Məhkəmə qərarları › İş №1(027)-163/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-163/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-163/2025 10.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1987-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilib 01 il 03 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, 29 sentyabr 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəlcədən törədəcəyi ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi xalis çəkisi 0,88 qram narkotik vasitə heroini və 0,65 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2025-ci il tarixdə, saat 11 radələrində onun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi evə baxış keçirilərkən evin yataq otağındakı dolabda və döşəmənin altında saxladığı ümumilikdə 14 ədəd kağız bükümlərdə çəkiləri 0,052, 0,077 qram, 0,047 qram, 0,048 qram, 0,063 qram, 0,050 qram, 0,067 qram 0,071 qram, 0,052 qram, 0,070 qram, 0,086 qram, 0,079 qram, 0,100 qram və 0,018 qram olmaqla ümumilikdə xalis çəkisi 0,88 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,65 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əmələrində cinayət tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Narkotik maddə istifadəçisidir. Əvvəllər narkotik vasitə istifadə etmiş, tutulmazdan təxminən 5 gün əvvəl onlayn qaydada tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə olan heroin və el içində “patı” kimi adlandırılan psixotrop maddəni almışdır. Aldığı vasitələrin pulunu yazışdığı adını bilmədiyi şəxsə onlayn qaydada ödəmişdir. Sonra isə həmin vasitələri Bakı şəhərinə gedərək 7-ci mikrorayon ərazisindən qoyduğu yerdən götürmüşdür. Aldığı zaman narkotik vasitələr 15 bükülüdə olmuş, əldə etdiyi narkotik vasitələri gətirərək yaşadığı evdə gizlətmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin qarşısında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində qanunsuz narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, isə üzərində narkotik maddə olmadığını, lakin yaşadığı evdə saxladığını polis əməkdaşlarına bildirmişdir. Üzərində şəxsi axtarışdan sonra yaşadığı evə baxış zamanı o, evdə saxladığı telefon qutusunda olan 13 ədəd bükülüdə olan kütləni və evinin yataq otağında saxladığı 03 ədəd bükülüdə olan kütlələri, 02 ədəd şpirisi və 01 ədəd şüşə qabını onlara təqdim etmişdir. Evindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitəni online şəkildə tanımadığı şəxsdən almışdır. O, pulu həmin şəxsin kartına göndərmiş, narkotiki isə Bakıdan ona deyilən yerdən götürmüşdür. Həmin vaxt o, ümumilikdə 15-16 büküm narkotik vasitə almışdır. Narkotik vasitə istifadəçisi olsa da, heç kimə narkotik vasitə satmamışdır. Telefon yazışmalara gəldikdə isə, o başqa cinayətlə bağlı həbsdə olduğu üçün onda ümumiyyətlə telefon olamamışdır. Şahid4 taksinin pulunu vermək üçün borc pul istəmişdir. Nə Süleymana nə də Şahid5 narkotik vasitə satmamış, nə də təklif etməmişdir. O, aldığı narkotik vasitəsən özü istifadə etmişdir. Əvvəllər də məhz istifadəyə görə məhkum edilmidir. Ona görə də, özünü qismən, yanlız narkotik vasitənin saxlanılmasında təqsirli bilir. Sonda təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı əldə olunmuşdur. Təqsirləndirilən şəxs ifşa olunaraq yaxalanması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Natəvan küçəsində öz evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs əynində qadağan olunan hər hansı əşyanın olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs razılığı evə daxil olduqda evin yataq otağını Cəmil əli ilə işarə edərək onlar ilə birlikdə həmin otağa keçmişdir. Orada olan güzgülü rəfə baxış keçirilərkən 01 ədəd üzərində Samsung Galaxy A15 yazılan olan telefon qutusunun içərisində 01 ədəd şəffaf sellofan torbanın içərisində ümumilikdə 13 ədəd kağız bükülülərdə narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yataq otağında üzərində döşək olan xalçanın aşağı hissəsini göstərmişdir. Həmin yerə baxış keçirilərkən oradan 02 ədəd şpris, 01 ədəd kəsik ampula şüşəsi və 03 ədəd kağız bükülü aşkar edilmişdir. Aşkar edilən bükülülərə baxış keçirilərkən onların nə olduğu barədə Təqsirləndirilən şəxs sual verilərəkən o, həmin bükülülərdəki narkotik vasitələrin “nəşə” və “patı” olduğunu demişdir. Həmin bükülülər ayrı-ayrılıqda elekton tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Məhkəmədə verilən sualara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində müxtəlif növ narkotik vasitələri əldə etməsi, onlardan istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs Quba şəhəri, Natəvan küçəsində öz evinin qapısında saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermiş və əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində müxtəlif növ narkotik vasitələri əldə etməsi, onlardan istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs Quba şəhəri, Natəvan küçəsində öz evinin qarşısında saxlamışlar. Evinə daxil olmamışdırlar. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 da Şahid3 bildirdiklərinə uyğun ifadə vermiş və əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Quba rayonu ərazisində müxtəlif növ narkotik vasitələri əldə etməsi, onlardan istifadə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı onun icraatına daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Natəvan küçəsində öz evinin qarşısında saxlanılmışdır. Cəmi Abdullayevin üzərindən qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs yaşadığı evdən əvvəl ümumilikdə 13 ədəd kağız bükülülərdə narkotik vasitə, daha sonra 02 ədəd şpris, 01 ədəd kəsik ampula şüşəsi və 03 ədəd kağız bükülü aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. 2025-ci ilin yay aylarında gecə saat 2 radələrində Cəmil ona mesaj göndərmiş, mesajda “Bakıdan gəlirəm, pul varsa 20 manat at mənə, gələndə sənə bir dənə ondan bir dənə bundan verəcəm” sözləri yazılmışdır. O, həmin mesajı 2-3 gün sonra görmüş, lakin cavab vermədən mesajı silmişdir. Ondan sonra Cəmilə zəng də etməmişdir. Verilən sualara cavab olaraq bildirdi ki, Cəmil ona cəmi bir dəfə mesaj yazmışdır. Həmin gün 3-4 dəfə də yığmış, o da cavab verməmişdir. Bu vaxtadək Cəmillə görüşsə də, sonuncudan heç vaxt narkotik vasitə almamışdır. İbtidai istintaqda ifadəsi alınan zaman Cəmilin ona narkotik vasitə təklif etməsini deməmişdir. Çünki mesajda Cəmil “bir dənə ondan bir dənə bundan” ifadəsini işlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, ibtidai istntaq zamanı anası xəstə olduğu üçün müstəntiqin çağırışlarına gedə bilməmişdir. İbtidai istintaqda ümumiyyətlə ifadə verməmişdir. Lakin məhkəmə iclasında iş materialları incələnən zaman məlum olmuşdur ki, Şahid5 xx.xx.2025-ci il tarixdə saat 10:20-dən saat 11:15-ə kimi şahid qismində dindirilmişdir. Şahid5 ifadəsini öz imzası ilə təsdiq etmişdir. Şahid5 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Sonuncu ilə tanışlıqları Bakı şəhərində yerləşən Cəzaçəkmə Müəssisəsində olmuş, orada münasibətləri yaranmış və yaxın dostluq münasibətləri yaranmışdır. Cəmilin narkotik vasitələrdən istifadə etməsi barədə bildiyi üçün 21 mart 2025-ci il tarixdə gecə saatlarında Cəmilə mesaj yazaraq 01 qram “kola” yəni, heroin istəmişdir. Cəmil ona 100 manata təşkil edə biləcəyini bildirmişdir. O, həmin narkotik vasitədən alaraq 50 manatını bu gün 50 manatını sabah almağı üçün yazdıqda həmin gün Cəmil ona cavab verməmişdir. Daha sonra özü də narkotik vasitəni almaq istəməmiş və etdiyi əməlin cinayət olmasını anlamışdır. Bundan sonra Cəmil ilə danışmamış və görüşməmişdir. Təqsirləndirilən şəxs digər hər hansı bir şəxsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Sonradan Təqsirləndirilən şəxs ona zəng etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən küçədə evinin qarşısında saxlanılır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olmasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunan predmet olması soruşulduqda o, üzərində narkotik vasitə olmadığını bildirir, lakin yaşadığı evdə narkotik vasitə olması etiraf edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Üzərində qanunla qadağan olunan hər hansı əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçirilməsi üçün bildirildikdə o, buna etiraz etmir. Təqsirləndirilən şəxs ilə birlikdə polis əməkdaşları onun yaşadığı evə daxil olur. Təqsirləndirilən şəxs hemin evin yataq otağına gedir və narkotik vasitənin orada olmasını bildirir. Orada güzgülü rəfə baxış keçirilir. 01 ədəd üzərində Samsung Galaxy A15 telefon qutusunun içərində 01 ədəd şəffaf sellofan torbanın içərisində ümumilikdə 13 əəd kağız bükülülərdə narkotik vasitə aşkar edilir. Həmin narkotik vasitələr olan 13 ədəd bükülü elektron tərəzidə ölçülür və çəkiləri 1,70 qram təşkil edir. Təqsirləndirilən şəxs başqa harada narkotik vasitə olması barədə soruşulur. Təqsirləndirilən şəxs yataq otağında olan üzərində döşək olan xalçanın aşağı hissəsini göstərir. Həmin yerə baxış keçirilir və oradan 02 ədəd şpris, 01 ədəd kəsik ampula şüşəsi və 03 ədəd kağız bükülü aşkar edilir. Aşkar edilən bükümlərə baxış keçirilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bükülülərdəki narkotik vasitələrin “nəşə” və “patı” olduğunu deyir. Həmin bükülülər ayrılıqda elekton tərəzidə ölçülür və çəkiləri 0,53, 0,33 və 0,07 qram təşkil edir. Bundan sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə kimyəvi-bioloji ekspertizası) 14 iyun 2025-ci il tarixli, 20/487 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan kütlələr...” sözləri və imzaları olan kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngi 01 (bir) ədəd qara rəngli, 11 (on bir) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,077 qram 0,047 qram, 0,048 qram 0,063 qram 0,050 qram 0,067 qram, 0,071 qram 0,052 qram, 0,070 qram 0,086 qram, 0,079 qrar 0,100 qram, ümumi təmiz çəkisi 0,862 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus kütlə..." sözləri və imzaları olan kağız paketdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümos təmiz çəikisi 0,018 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlə..”sözləri və imzaları olan kağız paketdəki, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəikisi 0,065 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlə..” sözləri və imzaları olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli və 01 (bir) ədəd gümüşü rəngli kağz bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,106 qram 0,032 qram, ümumi təmiz çəikisi 0,138 qram maddələr narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsiredicilərə aid deyil. 01 (bir) ədəd içərisi qəhvəyi rəngli iz şəkilində olan baş hissəsi sınıq şüşə ampulanın və 01 (bir) ədəd 1 ml-lik şprisin içərisində heroin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqaisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Heroinin təmiz çəkisi – 0,086 qram (1-13 № obyekt), 0,018 qram (14 № obyekt) tədqiqata sərf edildi – 0,14 qram (hər obyektdən 0,01 qram götürüldü), qalıq - 0,732 qram və 0,008 qram; narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi - 0,065 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0,055 qram; qeyri narkotik vasitənin təmiz çəkisi 0,138 qram, tədqiqata sərf edildi -0,02 qram (hər obyektdən 0,01 qram götürüldü), qalıq – 0,118 qram (16-17 № obyekt); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının (məhkəmə narkoloji ekspertizası) 27 sentyabr 2025-ci il tarixli, 6035 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-c il tarixdən Quba rayon mərkəzi xəstəxanasında F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,732 və 0,008 qram narkotik vasitə heroin və 0,055 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq Quba rayon Polis şöbəsində maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrədən bir sıra şəxslər ilə sms vasitəsilə narkotik vasitələrin satışı ilə bağlı yazışmalar aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən sms vasitəsilə 21 mart 2025-ci il tarixdə saat 23:43-də sms daxil olaraq bildirilir ki, “evdəyəm danışa bilmirəm belə kola 01 qram neçəyədir?” deyə mesajl yazılır. Təqsirləndirilən şəxs öz növbəsində həmin şəxsə “100 sənə” deyərək cavab verir. Həmin nömrədən yenidən mesaj gələrək “Burda sənöl uşaqlar götürür ki, gecikmisən alıblar uje bir tanış var” deyə bildirir və “svoydu 01 qr alıb 50 indi sabah vermək olar.” Cümləsinidə əlavə olaraq yazır. Bundan başqa Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə saat 01:28-də ***-***-**-** nömrəsinə sms vasitəsilə “Yoldayam taksidə 20 manat pul düzəlt hərəsindən 01 dənə verim” sms-ni yazır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuş, Təqsirləndirilən şəxs 16 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilməklə əlavələr edilərək ona həmin məcəllənin 234.2-ci maddəsi ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs Şahid4 və Şahid5 narkotik vasitələri satmaq istəməsi faktları ilə bağlı cinayət işinin istintaq materiallarından bu faktlarla bağlı materiallar ayrılmış, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən və təhqiqat sənədləşdirilməsini özündə əks etdirən videoçəkilişlərin köçürüldüyü 02 (iki) ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmış, cinayət işi üzrə 24 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin 0,732 və 0,008 qram narkotik vasitə heroin və qurudulmuş marixuananın 0,055 qramı cinayət işi üzrə maddi sübut hesab edilmiş, həmin narkotik vasitənin və qarşıq kütlənin olduğu Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdınlaraq möhürlənmiş 2 (iki) ədəd kağız paketin saxlanılması üçün Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumuluğu ödənilməmiş hesab edilmiş, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi ilə cinayətlərin residivinin yaranması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilsə də, törətdiyi cinayət əməli şahid ifadələri, ona məxsus telefon nömrəsinin yazışmaları barədə çıxarışlarla , ekspert rəyləri, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Qərarın 8-ci və 9-cu maddələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin saxlamasında və istifadəsində şübhəli şəxs qismində tutulmuşdur; “şübhəli şəxsin MSY-dən azad edilməsi barədə” 14 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə MSY-dən azad edilmişdir; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin pozması səbəbindən barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılmış, Quba RPŞ-nə gətirilərək İstintaq Bölməsinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(027)-34/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, bəbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixdək müəyyən edilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:45-dən hesablanmışdır; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Quba rayon Polis şöbəsinin məhkəmənin xx.xx.2026-cı il tarixli sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Quba RPŞ-nin MSY-nə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailə üzvləri birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, , Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilib 01 il 03 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 1(027)-37/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 1(027)-149/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cınayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi ilə cinayətlərin residivinin yaranması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu (Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 1(027)-149/2023 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini xx.xx.2025-ci il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.4-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, islah olunmadan, yenidən eyni xarakterli cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 29 sentaybr 2025-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji dispanserində profilaktik qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,732 və 0,008 qram narkotik vasitə heroin və 0,055 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 29 sentaybr 2025-ci il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və narkoloji dispanserində profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan qalıq çəkisi 0,732 və 0,008 qram narkotik vasitə heroin və 0,055 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar