Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-163/2024 29.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1962-ci ildə Laçın rayonu, Cağazur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 1 uşağı olan, məhkumluğu olmayan, Yevlax rayonu, Meyvəli kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,15 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 0,330 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 02 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, İlyas Babayev küçəsində saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən “Keno” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd gümüşü rəngli siqaret falqası bükümündə xalis çəkisi 0,330 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Quba şəhərində yerləşən “X11 Kompleksi”nin yaxınlığında gəzən zaman küçədə yolun kənarında, yerdə siqaret qutusu görüb götürmüş və içərisinə baxdıqda iki ədəd siqaret gilizi və bir ədəd siqaret qutusunun gümüşü rəngli falqası bükümünü görmüşdür. Bükümü açmış, içərisində olan ağımtıl rəngli kütlənin psixotrop maddə metamfetamin olduğunu bilib şəxsi istifadəsi üçün həmin bükülünü cibində saxlamışdır. Bundan sonra metamfetamini tapdığı küçənin yaxınlğında olan Favorit marketə gedib siqaret almış və oradan çıxıb yaşadığı evə getmişdir. Həmin gün saat 20 radələrində yenidən Favorit marketə gəldmiş və marketdən çıxıb Quba şəhəri, İlyas Babayev küçəsinə keçib gəzişməyə başlamışdır. Bu vaxt iki nəfər mülki formada olan Quba RPŞ-nin əməkdaşları özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxlanması ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Təhqiqatçı və vəkil gələndən sonra ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, üzərində şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, gündüz vaxtı tapdığı əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı “Keno” markalı siqaret qutusunun içərisindəki bir ədəd gümüşü rəngli siqaret falqası bükümünü təqdim etmişdir. Büküm açarkən içərisindən ağımtıl kütlə aşkar edilmişdir ki, o, bu kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, tapdığını, öz istifadəsi üçün saxladığını və tapandan sonra üzərindən götürərək istifadə etmədiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Tapdığı psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə saxlamış, heç kimə satmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin cinayət axtarışı üzrə əməliyyat-müvəkkili, polis baş leytenant Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Yevlax rayonu, Meyvəli kəndində qeydiyyatda olan və Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, İlyas Babayev küçəsində olduğunu müəyyən edilmiş və 01 iyun 2024-cü il tarixdə saat 20 radələrində həmin küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və onların iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmişdir. Qutunu açarkən içərisindən bir ədəd gümüşü rəngli siqaret falqası bükümü, bu bükümü açarkən isə içərisindən ağımtıl kütlə aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, Quba şəhərində yerləşən “X11 Kompleksi”nin yaxınlığında gəzən zaman küçədə yolun kənarından tapdığını, öz istifadəsi üçün saxladığını və tapandan sonra üzərindən götürərək istifadə etmədiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində digər hər hansı qanunla qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Quba RPŞ-nin polis nəfəri Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər Şahid2 ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X4, polis əməkdaşları, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə küçədə dayanmışlar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir. Təhqiqatçı əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə olub-olmadığını soruşur, cavabında Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən siqaretin qutusunu çıxardıb təqdim edir. Təhqiqatçı qutunun içərisindən bir siqaret falqasına bükülmüş vəziyyətdə olan 01 ədəd büküm aşkar edir. Sorğuya cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin kütlənin narkotik vasitə olduğunu, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Quba şəhəri, İlyas Babayev küçəsində tapdığını, kimsəyə satmadığını, hansısa nemət müqabilində vermədiyini bildirir. İsmət Tağıyev narkotik vasitədən çoxdan istifadə etdiyini bildirdi. Üzərindən aşkar edilən kütlədən istifadə etmədiyini bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs digər ciblərindən 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd siqaret və 4 manat pul aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzi vasitəsilə ölçülür və kütlənin ümumi çəkisi 0,66 qram olduğu müəyyən olunur. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 20:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Yevlax rayonu, Meyvəli kəndində qeydiyyatda olmaqla, faktiki Quba rayonu, Qəçreş yolu yaşayış massivində yaşayan, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba şəhəri, İlyas Babayev küçəsində saxlanılaraq tutulmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “keno” markalı siqaretin içərisində saxladığı, siqaret falqasına bükülmüş vəziyyətdə olan 01 ədəd büküm kütlə, digər ciblərindən 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd “keno” markalı siqaret və 4 manat pul aşkar olunmuşdur. Kütlə elektron tərəzi ilə ölçülən zaman çəkisi 0.66 qram olduğu məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metanfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə saxlanıldığı küçədən tapdığını bildirmişdir. Əldə etdiyi kütlədən stifadə etmədiyini, satmadığını, maddi nemət müqavilində heç kimə vermədiyini qeyd etmişdir. Aşkar edilərək götürülmüş kütlə ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 02 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3076 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə xalis çəkisi 0,330 qram olan ağ kristallik maddU kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin xalis çəkisi - 0,330 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,280 qram; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 18 iyul 2024-cü il tarixli, 4893 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Halhazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilməsi, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aparılmış video çəkilişin köçürüldüyü 1 (bir) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə 01 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin ekspert tədqiqatından sonra qalıq qalmış 0,280 qramının maddi sübut hesab edilməsi və həmin psixotrop maddə metamfetaminin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılaraq möhürlənmiş 1 (bir) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib avtomobilində saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadəsi və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,330 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqiyev X8 Rayon Məhkəməsinin 03 may 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 mart 2008-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra azad olunmuşdur; Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Meyvəli kəndində qeydiyyatda olmaqla Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində yaşayır və onun həyat yoldaşı – xx.xx.1983-cü il təvəllüdlü X2, uşağı – xx.xx.2011-ci il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,280 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,280 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-163/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-163/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver