Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-169/2022 26.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci ildə Xaçmaz rayonu Ağyazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Bağbanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 43,759 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla Quba rayonu, Bağbanlı kəndində yerləşən yaşadığı evdə saxlamış, 19 iyul 2022-ci il tarixdə saat 18 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Quba rayonu, Bağbanlı kəndində yaşadığı evə baxış keçirilən zaman evin həyətində sağ tərəfdə yerləşən tikilidə üst-üstə qoyulmuş masanın üzərində 03 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,374 qram, 20,463 qram və 5,922 qram olan həmin narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir və narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər məhkum olunmamışdır. Bir müddət əvvəl özündə olan toxumları əkib özü üçün nəşə becərməyi qərarlaşdırmışdır. Ona görə də 2022-ci ilin may ayının əvvəllərində həmin toxumları Quba rayonu, Bağbanlı kəndində yaşadığı evin həyətində əkib yetişdirməyə başlamışdır. Həmin toxumlar yetişdikdən sonra nəşə ağacından bitkiləri toplayıb sonradan istifadə etmək üçün evdə qurutmağa başlamışdır. 19 iyul 2022-ci il tarixdə Quba rayonu Bağbanlı kəndində yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməyində şübhəli olduğunu bildirmişlər. Bundan sonra yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirib yaşadığı evdə narkotik vasitələr olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Evinə və həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə sağ tərəfdə yerləşən masanın üzərində olan üç ədəd kağız bükülüdə olan marixuana polis əməkdaşları tərəfindən aşkar edildikdən sonra, elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. Bunlardan başqa yaşadığı evdən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və İ-ci qrup əlil olmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə Quba rayonu Bağbanlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Quba RPŞ-nin TB-nin təhqiqatçısı Mübariz Zəkəryəyev, CAB-nin əməliyyat müvəkkili Şahid2, Şahid3 və ƏRQ-in inspektoru Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 iyul 2022-ci il tarixdə saat 18 radələrində Quba rayonu, Bağbanlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması bildirilərək hüquq və vəzifələri izah edilərək polis əməkdaşları, vəkil Müdafiəçi iştirakı ilə yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib yaşadığı evə baxış keçirilməsinə razı olduğunu bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr saxladığını bildirmişdir. Daha sonra evin həyətində sağ tərəfdə yerləşən tikilinin içərisində üst-üstə qoyulmuş masanın üzərində olan üç ədəd kağız bükülüdə olan marixuanalar aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və müvafiq olaraq çəkiləri 25,2 qram, 25 qram və 9,9 qram gəlmişdir. Həmin narkotiklər ayrı-ayrılıqda qablaşdırıldıqdan zərfə qoyularaq imzalanmışdır. Bunlardan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra isə digər prosesual hərəkətlərin aparılması üçün Təqsirləndirilən şəxs Quba RPŞ-nə dəvət edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və X4 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə bioloji ekspertizasının 20 iyul 2022-ci il tarixli 7/791 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş üzərində: “....Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə.....” yazılar və imzalar olan 1№-li zərfdə 1 (bir) ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 17,374 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində: “....Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kütlə.....” yazılar və imzalar olan 2№-li zərfdə 1 (bir) ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 20,463 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində: “....Təqsirləndirilən şəxs....kəndində yerləşən...yaşayış evindən edilmiş kütlə.....” yazılar və imzalar olan 3№-li zərfdə 1 (bir) ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 5,922 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş 3 ədəd zərfdə olan marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli 4520 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Bayramov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Quba rayonu, Bağbanlı kəndində yaşadığı evə baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki,evin həyətində sağ tərəfdə yerləşən tikilidə üst-üstə qoyulmuş masanın üzərində 03 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,374 qram, 20,463 qram və 5,922 qram olan narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji, məhkəmə kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2022-ci tarixli arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Bağbanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Əhalinin Dövlət Sosial X8 rayon şöbəsi tərəfindən verilmiş 028967 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İ-qrup əlildir Məhkəmə İş materiallarında olan oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İ-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul .2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ambulator məcburi–narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq X7 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 72 manatı Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və maddi subut olan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 43,699 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Bağbanlı kəndində yerləşən yaşadığı evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 manat oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 43,699 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-169/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-169/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver