Məhkəmə qərarları › İş №1(027)-165/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-165/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-165/2024 15.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2 qızının katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər məhkum olunmamış, subay, Quba rayonu Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 11 may 2024-cü il tarixdə, saat 01 radələrində Quba şəhəri, bazar ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətir mağazasının plastik qapısının kilidini sındırmaq yolu ilə içəri daxil olaraq güzgülü vitrinin yanında yerləşən stolun üzərində olan dəftərin içərisində olan 140 manat nağd pulu, güzgülü vitrində hər biri ayrıca qutuda olan 15 manat dəyərində 01 ədəd üzərində qızılı “TİSSOT- 1853” yazısı olan, 10 manat dəyərində 01 ədəd gümüşü-qızılı rəng qarışığında üzərində “OMEGA- SEAMASTER” yazılı, 10 manat dəyərində 01 ədəd gümüşü rəngli üzərində ’’WİLLAND” yazılı, 15 manat dəyərində 01 ədəd qara rəngli üzərində “RASHOTA” yazılı və 10 manat dəyərində 01 ədəd “TENWEL” yazılı cəmi 5 ədəd qol saatı və həmin vitrinin yanında qoyulmuş dəmir çərçivənin üzərindən asılan hər birisi ayrıca sellofan bağlamada bağlı olan “Stainless Steel” markası altında olan 15 manat dəyərində “XUAN-23”, 20 manat dəyərində “CGB-6/K” və 20 manat dəyərində “YPQ-8” cəmi 3 ədəd hər birinin mirvari qaşları olan büjiteriya qadın boyunbağıları götürərək zərərçəkmiş şəxsə 250 manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli şəkildə talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ofisiant kimi işlədiyi Quba rayonu, Barlı kəndində kafedə iş saatı bitdikdən sonra spirtli içki qəbul etmiş və oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Quba rayonu, “bazar” adlanan yerə gələrək rahat daxil ola biləcəyi mağazanı seçmiş və əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus məişət əşyaları mağazasının plastik qapısının kilidini sındıraraq iççəri daxil olmuşdur. Mağazada olan 5 ədəd qol saatını 3 ədəd qadın büjiteriya boyunbağısını və kassa hissəsində olan kitabçanın arasında olan 140 manat pulu götürərək mağazanı tərk etmişdir. Sonra bazar ərazisində yerləşən əvvələr tanımadığı X1 məxsus ərzaq və geyim əşyalarının olduğu mağazanın plastik qapısının kilidini sındıraraq ora daxil olmuş və mağazanın kassa hissəsində rəfdə sellofan torbada olan ümumilikdə qəpik ilə 15 manat pulu götürərək mağazanı tərk etmişdir. Təqribən bir həftə sonra, Quba rayon polis şöbəsinin əməkdaşları onun istifadəsində olan mobil nömrəyə zəng edərək oğurluq hadisəsi ilə bağlı onu Quba RPŞ-yə dəvət etmişlər. Bundan sonra o, Quba RPŞ-yə gedərək etdiyi əməli etiraf etmişdir. Oğurladığı pullan xərclədiyni və oğurlanmış əşyalardan yalnız “Tenwel” markalı saatı özü üçün saxladığını qalan əşyaları isə maşın ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun kənar hissəsinə atmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, Vətən müharibəsi iştirakçısı olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Quba şəhəri H.Əliyev prospektində yerləşən “Köhnə Avtovağzal” adlanan bazar ərazisinin daxilində icarə əsasında ətir mağazası işlədir. Mağazada ətirlə yanaşı büjiteriyada da satır. Bir qayda olaraq mağazanı hər gün saat 08:00 radələrində açır və axşam saat 17:00 radələrində bağlayır. Sonuncu dəfə 10 may 2024-cü il tarixdə, axşam saat 17 radələrində mağazanı başlayaraq şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. 21 may 2024-cü il tarixdə səhər saatlarında mağazaya gəldikdə, mağazanın plastik qapısının kilidinin qırıldığını aşkar etdikdə, mağazadan oğurluq olduğunu başa düşmüşdür. Mağazaya baxış keçirdikdə 140 manat nəğd pulun, 15 manat dəyərində 01 ədəd üzərində qızılı “TİSSOT-1853” yazısı olan, 10 manat dəyərində 01 ədəd gümüşü-qızılı rəng qarışığında üzərində “OMEGA-SEAMASTER” yazılı, 10 manat dəyərində 01 ədəd gümüşü rəngli üzərində ’’WİLLAND” yazılı, 15 manat dəyərində 01 ədəd qara rəngli üzərində “RASHOTA” yazılı və 10 manat dəyərində 01 ədəd “TENWEL” yazılı cəmi 5 ədəd qol saatı və həmin vitrinin yanında qoyulmuş dəmir çərçivənin üzərindən asılan hər birisi ayrıca sellofan bağlamada bağlı olan “Stainless Steel” markası altında olan 15 manat dəyərində “XUAN-23”, 20 manat dəyərində “CGB-6/K” və 20 manat dəyərində “YPQ-8” cəmi 3 ədəd hər birinin mirvari qaşları olan büjiteriya qadın boyunbağılarının oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, ona məxsus mağazadan oğurluq edilməsi barədə ərizə ilə Quba rayon polis şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ona məxsus mağazadan oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur.İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 21 may 2024-cü il tarixdə Quba rayon sakini Zərərçəkmiş şəxs Quba rayonu, “bazar” adlanan ərazidə özünə məxsus mağazadan 140 manat nağd pulun, 5 ədəd qol saatı və 3 ədəd büjiteriya qadın boyunbağısının oğurllanması barədə ərizə ilə Quba RPŞ-nə müraciət etmişdir. Edilmiş müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, nəticədə baş vermiş oğurluq hadisəsinin Quba rayonu, Barlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olmuşdur. Sonra Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanaraq Quba RPŞ-yə dəvət edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus bazar ərazisində yerləşən mağazasından 140 manat nəğd pul, 5 ədəd qol saatı və 3 ədəd qadın boyunbağısının oğurlanmasını etiraf etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks fizikikiməvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 avqust 2024-cü il tarixli, 3-16-16/2- 6/3649-9/5696 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 64.78 qram kütləli, siferblatının iç tərfində "Tenwel QUARTZ 7327-6" yazıları, siferblatının arxa hissəsində "MADE İN CHİNA STAİNLESS STEEL BACK" yazılan, qolbağının kilid hissəsində "STAİNLESS STEEL" yazıları olan, sarı rəngli 1 ədəd qol saatı dəmir əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində mis, sink və.s elementlər də mövcuddur). Ekspertizaya təqdim edilmiş 01 ədəd qol saatının harada və hansı üsulla hazırlanmasının müəyyən edilməsi materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilən, dəmir əsaslı ərintidən hazırlanmış, 64.78 qram kütləli, siferblatının iç tərfində "Tenwel QUARTZ 7327-6" yazılan, siferblatının arxa hissəsində "MADE İN CHİNA STAİNLESS STEEL BACK" yazılan, qolbağının kilid hissəsində "STAİNLESS STEEL" yazılan olan, san rəngli 1 ədəd qol saatının 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 5.00 (beş) manat müəyyən edilir. Qərarda qeyd edilən 8 adda mallar (1 ədəd üzərində qızılı "TİSSOT-1853" yazısı olan qol saatı, 1 ədəd gümüşü-qızılı rəng qarışığında üzərində "OMEGA-SEAMASTER™ yazısı olan qol saatı, 1 ədəd gümüşü rəngli üzərində "WİLLAND" yazısı olan qol saatı, 1 ədəd qara rəngli üzərində "RASHOTA" yazısı olan qol saatı, 1 ədəd üzərində "TENWEL" yazısı olan qol saatı, 1 ədəd mirvari qaşları olan Stainless Steel markalı, "XUAN-23" modelli bijuteriya qadın boyunbağısı, 1 ədəd mirvari qaşları olan Stainless Steel markalı, "CGB-6/K" modelli bijuteriya qadın boyunbağısı, 1 ədəd mirvari qaşları olan Stainless Steel markalı, "YQB-8" modelli bijuteriya qadın boyunbağısı) ekspertizaya təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan (görünüşü, modeli, kütləsi, hazırlandığı materialın növü və.s) həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyildir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks fizikikiməvi və məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarında qeyd olunan 8 adda əşyalardan 01 ədədi ekspertizanın aparılması üçün kompleks məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim edilmiş digər əşyalar ilə bağlı isə qiymətləndirmə aparılması nəzəri əsaslanma ilə bağlı rəyin verilməsi ekspertizanın təyyin olunması qərarında göstərilmişdir. Rəy verilməsi təqdim olunan 01 ədəd “Tenwel Quartz 7327-6” saatının 2024-cü ilin may ayına olan orta baza qiyməti ümumi nəzəri hesablama yolu ilə təxminən 5 manat müəyyən edilir. Digər 7 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparması ekspert tərəfindən mümkün olmamışdır. Odur ki, iş üzrə təyin edilmiş kompleks fizikikimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən qiymətləndirmə aparılması mümkün olmayan 1, 2, 3, 4, 6, 7 və 8-ci 6 sırada göstərilmiş 7 adda malların dəyəri zərərçəkmiş şəxsin öz ifadəsində göstərdiyi qiymətlərə uyğun qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mağazaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi üz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş üzrə keçirilmiş məhkəmə kompleks fiziki-kiməvi və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayışdan və xasiyyətnamdən görünür ki, o, Quba rayonu Barlı kəndində qeydiyyatda olmaqla, həmin ünvandada yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan l-5246 saylı Azərbaycan Respublikası Medalının vəqsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”dır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ibtidai araşdırması aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı və onun barəsində Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərari ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 140 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut– Quba RPŞ-də saxlanılan 01 ədəd qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Xaçmaz rayonu və Qusar rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və ********* saylı cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 4(004)-838/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 140 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Quba RPŞ-də saxlanılan 01 ədəd qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar