Məhkəmə qərarları › İş №1(027)-166/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-166/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-166/2021 01.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1956-cı ildə Quba rayonu Möhüc kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Məhəllə 2341-2343 M.Hadi küçəsi ev 2 mənzil 12-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi özünə məxsus X17 markalı, Az **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospekti ilə Qəçrəş kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib “Səkinə xanım Məscidi”nin qarşısında yolu sağdan sola doğru keçən piyada Quba şəhər sakini X8 avtomobilinin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə ehtiyyatsızlıqdan sonuncuya gözlərinin ağlı qişası və birləşdirici toxumasında qanzsızma, sağ və sol mil sümüyünün və sağ bud sümüyünün qapalı sınıqları, başın və bədənin çoxlu yara, qançır və sıyrığı, başın yumşaq toxumalarının alt səthində ənsə nahiyəsində qansızma, baş beyin toxumasına, beyinçiyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağ ciyərin toxumasının cırılıb-dağılması və sol ağ ciyərin toxumasına qansızma, döş boşluğunda 800 ml-ə yaxın sərbəst qan əmələ gəlməsi kimi xəsarətlərlə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən çıxıb özünə məxsus X17 markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəçrəş kəndi istiqamətinə getmiş, Quba şəhərinin ərazisində H.Əliyev prospekti ilə avtomobili ilə hərəkət etmişdir. Bu zaman Meydan adlanan ərazidən bir qədər yuxarıda hərəkətdə olarkən qarşısında gedən “VAZ 21 063” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı taksinin sürətini azaltmağa başladığını görmüş və avtomobili sol tərəfə doğru hərəkət etmiş ki, həmin taksinin yanında hərəkətini davam etdirsin. Bu zaman həmin avtomobilin qarşısından mərhum X10 anidən avtomobilinin qarşısına çıxmış və avtomobilinin sağ qabaq hissəsi ilə Senyura Əliyevanı vurmuşdur. O, piyadanı vurduqdan sonra piyada zərbənin təsirindən avtomobilinin ön mühərrikinə çırpılmış, daha sonra isə yolun hərəkət hissəsində sağ tərəfə doğru yıxılmışdır. O, dərhal avtomobilini saxlayıb vurduğu piyadaya yaxınlaşmışdır. Həmin piyadaya yaxınlaşanda vurduğu piyada hərəkətsiz vəziyyətdə qalmışdır. O, həyəcanlı olduğundan təcili tibbi yardıma özü zəng edə bilməmiş, lakin kənarda olan tanımadığı şəxsə telefonunu verib 103 xidmətinə məlumat verməyini xahiş etmişdir. Bir qədər keçdikdən sonra təcili tibbi yardım avtomobili gəlmişdir. Lakin təcili tibbi yardım avtomobili gələnə kimi vurduğu piyada X10 ölmüşdür. O, hadisə baş verdikdən sonra dəfələrlə mərhumun yas mərasimlərində iştirak etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək onlara vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini, yaşlı və xəstə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X10 onun bacısıdır. 13 avqust 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə olarkən qohumu Zülfüqar telefonla ona zəng edərək Quba şəhəri, Heydər Əliyev prospektində “X17” markalı avtomobilin piyada vurduğunu və vurulan piyadanın bacısı Senyuraya oxşadığını demişdir. O, dərhal evdən çıxıb Quba şəhəri, Heydər Əliyev prospektinə gəlmişdir. Hadisə baş verən yerə çatdıqda artıq polis əməkdaşları gəlmiş və bacısı hərəkətsiz vəziyyətdə yolun kənarında olmuşdur. Yaxınlaşıb baxdıqda artıq bacısının öldüyünü görmüşdür. Sonradan isə ona məlum olmuşdur ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə bacısı Senyuranı vurub xəsarət yetirmiş və bacısı aldığı xəsarətlərdən ölmüşdür. İfadəsinin sonunda Bahadır Seyfullayev Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini, hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsini, hadisə ilə bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs hər hansı tələbi olmadığını, mülki iddianı geri götürdüyünü və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 onun anasıdır. 13 avqust 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən bazara getmişdir. Bazarda olarkən tanışlarından kimsə ona zəng edərək Quba şəhəri, Heydər Əliyev prospektində “X17” markalı avtomobilin piyada vurduğunu və vurulan piyadanın anası Senyuraya oxşadığını demişdir. O, dərhal bazardan çıxıb hadisə baş verən yerə getmişdir. Orada ona məlum olmuşdur ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə anası Senyuranı vurub xəsarət yetirmiş və anası aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X10 onunla qonşuluqda yaşayır. 13 avqust 2021-ci il tarixdə, səhər saatlarında Quba şəhəri, Heydər Əliyev prospektində “Meydan” adlanan ərazinin yaxınlığından yaşadığı evə doğru gedən zaman hərəkət etdiyi prospektin yuxarı hissəsində avtomobillərin dayandığını görmüşdür. Həmin hadisə baş verən yerə çatdıqda qonşusu Senyura Əliyevanı avtomobil vurduğunu və oğlu Arazın da meyitin yanında olduğunu görmüşdür. Bundan sonra o, Arazın dayısı Bahadır Seyfullayevə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. O, hadisənin baş verməsini görməmiş, hadisə baş verən yerə çatdıqda artıq avtomobil Senyura Əliyevanı vurmuş və Senyura Əliyeva artıq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “VAZ 21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 13 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində Quba şəhəri, Heydər Əliyev prospekti ilə Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon şöbəsinə getmişdir. Bu zaman Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Səkinəxanım” məscidinin qarşısında təxminən 30-40 metr məsafədən bir nəfər piyadanın yolu sağdan sola doğru keçdiyini görmüşdür. O, dərhal hərəkət sürətini endirmiş və avtomobilini sağa doğru hərəkət etdirməyə başlamışdır. Həmin piyada onun qarşısından keçdikdən sonra arxadan sol zolaqla gələn “X17” markalı avtomobilin sürücüsü yolu keçən piyadanı vurmuş və zərbənin təsirindən piyada yolun sağ tərəfinə doğru yıxılmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, X7 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, sağ və sol mil sümüyünün və sağ bud sümüyünün qapalı sınıqları, başın və bədənin çoxlu yara, qançır və sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində ənsə nahiyəsində qansızma, baş beyin toxumasına, beyinçiyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılması və sol ağ ciyərin toxumasına qansızma, döş boşluğunda 800 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 13 avqust 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir.Mərhum S.M.Əliyevanın meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir.Mərhum S.M.Əliyevanın ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 8/2185 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X17 markalı, **-MD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş 13 avqust 2021-ci il tarixli 04486 saylı sərxoşluğun müayinəsi protokolundan görünür ki Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içki qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş Quba RPŞ-nin DYPB-dən alınmış 01.10.2021-cu il tarixli 14/19 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 375848 saylı, B dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Xəlilov Saləddin Sədrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahid ifadələri, eləcə də keçirilmiş ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Xəlilov Saləddin Sədrəddin oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ÜİK ilk dəfə baş vermiş gərginlik stenokordiyası teirperfoniya xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Torakal multislays KT müayinəsi haqqında arayışdan gürünür ki, X4 11 fəqərəsinin yuxarı ön limbinin kompresiyon sınığı aşkar edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Quba rayon məhkəməsinə daxil olmuş notarial qaydada təsdiq edilmiş ərizəsindən gürünür k o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, xəstə və yaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, cinayət törətmiş şəxsin cəza çəkmədən də islah olunmasını müəyyən etmək nisbi və ehtimal xarakterli kateqoriyadır. Lakin şəxsin cinayət törətdikdən sonrakı addımı, davranışı, onun şəxsiyyəti belə bir qənaətə gəlməyə müəyyən əsaslar verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə məntəqə tipli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmaqdansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini, yaşlı və xəstə olmasını nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün məntəqə tipli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməkdən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, yaşlı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 186.1-186.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər.Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərərçəkmişin hüquqi varisi müki iddiadan imtina etdiyindən məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Hökmün icrası X1 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar