Məhkəmə qərarları › İş №1(027)-165/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-165/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-165/2023 24.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Quba rayonu Qırmızı Sloboda qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayon məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya xx.xx.2023-cü il tarixli qərarı ilə Quba rayon məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmış, Quba rayonu, Qırmızı qəsəbə, G.Əsədov küçəsi ev 93-də daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd bükülüdə təmiz çəkisi 0,471 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 13 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Qırmızı qəsəbəsi Sahil küçəsində saxlanılıb orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibində “Prima” markalı siqaret qutusunun arxasında gizlətdiyi 01 ədəd bükülüdə təmiz çəkisi 0,471 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Quba rayonu Qırmızı qəsəbəsi Sahil küçəsində olarkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin istifadə olunmasında və daşıyıb saxlanmasında şübhəli olduğunu bildirərək şübhəli şəxs qismində tutulduğu elan etmişlər. Həmin vaxt ona təqdim ediilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində narkotik vasitə olduğunu etiraf edərək əynindəki qara rəngli şalvarının sağ yan cibində “Prima” markalı siqaret qutusunun arxasında gizlədib saxladığı bir ədəd bükülədəki narkotik vasitə heroin kütləsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bükülüdəki kütləyə baxıb onun nə olduğunu soruşanda həmin bükülüdəki kütlənin narkotik vasitə heroin olduğunu, onu həmin gün Xaçmaz şəhərində yolun kənarında yerdən tapdığı və Quba rayonuna gətirdiyini, istifadə etmək üçün özündə saxladığını etiraf etmişdir. Təqdim etdiyi həmin bükülü elektron tərəzidə ölçüldükdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonra baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, o həmin protokolda yazılanlarla tanış olduqdan sonra onu imzası ilə təsdiq etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyatmüvəkkili, Şahid2 ifadələrində göstərmişlər ki, 13 iyul 2023-cü il tarixdə Quba rayonu Qırmızı qəsəbə G.Əsədov küçəsi ev 93-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıması və saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişlər. Həmin gün saat 16:30 radələrində Təqsirləndirilən şəxs Quba rayonu Qırmızı qəsəbəsi Sahil küçəsində saxlayaraq vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı “Prima” markalı siqaret qutusunun arxasında olan 01 ədəd siqaret kağızına bükülünü çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükülünün içərisinə baxıldıqda narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdi ki, aşkar edilmiş bükülüdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, onu həmin gün Xaçmaz şəhərində yolun kənarında yerdən tapıb Quba rayonuna gətirmiş, şəxsi istifadəsi üçün onu üzərində saxlamışdır. Qeyd olunan kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonra baxışın keçirilməsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3817 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd bükülüdə təmiz çəkisi 0,471 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,471 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,05 qram, qalıq isə 0,421 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 5622 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 13 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Quba RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman, Təqsirləndirilən şəxs əyinində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı “Prima” markalı siqaret qutusunun arxasında olan 01 ədəd siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək gütürülmüşdür Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba rayon məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İş materiallarına olan Sumqayıt Apelyyasiya məhəkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Quba rayon məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba rayonu Qırmızı Sloboda qəsəbəsi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, G.Əsədov küçəsi, ev 93-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və narkotikin miqdarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 13 iyul 2023-cü il tarixdə yəni, Quba rayon məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza, hazırki hökmlə təyin olunmuş cəza ilə birləşdirilməklə toplanılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 iyul 2023-cü tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 176 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 saat üçün Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,421 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd kağız paketdə qablaşdırılaraq möhürlənmiş, ekspertizadan sonra təmiz çəkisi 0,421 qram çəkidə qalıq qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar