Məhkəmə qərarları › İş №1(027)-166/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-166/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-166/2024 17.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1999-cu il tarixdə Quba rayonu, Xınalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Xınalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə saat 18 radələrində Quba rayonu, Qalaxudat kəndində həmin kəndin sakini Zərərçəkmiş şəxs arıçılıq təsərrüfatında aralarında yaranmış mübahisə zamanı yumuruqla qəsdən sifət nahiyəsindən bir neçə dəfə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, sifətində sağda qançır, sol çənə-gicgah oynağı sahəsində yumşaq toxumaların əziyi və qançırhematoması, sağ baldırın orta 1/3-nin iç səthində sıyrıqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Asif Bayramov bir neçə gün əvvəl onun atasına zəng edərək heyvanların onun təsərrüfatına gəlməsini iddia edərək ziyan vurduğunu bildirmişdir. Asəf sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yenidən atasına zəng edərək onunla kobud danışmışdır. Asəfin atası ilə kobud danışdığını eşidib o, Asəfin yanına getmişdir. Asəflə söhbət edən zaman aralarında mübahisə yaranmış və o, həmin vax yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Mübahisələri təxminən 2-3 dəqiqə davam etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, özünə məxsus arı təsərrüfatı var. Həmin arılara Qalaxudat kəndi ərazisində baxır. Qonşu kəndin sakinlərinə məxsus iribuynuzlu heyvanlar onun arı təsərrüfatına ziyan vurur, bəzi vaxtlar arı yeşiklərini yıxırlar. xx.xx.2024-cü il tarixdə heyvanlar onun təsərrüfatına daxil olmuş, o, bu vaxt qonşu kənddə yaşayan Gülbaba adlı şəxsə zəng edərək ona iradını bildirib heyvanları çıxarmasını dedikdən bir müddət sonra, Gülbalanın oğlu Təqsirləndirilən şəxs onun arı saxladığı sahəyə gələrək onunla mübahisə edib 2 dəfə yumruqla sifət nahiyəsindən vuraraq onu yerə yıxmışdır. Mübahisələri təxminən 10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda əməli törətmiş şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 07 avqust 2024-cü il tarixli 656 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sifətində sağda qançır, sol çənə-gicgah oynağı sahəsində yumşaq toxumaların əziyi və qançır-hematoması, sağ baldırın orta 1/3-nin iç səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 06 avqust 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba RMX-nin 09 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Quba RİHB-nın Xınalıq İƏD üzrə nümayəndəliyinin məktubundan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Xınalıq kəndində anadan olub, həmin kənddə qeydiyyatdadır, hal-hazırda Quba rayon Xınalıq İƏD-nin Bostankeş kənd ərazisində yaşayır, onun barəsində nümayəndəliyə şikayət və narazıçılıq daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin VMAS üzrə yoxlama zamanı verdiyi sorğunun nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar