələrində həmin tövlənin olduğu yerə gedib özü ilə apardığı şamı yandıraraq ot bağlamalarının üzərinə atmaqla yandırmış, Zərərçəkmiş şəxs3 tikinti üzrə 3540 manat, tikilinin içərisində olan 600 ədəd ot bağlamasının yanması nəticəsində 2400 manat, ümumilikdə 5940 manat dəyərində əmlakı yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq qəsdən məhv etmişdir. Bundan başqa o, Quba rayonu, Çiçi kəndində həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus içərisində 400 ədəd ot bağlaması olan tövləni yandırmaq qərarına gələrək 22 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində həmin tövlənin olduğu yerə gedib özü ilə apardığı alışqanla ot bağlamalarını yandırmış, Zərərçəkmiş şəxs2 tikinti üzrə 4690 manat, tikilinin içərisində olan 400 ədəd ot bağlamasının yanması nəticəsində 1600 manat, tikilin içərisində olan hər kiloqramının qiyməti 0,40 qəpik olmaqla 400 kq buğdanın yanması nəticəsində 160 manat və tikilin içərisində olan hər birinin qiyməti 130 manat olmaqla 03 ədəd otbiçən aparatlarının yanması nəticəsində 390 manat, ümumilikdə 6840 manat dəyərində əmlakı yandırmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq qəsdən məhv etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba rayonu, Çiçi kəndində yaşayır. Subaydır və hazırda heç bir yerdə işləmir. 2023-cü ilin aprel ayında həqiqi hərbi xidmətini başa vuraraq yaşadığı kəndə qayıtmışdır. Onun, həmkəndlisi Zərərçəkmiş şəxs3la dostluq münasibəti olub. Buna görə o, vaxtaşırı Mütəllimin yaşadığı evə gedib-gəlmişdir. Həmçinin Mütəllimin anası Şahid2 da həyətlərində nəyəsə köməklik lazım olduğunda onların evinə gedərək köməklik etmişdir. O, Mütəllimgilə gedibgəldiyindən yaşadığı kənddə onun üçün həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Buna görə də Mütəllimlə qonşuluqda yaşayan həmkədlisi Zərərçəkmiş şəxs2 ona Mütəllimin evinə gedib-gəlməməsini tövsiyə etmişdir. O, Tərlandan qisas almaq məqsədi ilə 20 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində səhvən Zərərçəkmiş şəxs1 məxsus tövlənin dam hissəsini alışqanla yandırıb oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki o, səhvən Zərərçəkmiş şəxs1 məxsus tövləni yandırıb. Tövləni yandıran zaman o, zənn etmişdir ki, həmin tövlə Zərərçəkmiş şəxs2 məxsusdur. Bir müddət sonra o, yenidən Mütəllimin evinə gedib-gəldiyinə görə Mütəllimin kiçik X8 onunla görüşərək kənddə olan söz-söhbətə görə onların evlərinə gəlməməyi ona bildirmişdir. O da Dəyanətin bu sözündən əsəbləşərək onlara məxsus olan mal tövləsini yandırmaq qərarına gəlmişdir. Bu məqsədlədə o, 02 noyabr 2023-cü il tarixdə, saat 00 radələrində yaşadığı evdən özü ilə 01 ədəd şam və 01 ədəd alışqan götürərək Mütəllimgilin evlərinə tərəf getmişdir. Mütəllimgilin evlərinin yaxınlığında olan mal tövləsinə çatıb özü ilə götürdüyü şamı yandıraraq dam hissəsinə yığılmış ot bağlamalarının üzərinə atıb oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. O, törətdiyi əməl barədə heç kimə məlumat verməmişdir. Həmin hadisədən bir müddət keçdikdən sonra, anası ərzaq verərək, Mütəllimin anası Xalidəyə verməsini ondan xahiş etmişdir. O da həmin ərzaqları alaraq Xalidəgilə gedib ərzaqları ona vermişdir. O, ərzaqları Xalidəgilə verib geri qayıtdığı zaman Xalidəgilin qonşusu Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq kənddə olan söz-söhbətə görə Xalidəgilə gəlib-getməməyi ona bildirərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Tərlanın hərəkətindən əsəbləşərək ona məxsus tövləni yandırmaq qərarına gəlmişdir. Bundan bir müddət keçdikdən sonra, yəni 22 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdən çıxaraq Tərlanın yaşadığı evin yanına getmişdir. O, Tərlanın yaşadığı evin yanına çatdıqdan sonra, ətrafa göz gəzdirib və kənar şəxslərin olmamasından əmin olduqdan sonra o, Tərlana məxsus olan tövlənin içərisinə keçərək özü ilə gətirdiyi alışqanla tövlədə olan ot bağlamalarını yandırıb oradan uzaqlaşmışdır. Növbəti gün o, Tərlana məxsus ot tayasının yandırıldığını eşitmişdir. Hadisənin səhəri günü Quba rayon polis şöbəsinin əməkdaşları gələrək onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində izahat verən zaman o, etdityi əməlləri etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Vəlvələ kəndində ailəsi ilə birlikdə yaşayır. Quba rayonu, Çiçi kəndində ata evi yerləşir. Ata evinin həyətində 2008-ci il tarixdə dam örtüyü taxta konstruksiyadan olan 200 kv.m sahəsi olan tövlə tikmişdir. Qış aylarında mal-qaraya yem vermək məqsədi ilə tövlənin dam örtüyünün alt hissəsinə 500 ədəd ot bağlaması yığmışdır. 20 oktyabr 2023cü il tarixdə gecə saat 23 radələrində yaşadığı Quba rayonu, Vəlvələ kəndindəki evində olan zaman həmkəndliləri onun mobil telefonuna zəng edərək ona məxsus olan tövlənin dam örtüyünün yandığını bildirmişlər. X14 bunu eşidən kimi dərhal müvafiq qurumlara məlumat vermişdir. Bundan sonra onlar Quba rayonunun Çiçi kəndində yerləşən ata evinə gedib görmüşlər ki həqiqətən də həyətlərində olan tövlənin dam örtüyü yanır. Onlar yanğın olan yerə çatdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin və Quba rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürmüşlər. Hadisə nəticəsində 500 ədəd ot bağlamasının hər biri 4 manata olmaqla 2000 manat, tövlənin yanması nəticəsində isə 6000 manat ziyan dəymişdir. Tikilidə elektrik xətləri olmayıb. Sonradan ona məlum olmüşdur ki, ona məxsus olan tövləni həmkəndlisi Təqsirləndirilən şəxs qəsdən yandırmışdır. Təqsirləndirilən şəxs onun tövləsini səhvən onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 qisas almaq məqsədi ilə yandırdığını bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 hazırda ona dəymiş ziyandan cəmi 150 manat ödənildiyini bildirərək, ziyanın tam şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki o, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı evinin həyətində 150 kv.m sahəsi olan yardımçı tikili tikmişdir. Həmin yardımşı tikilinin dam örtüyü dəmir konstruksiyadan ibarət olmuşdur. Qış aylarında saxladığı mal-qaraya yem vermək məqsədi ilə o, yay aylarında yardımçı tikiliyə 400 ədəd ot bağlaması yığmışdır. Bundan əlavə tikilidə 03 ədəd otbiçən maşın və 09 kisə buğda olmuşdur. 22 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı Quba rayonu, Çiçi kəndindəki evində olan zaman ailə üzvləri ona tikilinin yandığını bildirmişklər. O, dərhal həyətə çıxaraq 112 xidmətinə məlumat vermişdir. Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin və Quba ayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürmüşlər. Tikilidə elektrik xətti olmamış eləcədə hadisə nəticəsində xəsarət alan olmamışdır. Hadisə nəticəsində 400 ədəd ot bağlamasının hər biri 4 manata olmaqla 1600 manat, 03 ədəd otbiçən maşının bir ədədinin qiyməti 130 manat olmaqla 390 manat, 09 kisə, yəni 400 kq buğdanın 01 kq-mı 0,40 qəpik olmaqla 160 manat və yardımçı tikilinin yanması nəticəsində isə 4690 manat, ümumilikdə isə ona 6840 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus olan tövləni həmkəndlisi Təqsirləndirilən şəxs qəsdən yandırmışdır. O, hadisədən 20 gün əvvəl Sahiblə mübahisə etmişdir. Mübahisə zamanı Sahib ona qisas alacağını bildirib ondan ayrılmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 hazırda ona dəymiş ziyandan cəmi 800 manat ödənildiyini bildirərək, ziyanın tam şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba rayonu. Çiçi kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 2021-ci il tarixdə yaşadığı evin həyətində 0,75 kv.m sahəsi olan mal tövləsi tikmişdir. Həmin tövlənin dam örtüyü taxta konstruksiyadan ibarət olmuşdur. Qış aylarında saxladığı mal-qaraya yem vermək üçün tövlənin dam örtüyünün alt hissəsinə 600 ədəd ot bağlaması yığmışdır. 02 noyabr 2023-cü il tarixdə gecə saatlarında ailə üzvləri ona məlumat vermişlər ki, həyətlərində olan tövlənin dam örtüyü yanır. O, dərhal yanğın barədə müvafiq qurumlara məlumat vermişdir. Bir qədər sonra, Fövqəladə Hallar Nazirliyinin və Quba rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib yanğını söndürmüşlər. X8 hadisədən əvvəl yəni 02 noyabr 2023-cü il tarixdə, gecə saat 00 radələrində həyətdə olan mal-heyvan tövləsinin yanında adam səsi eşidib. Tövlənin yanması nəticəsində 600 ədəd ot bağlaması və tövlənin dam örtüyü tamamilə yanmışdır. Tikilidə elektrik xətləri olmayıb. Hadisə nəticəsində xəsarət alan şəxs olmamışdır. Tövlənin yanması nəticəsində ona ümumilikdə təqribən 5940 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun həyətində olan tövləni həmkəndlisi Təqsirləndirilən şəxs qəsdən yandırmışdır. Son vaxtlar Sahib onun ailəsi ilə qərəzli mövqe saxlayıb, buna səbəb qardaşı Dəyanətin Sahibə onların məhləsinə gəlməməsini deməsi ilə bağlı onlardan qisas almaq istəməsi olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları evinin həyətində 150 kv.m sahəsi olan yardımçı tikilisi var. Həmin yardımçı tikilinin dam örtüyü dəmir konstruksiyadan ibarət olmuşdur. Qış aylarında mal-qaraya yem vermək üçün onlar tövləyə 400 ədəd ot bağlaması yığmışlar. Bundan başqa tövlədə 03 ədəd otbiçən maşın və 01 kisəsi 50 kq olan 09 kisə buğda olmuşdur. 22 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı Quba rayonu, Çiçi kəndindəki evində olan zaman həyətdən səs gəldiyini eşidib pəncərədən həyətə baxdığı zaman tövlənin yandığını görüb və dərhal evdə olan ailə üzvlərinə xəbər vermişdir. Həyətə çıxdıqdan sonra yanğın barədə Fövqəladə Hallar Nazirliyinə məlumat vermişdir. Bir müddətdən sonra yanğın söndürənlər gələrək yanğını söndürülüblər. Tövlədə heç bir elektrik xətti olmayıb. Tövlənin yanması nəticəsində tövlədə olan 400 ədəd ot bağlaması, 03 ədəd ot biçən maşın, 400 kq buğda və tövlənin dam hissəsi bütünlüklə yanıb məhv olunmuşdur. Yanğın nəticəsində 400 ədəd ot bağlamasının bir ədədinin qiyməti 4 manat olmaqla 1600 manat, 03 ədəd otbiçən maşın bir ədədinin qiyməti 130 manat olmaqla 390 manat, 01 kq qiyməti 0,40 qəpik olmaqla 400 kq buğda 01 kq-mı 0.40 qəpikdən 160 manat və yardımçı tikilinin yanması nəticəsində 4690 manat, ümumilikdə isə onlara 6840 manat məbləğində ziyan dəymişdir. Hadisə nəticəsində xəsarət alan şəxs olmamışdır. Sonradan həmkəndlisi Təqsirləndirilən şəxs Arif oğlu ona və ailə üzvlərinə yanğının onun tərəfindən törədildiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba rayonunun Çiçi kəndində yaşayır. 2021-ci ildə yaşadıqları evin həyətində 0,75 kv.m sahəsi olan tövlə tikmişlər. Həmin tövlənin dam örtüyü taxta konstruksiyadan olmuşdur. Qış aylarında mal-qaraya yem vermək məqsədi ilə tövlənin dam örtüyünün alt hisəsinə 600 ədəd ot bağlaması yığmışlar. 02 noyabr 2023-cü il tarixdə axşam saatlarında evdə olduğu zaman küçədən səs gəldiyini eşitdib, çölə baxdığı zaman evin həyətində olan tövlənin yandığını görüb dərhal həyətə çıxaraq mübafiq dövlət oqanlarına məlumat vermişlər. Bir müddən sonra yanğın söndürənlər gələrək yanğını söndürülüblər. Tövlədə hər hansı bir elektrik xətti və həmçinin tövləni isitmək üçün tövlədə odun sobası və ya qaz sobası olmamışdır. Hadisə nəticəsində xəsarət alan şəxs olmamışdır. Yanğın nəticəsində 600 ədəd ot bağlamasının və tövlənin dam örtüyünün yanması nəticəində onlara təqribən 5940 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan Təqsirləndirilən şəxs onunla söhbət edərkən yanğının onun tərəfindən törədildiyini etiraf etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2023-cü il tarixli 9/9257 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Zərərçəkmiş şəxs3 məxsus 600 ədəd ot bağlaması 1 ədədinin qiyməti 4 manat olmaqla, cəmi 2400 manat, Zərərçəkmiş şəxs2 məxsus 400 ədəd ot bağlaması cəmi 1600 manat, 400 kq buğda 1 kq-nın qiyməti 0,40 manat olmaqla, cəmi 160 manat, Zərərçəkmiş şəxs1 məxsus 500 ədəd ota bağlaması cəmi 2000 manat, ümumilikdə həmin malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə hesablama yolu ilə təxminən 6160.00 manat müəyyən edilir. Digər 1 adda mal-03 ədəd otbiçən maşın haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından, həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Odur ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən qiymətləndirmə aparılmamış 03 ədəd ot biçən maşının dəyəri zərərçəkmiş şəxsin öz ifadəsində göstərdiyi qiymətlər kimi qəbul edilməlidir. İş üzrə təyin edilb keçirilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 12 fevral 2024-cü il tarixli 3-16-16/2-10/9039 saylı rəyindən görünür ki, yanğın nəticəsində Quba rayonu, Çiçi kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus tikiliyə tikinti üzrə dəymiş ziyan 7740.00 manat, Zərərçəkmiş şəxs3 məxsus tikiliyə tikinti üzrə dəymiş ziyan 3540.00 manat, Zərərçəkmiş şəxs2 məxsus tikiliyə tikinti üzrə dəymiş ziyan 4690.00 manat təşkil edir. İş üzrə təyin edillib keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 12 fevral 2024-cü il tarixli 3-16-16/2-10/9038 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus tövlədə baş vermiş yanğının mənbəyi, tövlənin dam hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək damın bütün hissələrinə yayılmışdır. Zərərçəkmiş şəxs2 məxsus tikilidə baş vermiş yanğın mənbəyi, tikilinin daxilində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək tikilinin bütün hissələrinə yayılmışdır. Zərərçəkmiş şəxs1 məxsus tikilidə baş vermiş yanğının mənbəyi, tikilinin dam hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək tikilinin bütün hissələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisələrin baş vermə şəraitini, tikililərin elektrik enerjisi və təbii qazla təmin olunmadığını, mənbə zonalarında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də mənbə zonalarında yanğını şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və s.maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğınlar, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nın 186.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs atası – 1971-ci il təvəllüdlü X5, anası - 1971-ci il təvəllüdlü X6, qardaşı 2000-ci il təvəllüdlü X7 və bacısı – 2004-cü il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; Məhkəmə Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla, CM-nın 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci 210 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 (on) iş saatına görə 60 (altmış) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar