Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-170/2025 09.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz və ünvan 1 ünvanında qeydiyyatda olmaqla Quba rayonu, Birinci Nügədi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 07 avqust 2025-ci il tarixdə gecə saat 00:30 radələrində Quba şəhəri, Ərdəbil küçəsində Zərərçəkmiş şəxs saxladığı, sonuncuya məxsus VAZ 21061 markalı, AZ **-BB-*** qeydiyyat nişanlı minik avtomobildən 350 manat dəyərində 01 ədəd “Pioner-7150” markalı maqnitofonu, cəmisi 400 manat dəyərində 4 ədəd “KNO” adlanan səs gücləndiricini, 110 manat dəyərində 01 ədəd Forse 12 App 65v markalı akumulyatoru və 60 manat dəyərində 01 ədəd mühərrikin pərini gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 920 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 7 avqust 2025-ci il tarixdə saat 00:15 radələrində o, Quba rayonu, Vladimirovka kəndində yerləşən fəhlə işlədiyi soyuducu anbarından çıxıb istifadəsində olan VAZ 2106 markalı, AZ **-BC-*** qeydiyyat nişanlı şəxsi avtomobili ilə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mega store” adlanan mağazaya çörək almaq üçün getmiş və mağazanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Mağazadan çıxdıqdan sonra, Vüsal onunla bir yerə gedib gəlməyi təklif etmiş və yolda söhbət zamanı Vüsal avtomobilində nasazlıq olduğunu ona bildirmişdir. Vüsal avtomobilini Quba şəhəri, Ərdəbil küçəsində yolun kənarına sürüb saxlamış və gecə vaxtı olduğundan səhər usta gətirib təmir edəcəyini demiş və onlar oradan birlikdə uzaqlaşmışlar. Vüsal getdikdən sonra, o, “Mega store” mağazası qarşısından avtomobilini götürüb həmin yerə qayıtmış, ətrafa göz gəzdirib heç kimin olmadığına əmin olduqdan sonra, Vüsalın avtomobilinin arxa sol qapısının kilidli olmamasından istifadə edərək avtomobilə daxil olub içərisində olan 01 ədəd “Pioner” markalı maqnitafonu, 04 ədəd səs gücləndiricini, 01 ədəd akkumlyatoru və 01 ədəd “mühhərrik (radiator) pərini avtomobildən sökərək onları ələ keçirib oğurlamış, onları öz avtomobilinin baqaj yerinə qoymuş və sonra həmin yerdən uzaqlaşmışdır. Səhəri günü, Quba RPŞ-nin əməkdaşları Quba rayonu, Vladimirovka kəndi ərazisində maşını ilə birlikdə saxladıqda həmin maşınının baqaj yerindən ötən gecə oğurladığı 01 ədəd “Pioner” markalı maqnitafonu, 04 ədəd səs gücləndiricini, 01 ədəd akkumulyatoru və 01 ədəd mühhərrik pərini aşkar etmişlər. O Vüsal adlı tanıdığı şəxsin avtomobilindən oğurluğu tək etmişdir. Həmin vaxt yanında kimsə olmamışdır. Oğurladığı əşyaların hamısını zərərçəkmiş şəxsə qaytarmışdır. Yoldaşı hamilədi, pula ehtiyac olmuş, işlədiyi yerdə əmək haqqı gec verildiyi üçün məcbur olub belə addım atmışdır. Törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində azyaşlı uşağın və hamilə yoldaşının olmasını nəzərə alaraq həbs edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən zaman zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, 07 avqust 2025-ci il tarixdə saat 00:30 radələrində Quba şəhəri, Ərdəbil küçəsində özünə məxsus VAZ 21061 markalı, AZ **-BB- *** qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olduğu zaman qəfildən avtomobilində nasazlıq yarandığından maşınını həmin küçədə yolun sağ kənarında saxlamalı olmuş və onu orada qoyub Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mega store” adlanan mağazaya gəlmişdir. O, həmin mağazaya daxil olarkən onun qarşısında Əfqan adlı tanıdığı şəxsi görüb onunla salamlaşmışdır. Mağazadan çıxdıqda Əfqana maşınının xarab olmasından söhbət etmiş, sonra Əfqanla maşını olan yerə gəlmiş, sonuncu avtomobilinə baxdıqda onun motorunun “remeni”nin qırıldığını aşkar etdiyini ona bildirmişdir. Bundan sonra, avtomobilin qapılarını bağlayaraq oradan Əfqanın maşını ilə yaşadığı evə getmişdir. Lakin maşının arxa sol qapısı yaxşı kilidlənmədiyindən onu örtmüşdür. Sonrakı gün, səhər saatlarında maşını saxladığı yerə gəldikdə avtomobilinin arxa sol qapısının kilidli olmamasından kiminsə isifadə edərək maşının içərisinə daxil olunaraq onun 01 ədəd “Pioner-7150” markalı maqnitofonunun, 4 ədəd “KNO” adlanan səs gücləndiricisinin, 01 ədəd Forse 12 App 65v adlanan akumlyatorunu və 01 ədəd “mühhərrik (radiator) pərininin yerindən sökülərək oğurlanıb aparıldığını aşkar etmişdir. Bundan sonra, o, avtomobilindən oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Quba RPŞ-nə müraciətlər etmişdir. Az vaxt ərzində Quba RPŞ-nin əməkdaşlarından ona məxsus avtomobildən 01 ədəd “Pioner” markalı maqnitafonu, 04 ədəd səs gücləndiricisini, 01 ədəd akkumlyatorunu və 01 ədəd “mühhərrik (radiator) pərinini yerindən sökülərək oğurlamış şəxsin Əfqan adlı tanıdığı şəxsin olduğunu və sonuncunun maşınının baqaj yerindən həmin oğurlanmış əşyaların aşkar edildiyini öyrənmişdir. Sonra, polis əməkdaşları tərəfindən ona məxsus avtomobildən oğurlanmış əşyalar qaytarıldığından o, 13 avqust 2025-ci il tarixdə RPŞ-yə barışıq ərizəsi yazaraq Əfqanı bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs avtomobilindən 01 ədəd “Pioner” markalı maqnitafonun, 04 ədəd səs gücləndiricisinin, 01 ədəd akkumlyatorunun və 01 ədəd “mühhərrik (radiator) pərininin sökülərək oğurlaması faktı ilə əlaqədar olaraq onların tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı həmin oğurluq hadisəsinin törədilməsində ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs şübhəli olması müəyyən edildiyindən sonuncunun Quba rayon Vladimirovka kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı, AZ **-BC-*** qeydiyyat nişanlı minik avtomobilində olması müəyyən edilərək saxlanılmış və həmin vaxtı Təqsirləndirilən şəxs tanışı Vüsalın avtomobilindən oğurluq etdiyini etiraf edərək könüllü surətdə özünün maşınının baqaj yerində gizlədib saxladığı 01 ədəd “Pioner” markalı maqnitafonu, 04 ədəd səs gücləndiricisini, 01 ədəd akkumlyatorunu və 01 ədəd “mühhərrik (radiator) pərini çıxarıb təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Quba RPŞ-nin Təhqiqat bölməsinə təqdim edilmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkili, polis baş leytenantı X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid kimi göstərilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat-müvəkkili, polis baş leytenantı X1 ifadəsi elan olunan zaman məlum oldu ki, o Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan: “maddi sübut hesab edilməsi haqqında” 08 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Pioner-7150” markalı maqnitofon, 4 ədəd “KNO” adlanan səs gücləndirici, 01 ədəd Forse 12 App 65v markalı akumlyator və 01 ədəd mühərrikin pəri iş üzrə maddi sübut hesab edilmiş və onların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır; “sübutların qiymətləndirilməsi haqqında” 08 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, 01 ədəd “Pioner-7150” markalı maqnitofon, 4 ədəd “KNO” adlanan səs gücləndirici, 01 ədəd Forse 12 App 65v markalı akumlyator və 01 ədəd mühərrikin pəri iş üzrə maddi sübut hesab edilmiş və onların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş ziyan aktı, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, məktublar və cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarinda götərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi haqqında” 09 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhər üzrə İƏD nümayəndəliyindən alınmış 02 noyabr 2025-ci il tarixli 1251 №-li arayışdan və 1250 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və onun həyat yoldaşı xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Yaşayış yeri üzrə nümayəndəliyə barəsində heç bir şikayət daxil olmamışdır; Məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Elman adlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun sayır. İş üzrə 01 ədəd “Pioner-7150” markalı maqnitofon, 4 ədəd “KNO” adlanan səs gücləndirici, 01 ədəd Forse 12 App 65v markalı akumlyator və 01 ədəd mühərrikin pəri maddi sübut hesab edilmiş və onların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351, 353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ictimai işlər növündə cəzanı çəkməyə başladığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd “Pioner-7150” markalı maqnitofon, 4 ədəd “KNO” adlanan səs gücləndirici, 01 ədəd Forse 12 App 65v markalı akumlyator və 01 ədəd mühərrikin pəri maddi sübut hesab edilmiş və onların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-170/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-170/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver