Məhkəmə qərarları › İş №1(027)-168/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-168/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-168/2022 21.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, ev 16-da qeydiyyatda olan və Quba şəhəri, 20 Yanvar küçəsi, ev 45-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,917 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində, Quba rayonu, Mirzəməmməd kəndi ərazisində saxlanılıb həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda xalis çəkisi 5,917 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, 1 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 20 iyul 2022-ci il tarixdə, saat 17 radələrində istirahət etmək məqsədi ilə tanışları Quba şəhər sakinləri Vüsal, Şöhrət, Baxışəli və Xalıq ilə birlikdə sonuncunun idarə etdiyi VAZ 21015 markalı avtomobillə Xaçmaz rayonnun Nabran kəndinə getmişlər. Şam yeməyi zamanı o, Vüsal və Baxışəli spirtli içki qəbul etmişlər. Saat 22:30 radələrində Nabrandan çıxaraq Qubaya yola düşmüşlər. Xaçmaz rayonuun Müqtədir qəsəbəsi ərazisində dəniz kənarına yaxın yerdə dayanıb avtomobildən düşüb gəzişərək siqaret çəkmişlər. Həmin vaxt o, özündə olan siqaretə doldurulmuş vəziyyətdə olan nəşəni, yəni narkotik vasitə marixuananı cibindən çıxarıb çəkməyə başlamışdır. Xudat şəhəri ərazisində olarkən o, Xalıqdan xahiş etmişdir ki, yol kənarında olan mağazaların birin qarşısında maşını saxlasın. Bir qədər sonra, Xalıq avtomaşını saxlamışdır. Həmin vaxt o, avtomobildən düşərək 20-30 metr aralıda yerləşən mağazaya getmişdir. Tanışları isə maşında onu gözləmişlər. Mağazadan su alıb çıxdıqdan sonra, mağazanın qarşısında bir nəfər orta yaşlı kişi ondan alışqan istəmişdir O. alışqanı verəndən sonra, həmin şəxsində içkili olduğunu hiss etmişdir. Tanımadığı həmin şəxslə bir qədər söhbət etdikdən sonra, həmin şəxs cibindən çıxarıb ona bir ədəd kibrit qutusunda olan marixuananı təmənnasız olaraq vermişdir. 21 iyul 2022-ci il tarixdə, saat 00:30 radələrində, Quba rayonu, Mirzəməmməd kəndi ərazisindən keçərkən polis əməkdaşları işarə verərək Xaliqin idarə etdiyi avtomobili saxlamışlar. Polis əməkdaşları özlərini yaxınlaşıb təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Özünü Quba RPŞ-nin təhqiqatçısı Şahin Məmmədov kimi təqdim edən polis əməkdaşı tərəfindən ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusunu açılarrkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Həmin vaxt o, polis əməkdaşlarına kibrit qutusunda olan kütlənin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Xudat şəhərində tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqdim etdiyi kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Birlikdə istirahət etməyə getdiyi şəxslər həmin zərfin üzərinə və şəxsi axtarış protokoluna imza etməsələr də, şəxsi axtarışı sona qədər müşahidə etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Üzərində narkotik vasitə qurudulmuş marixuananın olması barədə birlikdə istirahət etməyə getdiyi şəxslərin məlumatları olmamışdır. Xudat şəhərində mağazadan qayıdıb avtomobilə əyləşərkən tanımadığı şəxsdən marixuana aldığı barədə avtomobildə olan şəxslərə heç nə deməmişdir. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də satmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə əmələ yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq özünə məxsus VAZ 21015 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 20 iyul 2022-ci il tarixdə, saat 17 radələrində tanışları Quba rayon sakinləri Nüsrəddin, Baxışəli, Şöhrət və Vüsal ilə birlikdə onun idarə etdiyi VAZ 21015 markalı avtomobillə istirahət etmək məqsədilə Xaçmaz rayonunun Nabran kəndinə getmişlər. Şam yeməyi zamanı Baxışəli, Nüsrəddin və Vüsal spirtli içki qəbul etmişlər. Saat 22:30 radələrində Nabrandan çıxaraq Qubaya yola düşmüşlər. Xaçmaz rayonunun, Müqtədir qəsəbəsi ərazisində dəniz kənarına yaxın yerdə dayanmış və avtomobildən düşüb gəzişərək siqaret çəkmişlər. Həmin vaxt Nüsrəddin siqaretə doldurulmuş vəziyyətdə olan manxuana çəkmişdir. Nüsrəddinin onlara təmənnasız olaraq verdiyi həmin nəşədən hər biri bir-iki tüstü almaqla çəkmiş və bir neçə dəqiqə sonra Qubaya yola düşmüşlər Yolda gələrkən Nüsrəddin Xudat şəhəri ərazisində avtomobildən düşərək su almaq məqsədi ilə mağazaya getmiş və təxminən 20 dəqiqə sonra onların yanına qayıtmışdır. Quba rayonu, Mirzəməmməd kəndi ərazisindən keçərkən polis əməkdaşları işarə verərək onun idarə etdiyi avtomobili saxlamışlar. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra Nüsrəddinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu bildirmişlər. Özünü Quba RPŞ-nin təhqiqatçısı Şahin Məmmədov kimi təqdim edən polis əməkdaşı tərəfindən Nüsrəddinə şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Nüsrəddin şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Nüsrəddinə üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. Nüsrəddin əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu avtomobilin mühərrik örtüyünün üzərinə qoyaraq təqdim etmişdir. Həmin kibrit qutusunu açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur ki, Nüsrəddin bu kütlənin nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, Xudat şəhərində tanımadığı şəxsdən aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Nusrəddinin təqdim etdiyi marixuanya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Nüsrəddinin üzərindən qanunla qadağan olunan heç nə aşkar edilməmişdir. Nüsrəddinin üzərindən aşkar edilmiş bir kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı nə vaxt, harada, necə və kimdən əldə etməsini bilmir. Nüsrəddinin üzərində həmin marixuananı saxlaması barədə məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs Bəhman oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin TB-nin təhqiqatçısı Şahin Məmmədovdan, CAB-nin əməliyyat müvəkkili Samir Abasovdan, Şahid5 və ƏRQ-in inspektoru Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə saat 00;30 radələrində Səlimov X2 rayonu, Mirzəməmməd kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilərək polis əməkdaşları, vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşya və predmentləri təqdim etməsi bildirildikdə Nüsrəddin, əynində olan şalvarının sağ cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunda ola narkotik maddə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. İş materialında olan məhkəmə bioloji ekspertizasının 21 iyul 2022-ci il tarixli 7/795 nömrəli rəyindən görünür ki,- tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” yazılar və imzalar olan 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,917 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, İş materialında olan məhkəmə narkoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 4711 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkhum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2022-ci tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, 20 Yanvar küçəsi, ev 45-də yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, cavan olmasını və yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 5,897 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 5,897 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar