Məhkəmə qərarları › İş №1(027)-170/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-170/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-170/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Şıxbaba oğlu və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsill, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, yataqxana 3, otaq 51-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 16, mənzil 51-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2021 -ci il tarixdə saat 01:00 radələrində Quba rayonu Püstəqasım kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazanın yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Əfqan Atakişiyev kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, o, və Təqsirləndirilən şəxs2 isə həmin mağazanın taxta qapısını açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq oradan 128 manat pulu, 5 manat dəyərində “Klassik kompakt” və “Kinston” markalı siqaret qutularını, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 133 (yüz otuz üç) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə saat 07:00 radələrində Bakı-Quba yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna məxsus “Araz” adlı kafenin qapısının qıfılının sındırılması yolu ilə kafeyə daxil olaraq kafedə olan soyuducunun içərisindən 13 manat dəyərində 13 ədəd 500 qramlıq bizon içkisini, 09 manat dəyərində 10 ədəd Snikers şokoladını, 4 manat dəyərində 1 litrlik 4 ədəd fanta içkisini, kafenin mətbəxindən 80 manat dəyərində samovarı, 30 manat dəyərində 1 ədəd Bosan markalı dreli, 30 manat dəyərində 1 ədəd Ural zid markalı lobziki, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 168 (yüz altmış səkkiz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021 -ci il tarixdə saat 08:00 radələrində özgə əmlakını talama məqsədi ilə Quba rayonu İsnov kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazanın yaxınlığına gəlmiş, aralarında əvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Əfqan Atakişiyev kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, o, isə mağazanın qapısının qıfılını sındırmaq yolu ilə həmin mağazaya qanunsuz daxil olaraq orada olan piştaxtanın üzərində olan 160 manat pulu, 14 manat məbləğində sim danışıq kartlarını və 5 manat dəyərində 03 ədəd yaddaş kartını, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 179 (yüz yetmiş doqquz) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində Quba rayonu Püstəqasım kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazanın yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən istintaqa məlum olmayan Əfqan adlı şəxs kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, o, və Təqsirləndirilən şəxs1 isə həmin mağazanın taxta qapısını açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq oradan 128 manat pulu, 5 manat dəyərində “Klassik kompakt” və “Kinston” markalı siqaret qutularını, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 133 (yüz otuz üç) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021 -ci il tarixdə saat 07:00 radələrində Bakı-Quba yolunun kənarında yerləşən Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna məxsus “Araz” adlı kafenin qapısının qıfılının sındırılması yolu ilə kafeyə daxil olaraq kafedə olan soyuducunun içərisindən 13 manat dəyərində 13 ədəd 500 qramlıq bizon içkisini, 09 manat dəyərində 10 ədəd Snikers şokoladını, 4 manat dəyərində 1 litrlik 4 ədəd fanta içkisini, kafenin mətbəxindən 80 manat dəyərində samovarı, 30 manat dəyərində 1 ədəd Bosan markalı dreli, 30 manat dəyərində 1 ədəd Ural zid markalı lobziki, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 168 (yüz altmış səkkiz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 13 avqust 2021-ci il tarixdə saat 08:00 radələrində özgə əmlakını talama məqsədi ilə Quba rayonu İsnov kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazanın yaxınlığına gəlmiş, aralarında əvəlcədən olan razılaşmaya əsasən o, və Əfqan adlı şəxs kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü mağazanın yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 isə mağazanın qapısının qıfılını sındırmaq yolu ilə həmin mağazaya qanunsuz daxil olaraq orada olan piştaxtanın üzərində olan 160 manat pulu, 14 manat məbləğində sim danışıq kartlarını və 5 manat dəyərində 03 ədəd yaddaş kartını, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 179 (yüz yetmiş doqquz) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12.08.2021-ci il tarixdə saat 17 radələrində H.Z.Tağıyev qəsəbəsində məhəllə dostları Əfqan və Rüfətlə məhəllədə görüşmüşlər. Onlar həmin vaxtı qərara gəlmişlər ki, Quba rayonuna gəzməyə getsinlər. Saat 23 radələrində o, və Əfqan Rüfətin idarə; etdiyi Assamant markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə H.Z.Tağıyev qəsəbəsindən çıxıb Quba rayonu istiqamətinə getmişlər. 13.08.2021-ci il tarixdə saat 01 radələrində onlar Quba rayonu Rustov kəndinə çatmışlar. Həmin kənddə yaşayan xalası Rəşidənin evi ilə üzbəüz yerləşən yolun kənarında olan ərzaq mağazası qarşılarına çışxmışdır. Onların heç birində pul olmadığından qərara gəlmişlər ki, mağazadan oğurluq etsinlər. Rüfət və o, mağazaya yaxınlaşmışlar. Əfqan isə yaxınlıqda gözləməyə başlamışdır ki, kənar şəxs gəlsə onlara xəbər versin. Mağazanın yerləşdiyi həyətin qapısı örtülü olmuş, lakin qıfıl vurulmamışdır. Onlar həmin taxta qapını açmış və həyətdəki mağazanın içinə taxta qapını açmaqla daxil olmuşlar. Mağazanın içərisində qutuda olan 40 manat kağız pul qutu ilə birlikdə, 18 manat qəpik pul, dəftərin arasından da 70 manat kağız pul, 2 qutu sigaret götürüb çıxmışlar. Sonra avtomobilə tərəf gəlmişlər, həmin vaxtı Əfqan nə oğurladıqlarını soruşmuşdur. O, Əfqana pul oğurladıqlarını demişdir. Təxminən saat 07 radələrində Bakı istiqamətinə hərəkət edərkən Quba- Bakı yolunun kənarında kafe olduğunu görmüşlər. Həmin vaxtı avtomobili Rüfət idarə etmişdir. O, onlara demişdir ki, kafeyə girib oğurluq etsinlər. Bu zaman hər üçü avtomobildən düşmüş və kafeyə yaxınlaşmışlar. Plastik qapını o, təpiklə vurmuş və qapı açılmışdın. Onlar içəri daxil olmuşlar. İçəridə olan soyuducudan Rüfət bir neçə ədəd Bizon içkisi götürüb avtomobilə aparmış, Əfqan isə şokolad və snikersləri götürmüşdür. O, isə kafenin içərisində olan mətbəxə balaca pəncərəsi olmayan 1 metr enində olan deşikdən keçmiş və mətbəxdən 1 ədəd samovarı götürüb Rüfətə vermiş, özü də kafenin içinə çıxmış, orada yerdə olan 1 ədəd drel və taxta doğramaq üçün nəzərdə tutulan lobzik adlandırılan elektriklə işləyən aləti götürüb aparıb avtomobilə qoymuşdur. Onlar avtomobilə əyləşmiş, Sumqayıt şəhəri istiqamətində gələrkən saat 08:00 radələrində İsnov kəndi ərazisində yerləşən yolun kənarında olan mağaza görmüşlər. Hər üçü mağazaya yaxınlaşmış, mağazanın çöl qapısı olmamışdır. Onlar dəmir nazik məftillə hörülmüş setkanı aralamış və həyətə keçmişlər. Həyətdə olarkən o, mağazanın pəncərəsini itələmiş və açıq olduğunu görmüşdür. O, pəncərədən içəri daxil olmuş, Rüfət və Əfqan isə pəncərənin qarşısında gözləmişdir ki, kənar şəxslər gəlsələr xəbər versinlər. O, mağazanın içərisində tərəzinin yanında olan stolun yanında 120 manat kağız pulların, saymadığı qəpik pulların, bir neçə sim danışıq konturlarının, 3 ədəd yaddaş kartlarının olduğunu görmüşdür. O, həmin pulları və əşyaları götürüb çölə çıxmışdır. Sonra onlar Rüfətin idarə etdiyi abtomaşınla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə qayımışlar. Sonrakı günlərdə oğurladıqları telefon danışıq kartlarını özləri istifadə etmiş, oğurladıqları pulları müxtəlif yerlərdə xərcləmiş, içkiləri özləri istifadə edərək içmişlər. Yaddaş kartlarını isə hara qoyduqlarını xatırlamamışdır. Samovarı isə Rüfət avtomobilinin yük yerində saxlamışdır ki, gələcəkdə müştəri olasa münasib qiymətə satarlarıq. 18.08.2021-ci il tarixdə o, Rüfətin avtomobili ilə onunla birlikdə Quba şəhərinə gəzməyə gəlmişdir. Onlar şəhər ərazisində gəzərkən bir neçə polis əməkdaşı onlara yaxınlaşaraq Quba rayonu ərazsində oğurluq etməkdə şübhəli olduqlarını ona görə onlarla birlikdə Quba RPŞ-nə gedəcəklərini bildirmişlər. Onlar polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə PŞ-nə gəlmişlər. Polis şöbəsində olarkən onlar Rüfətin avtomobilində saxladığı oğurladıqları əşyaları polis əməkdaşlarına təqdim etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 oğlu törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12.08.2021 -ci il tarixdə 17 radələrində H.Z.Tağıyev qəsəbəsində dostları Əfqan və Turalla məhəllədə görüşmüşdür. Onlar həmin vaxtı qərara gəlmişlər ki, Quba rayonuna gəzməyə getsinlər. Daha sonra həmin tarixdə saat 23 radələrində o, Tural və Əfqan ona məxsus Azsamant markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Onlar birlikdə onun idarə etdiyi avtomobillə Quba rayonuna gəlməyə başlamışlar. 13.08.2021-ci il tarixdə saat 01 radələrində Quba rayonu Rustov kəndinə çatmışlar. Həmin kəndlə üzbəüz yerləşən yolun kənarında olan ərzaq mağazası qarşılarına çıxmışdır. Onların heç birində pul olmadığından qərara gəlmişlər ki, mağazadan oğurluq etsinlər. Tural və o, mağazaya yaxınlaşmışlar. Əfqan isə yaxınlıqda gözləməyə başlamışdır ki, kənar şəxs gəlsə onlara xəbər versin. Mağazanın yerləşdiyi həyətin qapısı örtülü olmuşdur, lakin qıfıl vurulmamışdır. Onlar həmin taxta qapını açmış və həyətdəki mağazanın içinə taxta qapını açmaqla daxil olmuşlar. Mağazanın içərisində qutuda olan 40 manat kağız pul qutu ilə birlikdə, 18 manat qəpik pul, dəftərin arasından da 70 manat kağız pul, 2 qutu sigaret götürüb çıxmışlar. Sonra avtomobilə tərəf gəlmişlər. Həmin vaxtı Əfqan nə oğurladıqlarını soruşmuş, onlar Əfqana pul oğurladıqlarını demişlər. Sonra onlar Quba rayonu Pirvahid kəndi istiqamətinə hərəkət etmişlər. Təxminən saat 07 radələrində Bakı istiqamətinə hərəkət edərkən Quba-Bakı yolunun kənarında kafe olduğunu görmüşlər. Həmin vaxtı avtomobili o, idarə etmişdir. O, Turala və Əfqana demişdir ki, kafeyə girib oğurluq etsinlər. Bu zaman onlar hər üçü avtomobildən düşüb kafeyə yaxınlaşmışlar. Tural plastik qapını təpiklə vurmuş və qapı açılmışdır. Onlar içəri daxil olmuşlar. İçəridə olan soyuducudan o, bir neçə ədəd Bizon içkisi götürüb avtomobilə aparmışdır. Əfqan isə şokolad və snikersləri götürmüşdür. Tural isə kafenin içərisində olan mətbəxə balaca deşikdən keçib 1 ədəd samovarı götürüb ona vermişdir, sonra isə kafenin içində yerdə olan 1 ədəd drel və taxta doğramaq üçün nəzərdə tutulan lobzik adlandırılan elektriklə işləyən aləti götürüb aparıb avtomobilə qoymuşdur. Onlar avtomobilə əyləşərək Sumqayıt şəhəri istiqamətində gələrkən saat 08 radələrində isnov kəndi ərazisində yerləşən yolun kənarında olan mağaza görmüşlər. Hər üçü mağazaya yaxınlaşmış, mağazanın çöl qapısı olmamışdır. Onlar dəmir nazik məftillə hörülmüş setkanı aralayaraq həyətə keçmiş, həyətdə olarkən o, mağazanın pəncərəsini itələmiş və açıq olduğunu görmüşdür. Tural pəncərədən içəri daxil olmuş, o, və Əfqan isə pəncərənin qarşısında gözləməyə başlamışdır ki, kənar şəxslər gəlsələr xəbər versinlər. Az sonra Tural mağazadan çıxıb onlara 120 manat kağız pulları, eləcə də saymadığı qəpik pulları, bir neçə sim danışıq konturlarını, 3 ədəd yaddaş kartlarını oğurladığını onlara demişdir. Sonra onlar oradan birbaşa H.Z.Tağıyev qəsəbəsinə getmişlər. Sonrakı günlərdə oğurladıqları telefon danışıq kartlarını özləri istifadə etmiş, oğurladıqları pulları müxtəlif yerlərdə xərcləmiş, içkiləri özləri istifadə edib içmişlər. Samovarı, dreli və lobziki isə avtomobilinin yük yerində saxlamışdır ki, gələcəkdə müştəri olsa münasib qiymətə satarlar. 18.08.2021-ci il tarixdə o, və Tural ona məxsus avtomobillə Quba şəhərinə gəzməyə gəlmişlər. Onlar şəhər ərzisində gəzərkən bir neçə polis əməkdaşı onlara yaxınlaşaraq Quba rayonu ərazsində oğurluq etməkdə şübhəli olduqlarını ona görə onlarla birlikdə Quba RPŞ-nə getməli olduqlarını bildirmişlər. Onlar polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə PŞ-nə gəlmişlər. Polis şöbəsində olarkən onlar onun avtomobilində saxladığı oğurladıqları əşyaları polis əməkdaşlarına təqdim etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 oğlu törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Quba rayonu, Püstəqasım kəndində yaşadığı evin həyətində mağazası vardır. O, həmin mağazada ərzaq məhsulları, içki və tütün məmulatlarını satır. 12.08.2021-cil tarixdə saat 12 radələrində o, mağazanın qapısının qıfılını bağlayıb evə getmişdir. Səhəri gün saat 07 radələrində o, evdən çıxıb həyətdəki mağazaya gəlmişdir. O, mağazaya gəldikdə görmüşdür ki, mağazanın taxtadan olan qapısının qıfılı sındırılmış vəziyyətdədir. O, mağazanın içərisinə keçdikdə görmüşdür ki, mağazanın divarındakı rəflərə qoyulmuş bir qutu “Kalssik Kompakt” və bir qutu “Kingston” markalı siqaretlər, taxtadan düzəldilmiş qutunun içərisindəki 58 manat pul oğurlanmlışdır. O, mağazaya bir daha diqqət yetirdikdə orada olan dəftərin arasından 70 manat pulun da oğurlandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, mağazadakı oğurluğu 3 nəfər tanımadığı Sumqayıt şəhər sakinləri etmişdir. Ona məxsus mağazadan ümumilikdə 128 manat pul və 5 manat dəyərində “Klassik Kompakt” və “Kingston” markalı siqaretlər oğurlanmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Şıxbaba oğlu ifadəsində göstərmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində Bakı-Quba yolunun kənarında yerləşən “Araz” kafesi ona məxsusdur. Həmin kafeni özü işlədir. 12.08.2021-ci il tarixdə o, kafenin qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. 13.08.2021-ci il tarixdə səhər saatlarında o, kafeyə gəldikdə kafenin qapısının kilid hissəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. O, kafenin içərisinə keçdikdə orada olan soyuducunun qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, soyuducuya baxdıqda onun içərisində olan 13 ədəd 500 qramlıq böyük Bizon içkisinin, 10 ədəd snikers şokoladının, 4 ədəd 1 litrlik fanta içkisinin, mətbəxdə yerdə olan bir ədəd samovarın, bir ədəd drelin və bir ədəd lobzikin oğurlandığını görmüşdür. Ona məxsus kafedən edilən oğurluq nəticəsində ümumilikdə 168 manat məbləğində ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Şıxbaba oğlu ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba rayonu, Qasımqışlaq kəndində kiçik mağazası vardır.12.08.2021 -ci il tarxdə saat 22 radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. Səhərisi gün yəni 13.08.2021-ci il tarixdə o, mağazaya gəldikdə qapısının qıfılının sındırlmış, pəncərəsinin isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, mağazadakı kassanın yanında olan siyirmənin açıq olduğunu görmüş, siyirmənin içərisinə baxdıqda 120 manat kağız pulların, 40 manat dəyərində qəpik pulların, 14 manat dəyərində sim danışıq konturlarının, 3 ədəd yaddaş kartının yerində olmadığını görmüşdür. Ona məxsus kafedən edilən oğurluq nəticəsində ümumilikdə 179 manat məbləğində ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan məhkəmə əmtəəşünaslıq ekpertizasının 09 sentyabr 2021-ci il tarixli, 9/5939 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən analoji malların markasına, modelinə müvafiq olaraq orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5 manat müəyyən olunur. O cümlədən 01 ədəd “Sony Ericson” markalı telefona məxsus 512 MB tutumlu mikro kart 1 manat, 2 ədəd 512 MB tututmlu mikro kart 2 manat, 1 ədəd 2 GB tututmlu mikro kart 2 manat müəyyən edilir. İşdə olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 9/5927 saylı rəyindən görünür ki, 01 ədəd Tula yazıları olan təxminən 5 litr su tutumu olan samovarın qiyməti 80 manat, 01 ədəd qara rəngli Ural zid markalı, ul-850 EH model lobzik 30 manat, 01 ədəd Bosan markalı, GBM 10 RE model drel 30 manat, 13 ədəd 500 qram həcmdə energetik içki olan Bizon içkisi 13 manat, 10 ədəd 50 qramlıq snikers şokoladı 9 manat, 4 ədəd 1 litrlik Fanta içkisi 4 manat təşkil edir. İş materiallarında olan 26.10.2021-ci il tarixli qərardan gürünür ki, hazırkı cinayət işindən X3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehal Bilyinin 21 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli 1354 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, 3 saylı yataqxanada qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehal Bilyinin 1 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli 964 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 16, mənzil 51-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 Quba Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 Şıxbaba oğlunun Quba Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 Quba Rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmasrini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Quba rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablanmışıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Quba rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablanmışıdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin edilmiş olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 avqust 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək tutulduqları və həbsdə olduqları müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gününə bərabər hesablanmaqla onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onlar, məhkəmə iclas zalından dərhal azad edilərək hökm qanuni qüvvəyə minənədək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd samovarın, bir ədəd lobzikin və bir ədəd drelin Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 avqust 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 ay 22 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər İcra idarəsinə məlumat vermədən saat 24:00dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, yataqxana 3, ev 51-i tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 avqust 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 ay 22 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər İcra idarəsinə məlumat vermədən saat 24:00dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 16, mənzil 51-i tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutların Zərərçəkmiş şəxs2 Şıxbaba oğluna qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar