Məhkəmə qərarları › İş №1(027)-17/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-17/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-17/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X5, Zərərçəkmiş şəxs və vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Quba rayonu Qımıl Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Quba rayonu Qımıl Qışlaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Quba rayonu, Qımıl Qışlaq kəndi ərazisində yerləşən bağ sahəsində aralarında əmlak mübahisəsi ilə bağlı yaranmış münaqişə zamanı qardaşı Zərərçəkmiş şəxs yumruqla sifət nahiyyəsindən, əl-qol zərbələri isə bədənin müxtəlif nahiyyələrindən vuraraq ona, sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün altında əzilmiş-cırılmış yara ilə nəticələnən, sağlamlıqda qısa müddətə pozğunluq törədən bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda o, ayrı evdə yaşayır, qardaşı Nail isə anası ilə birlikdə yaşayır. Anası və qardaşı Nail ilə münasibətləri yaxşı deyil. Belə ki, buna səbəb onların həmişə ona qarşı haqsız davranmalarıdır və atası dünyasını dəyişdikdən sonra aralarında torpaq sahəsi ilə bağlı mübahisələri yaranmışdır. Buna görə də ayrılıqda yaşamalı olmuşlur. xx xxxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində həyat yoldaşı ilə pay torpaq sahəsinə getmişlər. Orada arxı təmizlədikləri zaman qardaşı və anası bağ sahəsinə gəlmişlər. Anası və qardaşı yenə də həmin yerin onun olmadığını deyərək, onunla mübahisə yaradaraq həyat yoldaşını və onu söymüşlər. Mübahisə zamanı bir-biriləri ilə yaxalaşmışlar, qardaşı və anası onu yerə yıxmışlar. Bu zaman o, bir dəfə yumruqla qardaşının sifət nahiyyəsinə vurmuş, Nail isə yumruqla onun başından vurmuşdur. Mübahisə zamanı o, anasını vurmamışdır, həyat yoldaşı onları aralaşdırmaq üçün araya girdiyi zaman, qardaşı əli ilə həyat yoldaşını da vurmuşdur. Mübahisə zamanı anası yerdən kəsəkləri götürüb onlara atmış, eləcə də əli vurmuşdur. Anası və qardaşı bir-birinə köməlik edib onu yerə yıxmışlar. Mübahisə bir neçə dəqiqə davam etmiş və həmin vaxt onların yanında başqa heç kim olmamışdır. O, qardaşını yumruqla vursa da anasını vurmamışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki o, Quba rayonu, Qımıl Qışlaq kəndində anası ilə birlikdə, qardaşı Ramil isə ayrı evdə yaşayır. Kənd ərazisində torpaq sahələri vardır və həmin torpaq sahəsinin 20 sot ərazisi Ramilin payına düşür. Anası dəfələrlə qardaşı Ramilə öz sahəsini ölçüb götürməsini demiş, o, isə həmin torpaq sahəsinin hamısının ona məxsus olduğunu bildirərək, orada ağacları kəsərək çıxartmağını tələb etmişdir. Bununla bağlı aralarında bir neçə dəfə mübahisə olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində, o, yenə bağ sahəsinə getmiş, həmin vaxt Ramilin anasının yaxasından tutaraq onu əl və qol zərbələri ilə vuraraq döyməsini görmüşdür. Buna görə tez qaçaraq onlara yaxınlaşmışdır ki, aralaşdırsın, bu zaman Ramil yumruqla sifət nahiyyəsindən, əl-qol zərbələri ilə isə bədənin müxtəlif nahiyyələrindən vuraraq onu döymüşdür. Sonradan Ramil aralanıb getmiş, o, isə anası ilə birlikdə Quba RPŞ-nə gəlmişlər. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş və həmin vaxt onların yanında başqa heç kim olmamışdır. O, özü Ramili vurmamış, təhqir etməmiş, anası ilə Ramili aralaşdırmaq istədiyi zaman, Ramil qəflətən onu yumruqla vurmuşdur. O və anası, Şahid2m vurmamışlar. Hazırda Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Sədir qızı göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində o, bağ sahəsinə gəlmiş və orada oğlu Ramil ilə rastlaşmışdır. Ramil arx qazmaq üçün ip çəkmiş o da Ramilə ipi bir qədər kənardan çəkməsini demişdir. Ramil buna etiraz etmiş, o, ipi yerdən yığdığı zaman Ramil onun üzərinə gəlib nalayiq sözlər deməklə təhqir etmiş, o da buna görə Ramili sillə ilə vurmuşdur. Ramil də onu sillə və təpiklə vuraraq döymüşdür. Bunu görən digər oğlu Nail qaçaraq onlara yaxınlaşmış və onu aralamaq istədikdə, Ramil yumruqla Nailin sifət nahiyyəsindən bir neçə dəfə vurmuş və aralanıb çıxıb getmişdir. O da oğlu Nail ilə Quba RPŞ-nə gəlmişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş və həmin vaxt orada başqa heç kim olmamışdır. Mübahisə zamanı Nail Ramili vurmamış, təhqir etməmişdir. Nail sadəcə onları ayırmışdır. Nail onları aralaşdırmaq istədiyi zaman Ramil qəflətən onu vurmuşdur. Mübahisə zamanı Zəminəni vurmamışlar. İş üzrə məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1194 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol göz orbiti ətrafında qançır-hematoma, sol gözün altında əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 1198 saylı rəyindən görünür kı, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- alnında sağda və boynunda solda arxada sıyrıq küt əşyanın təsirindən törənməklə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X2 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Quba rayon Mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli, 3359 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan Quba rayin İHB-nın Hacıhüseynli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il İ tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2010-ci ildə və X6 xx.xx.2014-cü ildə Xaçmaz rayonunda anadan olmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasına məhkum edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli, Təqsirləndirilən şəxs, qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu andan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar