Məhkəmə qərarları › İş №1(027)-171/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-171/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-171/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olmayan, Quba şəhəri T.Əhmədov küçəsi ev 30-da qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində 07 avqust 2021-ci il tarixdə «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 9,677 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək ünvan 1 ünvanında yerləşən yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə həmin ünvanının qarşısında saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan saat 21:30 radələrində yaşadığı evə baxış keçirilən zaman masanın üzərindən satış məqsədi olmadan qanunsuz əldə edərək yaşadığı evdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 9,677 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, hadisədən təxminən 3-4 gün əvvəl Bakı şəhəri Maştaga qəsəbəsinə getmişdir. Qəsəbədə məscidin yanında dayanıb siqaret çəkən zaman yerdə sellofan bükülü olduğunu görmüşdür. Bükülünü açıb baxdıqda içərisində marixuana olduğunu görüb gələcəkdə istifadə etmək məqsədilə sellofan bükülünü cibinə qoymuşdur. Həmin gün Bakı şəhərindən Quba şəhərinə qayıtmışdır. Quba şəhərinə gələn zaman tapdığı bükülünü də özü ilə gətirmiş və yaşadığı evdə saxlamışdır. 05.08.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman tapdığı marixuanadan bir qədər götürüb siqaretin içərisinə doldurmuş və yaşadığı evin darvazasının qarşısında yandırıb çəkməyə başlamışdır. O, qurudulmuş marixuana çəkən zaman iki nəfər polis əməkdaşının yaşadığı küçə ilə ona doğru gəldiklərini görmüşdür. Polis əməkdaşlarını görüb əlində olan siqareti darvazadan içəri həyətə tullamışdır. Onun hərəkətini görən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra, əlində olan siqareti hansı səbəbdən tullamağını soruşduqda, həmin siqaretin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və çəkdiyini etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları zəng edərək əməliyyat qrupunu çağırmışlar. Əməliyyat qrupu gəldikdən sonra, vəkilin iştirakı ilə üzərinə və yaşadığı evə baxış keçirilmişdir. Ondan üzərində narkotik vasitə olmasını soruşduqda, yaşadığı evin həyətinə çəkib atdığı siqaretin içərisində narkotik vasitə qurudulmuş marixuana doldurduğunu demişdir. Polis əməkdaşları yerə atdığı siqareti götürüb zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra o, yaşadığı evdə narkotik vasitə marixuana olduğunu etiraf edib polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olub stolun üzərində olan bükülünü onlara təqdim etmişdir. Polis əməkdaşları həmin bükülüdəki kütlənin nə olmasını və haradan əldə etdiyini soruşduqda o, bükülüdə olan kütlənin qurudulmuş marixuana olduğunu və 3 gün əvvəl Maştağa qəsəbəsindən yerdən tapdığını etiraf etmişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Şahin Məmmədov ifadəsində göstərmişdir ki, Quba RPŞ-nin PPXB-nin bölük komandirinin müavini polis baş leytenantı Şahid1 05.08.2021-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlamaqda şübhəli olması barədə raportu şöbəyə daxil olmuşdur. Həmin raportun icrası ilə bağlı əməliyyat müvəkkilləri Şahid4, Şahid5, Şahid3 və ƏRQ-nun kiçik inspektoru Eyvaz Sultanov ilə birlikdə Təqsirləndirilən şəxs saxlanıldığı Quba şəhəri G.Əsədov küçəsinə gəlmişlər. O, özünü və digər polis əməkdaşlarını Hilala təqdim edərək ona üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu və buna görə şübhəli şəxs qismində saxlanılmasının əsaslarını izah edərək, müdafiəçisi qismində dəvət edilmiş Müdafiəçi təqdim etmişdir. Hilal Müdafiəçi tərəfindən müdafiə olunmasına və videoçəkiliş aparılmasına etiraz etməmişdir. Hilaldan üzərində narkotik vasitə saxlaması barədə soruşduqda, Hilal da yaşadığı evin həyətinə çəkib atdığı siqaretnin içində narkotik vasitə qurudulmuş marixuana doldurduğunu etiraf etmişdir. Hilalın və vəkilinin iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Hilal yerə atdığı siqareti götürüb təqdim etmiş və o da siqareti zərfə qoyaraq qablaşdırmışdır. Daha sonra, Hilalın üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Hilaldan başqa narkotik vasitə olması barədə soruşduqda, Hilal yaşadığı evdə narkotik vasitə marixuana olduğunu etiraf etmişdir. Bundan sonra onlar Hilal ilə birlikdə onun yaşadığı evə daxil olmuşlar. Hilal stolun üzərində olan bükülünü göstərib içərisində narkotik vasitə olmasını demişdir. Hilaldan həmin bükülüdəki kütlənin nə olmasını və haradan əldə etdiyini soruşduqda, Hilal da bükülüdə olan kütlənin qurudulmuş marixuana olduğunu və 3 gün əvvəl Maştağa qəsəbəsində məscidin yanında yerdən tapdığını demişdir. Həmin bükülü elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahin Məmmədovun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji ekspertizasının 06.08.2021-ci il tarixli 7/751 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X2 üzərindən ...” yazısı və imzalarolan kağız paketi açdıqda içərisində 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 9,677 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nsrkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. X2 istifadə etdiyi ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd yanmış papirosun içərisində çəkisi – 0,061 qram olan qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Marixuana cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Qeyd: 1. Marixuananın təmiz çəkisi – 9,677 qram, (1 nömrəli obyekt) tədqiqata istifadə olundu – 0,05 qram, qalıq – 9,627 qramdır. 2. Qarışıq kütlənin çəkisi – 0,061 qram, (2 nömrəli obyekt) tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,041 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 13.09.2021-ci il tarixli 3412 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannaboidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğluna məxsus ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman masanın üzərindən qanunsuz əldə edərək saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 07.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 08.12.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78,82 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,627 qram marixuana və 0,041 qram qarışıq kütlə hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05.08.2021-ci il tarixdən 07.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 9,627 qram marixuana və 0,041 qram qarışıq kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar