Məhkəmə qərarları › İş №1(027)-164/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-164/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-164/2024 24.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ İş №1(027)-164/2024 Cinayət işi üzrə icraata xitam verilməsi barədə QƏRAR Quba Rayon Məhkəməsi 24 sentyabr 2024-cü il Quba şəhəri Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – X1, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Quba rayonu İkinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, fərdi qaydada işləyən, Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 27 aprel 2024-cü il tarixdə, saat 18 radələrində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs Quba şəhəri, “bazar” ərazisində işlətdiyi kafeyə sərxoş halda gələrək onunla şəxsi münasibətlər zəminində mübahisə etmiş və bu zaman onun yaxasından tutub dartışdıraraq üzünə yumruq zərbəsi vurmaqla Zərərçəkmiş şəxs qəsdən sağlamlğının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, həmkəndlisi və qohumu Şahid yaxınları ondan xahiş etmişlər ki, Cəbrayılın içki içməsinə nəzarət etsin və 27 aprel 2024-cü il tarixdə, Quba şəhəri, “bazar” ərazisində yerləşən kafedə Cəbrayıl ilə birlikdə spirtli içki içdikdən sonra, saat 18 radələrində Cəbrayıl ondan ayrılaraq tanışları Zərərçəkmiş şəxs kafesinə getmişdir. O Cəbrayılın arxasınca getmiş və Qafardan Cəbrayıla içki verməməsini tələb etmişdir. Qafar onunla kobud rəftar etmiş və ünvanına söyüş işlətdiyindən, aralarında mübahisə yaranmışdır. Həmin vaxtı o da söyüşlə cavab verdikdə, Qafar onun boynunun dalından qapaz atmışdır. Çevrilib Qafarın üstünə cumaraq onun yaxasından tutub onun üzünə yumruq zərbələri vurmaqla yerə yıxmışdır. Daha sonra, Cəbrayıl araya girmiş və sonuncunu da götürüb Qafarın kafesindən uzaqlaşmışlar. Münaqişə 3-5 dəqiqədən artıq çəkməmiş, orada kənar adamlar olmamışdır. İfadəsinin sonunda X3 hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Quba şəhəri, bazar ərazisində icarə əsasında kafe işlədir və 27 aprel 2024-cü il tarixdə, saat 18 radələrində əvvəldən tanıdığı Məhəmməd və Cəbrayıl içkili halda kafeyə gəlmişlər. Məhəmməd ondan Cəbrayıla içki verməməsini tələb etdikdə, müştərilərə içki verilib-verilməməsini onunla razılaşdırmalı olmadığını cavab vermişdir. Məhəmməd sərxoş olduğundan, onunla mübahisə etməyə başlamış, söyüb təhqir etdiyi üçün o da sonuncuya söyüşlə cavab vermişdir. Bu zaman Məhəmməd onun üstünə gələrək yaxasından tutub onun əl-qolunu dartışdırmış və üzünə yumruq zərbələri vuraraq onu yerə yıxmaqla sol göz nahiyəsində və sol əlinə müxtəlif xəsarətlər yetirmişdir. X4 ayırıb aparmışdır. Yaxınlıqda başqa şəxslər olmamış və münaqişə 3-5 dəqiqə ərzində bitmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxslə barışdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 29 aprel 2024-cü il tarixli 298 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər sol gözün bayır bucağında əzilmiş yara, sol göz orbiti ətrafında qançır-hematoma, sol əlin baş barmağında yumşaq toxumanın əziyi və qançırı olub, həmin xəsarətlər döyülmə nəticəsində törənməyə uyğun gəlir və hadisənin baş verdiyi tarixdə yəni 27 aprel 2024-cü il tarixdə əmələ gələ bilər, həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba rayon məhkəməsinin 03 noyabr 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına, Xəzər rayon məhkəməsinin 12 fevral 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 –ci maddəsi ilə təqsirli bilinərək 04 ay azadlıqdan məhrum etmə cəzasına və Bakı Ağır Cinayətlər məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4, 67.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 23 iyun 2015-ci il tarixli qərarı ilə barəsindəki 12 mart 2015-ci il tarixli hökmü dəyişdirilərək 08 il 04 ay azalıqdan məhrum etmə cəzası qəti olaraq 07 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasını çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyindən alınmış 23 iyun 2024-cü il tarixli 862 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İkinci Nügədi kəndində qeydiyyatdadır, orta təhsillidir və subaydır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. X3 ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, X3 barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin iş materiallarından görünür ki, X3 barəsində 22 avqust 2024-cü il tarixdə “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 saat üçün 24 manat Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar