Məhkəmə qərarları › İş №1(027)-17/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-17/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-17/2022 15.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1965-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzəarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükümdə 1,238 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 05.09.2021-ci il tarixdə, saat 17:20 radlərində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Quba şəhər qəbiristanlığı ərazisində saxlanılaraq üzərinə baxış keçirilərkən qəbir daşının yanında gizlətdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,238 qram təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, cavan yaşlarından narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olmuşdur. 05.09.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri “Şamaxınka” adlanan ərazidə ayaqyoluna gedərkən zibil yeşiklərinin yanında göy rəngli sellofan görüb onu açıb baxanda sellofanın içində tibbi şpristlər, bir ədəd kağıza bükülmüş içərisində narkotik vasitə heroniə bəzər maddə, bir ədəd sellofana bükülmüş halda isə limon duzu və iki ədəd şüşə ampulaların olduğunu görüb onları özü istifadə etməsi üçün götürüb üzərində saxlamışdır. Quba şəhərinə gələndən sonra, işlədiy şəhər bazarının yaxınlığında olan qəbiristanlığa girib həmin sellofanı orada əvvəllər narkotik vasitələrdən istifadə etdiyi qəbirlərin birinin yanında gizlətmişdir. Həmin gün, bazarda işlərini qurtardıqdan sonra, saat təxminən 17 radələrində narkotik vasitələrdən istifadə etmək üçün qəbiristanlıq ərazisinə gedib sellofanı gizlətdiyi yerdən çıxarıb ondan istifadə etmək üçün içərisində olan narkotik vasitə heroini açıb şüşə ampulaların içinə tökmək istədiyi vaxt polis əməkdaşları ona yaxınlaşıb nə etdiyini soruşmuşlar. O, əlacsız qalıb polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları müdafiəçi təqdim etdikdən sonra videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı o, qəbir daşının arxa hissəsində gizlətdiyi bir ədəd selofannın içərisində olan kağız bükümdə olan narkotik vasitə olan heroini, tibbi şprisləri və iki ədəd istifadə olunmuş şüşə ampulaları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra, polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, sol diz oynağının qonatrozu və aşağı ətraf artireyalarının okleziyası xəstəliyindən əziyyət çəkməsini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05.09.2021-ci il tarixdə saat 17 radələrində əməliyyat qrupunda olarkən, baş serjant Şahid2 RPŞ-nin növbətçi hissəsinə verdiyi məlumat əsasında Quba şəhər qəbiristanlığı ərazisinə gedib orada saxlanılmış və narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında və sonradan evinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qəbir daşının altında otların arasına gizlətdiyi selofan torbada olan bir ədəd kağız bükümdə olan narkotik maddə heroinə bənzər maddəni, bir ədəd kağıza bükülmüş limon duzuna bənzər maddəni, bir ədəd kağıza bükülmüş 07 ədəd tibbi şprisi, bir ədəd selofana bükülmüş 02 ədəd istifadə olunmuş şüşə ampulaları təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükülünün içərisndə olan maddə heroindir və həmin narkotik vasitəni o, Bakı şəhərində “Şamaxınka” adlanan ərazidə zibil yeşiklərinin yanından tapmışdır. Aşkar edilmiş heroinə bənzər maddə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq götürülmüşdür. Bunda əlavə aşkar olunan kiçik selofana bükülən ağ rəngli kütlə, 07 ədəd tibbi şprist və 02 ədəd şüşə ampulalar da kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və sonra yaşadığı evinə baxış keçirilsə də qanunsuz heçnə aşkar olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. İş materialında olan məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci ıl tarixli, 6/3903 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərflərdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,238 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 07 ədəd şprislərin (4 ədəd 1ml, 02 ədəd 2 ml və 1 ədəd 2.5 ml) və 02 ədəd baş hissəsi sınmış şüşə ampulların içərisində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,947 qram ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 4694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu naticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anti-cəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına nail olmaq və cəzanın digər məqsədlərinə çatmaq. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 26.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 30.05.2014-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.10.2021-ci il tarixli 3489 saylı arayış və 03.10.2021-ci il tarixli, 3490 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03.10.2021-ci il tarixli, 3489 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ Quba rayon Mərkəzi Xəstəxanasının 28.01.2022-ci il tarixli, 467 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs sol diz oynağının qonatrozu və aşağı ətraf artireyalarının okleziyası xəstəliyindən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, cinayət qanunu ilə qadağan olunmuş törətdiyi əməlini səmimi etiraf etməsini, sol diz oynağının qonatrozu və aşağı ətraf artireyalarının okleziyası xəstəliyindən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə məhz hansı cəzanın təyin olunması ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi təyin olunmuş cəzasının preventiv təsirə malik olması, cəzanın məqsədlərinə nail olunması baxımından səmərəli olması barədə nəticəyə gəlməyə əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edib, onu cəmiyyətdən tam təcrid etməməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu cəza həm də törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətini xarakterizə edən hallara, islah olunmasına və ailəsinin həyat şəratinə təsiri nəzərə alınmaqla, ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğu 05.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində həbsetmənin əvvəli 05.09.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05.12.2021-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçeilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 (üç) ay müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübut olan ekspertiza təhqiqatında sonra 1,188 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin, 2,947 qram limon turşusu, 07 ədəd tibbi şpris və 02 ədəd ampula hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 manat (yüz on dörd manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdən 05 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 (üç) ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan maddi sübut ekspertiza təhqiqatında sonra qalıq çəkisi 1,188 qram olan narkotik vasitə heroin, 2,947 qram psixotrop maddələrə aid olmayan limon turşusu, 07 ədəd tibbi şpris və 02 ədəd ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 114 manat (yüz on dörd manat) ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar