Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-164/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə saat 13 radələrində, idarə etdiyi “Vaz 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz yolunun 12 kmdə, Zərdabi qəsəbəsi ərazisində Xaçmaz şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olması üçün sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsi seçməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib idarə etdiyi avtomobili qarşı tərəfdə onunla eyni istiqamətdə olmaqla sola doğru dönmə əməliyyatını keçirmək üçün hərəkət hissəsinin orta hissəsində dayanmış sürücü Şahid1 idarə etdiyi Vaz 21074 markalı, 40 Bl 767 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpmış, nəticədə ehtiyatsızlıqdan Vaz 21074 markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 “Sol tərəfdən İİ, İİİ, İV, V, Vİ və Vİİ qabırgaların ön qoltuq xətti üzrə sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması” kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də Zərərçəkmiş şəxs2 avtomobilini zədələməklə 1014 manat məbləğində zərər çəkməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, VAZ 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 16.06.2021-ci il tarixdə səhər saatlarında işi ilə əlaqədar o, VAZ 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərinə gəlmişdir. Həmin gün saat 13 radələrində o, işlərini qurtarıb avtomobili ilə Quba-Xaçmaz yolu ilə Xaçmaz şəhərinə qayıtmağa başlamışdır. O, həmin yolla Zərdabi qəsəbəsi ərazisində təxminən 60-70 km/saat sürətlə hərəkət edərkən qarşıda gedən VAZ 2107 markalı avtomobilin dayanaraq sola dönmək istədiyini görmüşdür. Həmin vaxtı aralarında olan məsafə az olduğu üçün o, avtomobilini saxlaya bilməyərək həmin VAZ 2107 markalı avtomobilin arxa tərəfindən vurmuşdur. O, avtomobilini saxlayıb aşağıya düşmüşdür. VAZ 2107 markalı avtomobilin sürücüsü də aşağıya düşmüşdür. O, yol polis bölməsinə zəng vurub hadisə barədə məlumat verdikdən sonra, dövlət sığorta şirkətinə zəng vurub hadisə yerinə əməkdaş çağırmışdır. Sonra yaxınlıqdakı marketə gedib su almış, hadisə yerinə qayıtmışdır. Az sonra yol polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra, onlar Quba RPŞ-nə getmişlər. Hadisə baş verən vaxt VAZ 2107 markalı avtomobildə yalnız sürücünü görmüşdür. Həmin avtomaşında olan və hadisə zamanı xəsarət alan qadını o, hadisədən sonra, kənara çəkildiyi üçün görməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək, barəsində 8 X5 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, əlilliyə görə 13 ildir ki, təqaüd alır. Hər 5 ildən bir Quba RMX-da və ya Zərdabi qəsəbəsində yerləşən disponserdə həkim müayinəsindən keçir. 16.06.2021-ci il tarixdə o, qardaşı Qabilin mobil telefonuna zəng vurub həkim müəyinəsindən keçməli olduğunu bildirərək, qardaşından xahiş etmişdir ki, taksi avtomobili ilə onu xəstəxanaya aparsın. Həmin gün saat 13:30 radələrində qardaşı Qabil Quba rayonu Tülər kəndində yaşayan Namiqin idarə etdiyi VAZ 2107 markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobillə onların evlərinə gəlmişdirdi. O, avtomobilin arxa oturacağında, qardaşı Qabil isə sağ qarşı oturacaqda əyləşmişdir. Namiq avtomobili idarə edərkən Quba-Xaçmaz yolu ilə Zərdabi qəsəbəsi istiqamətində idarə etmişdir. Onlar Zərdabi qəsəbəsi ərazisinə çatdıqda Namiq sol tərəfdə yerləşən dispanserə gedən yola dönmək üçün avtomobilin sola dönmə işıqlarını yandırıb mühərriki söndürmədən avtomobili saxlamışdır ki, qarşıdan gələn avtomobillər gəlib keçsin. Həmin vaxtı o, qəflətən hiss etmişdir ki, arxadan zərblə əyləşdiyi avtomobilə nəsə vurmuşdur. O, qarşı oturacağa dəymiş, ani olaraq huşunu itirmişdir. Az sonra qardaşı Qabil və sürücü Namiqin köməyi ilə özünə gəlmişdir. O, özünü yaxşı hiss etmədiyindən onlar xatırlamadığı taksi avtomobili saxlatdırıb həmin avtomobillə onu evə göndərmişlər. Əvvəlcə o, özündə ciddi ağrılar hiss etmədiyi üçün heç bir yerə o cümlədən tibb müəssisəsinə müraciət etməmişdir. Sonradan bədənində olan ağrılar gücləndiyi üçün o, Qusar rayonunda yerləşən “OKİ medical clinic” klinikasına müraciət etmişdir. Orada həkimlər onu müayinə etmişlər. Ona məlum olmuşdur ki, 6 ədəd qabırğasında sınıq var. Ona görə də həmin gün əri Rəcəb DİN-nin 102 xidmətinə onun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki Vaz 2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün oğlu Şahid1 vermişdir. 16.06.2021-ci il tarixdə günorta saatlarında oğlu Namiq onun mobil telefonuna zəng vurub demişdir ki, həmin gün saat 13:30 radələrində Vaz 2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onlarla bir kəndə yaşayan Qabil və bacısı Şahnazı Zərdabi qəsəbəsi ərazisində dispanserə apararkən arxadan hərəkət edən Vaz 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini arxadan vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, Namiqin avtomobilində əyləşmiş Fərhadova Sərdar qızı yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Vaz 2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil atası Zərərçəkmiş şəxs2 məxsudur. O, həmin avtomobili atasının ona verdiyi etibarnamə əsasında idarə edir. Qabili və bacısı Şahnazı tanıyır. 16.06.2021-ci il tarixdə o, Qabillə ona məxsus avtomobili ilə Quba şəhəri ərazisində köhnə avtovağzal istiqamətinə tərəf getmişlər. Həmin vaxtı Şahnaz Qabilin mobil telefonuna zəng vurub onunla danışmışdır. Sonra Qabil telefonla danışıb qurtardıqdan sonar, ona demişdir ki, gedib Şahnazı götürüb Zərdabi qəsəbəsi ərazisindəki dispanserə aparsınlar. O, Qabillə razılaşıb Şahnazgilin evinə tərəf getmişlər. Onlar Şahnazı götürüb maşının arxa oturucağına əyləşdirmişlər. Sonra təxminən saat 13:30 radələrində onlar ona məxsus avtomobillə Quba-Xaçmaz yolu ilə hərəkət etməyə başlamışlar. Həmin vaxtı Qabil avtomobilin qarşı oturacağında, Şahnaz isə arxa oturacaqda əyləşmişdir. O, avtomobili Quba Xaçmaz yolu ilə idarə edərkən Zərdabi qəsəbəsi ərazisinə çatdıqda sol tərəfdə yerləşən dispanserə gedən yola dönmək üçün avtomobilin sola dönmə işıqlarını yandırıb mühərriki söndürmədən avtomobili saxlamışdır ki, qarşıdan gələn avtomobillər keçib getsin. Həmin vaxtı o, qəflətən hiss etmişdir ki, onların əyləşdiyi avtomobilin arxa tərəfindən başqa avtomobil zərblə vurmuşdur. Onların əyləşdiyi avtomobil bir qədər irəliyə tərəf atılmışdır. O, avtomobildən düşüb görmüşdür ki, idarə etdiyi avtomobili Vaz 2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Qəza nəticəsində avtomobildə olan Şahnaz huşunu itirmişdir. Şahnaz özünə gəldikdən sonar, qardaşı Qabil maşın saxladıb onu evlərinə yola salmışdır. Sonra o, DİNnin 102 xidmətinə zəng vurub yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Vaz 2106 markalı avtomobilin sürücüsü isə sığorta şirkətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Az sonra yol polisi əməkdaşı hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadıdır. Arvadı Şahnaz əlilliyə görə 13 ildir ki, təqaüd alır. Şahnaz hər 5 ildən bir Quba RMX-da və ya Zərdabi qəsəbəsində yerləşən disponserdə həkim müayinəsindən keçir. 16.06.2021-ci il tarixdə axşam o, işdən evə gəldikdə arvadı Şahnaz ona demişdir ki, həmin gün o, qardaşı Qabillə birlikdə tanışı Namiqin idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə Zərdabi qəsəbəsində yerləşən dipanerə getmiş, Namiq avtomobili Quba-Xaçmaz yolu ilə Zərdabi qəsəbəsi istiqamətində idarə edərkən arxadan gələn Vaz 2106 markalı avtomobil onların əyləşdiyi avtomobili vurmuşdur. Həmin vaxtı Şahnaz ona bədənində cüzi ağırılarının olduğunu, buna görə də heç bir yerə müraciət etmədiyini bildirmişdir. Sonradan Şahnazın bədənində olan ağrılar gücləndiyi üçün onu Qusar rayonunda yerləşən “OKİ medical clinic” klinikasına aparmışdır. Orada həkimlər Şahnazı müayinə etmişlər. Orada onlara məlum olmuşdur ki, Şahnazın 6 ədəd qabırğasında sınıq vardır. Ona görə də həmin gün o, DİN-nin 102 xidmətinə arvadı Şahnazın yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 02 iyul 2021-ci il tarixli, 560 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası və KT müayinəsinin cavabı əsasənda belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər – Sol tərəfdən İİ, İİİ, İV, V, Vİ, və Vİİ qabırğaların ön qoltuq xətti üzrə sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, 16 iyun 2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyytədə yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa uzun müddət pozğunluq törətdiyindən sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 avqust 2021-ci il tarixli, 8/1653 saylı rəyindən görünür ki: istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə tibb ekspertizasının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 24 avqust 2021-ci il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında Xaçmaz Rayon İcra hakimiyyəti Başçısının Çarxı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs2 Məhəmmədəli oğlunun Quba rayon məhkəməsinə daxil olmuş ərizəsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan VAZ 21074 markalı avtomobilin əzilməsi nəticəsində ona vurulmuş 1014 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs ərizəsini, dövlət ittihamsıçının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işinin materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 20.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-164/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-164/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver